8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli gecədə nitq - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatr, 7 mart 1998-ci il


Hörmətli qadınlar, əziz bacılar!
 
Sizi, bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, səadət, ailə həyatınızda və bütün işlərinizdə uğurlar arzulayıram. Qadınların bayramı bütün xalqımızın, cəmiyyətin, ölkəmizin bayramıdır. Biz bu bayramı böyük ruh yüksəkliyi ilə keçiririk və bu bayramda Azərbaycanın bütün vətəndaşlarının, bizim hamımızın qadınlara olan sevgimizi, məhəbbətimizi, arzularımızı bildirmək üçün böyük bir fürsət yaranıbdır. Mən bu fürsətdən istifadə edərək sizə ürək sözlərimi demək istəyirəm. Qadınlar bizim hamımız üçün əzizdirlər, sevimlidirlər. Qadınların ölkəmizdə, cəmiyyətdə rolu çox əhəmiyyətlidir. Bu, həmişə olubdur. Keçmişdə də olubdur və indi də ölkəmizin keçid dövründə, müstəqil dövlətimizi qurduğumuz, yaratdığımız, möhkəmləndirdiyimiz zamanda da belədir. XX əsrdə Azərbaycan Respublikasının həyatında böyük hadisələr olubdur və bu hadisələrdə qadınların rolu böyükdür. Bu da ondan ibarətdir ki, 1918-ci ildə Xalq Cümhuriyyəti yaranandan sonra Azərbaycan qadınları ilk dəfə seçmək və seçilmək hüququ almışlar. Qadınlara verilmiş bu hüquq sonrakı illərdə reallaşdırılmışdır və qadınlar Azərbaycanda həyatın bütün sahələrində özlərinə məxsus yer tutmuşlar, bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın bütün imkanlarından istifadə etmişlər. Azərbaycan qadınının tarixi çox böyükdür, zəngindir. Bizim çoxəsrlik zəngin tariximiz, mədəniyyətimiz vardır. Azərbaycanın keçmiş zamanlarda da görkəmli qadınları olmuşdur. Onların adları və xidmətləri bizim tariximizin səhifələrində qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər, həqiqətən dünya miqyasında bizim üçün böyük iftixar mənbəyinə çevrilmişdir. Azərbaycan qadını çadranı atmış, sərbəst yaşamaq imkanı əldə etmiş, bütün sahələrdə bərabər hüquqlar qazanmış və özünün daxili potensialından cəmiyyətə, xalqına xidmət etmək üçün istifadə etmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayırlar, bəzi sahələrdə aparıcı rol oynayırlar, böyük xidmətlər göstərirlər. XX əsri sona çatdırarkən, biz böyük nailiyyətlərimiz haqqında danışarkən bu nailiyyətlərin əldə olunmasının çoxunda qadınların xidmətini xüsusi qeyd etməliyik. Bizim cəmiyyətimizin elə sahələri var ki, orada qadınların fəaliyyəti çoxluq təşkil edir.

Ümumiyyətlə Azərbaycanda qadınlar kişilərdən çoxdur. Bu da çox yaxşı haldır. Ancaq bəzi sahələrdə - təhsil, səhiyyə, mədəniyyət sahələrində bir sıra hallarda qadınlar kişilərdən çox fəaliyyət göstərirlər. Bizim ali məktəblərimizdə, universitetlərimizin bəzilərində qızların sayı oğlanların sayından xeyli çoxdur. Bu, Tibb Universitetində olduqca çoxdur. Bakı Dövlət Universitetində də qızlar oğlanlardan çoxdur. Dövlət Dillər, yaxud Rus Dili və Ədəbiyyatı institutlarında qızlar ümumiyyətlə, tam çoxluğu təşkil edirlər. Bunların hamısı onu göstərir ki, qadınlara, qızlara verilmiş hüquqlardan onlar istədikləri kimi istifadə edirlər və cəmiyyətdə özlərinə layiq yer tuta bilirlər. Biz daim fəxr edirik ki, görkəmli qadın alimlərimiz, qadın yazıçılarımız, görkəmli qadın müğənnilərimiz, bəstəkarlarımız, incəsənət xadimləri, həkimlər, dövlət xadimləri, təsərrüfat, sənaye sahəsində böyük işlər görən qadınlar vardır. Son illər respublikamızın həyatında baş vermiş çətinliklərin yükünün çoxunu qadınlar daşıyıblar. Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində biz torpaqlarımızın bir qisminin işğal olunması ilə rastlaşmışıq. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı vətəndaşlarımız zorla çıxarılıb didərgin düşüblər. Bunların əksəriyyəti ağır vəziyyətdə çadırlarda yaşayırlar. Qaçqın, köçkün vəziyyətində yaşayan bu ailələrin içərisində üzərinə ən çox yük götürən, ən çox əziyyət, zəhmət çəkən qadınlardır. Çadırlarda ailə saxlamaq, uşaq bəsləmək, uşaq böyütmək qadınların üzərinə düşür. Ümumiyyətlə, qadın çox ülvi bir məfhumdur. Qadına hörmət hər bir insanın ən yüksək mənəvi keyfiyyətə malik olmasını göstərir. Mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, bizim ölkəmizdə - Azərbaycanda qadına hörmət günü-gündən artır və insanlar qadının həyatda, cəmiyyətdə rolunun əhəmiyyətini daha da dərindən dərk edə bilirlər. Amma ən əziz amil odur ki, hər bir insan dünyada həyatına görə, bütün varlığına görə anaya borcludur. "Ana" sözü müqəddəsdir. Təsadüfi deyil ki, biz Vətənə də "Ana Vətən" deyirik, torpağa da "Ana torpaq" deyirik. Hər bir insan üçün Vətəndən əziz heç bir şey yoxdur. Hər bir insan üçün onun doğma torpağından qiymətli heç bir şey yoxdur. Bu anlayışlar ana anlayışı ilə bərabərdir və biz Vətənə "Ana Vətən" deyəndə Vətənin nə qədər əziz, nə qədər qiymətli, müqəddəs olduğunu bir daha qeyd edirik. Anaya hörmət, hər bir insanın həyatda ana qarşısında borcunu yerinə yetirməsi onun ali vəzifəsi olmalıdır. Mən bu gün xüsusi olaraq şəhid analarını, əsgər analarını qeyd etmək istəyirəm. Demək olar ki, ana həyatda hər bir şeyin başlanğıcıdır. Ana Vətəni, ölkəni qorumaq üçün əsgər böyüdür, igidlər, qəhrəmanlar böyüdür. Ana cəmiyyətimizə zəkalı, istedadlı insanlar böyüdür, bəxş edir. Ana ailənin dayağıdır. Hər bir ailənin səadəti, əmin-amanlığı birinci növbədə ananın rolundan və onun fəaliyyətindən çox asılıdır. Hər birimiz anaya borcluyuq və hər bir qadın da ana olmaqla xoşbəxt olur. İnsanın həyatında vəziyyət cürbəcür ola bilər - çətinliklər də, məhdudiyyətlər də ola bilər. Amma hesab edirəm, analığa nail olan hər bir qadın dünyada ən xoşbəxt insandır. Bizim də borcumuz ananın hörmətini qaldırmaqdır. Cəmiyyətdə Anaya münasibəti daim yüksəltmək qadına hörmətdir. Qeyd etdiyim kimi, Azərbaycan qadınları həyatımızın bütün sahələrində çox səmərəli iş görüblər. Mən Azərbaycan qadınlarının dövlət işində də fəaliyyətini xüsusi qiymətləndirirəm. Bu, bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən də Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarığını həyata keçirmək üçün, realizə etmək üçün yaranan imkanların nəticəsidir. Məhz ona görədir ki, dövlət orqanlarında qadınlar çox müvəffəqiyyətlə işləyirlər. Məhz ona görədir ki, müstəqil Azərbaycanın 1995-ci ildə seçilmiş ilk parlamentində, Milli Məclisində 124 deputatdan 15 -i qadındır. Bu, deputatların 12 faizini təşkil edir. Məlumat üçün bildirmək istəyirəm ki, dünyanın ən inkişaf etmiş ölkələrində parlament üzvlərinin içərisində qadınların xüsusi çəkisi bu qədər deyildir. Mən buna çox böyük əhəmiyyət verirəm. Keçmişdə də - biz Sovetlər İttifaqının tərkibində olarkən parlamentimizdə qadınlar var idi.

Ancaq biz Azərbaycanın müstəqilliyini əldə edəndən sonra ilk parlamentimizi seçən zaman qadınların parlamentdə çox sayda təmsil edilməsi, seçilməsi cəmiyyətin qadınlara müvafiq münasibətini göstərir, eyni zamanda qadınların fəallığını nümayiş etdirir. Bir faktı da xatırlatmaq istəyirəm. 1992-ci ildə Azərbaycanda Milli Məclis yarandı və bu Milli Məclisin tərkibində 50 deputat var idi. Mən 1993-cü ilin iyun ayında Milli Məclisə sədr seçilən zaman 50 deputatdan ancaq biri qadın idi. O Məclisin tərkibində dəyişikliklər edilərkən, mən oraya əlavə iki qadın deputat seçilməsinə nail ola bildim. Beləliklə, cəmi 50 deputatdan əvvəl bir, sonra üç deputat qadın olmuşdur. Ancaq 1995-ci ildə seçilən Milli Məclisdə 124 deputatdan 15-i qadındır. Mən bunu dəqiq sayına görə demirəm. Deputat seçilmiş hər bir qadın bizim cəmiyyətin hörmətli şəxsiyyətidir, öz işinə, ictimai-siyasi fəaliyyətinə görə, öz ixtisası üzrə fəaliyyətinə görə böyük hörmət qazanmış insanıdır. Biz bununla fəxr edə bilərik. Böyük hadisədir ki, 1995-ci ildə Azərbaycan qadınlara qarşı hər bir ayrıseçkiliyin ləğv olunması ilə əlaqədar Beynəlxalq Konvensiyaya qoşulmuşdur. Bilməlisiniz ki, dünyanın çox inkişaf etmiş və yüksək demokratiya səviyyəsində olan bəzi ölkələri bəlkə də bu konvensiyaya qoşula bilməyiblər, çünki bu konvensiyanın tələblərini təmin edə bilmirlər. Ancaq təsəvvür edin bir əsr müddətində, XX əsrdə Azərbaycan qadınının həyatında nə qədər böyük müsbət dəyişiklik baş vermişdir ki, hətta iqtisadi, sosial cəhətdən və demokratiya prinsipləri baxımından ən inkişaf etmiş dövlətlərin belə bəzilərinin qoşula bilmədiyi konvensiyaya respublikamız qoşulmuşdur. Biz bununla fəxr edə bilərik. Azərbaycan qadınları eyni zamanda cəmiyyətimizi gözəlləşdirirlər, insanlarda sevinc, məhəbbət, nikbinlik hissləri yaradırlar. Bizim qadınların içərisində çox görkəmli incəsənət xadimləri vardır. Biz onları sevirik və onlar bizim mədəniyyətimizi günü-gündən inkişaf etdirirlər. Onlar ölkəmizdən xaricə gedərkən, başqa ölkələrdə olarkən millətimizin nə qədər yüksək mədəniyyətə sahib olduğunu çox gözəl nümayiş etdirir və təmsil edirlər.

Bəzən biz özümüz qadınlarımızı o qədər də qiymətləndirmirik. Çünki onları çox görürük və onlara öyrənmiş oluruq. Ancaq onlar başqa ölkələrdə olarkən daha da yüksək qiymətləndirilirlər və beləliklə, xalqımızın, millətimizin adını, hörmətini yüksəklərə qaldırırlar, mədəniyyətimizi təbliğ edirlər. Bu sözləri qadın alimlərimiz haqqında da, dövlət işində çalışan qadınlar haqqında da, qadın idmançılarımız haqqında da deyə bilərəm. Qadınlar haqqında çox şey demək olar. Mən bu gün sizinlə görüşə gələrkən düşünürdüm ki, ürəyimdə qadınlara aid olan bütün hissiyyatların hamısını sizə deyim. Amma vaxtınızı almaq istəmirəm. Siz bilirsiniz ki, mən bir dövlət başçısı kimi Azərbaycan qadınlarının fəaliyyətini, onların cəmiyyətdə rolunu həmişə yüksək qiymətləndirmişəm və qiymətləndirirəm. Qadınlar çox cəsarətlidirlər, təəssübkeşdirlər, vətənpərvərdirlər. Vətəni, ədaləti sevəndirlər. Mən bunu 1994-cü il oktyabr ayının 4-5-də bir daha gördüm.
 
Xatirinizdədir, Azərbaycanda bəzi güclü silahlı dəstələr dövlət çevrilişi həyata keçirmək istəyirdilər. Mən bütün tədbirləri həyata keçirəndən sonra vəziyyət çox mürəkkəb və çox təhlükəli olduğuna görə, - artıq axşam keçmişdi və gecə idi, - televiziya vasitəsilə xalqa müraciət etdim və xalqı Azərbaycan dövlətçiliyini qorumağa dəvət etdim. Cəmi iki saat keçdi. Prezident sarayının önündə olan meydana yüz minlərlə həmvətənlərimiz toplaşdı. Bir neçə saatın içərisində o meydanda iynə salmağa yer yox idi. Hamı coşmuşdu, həyəcan içində idi, hamı narahat idi. Eyni zamanda orada toplaşanların hamısı Azərbaycanın dövlətçiliyini müdafiə etmək əzmində idi. Mən gecə yarısı o meydanda toplaşanların qarşısına çıxarkən, oradakı insanların gözlərində parlayan nuru, işığı görərkən və o insanların cəsarətini görərkən bir daha əmin oldum ki, bizim dövlətimizi heç kəs devirə bilməz. Mənə ən çox təsir edən, ürəyimdə müsbət mənada böyük iz buraxan, məni həyəcanlandıran o oldu ki, toplaşanların içərisində çoxlu qadınlar var idi - yaşlı qadınlar, ağbirçək qadınlar, analar, gənc qadınlar var idi. Mən gənc qadınların qucağında südəmər uşaqları gördüm. Demək, qadın nəinki özü gəlibdir, südəmər körpə ilə gəlib ki, Azərbaycanın dövlətçiliyini müdafiə etsin. Gecə yarıdır, saat 3-4-dür. Nəqliyyat yox idi, çoxları piyada gəlmişdilər. Mən oktyabr ayının 4-də gecə orada ayaqyalın qadınları görəndə bir daha düşündüm - bizim qadınlarımız nə qədər cəsarətlidirlər, qoçaqdırlar, mərddirlər, qeyrətlidirlər, namusludurlar. Mən heç vaxt o anları unuda bilmərəm. Bu, təsadüfi deyildi. Çünki, bir daha qeyd edirəm, qadınlarda vətən, vətənpərvərlik hissi, vətəndaşlıq hissi çox yüksəkdir. Bu, çox sevindiricidir. Çünki qadınlar bu hissləri öz uşaqlarına, övladlarına, balalarına verirlər. Beləliklə də bizdə vətənpərvərlik hissləri günü-gündən inkişaf edir, artır. Bu, bizim üçün çox lazımdır. Biz müstəqil ölkəmizi, müstəqil dövlətimizi qurub yaradırıq, inkişaf etdiririk. Dövlət müstəqilliyimiz çətin və ağır şəraitdə yaranır və biz çalışırıq ki, dövlət müstəqilliyinin əsasını elə qoyaq ki, heç bir qüvvə onu yenidən tərpədə bilməsin. Biz buna nail oluruq və olacağıq. Buna görə də vətənpərvərlik, vətənə sədaqət, vətəni sevmək hissləri hər bir azərbaycanlı üçün ən yüksək anlayışdır. Bunlara nail olmaq üçün qadınlar bundan sonra da öz müqəddəs vəzifələrini yerinə yetirməlidirlər və əminəm ki, yerinə yetirəcəklər. Azərbaycan qadınlarının bir xüsusiyyəti də vardır: Azərbaycan qadınları çox gözəldirlər. Ümumiyyətlə, gözəllik anlayışını insanlar cürbəcür anlayırlar, dərk edirlər. Bu da təbiidir. Təbiətin də gözəlliyi vardır, hər bir insanın da gözəlliyi vardır. Amma gözəllik əsl mənada cəmiyyətdə olan gözəllikdir və bu, sadəcə, bir xarici görünüş deyildir. Gözəllik həm xarici olur, həm də daxili olur. Ancaq bu gözəllik anlayışının daşıyıcısı həmişə qadınlar olur. Hər bir millətin gözəlliyini nümayiş etdirən qadın olur. Biz indi ölkəmizin qadınlarını bütün dünyaya açmışıq. Dünyanın çox yerlərinə getmişik, görmüşük. Biz iyirmi, otuz, yaxud əlli il bundan öncə hansı ölkədə insanların nə cür olmasını bilmirdik. Sadəcə olaraq, onları ayrı-ayrı rəsmlərdə, filmlərdə görürdüksə, indi hamısını öz gözümüzlə görürük. Bilmirəm, kimin gözünə hansı ölkədəki qadınlar necə görünür, amma mənim gözümə görə, dünyanın heç bir yerində Azərbaycandakı qadınlar kimi qadın yoxdur. Bilirsiniz, məşhur rus yazıçısı Çexov demişdir ki, insanda hər şey gözəl olmalıdır. Şübhəsiz ki, gözəllik insan üçün xüsusi əhəmiyyət kəsb edən amildir. Millətin gözəlliyi hər bir insanın gözəlliyindən meydana gəlir. Ona görə də mən həmişə millətim haqqında düşünürəm. Mən millətimin həm mənəviyyatı haqqında düşünürəm, həm əxlaqı haqqında, həm də onun gözəlliyi haqqında düşünürəm. Həm zahiri gözəllik, həm daxili gözəllik. Bunların hamısını anlamaq üçün qadınların gözəlliyi həmişə nümunədir. Ümumiyyətlə biz həqiqətən də fəxr edə bilərik ki, millətimiz gözəl millətdir. Heç kəs heç vaxt deməsin ki, bu barədə bizim millətimiz hansı millətdənsə aşağı səviyyədədir. Xeyr. Bizim millətimiz istedadlı millətdir, gözəl millətdir, qəhrəman millətdir. Biz bununla fəxr edə bilərik. Ümidvaram ki, mənim bu sözlərimi gələcək daim təsdiq edəcəkdir. Bizim millətimizin içində qadınların gözəlliyi xüsusi yer tutur. Təsadüfi deyil ki, hər bir şair gözəlliyi tərənnüm edərkən birinci qadın gözəlliyi haqqında yazır. Hər bir mahnıda gözəllik sözləri səslənərkən qadın gözəlliyi haqqında deyilir. Qadın zərif bir məfhumdur. Biz qadını sevməliyik, qadına hörmət etməliyik, qadını həmişə yüksək tutmalıyıq və qadının cəmıyyətdə rolunu daim yüksəltməliyik. Mən bu hissiyyatlarla sizi bayram münasibətilə təbrik edirəm, sızə cansağlığı, səadət arzu edirəm. Həmişə gözəl olasınız!
 
Sağ olun.