"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ofisinin açılışı mərasimində nitqi" (24 avqust 1996-cı il) sənədinə tarixi arayış


24 avqust 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev Bakıda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ofisinin açılışı mərasimində iştirak edib. Xarici şirkətlər 20 sentyabr 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" çərçivəsində əməkdaşlıqlarını koordinasiya etmək məqsədilə ABƏŞ adlanan konsorsium yaradıblar.

Müstəqilliyin ilk illərində bazar iqtisadiyyatına keçid prosesinin uğurla davam etdirilməsi ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsindən çox asılı idi. Buna görə də "Əsrin müqaviləsi" çərçivəsində nəzərdə tutulan iş planının sürətlə və vaxtında icra edilməsi məqsədilə neft şirkətlərinin fəaliyyətini tənzimləyəcək vahid qurumun yaradılması zərurəti var idi. Bu məqsədlə 2 dekabr 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev xüsusi fərman imzalayıb və ABƏŞ rəsmi fəaliyyətə başlayıb.

1995-ci ildən fəaliyyətə başlayan ABƏŞ tez bir zamanda "Əsrin müqaviləsi"ndə nəzərdə tutulan investisiya layihələrinin icrasına nəzarət edir. Qurum bu gün də Azərbaycanda fəaliyyətini uğurla davam etdirməkdədir.

ABƏŞ-in müasir standartlara cavab verən Bakıdakı ofisi 24 avqust 1996-cı ildə fəaliyyətə başlayıb. Bakının Bayıl yaşayış məntəqəsində yerləşən, vaxtilə neftçilərin mədəniyyət sarayı kimi tanınan binanın rekonstruksiya edilərək ofis kimi konsorsiumun istifadəsinə verilib.

Özünəməxsus milli arxitekturası ilə seçilən bu bina ən müasir texnologiya və rabitə vasitələri ilə təchiz olunsa da, onun tarixi görkəmi saxlanılıb. 300-dən artıq işçinin rahat işləməsi üçün şəraitə malik bu ofis 30 il müddətinə ABƏŞ-ə icarəyə verilib. ABƏŞ-in bu ofisi "II Villa petrolia" adlandırılır. Qeyd edək ki, bu adda birinci bina XIX əsrin sonu XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafında xüsusi xidmətləri olan məşhur Nobellər ailəsinə məxsus olub. Keçən əsrin əvvəllərindən dünyada neft sənayesinin paytaxtı kimi tanınan Bakıda ABƏŞ-in ofisinə bu adın verilməsi müasir Azərbaycanın XXI əsrdə də neft sənayesi baxımından diqqət mərkəzində olacağından xəbər verirdi.

Konsorsiumun yeni ofisinin açılış mərasimdə ilk olaraq ABƏŞ prezidenti Terri Adams çıxış edib. Sonra o, sözü Azərbaycan Prezidenti Heydər Əliyevə verib.

Yeni ofis binasının fəaliyyətə başlamasına xeyir-dua verən Azərbaycanın dövlət başçısı deyib: "Əgər keçən əsrdə Nobel qardaşları Bakıda gözəl binalar tikiblərsə, hesab edirəm ki, Beynəlxalq Əməliyyat Şirkəti, "Əsrin müqaviləsi" ilə məşğul olan beynəlxalq konsorsium da Azərbaycanda öz işinin çox izlərini qoyacaq, o cümlədən yeni, gözəl binalar tikiləcək, özləri də istifadə edəcəklər və Azərbaycan xalqına da yadigar qoyacaqlar".

Tarixi arayış 29 iyun 2008-ci ildə yeniləşdirilib.