Pişnamazzadə Samir Polad oğlu. “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN RESPUBLİKASINDA MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİN QORUNMASI” (2008)


İxtisas:07.00.02-Vətən tarixi

Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

AVTOREFERATI

DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Azərbaycan xalqı meydana gəldiyi gündən inam- inanc, etiqadla yaşamış, özünü yer üzünün əşrəfi məqamına yüksəltmiş, bu yüksəkliyin qədrini bilmiş, müqəddəsliyə tapınmış və onun qiymətini qorumuşdur. Beləcə qədirşünaslığı ilə tarixən təkmilləşmişdir. Müxtəlif bədii- estetik qənaətləri, dini-fəlsəfi görüşləri, ictimai-siyasi konsepsiyaları, ürfani-idraki axtarışları ilə özünün intellektual gücünü artırmağa çalışmışdır. Bu yolun zirvələrindən biri heç şübhəsiz, onun milli mənəvi dəyərləri olmuşdur. Tarixən qədim, məzmun və mündəricə etibarı ilə zəngin və ecazkar olan Azərbaycan xalqının milli mənəvi dəyərləri bu ümumbəşəri yolun əvəzsiz tapıntısıdır. Məhz xalqın milli mənəvi dəyərləri qədim dövrlərdən bəri onun inam-inanc mənziləsi olmuşdur. Ancaq bütün bunlara baxmayaraq 70 il müddətində kommunizm ideologiyasının əsirinə çevirilən Azərbaycan xalqının milli mənəvi dəyərləri məlum rejim tərəfindən buxovlanmaq təhlükəsi ilə üzləşmişdir. Sovet imperiyasının Azəbaycan xalqı əleyhinə apardığı siyasət nəticəsində Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi, mənəvi sahədə də böhran hökm sürmüş və 1960-cı illərdə bu böhran özünün kulminasiya nöqtəsinə çatmışdır. Ancaq tarix boyu olduğu kimi, həmin dövrdə də xalqı düşdüyü ağır vəziyyətdan qurtarmaq üçün mütləq bir xilaskarın gəlişi labüd idi.

1969-cu ildə hakimiyyət sükanı arxasına keçən ümummilli lider Heydər Əliyev qısa müddət ərzində respublikanın iqtisadi və inzibati həyatına dinamik inkişaf gətirməyə nail ola bildi. Heydər Əliyevin iqtisadi və sosial sahədə apardığı islahat və son nəticədə gətirdiyi inkişaf eyni zamanda Azərbaycan xalqının yarım əsr ərzində məhvə və təqiblərə məruz qalmış zəngin milli mənəvi dəyərlərinin də qorunması və inkişafına səbəb olmuşdur.

İstər ideoloji inhisarçılıq dövründə, istərsə də müstəqillik dövründə Azərbaycan xalqının milli mənəvi dəyərlərinin qorunması və inkişafı, şübhəsiz ki, Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində mümkün olmuşdur. Belə əzmkar fəaliyyətin məntiqi nəticəsi olaraq Azərbaycan xalqı öz milli mənəvi dəyərlərini həyatının bütün sahələrində yaşadır və inkişaf etdirir. Heydər Əliyevin milli mənəvi dəyərlərin qorunması istqamətində apardığı düşünülmüş siyasəti və strategiyasının , gördüyü işlərin araşdırılmasının vacibliyi tədqiq etdiyimiz mövzunun çox böyük aktuallıq kəsb etdiyini göstərir.

Araşdırdığımız mövzunun aktuallığını artıran amillərdən biri də hazırda Azərbaycan xalqının həyatının bütün sahələrində mühüm əhəmiyyət daşıyan milli-mənəvi dəyərlərin 1969-cu ildən başlayaraq Heydər Əliyevin istər daxildə, istərsə də xaricdə Sovet imperiyasının möhkəm dayaqları ilə apardığı mürəkkəb və qətiyyətli siyasi mübarizələrin nəticəsində qorunub saxlanması üçün gördüyü işlərin öyrənilməsinin vacibliyidir.

Unutmaq olmaz ki, Sovet imperiyasının sahibi Rusiya dövləti olmasına baxmayaraq, Rusiyada İ.Brotski, B.Posternak, Soljenitsin və sair bunlar kimi onlarla düşünən ziyalı başlar təqibə məruz qaldığı halda imperiyanın kiçik bir hissəsini təşkil edən Azərbaycanda Heydər Əliyevin apardığı mərhələli milli siyasət strategiya sayəsində ziyalı təbəqə tam təhlükəsizlik şəraitində yazıb-yarada bilmişdir. Bununla yanaşı Heydər Əliyev Azərbaycan xalqının milli mənəvi dəyərlərinin daşıyıcıları olan ziyalı təbəqənin ictimai və siyasi fəaliyyəlini genişləndirmiş və onları cəmiyyətin ön sıralarına çəkmişdir.

Ümumilikdə götürsək, Rusiyadan başqa heç bir Sovet Respublikasında bu qədər mədəniyyət və incəsənət xadimi belə yüksək adlara, vəzifələrə layiq görülməmişdir. Müqayisə üçün deyək ki, о zaman böyük respublika olan Ukraynada sənət adamları arasında cəmi iki Sosialist Əməyi Qəhrəmanı olmuşdur. Şübhəsiz ki, milli mənəvi dəyərlərin daşıyıcıları olan incəsənət xadimlərinin əldə etdikləri о zamankı nailiyyətlər Azərbaycana rəhbərlik edən Heydər Əliyevin xidmətinin, hörmətinin, nüfuzunun , milli mənəvi dəyərlərə münasibətinin, ən başlıcası isə mətanətinin və cəsarətinin məntiqi nəticəsi idi.

Azərbaycanın görkəmli şair və yazıçılarına verilən qiymət və müstəqil şəkildə yazıb-yaratmaq üçün yaradılan şərait nəticəsində 1970-1980-ci illərdə Azərbaycan ədəbiyyatı əvvəlki illərdə olduğu kimi məddahlığa və ya sözün əsl manasında desək, yaltaqlığa deyil, xalqın buxovlanmış mənəvi dəyərlərinin yenidən dirçəlişinə xidmət edirdi. 1970-1980-ci illərdə yaranan əbədi əsərlərdə xalqın zəngin qaynaqları olan milli mənəvi aləmi öz poetik əksini böyük ustalıqla tapa bilmişdi. Əgər 1969-cu ilə qədər mövcud rejimdən çəkinərək yazıçı və şairlər ictimai-siyasi ədalətsizliklər barəsində əsərlərində eyhamlardan, rəmzlərdən, alleqoriyalardan, başqa xalqların və tarixi dövrlərin mövzularından geniş şəkildə istifadə edirdilərsə, 1969-cu ildən başlayaraq Heydər Əliyevin şəxsi qayğısı, diqqəti və möhkəm şəkildə təmin etdiyi təhlükəsizliyin sayəsində Azarbaycanın ən görkəmli ədibləri, mədəniyyət və incəsənət xadimləri xalqın mənəviyyatını zənginləşdirən mühüm mövzuları işləyə bilmişlər.

SSRİ-nin süqutundan sonra Azərbaycanda hökm sürən ictimai-siyasi qeyri-sabitlik yenidən başqa sahələrdə olduğu kimi mənəvi dəyərlər sahəsində də böhranlı vəziyyət yaratmış oldu. Heç şübhəsiz, 1993-cü ildə Azərbaycan xalqının şiddətli təkidi ilə yenidən hakimiyyət sükanı arxasına keçən Heydər Əliyev bu dəfə də başqa mühüm sahələr kimi milli mənəvi dəyərlər sahəsinin dirçəlişi və inkişafı istiqamətində misilsiz tədbirlər həyata keçirmiş oldu. Qısa müddət ərzində Heydər Əliyevin sayəsində dini dəyərlər xalqın əxlaqının və mənəviyyatının kamilləşməsinə xidmət etməyə başladı, mədəniyyət və incəsənət sahələrinin inkişafına isə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilməyə başlandı. Bütün bunlar isə Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin bariz nümunəsi kimi qiymətləndirildi. Məhz milli mənəvi dəyərlərin qorunması və dirçəlişi Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı olduğundan bu mövzunun araşdırılması eyni zamanda bu böyük dövlət xadiminin irsinin də öyrənilməsi deməkdir.

Mövzunun aktuallığının mühüm tərəflərindən biri də müasir dövrümüzdə Prezident İlham Əliyevin siyasi kursunun məhz Heydər Əliyevin siyasi kursunun məntiqi davamı olmasıdır. Bu siyasi kursun əsaslarından biri isə milli mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi strategiyasının ən vacib məsələlərdən biri olmasıdır. Belə əhəmiyyət daşıyan məsələnin tədqiqata cəlb olunması və öyrənilməsi müasir Azərbaycan tarixşünaslığında tədqiqatı vacib olan problem kimi qoyulmuşdur.

Tədqiq olunan mövzunun aktuallığını səciyyələndirən amillərdən biri də Azərbaycan tarixinin ən müasir dövrünü əhatə edən bu mövzunun Azərbaycan tarixşünaslığında kifayət qədər öyrənilməməsidir. Qeyd etmək lazımdır ki, mövzunun kifayət qədər öyrənilməməsi tədqiqatçıların diqqətindən kənarda qalması ilə bağlı deyil, araşdırılan dövrün Azərbaycan tarixinin ən müasir dövrünü əhatə etməsi ilə əlaqadardır.

Bütün bunlar təsdiq edir ki, tədqiq etdiyimiz «Heydər Əliyev və Azərbaycan Respulikasında milli mənəvi dəyərlərin qorunması» mövzusu nəinki aktualdır, həm də çox mühüm elmi-siyasi, beynəlxalq və praktiki əhəmiyyət daşıyır.

Tədqiqatın xronoloji çərçivəsi. Elmi işdə Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında milli mənəvi dəyərlərin qorunması ilə bağlı məsələlər keçən əsrin 69-cu ilindən 2003-cü ilədək olan dövrlə çərçivələnir. Problemin mahiyyətinin daha dolğun açılması baxımından müəyyən tarixi ekskurslar da edilmişdir.

Мövzunun öyrənilmə səviyyəsi. Tədqiq etdiyimiz mövzü ilk dəfədir ki, tədqiqata cəlb olunur. Odur ki, mövzuya həsr olunmuş xüsusi monoqrafiya və dissertasiya işləri yazılmamışdır. Bununla belə, dissertasiyanın elmi- nəzəri bazasının yaradılmasında böyük öndərimizin ictimai-siyasi fəaliyyətinə həsr edilmiş monoqrafiyalar, dissertasiya işləri, elmi məqalələr, dövri mətbuat səhifələrində, ayrı-ayrı kitablarda, internet saytlarında toplanmış məlumatlar tədqiqata cəlb edilərək öyrənilmiş və problem yönündən təhlil edilmişdir.

Alimlərimizin xalqımızın ümummilli lideri Heydər Əliyevin ictimai- siyasi fəaliyyətinə həsr edilmiş əsərləri bu böyük dövlət xadiminin milli mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bunlardan R.Mehdiyev (Mehdiyev R. Azərbaycan: tarix irs və müstəqillik fəlsəfəsi. Bakı. 2001; yenə onun Azərbaycanın inkişaf dialektikası. Bakı. 2000;), Y.Mahmudov (Y.M.Mahmudov Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı. 2002. Heydər Əliyev dirçəliş konsepsiyası. Bakı. 2006;), İ.Hüseynova (Hüseynova İ. Dövlətçilik naminə. Bakı, 2001, 286 s; yenə onun Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı,2004 yenə onun Heydər Əliyev və Qafqazda sülh prosesi//Maqistr hazırlığı üçün proqram. Bakı, 2003.), H.Orucov (Orucov H. Heydər Əliyev və Azərbaycanda milli siyasət. Bakı, 2001), X.Quliyeva (Quliyeva X. Heydər Əliyev və mənəvi-estetik dəyərlər. Bakı,2002), F.Maqsudov (Maqsudov F. Heydər Əliyev və Azərbaycan elmi. Bakı, 1998), A.Məmmədov (Məmmədov A. Prezidentin imzası prezidentin qayğısı. Bakı, 1998), R.Mirzəzadə (Mirzəzadə R. Azərbaycanı dünyaya saydıran insan . Bakı,1998), M.Yusifov (Yusifov M. Heydər Əliyev və Azərbaycançılıq ideologiyası. Bakı,2003) və b. əsərlərini göstərmək olar. Qeyd etməliyik ki, adları çəkilən müəlliflərin əsərlərində araşdırılan problem bütövlükdə Heydər Əliyev tərəfindən milli mənəvi dəyərlərin qorunması konteksində tədqiq olunmamışdır. Lakin Heydər Əliyevin dini dəyərlər, elm və maarif, mədəniyyət və incəsənət sahələrinin qorunması və inkişafı istiqamətində olan titanik fəaliyyəti və bu kimi digər məsələlər öz ifadəsini tapmışdır. Dissertasiyanın yazılması zamanı həmin əsərlərdən istifadə edilmişdir.

Yuxarıda sadalananlarla bərabər Azərbaycan xalqının milli mənəvi dəyərlərinin zəngin və qədim köklərə mənsub olması, kommunizm rejimi tərəfindən təqibə məruz qalması və 1969-cu ildən başlayaraq bu dəyərlərin Heydər Əliyev tərəfindən dirçəldilməsi, qorunması və inkişafı istiqamətində həyata keçirilən titanik fəaliyyətə bir sıra tutarlı tədqiqat əsərləri həsr edilmiş, bir sıra əsərlərdə isə bütün bunlar az ya çox dərəcədə öz əksini tapmışdır. Bu baxımdan H.Ə. Əliyevin (Əliyev H.Ə. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Bakı,2001. yenə onun Müstəqillik yolu. Bakı,1997;), C.Ağamirovun (Ağamirov C. Nizami Gəncəvinin yaradıcılığında işlədilən türk sözləri və Azərbaycan zərb-məsələləri. Gəncə,2005), M.Balayevin (Balayev M. İslam və onun ictimai siyasi həyatda rolu. Bakı,1991), A.Əhədovun (Əhədov A. Azərbaycanda din və dini təsisatlar. Bakı, 1991), R.Əliyevin (Əliyev R. Dövlət və din. Bakı,2004), Ə.Həsənov və Q.Mustafayevin (Həsənov Ə. Mustafayev Q. İslamın mahiyyəti. Bakı,1967), N.Kərəmovun (Kərəmov N. Odlar yurdunun səyyah və coğrafiyaşünasları. Bakı,1986), M.Nemətin (Nemət M. Azərbaycanda pirlər. Bakı, 1992), A.Paşazadənin (Paşazadə A. Qafqazda İslam. Bakı,1991), N.Rzayevin (Rzayev N. Əcdadların izi ilə. Bakı,1992), M.Səttarovun (Səttarov M. Sosializm quruculuğu dövründə Azərbaycan xalqında ateizm dünyagörüşünün formalaşması. Bakı,1964; İslam dini qalıqları. Bakı,1967), R.Səməndərin (Səməndər. R. Şəhidlər. Bakı,1990) və s. əsərləri daha diqqətə layiqdir.

Heydər Əliyev tərəfindən milli-mənəvi dəyərlərin inkşafı son dövrlərdə bir çox elm, siyasət və dövlət xadimlərinin araşdırma obyektinə çevrilmişdir. Lakin Heydər Əliyevin 1969-cu ildən başlayaraq ağır və mürəkkəb şəraitdə xalqımızın qədim və zəngin tarixə malik olan milli-mənəvi dəyərlərinin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü ictimai və siyasi fəaliyyətinin daha dərindən araşdırılmasına ehtiyac qalmaqdadır.

Rusiya və Qərb təqiqatçıları xüsusi tədqiqat obyekti kimi olmasa da araşdırdığımız problemin bəzi məqamlarına toxunmuşlar. Xüsusilə bu tədqiqatçıların əsərlərində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin zəngin kökləri və ümümbəşəri dəyərlərin formalaşmasında olan mühüm rolu haqqında məlumatlar öz əksini tapmışdır. Bu tədqiqatçılardan E. Blavatskayanın (Блаватская Е.Три статьи о Зороастризме. М.,2004) , M.Boysun (Бойс M. Обряды зороастриян.М.,2005), V.Kruçkovanın (Крючкова В.. Зороастризм. Санкт-Петербург,2005), V.Kulikan (Куликан В. Мидяне и Персы.М, 2005), А.Сəfərinin (Джафари. А. Наследия деревного Ирана и Авесты// htp//avesta. tripod/com/ other.htm),A.Polonskinin (Полонский А. Ислам в контексте общественной жизни современного Азербайджана //www/azertag/com; Современный Азербайджан. Партии. Люди. Идеи), A.Makovelskinin (Маковельский А. Древнегреческие атомисты), M.Çikoreyanın (Чикорея М. Билл Еванс и международные фестивалы джаза. М,2004) və b. adlarını çəkmək olar. Adları çəkilən müəllifllər əsərlərində araşdırdığımız problemlə bağlı bir sıra masələlərə toxunmuşlar.

Tədqiqatın mənbə bazası. Tədqiqatın əhatə etdiyi məsələlərin müxtəlif baxış bucaqlarından təhlili müvafiq mənbəşünaslıq bazasının müəyyənləşdirilməsini şərtləndirir. Mənbə bazası aşağıdakı kimi müəyyənləşdirilmişdir.

Tədqiqat işi Azərbaycan, rus dillərində olan çoxsaylı mənbələrin məlumatlarının tənqidi təhlili əsasında aparılmışdır. Burada ilk növbədə sənədli mənbələrdən - cari arxiv sənədlərindən, beynəlxalq təşkilatların və bir sıra dövlətlərin rəsmi şəxslərinin dövri mətbuatda çap edilən məruzə, çıxış, müsahibələrdən və s. istifadə edilmişdir.

Problemi öyrənmək üçün ən mühüm mənbələrdən biri Heydər Əliyevin ölkə dindarları ilə mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı və mənəvi dəyərlərlə bağlı keçirilmiş konfranslarda etdiyi məruzə, nitq və çıxışların toplandığı çoxcildli nəşrlərdir.

Heydər Əliyevin milli mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasi fəaliyyətin öyrənilməsi zamanı ilahiyyat, fəlsəfə və incəsənət sahəsində tanınmış mütəxəssislərin tarixi hadisələrə dair monoqrafik və kollektiv elmi əsərlərinə, Azərbaycanda və bir sıra xarici ölkələrdə nəşr olunmuş mətbuat orqanlarında, internet səhifələrində işıq üzü görmüş materiallara müraciət edilmişdir.

Dissertasiyada tədqiq edilən problemlə bağlı Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bülletenləri, Azərbaycan KP XXVIII qurultayının materialları, Azərbaycan SSRİ Ali Sovetinin Xəbərləri, Azərtacın məlumatları, Heydər Əliyev fondunun internet saytında yerləşdirilmiş arxivindən, Nazirlər Soveti yanında Dini İşlər Şurasının Azərbaycan Respublikası üzrə müvəkilliyinin statistik məlumatlarından, Qafqaz Müsəlmanları İdarəsinin arxivindən, Gəncə Şəhər Dövlət arxivindən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin arxivindən aşkara çıxarılmış materiallardan istifadə olunmuşdur.

Bunlarla yanaşı, mövzunun tədqiqində qiymətli mənbə kimi cari mətbuat materialları, buradakı rəsmi xəbərlər, informasiya agentliklərinin elektron və digər kütləvi informasiya vasitələrinin mühüm məlumatları faktoloji baxımdan əsərin mənbəşünaslıq bazasının tərkib hissələrindən olmuşdur. Respublikanın “Xalq qəzeti”, “Azərbaycan”, “Respublika”, Türkiyənin “Zaman” və s. dövri nəşrlərdən araşdırılan mövzuya dair dərc edilmiş müxtəlif materiallara müraciət edilmişdir.

Əsas kimi götürülmüş mənbələr və istifadə olunmuş ədəbiyyat mövzunun tarixi-xronoloji ardıcıllıqla və sistemli şəkildə müxtəlif baxış bucaqlarından əhatəli öyrənilməsinə imkan yaratmışdır.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın başlıca məqsədi mövcud mənbələr və tarixşünaslıq bazası əsasında Heydər Əliyevin Azərbaycan xalqının qədim köklərə mənsub olan zəngin milli dəyərlərinin qorunması, dirçəlişi və inkişafı istiqamətində göstərdiyi ictimai-siyasi fəaliyyətinin kompleks şəkildə və obyektiv surətdə öyrənilməsidir. Bu məqsədlə elmi-tədqiqat işində aşağıdakı konkret vəzifələrin həllinə cəhd göstərilmişdir:

- Milli mənəvi dəyərlərin tarixi köklərinə ekskurs edilməsi və Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədərki dövrün nəzərdən keçirilməsi.

- SSRİ-də ideoloji inhisarçılıq şəraitində milli mənəvi dəyərlərin dirçəldilməsində Heydər Əliyevin rolunun işıqlandırılması.

- Sovet imperiyasının süqutu dövründə Heydər Əliyevin xalq hərəkatına milli mənəvi cəhətdən dayaq durmasının işıqlandırılması.

- Azərbaycan Respublikasında ictimai-siyasi böhran şəraitində Heydər Əliyevin milli mənəvi dəyərlərin qorunmasında olan rolunu nəzərdən keçirərək təhlil etmək.

- Heydər Əliyev tərəfindən Müstəqil Azərbaycan Respublikasında milli mənəvi dəyərlərin inkişaf etdirilməsi kimi məsələlərin əks olunması.

- Heydər Əliyevin musiqi, xoreoqrafiya, teatr, rəssamlıq, heykəltəraşlıq sahələrinin istiqamətində gördüyü işlərin, imzaladığı fərmanların tarixi əhəmiyyətinin qiymətləndirilməsi və incəsənət xadimlərinin daimi dövlət qayğısı ilə əhatə olunmasının konkret əsaslarla işıqlandırılması.

Dissertasiya işinin metodoloji əsası. İş müqayisəli təhlil və sintez metodları əsasında yazılmışdır. Dissertasiya hazırlanarkən tarixşünaslıq elminin nəzəri müddəalarına əsaslanaraq konkret ümumiləşdirmələr aparılmış, yeri gəldikcə təsnifat və sistemləşdirmə üsullarından da istifadə olunmuşdur.

Tədqiqatın elmi yeniliyi. Aktuallığı və siyasi əhəmiyyəti nəzərə alınmaqla tədqiq olunan mövzunun elmi yeniliyi aşağıdakılarla müəyyənləşdirilir: Heydər Əliyev tərəfindən milli mənəvi dəyərlərin qorunması, dirçəldilməsi və inkişaf etdirilməsi müxtəlif çoxsaylı faktların toplanması, sistemləşdirilməsi və təhlili əsasında ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilir.

Milli mənəvi dəyərlərin Sovet imperiyasına qədərki dövrünə və Sovet imperiyası dövründəki vəziyyətinə nəzər salınır;

SSRİ-də ideoloji inhisarçılıq şəraitində milli mənəvi dəyərlərin dirçəldilməsində Heydər Əliyevin xidmətləri araşdırılır və bu sahədə mövcud olan boşluqlar doldurulur;

Sovet imperiyasının süqutu dövründə Heydər Əliyevin xalq hərəkatına milli mənəvi cəhətdən dayaq durması tutarlı faktlar və arqumentlərlə əsaslandırılır;

Heydər Əliyev tərəfindən müstəqil Azərbaycan Respublikasında milli mənəvi dəyərlərin inkişaf istiqamətləri ətraflı şəkildə araşdırılır;

Müstəqil Azərbaycan Respublikasında elm, təhsil, dini dəyərlər, ədəbiyyat və incəsənət sahələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində Heydər Əliyev tərəfindən atılan çoxtərəfli addimlar araşdırılır və qiymətləndirilir.

Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti. Tədqiqatın nəzəri əhəmiyyəti onunla izah olunur ki, araşdırmalar Heydər Əliyevin milli mənəvi dəyərlərinin qorunmasında, dirçəlişində, inkişafında olan rolunu və mövqeyini düzgün qiymətləndirməyə imkan yaradır. Milli mənəvi dəyərlərin tarixi köklərini, Sovet impreiyası tərəfindən təqibə məruz qalmasını, 1969-cu ildən bu dəyərlərin yenidən dirçəldilərək qorunması prosesində Heydər Əliyevin gördüyü işlərin və apardığı məqsədyönlü siyasətin əhəmiyyətli rolunu aydınlaşdırmaq mühüm elmi-praktiki əhəmiyyət kəsb edir.

Dissertasiya işinin əsas müddəaları və ümumiləşdirilmiş materiallardan çıxarılmış elmi nəticələrdən elmi-populyar əsərlərin, habelə Azərbaycan tarixi üzrə dərslik, dərs vəsaiti və digər vəsaitlərin hazırlanmasında, elmi-pedoqoji fəaliyyətdə - ali və orta ixtisas məktəblərinin müvafiq profil üzrə mütəxəssislər hazırlayan fakültələrində xüsusi kursların oxunmasında, seminarların keçirilməsində və diplom və dissertasiya işlərinin yazılmasında, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sistemində istifadə edilə bilər.

Tədqiqatın aprobasiyası. Dissertasiya işi GDU-nun Azərbaycan tarixi kafedrasında yerinə yetirilmiş və burada müzakirə edilərək müdafiəyə məsləhət görülmüşdür. Dissertasiyanın əsas məzmunu dissertantın Bakı Dövlət Universitetində aspirantların ənənəvi illik konfransında etdiyi məruzələrdə və çap etdirdiyi 6 elmi məqalədə öz əksini tapmışdır.

Dissertasiyanın quruluşu. Dissertasiya giriş,üç fəsil, altı paraqraf, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU

Dissertasiyanın giriş hissəsində araşdırılan mövzunun aktuallığı əsaslandırılmış, problemin öyrənilmə səviyyəsi, məqsəd və vəzifələri, xronoloji çərçivəsi, nəzəri-metodoloji bazası, tədqiqatın elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti göstərilmişdir.

Birinci fəsil «Milli mənəvi dəyərlərə tarixi baxış» adlanır. Bu fəsil iki paraqrafdan ibarətdir: 1. «Milli mənəvi dəyərlər Sovet imperiyasına qədərki dövrdə»; 2. «Milli mənəvi dəyərlər Sovet imperiyası dövründə».

Fəslin birinci paraqrafında Azərbaycan xalqının hələ eramızdan çox- çox əvvəlki minilliklərdə ibtidai insanın mədəniyyət sahəsində əldə etdiyi bütün nailiyyətlərdən faydalanaraq özünəməxsus zəngin mədəni mənəvi irs yaratması, Azərbaycan xalqının mənəvi mədəniyyətinin formalaşmasında tarixin müxtəlif çağlarında Zərdüştlük, Yəhudilik, Xristianlıq və İslam mədəniyyətinin göstərdiyi təsir, Azərbaycanın dövlətçilik tarixində, eyni zamanda, milli mənəvi mədəniyyətinin inkişafı prosesində Atropatena və Albaniya dövlətlərinin mühüm rolu, 1918-cı il mayın 28-də Azərbaycanın dövlət müstəqiliyinin bərpa olunması ilə milli mənəvi dəyərlərin və milli şüurun inkişafı naminə Azərbaycan xalqının qədim köklərə malik olduğu milli maarifçiliyinin rəsmi şəkildə yenidən bərpa edilməsi araşdırılmışdır.

Müstəqil Azərbaycan Respublikasının qurucusu, milli mədəniyyətimizin ən böyük hamisi ümummilli liderimiz Heydər Əliyev günümüzə gəlib çatmış tarixi abidələrin mühüm əhəmiyyətindən bəhs edərək demişdir: «Qobustan, Gəmiqaya və başqa qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı mədəniyyətinə məxsus maddi mənəvi mədəniyyət nümunələri, kurqan tapıntıları Azərbaycanda hələ qədim dövrlərdən yüksək və zəngin mədəniyyətin mövcud olmasını sübüta yetirir». (Əliyev H. Azərbaycan XX əsrin sonu- üçüncü minilliyin astanasında. Bakı, 2000, s. 9)

Tarix boyu Azərbaycan xalqının milli mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə sıx əlaqə və tamasda yaranıb inkişaf etmişdir. Xalqımızın mənəvi dəyərlərinin ümumbəşəri dəyərlərlə sıx əlaqəsini təmin edən faktorlardan biri mənsub olduğumuz qədim diyarın əlverişli çoğrafi məkanda yerləşməsi olmuşdur. Belə ki, İpək yolu ticari və iqtisadi əlaqələrlə yanaşı, mənəvi və ideoloji münasibətlərin də inkişafına güclü təkan vermişdir. Etiraf etmək lazımdır ki, Yunan, Roma və s. kimi ölkələrin böyük mədəniyyətlərinin təsiri Azərbaycan xalqının mənəvi yüksəlişində, inkişafında əhəmiyyətli rol oynamışdır. Məscid və mədrəsələr bir növ fəal mənəvi həyatın təşkili mərkəzlərinə çevrilmiş, sözün, əxlaq tərbiyəsinin təsirinə mühüm əhəmiyyət verilmiş və müsəlman etik normalarına dair xeyli əsərlər yazılmışdı.

Məlumdur ki, İslamdan sonrakı dövrlərin milli mənəvi dəyərləri ilə bağlı ilk türk dilli əsər «Dədə Qorqud» eposu olmuşdur. Ərəb və fars dillərinin hökmran olduğu həmin dövrlərdə də xalq yenə öz mənəvi keyfiyyətlərini inkişaf etdirməyə çalışmışdır.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının milli mənəvi dəyərlərinin yaranmasında, formalaşmasında və qorunub saxlanmasında alimlərin, ümumilikdə ziyalıların rolunu həmişə yüksək qiymətləndirmişdir. O, milli mənəvi dəyərlərimizdən və onun yaradıcılarından danışarkən demişdir: «Xalqımız öz böyük şəxsiyyətləri vasitəsi ilə Azərbaycanın milli mənəvi dəyərlərini formalaşdırmış, qoruyub saxlamış, zənginləşdirmiş və bu gün onu ümumbəşəri dəyərlərin bir hissəsinə çevirmişdir. Milli mənəvi dəyərlərimiz dedikdə, burada inam və etiqadımız, böyük şəxsiyyətlərimizin və mütəfəkkirlərimizin yaratdığı ümumbəşəri ideyalar və milli mədəniyyətimiz, adət-ənənələrimiz, milli əxlaqi keyfiyyətlərimiz nəzərdə tutulur». (Yusifov M. Heydər Əliyev və Azərbaycançılıq ideologiyası. s. 63)

İkinci paraqrafda isə 1920-ci il aprel ayının 28-də Qırmızı ordu tərəfindən Azərbaycanın işğal edilməsi və ADR-in süqutu nəticəsində kökləri uzaq keçmişə gedib çıxan Azərbaycan xalqının milli mənəvi dəyərlərinin bolşeviklər tərəfindən zorakı üsullarla məhv edilməsinin icmalı verilmişdir.

1920-ci il aprel ayının 28-də Qırmızı Ordu tərəfindən Azərbaycanın işğal edilməsi və ADR-in süqutu nəticəsində Azərbaycan xalqının milli mənəvi dəyərlərinin zorakı üsullarla məhv edilməsinə başlanmışdır. Bolşeviklər Azərbaycanı işğal etdikləri ilk günlərdən «Yaşasın müstəqil və azad Azərbaycan» şüarları ilə xalqı aldatmağa çalışmışlar (Махмудов Я. Коммунистический режим в северном Азербайджане: //www/sakharov-center.ru/azrus/az.sod/htm). Azərbaycana və onun milli potensialına yaxşı bələd olan ruslar və azərbaycanlılara düşmən kəsilən ermənilər başa düşürdülər ki, bu milləti köləlik girdabına yuvarlatmaq üçün ilk növbədə onun dünya sivilizasiyasının yaranmasında müstəsna rola malik olan milli mənəvi dəyərlərini məhv etmək lazımdır.

Ümumiyyətlə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinin məhv edilməsi prosesində 1920-ci ilin fevral ayında yaradılmış Azərbaycan Kommunist Partiyası араrıcı rol oynayırdı. Bu partiya Moskvanın göstərişləri ilə hərəkət edirdi. Azərbaycana qarşı yönəldilmiş cinayətkar quldur dəstəsinin başında A.İ.Mikoyan və onun rus, erməni, gürcü, yəhudi və s. millətlərdən olan əlaltıları dururdu (Репрессия в Азербайджане//htp//www/azmif.com). 1918-ci ilin mart soyqırımından bir qədər sonra Azərbaycan xalqı bolşeviklərin apardığı amansız terrorlara məruz qaldı. Artıq 1920- ci il aprel ayının 28-də baş verən dövlət çevirilişindən 1 il sonra daşnak və bolşeviklər tərəfindən Azərbaycanda 50 minə yaxın say-seçmə soydaşlarımız qətlə yetirilmiş, minlərlə həmvətənlimiz mühacirət etmək məcburiyyəti qarşısında qalmışdır. Bütün bunların nəticəsində isə xalq özünün milli mənəvi sərvətindən – ziyalı təbəqəsindən məhrum olmuşdu. Azərbaycan xalqının milli mənəvi dəyərləri içərisində xüsusi yer tutan islam dini də aprel çevirilişindən sonra bolşeviklər tərəfindən vandalcasına kəskin və ağır zərbələrə məruz qalmışdır. Min ildən artıq bir müddət ərzində xalqımızın daxili dünyasına nur saçan mədrəsələrin fəaliyyəti qadağan olunmuş, şəriət hökmlərinin yerinə yetirilməsi yasaqlanmış, ruhanilər maddi və mənəvi repressiyalara məruz qalmışdılar. Məscidlər, pirlər, tanınmış övliyyaların məqbərələri, milli memarlıq üslubunda inşa olunmuş uca minarələr dağıdılaraq yerlə yeksan edilmişdir. Məscidlərin böyük bir qismi isə anbara, heyvan damına, idarəyə və ən nəhayət, şərab ticarətilə məşğul olan ermənilərin satış yerinə çevirilmişdi.

1922-ci ildə Azərbaycan xalqının min ildən artıq bir müddət ərzində istifadə etdiyi ərəb əlifbasından latın qrafikasına keçmək ideyası ortaya atılmış və bir neçə il bu əlifbadan istifada olunmuşdu. 1939-cu ildə yazı qrafiki yenidən dəyişdirilmiş, bütün sahələrdə yeganə yazı şəkli kimi Kiril əlifbası tətbiq olunmağa başlamışdır.

Dissertasiyanın «SSRİ-də ideoloji inhisarçılıq şəraitində milli mənəvi dəyərlərin dirçəldilməsində Heydər Əliyev rolu» adlanan II fəsli iki paraqrafdan ibarətdir. Burada 1969-cu ildən başlayaraq ümummilli lider Heydər Əliyevin iqtisadi və sosial sahədə apardığı islahatların eyni zamanda Azərbaycan xalqının yarım əsr ərzində məhvə və təqiblərə məruz qalmış zəngin milli mənəvi dəyərlərinin də dirçəlişinin və inkişafının əsasını qoyması, ümummilli liderimizin yaratdığı uzunömürlu siyasi ab-havanın sayəsində 1970-80-ci illərdə Azərbaycanda incəsənətin inkişafının böyük vüsət alması, incəsənət xadimlərinin diqqət və qayğı ilə əhətə olunması, elm və maarif sahələrinin inkişafı istiqamətində onun yürütdüyü məqsadyönlü siyasətin çox faydalı nəticələri, imperiya üsul –idarəsi ilə gərgin siyasi mübarizələrinin sayəsində Azərbaycanda dini dəyərlərin dirçəlişi və inkişafının həyata keçirməsi, Sovet imperiyasının süqutu dövründə milli azadlıq hərəkatına qalxmış Azərbaycan xalqının 1970-80-ci illərdə həyata keçirilən bir sıra islahatlar nəticəsində qazanmış olduğu, öz mənəvi ruhunun yüksəkliyini və dirçəlişini nümayiş etdirərək baş verən xoşagəlməz hadisələrdən üzüağ çıxması elmi ədəbiyyatlar əsasında konkret tarixi faktlarla tədqiq olunmuşdur. Birinci paraqraf İdeoloji inhisarçılıq şəraitində milli mənəvi dəyərlərin Heydər Əliyev tərəfindən dirçəldilməsinin xüsusiyyətləri məsələlərinə həsr olunub.

1969-cu ilin avqust ayında Azərbaycan Respublikasının rəhbərliyində baş vermiş mühüm dəyişiklik nəticəsində Azərbaycan KP MK-nın I katibi vəzifəsinə seçilmiş Heydər Əlirza oğlu Əliyev bütün varlığı ilə milli soykökə, doğma xalqına bağlı olan və daim onun taleyüklü problemləri, keçmiş və gələcəyi barədə düşünərək ilk öncə DTK-nın Azərbaycanlılara düşmən qüvvələrdən, xüsusilə ermənilərdən təmizlənməsi, milli kadrların təhlükəsizlik sisteminə cəlb olunması üçün var qüvvəsini əsirgəmədi (Orucov H. Heydər Əliyev və Azərbaycanda milli siyasət. s.21) . Hələ Heydər Əliyev DTK-da işlədiyi dövrdə Azərbaycanın milli mənəvi dəyərlərini öz yaradıcılığında əks etdirən görkəmli ziyalılardan Z.Bunyadov, B.Vahabzadə, X. Rza. R. Əliyev, S.Əhmədov, T.Quliyev, S. Bəhlulzadə, V.Mustafazadə və başqalarını dəfələrlə amansız repressiya təhlükəsindən xilas etmişdir (Heydər Əliyev ideyaları daim yaşayır//Yeni Gəncə.2006, 5 aprel).

Birinci paraqrafda Heydər Əliyev tərəfindən 1969-cu ildən 1980 -ci illərin əvvəllərinə qədər dini dəyərlər, ədəbiyyat və incəsənət sahəsinin dirçəlişi, qorunması və inkişaf etdirilməsi ilə bağlı tədbirlərin əsas cəhətləri və istiqamətləri elmi təhlillər süzgəcindən keçirilir.

Tarix boyu Azərbaycan xalqının mənəvi həyatında misilsiz rol оynamış, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə bərbad hala salınmış məscid, mədrəsə, məktəb-məscid, xanəgah, ribat, pir və sair kimi dini abidələr 1970-cı ildən başlayaraq əsaslı surətdə təmir edilmiş və Mədəniyyət Nazirliyinin balansına verilərək dövlət tərəfindən mühafizə olunmuşdur (Heydər Əliyev irsi zəngin təcrübə məktəbidir//Yeni Gəncə,2006,5 aprel).

O illərdə Azərbaycanın milli mənəvi dəyərlərinin bir hissəsini təşkil edən milli musiqi sənəti də böyük dirçəliş və inkişaf yoluna qədəm qoyur. Respublikaya başçılıq edən Heydər Əliyev incəsənətin bu sahəsinin inkişafında misilsiz rolu olan görkəmli bəstəkarlara da öz diqqətini əsirgəməmiş, onların gələcək fəaliyyəti üçün həmişə əlverişli şərait yaratmışdır. 1974-cü ildə isə böyük sənətkar Fikrət Əmirov SSRİ Bəstəkarlar İttifaqının katibi vəzifəsinə seçilmişdir. Azərbaycan musiqi sənətinin korifeylərindən sayılan mayestro Niyazi (Niyazi Tağızadə) 1972-ci ildə Azərbaycan Lenin Коmsomolu, 1974-cü ildə Beynəlxalq Nehru mükafatları laureatı adlarını almışdır. «Leyli və Məcnun» simfonik poemasının, «Yeddi gözəl”, «İldırımlı yollarla» baletlərinin, aşıq və muğam sənəti xüsussiyyətləri ilə zəngin olan simli kvartet musiqilərinin müəllifi Qara Qarayev 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına, “Torpağın səsi”, “Vətən və Füzuli” kimi simfonik əsərlər yaradan Arif Məlikov isə 1978-ci ildə Azərbaycan SSR-in xalq artisti adına layiq görülmüşlər. Pianoçu Fərhad Bədəlbəyli 1972-ci ildə ildə Azərbaycan SSR-in əməkdar artisti adına, 1974-cü ildə isə Lenin Komsomolu mükafatı laureatı adına layiq görülmüşdür. Habil Əliyevə 1978-ci ildə Azərbaycan SSR-in xalq artisti adı verilmişdir. Həmin vaxt respublika rəhbərliyi tərəfindən yaradılan şəraitin sayəsində milli muğamların inteqrasiyası məqsədi ilə o, Belçika, Suriya, Əlcəzair, Türkiyə, ADR, BXR, MXR, Böyük Britaniya kimi mötəbər ölkələrdə çıxış etmişdir. Müslüm Maqomayev 1973-cü ildə SSR-in xalq artisti adına layiq görülmüş, respublika rəhbərliyi tərəfindən göstərilən qayğı nəticəsində 1975-ci ildə Azərbaycan Dövlət Estrada Simfonik Orkestrini təşkil etmiş, özü də bədii rəhbər təyin olunmuşdur (Azərbaycan Sovet Ensiklopediyası. Bakı,1976-1987).

Heydər Əliyevin Azərbaycan xalqının milli mənəvi dəyərlərinə olan sevgisi, diqqət və sədaqəti həmin illərdə muğam sənətinin yeni dirçəliş və inkişaf mərhələsinə qədəm qoyması ilə bir daha özünü qabarıq göstərir. Respublika televiziyasında vaxtaşırı olaraq muğam axşamı, muğam sənətinə, onun tədqiqi məsələlərinə yaradıcılıq təşəbbüsünün artırılması məqsədi ilə elmi verilişlər efirə çıxır. Azərbaycan musiqişünaslığında muğamda kanon, normativlik, improvizasiya məsələləri, onun bədii və sosial-tarixi funksiyası, kompozisiya xüsusiyyətləri, formalarının yaranması, ideya-bədii konsepsiyası yüksək səviyyədə tədqiq olunur. Bu illərdə Heydər Əliyevin respublika kinomotoqrafiyasına ayırdığı diqqətin məntiqi nəticəsi kimi 1969-cu ildə azərbaycan xalqının milli mənəvi dəyərlərini ən kamil və bitkin səviyyədə özündə əks etdirən “Dəli Kür”, 1970-ci ildə “Bizim Cəbiş müəllim”, “Yeddi oğul istərəm”, 1971-ci ildə “Axırıncı aşırım”, 1973-cü ildə “Nəsimi”, 1975-ci ildə “Dədə Qorqud”, 1979-cu ildə “Babək” və başqa bu kimi filmlər çəkilmişdir. Bundan başqa, milli mənəvi dəyərlərin daşıyıcılarına çevrilən klassik və müasir ədib və dramaturqların yüzlərlə səhnə əsərləri tamaşaya qoyulmuşdur (Алиев А. Кино вчера и сегодня. Культура Советского Азербайджана. Баку,1980 с 97.).

Paraqrafda həmçinin Heydər Əliyevin Azərbaycanın zəngin klassik ədəbiyyatına daim diqqət və qayğısı ilə yanaşması geniş işıqlandırılmışdır.

1981-ci ildə Heydər Əliyevin göstərişi ilə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur, Daşkənddə Nizami adına pedaqoji institute yaradılmış, Merkuri planetindəki kraterlərdən birinə onun adı verilmişdir. Şanxayda Nizaminin heykəli, MDU qalereyalarından birində onun büstü qoyulmuşdur (Ağamirov C.Nizami Gəncəvinin yaradıcılığında işlədilən türk sözləri və Azərbaycan zərb-məsələləri,s43).

1948-ci ildən fəaliyyət göstərən Teatr, Pedaqoji, Xarici Dillər, 1950-ci ildən fəaliyyət göstərən Politexnik, 1952-ci ildən fəaliyyət göstərən Rus Dili və Ədəbiyyatı institutlarının zəif olan bazasının gücləndirilməsi ilə kifayətlənməyən Heydər Əliyev respublikada bir sıra yeni mühüm ali məktəb orqanları yaratmağa nail oldu. 1972 -ci ildə Azərbaycan pedaqoji İnstitutunun filialları əsasında Naxçıvan Muxtar Respublikasında, 1973-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətində pedaqoji institutlar, 1976-cı ildə İnşaat Mühəndisləri İnstitutu, 1981-ci ildə isə Gəncədə Azərbaycan Texnologiya İnstitutu fəaliyyətə başladı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra mövcud idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni 530 kafedranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Aşağı təbəqənin maariflənməsi məqsədi ilə 1969-cu ildən ali məktəblərin nəzdində kolxozçu, fəhlə və ordudan tərxis olunanlar üçün hazırlıq şöbələri açıldı (İsmayılov E, Həsənov C., Qafarov T. Azərbaycan Tarixi. Dərslik(1918-1993). Bakı,1995, s282). 1970-ci ildən əsası qoyulan və gücləndirilən respublika ali təhsil ocaqlarının yüksək səviyyədə hazırladığı mütəxəssislərlə kifayətlənməyən Heydər Əliyev bu sahədə apardığı siyasətin nəticəsində Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı ali elm-təhsil ocaqlarına 3500 azərbaycanlı oğlu və qız göndərmiş oldu (Hüseynova İ. Elm və təhsilin inkişafına dair Heydər Əliyevin kursu uğurla davam etdirilir//Respublika,2006,11 aprel).

Heydər Əliyevin xüsusi diqqəti nəticəsində ZMRİ-nin nəzdində Elmi Şura yaradılaraq İslam dini elmi baxımdan araşdırılmağa başlanır. Dini dəyərlərin dirçəlişi prosesində mühüm rol oynamış və Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikanın ən çətin günlərində xalqa sədaqət nümayiş etdirmiş və dayaq durmuş Qafqaz Müsəlman İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin 1980-ci ildə ZMRİ-уə sədr seçilməsi Heydər Əliyevin milli mənəvi dəyərlərin dirçəlişi sahəsinda apardığı siyasətinin ən parlaq səhiflələrindən biri hesab olunmuşdur.

İkinci paraqraf “Sovet imperiyasının süqutu dövründə Heydər Əliyevin xalq hərəkatına milli mənəvi cəhətdən dayaq durması” adlanır. Bu paraqrafda Bakıda həyata keçirilmiş Qanlı Yanvar hadisələrindən dərhal sonra öz alovlu vətəndaşlıq yanğısını daxilində gəzdirən Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayənəliyinə gəlib burada keçirilən yığıncaqda çıxış edərək 20 Yanvar faciəsinə siyasi qiymət verməsi artıq sönməkdə olan xalq hərəkatına yeni mənəvi güc gətirməsi geniş şərh edilmişdir.

Heydər Əliyev о qədər böyük siyasi nüfuza malik bir şəxsiyyət idi ki, M.Qorbaçov SSRİ-уə rəhbərlik etməsinə baxmayaraq, onu heç bir sərəncamla tutduğu vəzifələrdən azad etməyə cəsarət etməmişdir. Yalnız ona və yaxınlarına qarşı aparılan amansız və təhlükəli tədbirlərdən sonra Heydər Əliyev 1987-ci ilin yayında öz ərizəsi ilə istefa vermək məcburiyyətində qalmışdır. Heydər Əliyev istefaya getdikdən sonra respublikada ağırlaşan və mürəkkəbləşən siyasi vəziyyət bütün sahələrda olduğu kimi, mədəni və mənəvi sahəyə də öz mənfi və dağıdıcı təsirini göstərməyə başladı. Heydər Əliyevin istefaya getməsindən istifadə edən ermənilər Azərbaycan xalqının milli mənəvi dəyəri hesab olunan vətəninə və torpaqlarına təcavüz etməyə başladılar. Həmin dövr xalq Heydər Əliyevin 1970-80-ci illərdə apardığı bir sıra islahatlar nəticəsində qazanmış olduğu mənəvi yüksəkliyini və dirçəlişini nümayiş etdirərək bu xoşagəlməz hadisəni böyük narahatçılıqla qarşıladı. Artıq 1988-ci ildən etibarən mitinq və nümayişlərdə insanların əlində Heydər Əliyevin portretləri görünməyə başlandı. Bu, təbii hal idi və heç bir qüvvə Heydər Əliyevin şöhrət və məhəbbətini xalqın ürəyindən silib ata bilməzdi. 1988-ci ildə Heydər Əliyevin yenidən respublikaya qayıtması və xalqı üzləşdiyi problemlərdən qurtarması tələbi ilə respublikanın əksər bölgələrində mitinqlər keçirilməyə başlandı (Qafarov T. Azərbaycan tarixi XX əsrin 80-90-cı illəri. Bakı,1997, s.9). 1987-ci ildən Azərbaycan xalqının başına gətirilən faciələrə qarşı öz alovlu vətəndaşlıq yanğısını daxilində gəzdirən Heydər Əliyev 20 Yanvar faciəsindən dərhal sonra, yəni yanvarın 21-də оna qarşı gözlənilən bütün təzyiqlərə və təqiblərə məhəl qoymayaraq böyük bir mənəvi cəsarət və hünərlə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib burada keçirilən yığıncaqda çıxış edərək bu ağır günlərdə öz xalqı ilə olduğunu bildirdi. O, öz çıxışında bütün dünya ictimaiyyəti qarşısında 20 Yanvar faciəsinə siyasi qiymət verdi, Moskvanın demokratik prinsipləri kobudcasına pozduğunu, respublika rəhbərliyinin faciədə bilavasitə günahkar olduğunu bəyan etdi. Heydər Əliyevin tarixi əhəmiyyət kəsb edən bu çıxışı mənəvi cəhətdən sarsılmaqda olan xalq hərəkatına yeni, daha güclü bir mənəvi ruh bəxş etdi.

Tədqiqat işinin III fəsli “Heydər Əliyev tərəfindən Müstəqil Azərbaycan Respublikasında milli mənəvi dəyərlərin inkişaf etdirilməsi” adlanır ki, bu fəsildə 1991-1993-cü illərdə Azərbaycan Respublikasına rəhbərlik edən səriştəsiz və mənəviyyatsız adamların yaratdığı ictimai-siyasi böhran şəraitində ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi və Azərbaycan xalqının ona inamının daha da artması, 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin milli mənəvi dəyərlərin qorunması, inkişafı istiqamətində mövcud olan misilsiz fəaliyyəti tədqiq edilmişdir. Bu fəsil də iki paraqrafdan ibarətdir. Birinci paraqraf “Azərbaycan Respublikasında ictimai-siyasi böhran şəraitində milli mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin rolu” adlanır. Heydər Əliyevin 70-ci illərdən pillə-pillə apardığı milli siyasətin nəticəsində xalq özünün ən böyük tarixi nailiyyəti olan dövlət müstəqilliyini əldə edə bildi. Lakin Azərbaycan Respublikasının üzləşdiyi ən böyük problem respublikaya rəhbərlik edən səriştəsiz və mənəviyyatsız adamların yaratdığı siyasi-qeyri sabitlik, heç şübhəsiz ki, milli mənəvi dəyərlərin inkişafı prossesində öz mənfi təsirini göstərdi. Belə ki, Dağlıq Qarabağda baş verən xoşagəlməz hadisələrə və erməni təcavüzünün genişlənməsinə qarşı qəti tədbirlər görməkdə acizlik göstərən və əksər hallarda bilərəkdən vəziyyəti daha da ağırlaşdıran iqtidar və müxalifət, bütün sahələrdə olduğu kimi , milli mənəvi sahədə də donuq bir vəziyyət yaratmışdı. Ölkədə bütün mədəni sahələrdə xaotik vəziyyət hökm sürməkdə , yaranmış bu xoşagəlməz şəraitdən isə daxili düşmənlərlə yanaşı, xarici düşmənlər də istifadə etməkdə idilər. Yüzlərlə azərbaycanlı xaricdə qeyri-rəsmi şəkildə dini təhsil almağa göndərilmişdi. Müharibə şəraitində yaşayan Azərbaycan xalqına ermənilərə güllə atmamaq tapşırılmışdır. Xristian erməni qardaşlarla birlik yaratmaq, öz doğma milli mənəvi dəyərlərinin əleyhinə çıxmaq və onu təhqir etmək kimi mənfi ideyalar xalq arasında geniş yayılırdı. Xalq mənəviyyatının külli miqdarda rüşvət alınaraq respublikada fəaliyyətinə icazə verilmiş ermənilərin ən yaxın dostu Baronessa Kokun rəhbərlik etdiyi “Xristian Həmrəyliyi” təşkilatı müstəsna rol oynamışdı.

AXC iqtidarı dövründə qısa müddət ərzində təhsil haqqında qanun qəbul olunsa da, yeni proqramlar və dərsliklər, xüsusilə orta məktəblər üçün Azərbaycan tarixi, ədəbiyyat, coğrafiya, Azərbaycan dili və başqa orijinal dərsliklər hazırlansa da , ali məktəblərə qəbul mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılsa da, ümimilikdə təhsil sistemi tənəzzül etməkdə idi. Şagirdlərin sayı iki dəfə azalaraq 30 minə, texniki peşə məktəblərində 43 minə, peşə ixtisaslarına və yeni ixtisaslara yiyələnmə sistemində məşğul olanların sayı isə dörd dəfə azalaraq 81 min nəfərə enmişdi.

Elm sahəsində də böhran vəziyyəti hökm sürməkdə idi. AXC liderləri Azərbaycan xalqının milli mənəvi sərvəti olan Azərbaycan Elmlər Akademiyasını tamamilə ləğv etmək təklifini irəli sürmüşdülər. Xalqın Heydər Əliyevə olan məhəbbətini boğmaq üçün AXC-Müsavat hakimiyyəti dəfələrlə Azərbaycanın ən böyük alimlərini maddi və mənəvi təzyiq və təqiblərə məruz qoymuşdu. Müharibə nəticəsində erməni vandalları tərəfindən 4 teatr, 982 kitabxana, 1831 kino-qurğu, 10 park, 1970-ci illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində yaradılmış və Azərbaycan xalqının milli mənəvi dəyərlərinin qədimliyini və zənginliyini özündə nümayiş etdirən 100 mindən artıq eksponatla bəzədilmiş 13 muzey, 862 klub,13 qala bürcü, 31 məscid, 2 mağara-ibadətgah, 44 məbəd, 22 kurqantəpə,Məhəmməd Füzulinin, Üzeyir Hacıbəyovun , Bülbülün, Natəvanın heykəlləri dağıdılmış, təhqir və qarət edilmişdir. İşğal olunmayan ərazilərdə yerləşən muzeylərdən isə qiymətsiz sənət əsərləri, antik əşyalar, xüsusilə xalçalar ayrı-ayrı vəzifəli şəxslər tərəfindən oğurlanıb xaricə satılmışdır (htp//www/azertag/com; Полонский А. Ислам в контексте общественной жизни современного Азербайджана ,с.21).

İctimai və siyasi qeyri-sabitlik şəraitində yaşayan Azərbaycan Respublikasının bütün vətəndaşları düşdükləri bu çətin vəziyyətdən qurtuluş yolunu yalnız Heydər Əliyevdə görürlər. Həmişə olduğu kimi, yenə də Azərbaycan xalqının sönməkdə olan mənəviyyat ocağını Heydər Əliyev alovlandırmış oldu. Naxçıvanda blokada şəraitində fəaliyyət göstərməsinə baxmayaraq Heydər Əliyevin təklifi ilə Naxçıvan MR Ali Məclisi 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü olması haqqında qərar qəbul etdi və həmin tarixi günün Azərbaycan Respublikasında rəsmi şəkildə qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetinə təklif verdi (Qafarov T. Azərbaycan tarixi:XX əsrin 80-90-cı illəri. s 114).

Səriştəsiz və korazehin respublika rəhbərlərinin qətiyyətsiz idarəçilik metodlarının nəticəsində 1993-cü il iyun ayının 4-də əksəriyyət cinayətkar ünsürlərdən ibarət olan 709 saylı hərbi hissənin komandiri polkovnik Hüseynov qiyam edərək vətəndaş qarşıdurması yaratdı (Hüseynova İ. Dövlətçilik naminə. I hissə. Bakı, 2001. s.150). Dünya səviyyəli siyasətçi Heydər Əliyev şübhəsiz ki, kənarda qalıb baş verən xoşagəlməz hadisələrə münasibətdə seyirçi mövqeyi tuta bilməzdi.

O, mənəviyyatı təhqir olunmuş xalqın təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi (htp//aliyevheritage.org). Heydər Əliyevin bu gəlişini bütün Azərbaycan xalqı mənəvi ruh yüksəkliyi və sevinclə qarçıladı. Öz növbəsində Heydər Əliyev Azərbaycan xalqını vətəndaş qarşıdurmasından qurtarmaq üçün böyük bir mənəvi cəsarətlə Gəncədə qiyama qalxmış cinayətkar ünsürlərlə danışmağa getdi və hərbi müxalifəti neytrallaşdırdı. Məhz bu səbəbə görə də xalq Heydər Əliyevin Azərbaycan Respublikasına qayıtdığı günü mənəvi anlayış olan Milli Qurtuluş günü adlandırdı.

İkinci paraqraf Heydər Əliyev tərəfindən müstəqil Azərbaycan Respublikasında milli nənəvi dəyərlərin inkişafının istiqamətlərindən bəhs edir. Parqrafda elm sahəsi, dini dəyərlərə münasibət və ədəbiyyat, incəsənətin inkişafı sahələri təhlil olunur. Azərbaycan elminin inkişafı milli mənəvi dəyərlərin ümumbəşəri dəyərlərə inteqrasiya olunmasının ən mühüm və real istiqamətlərindən biridir. Heydər Əliyev azərbaycan elminin, təhsilinin inkişafına, çiçəklənməsinə, bu mənəvi irsin qorunub saxlanılmasına və gənc nəslin milli mənəvi ideyalarla tərbiyə olunmasına daim böyük diqqət və qayğı ilə yanaşmışdır.

1969-cu ildə olduğu kimi yenə də elm, təhsil sahəsində yaranmış xoşagəlməz vəziyyətdə xilaskar missiyasını Heydər Əliyev oynamış oldu. Ölkədə siyasi hakimiyyətə ikinci dəfə gələn Heydər Əliyev sözün həqiqi mənasında bütün sahələrdə olduğu kimi elm və təhsil sahəsinə də həyat verdi. O, deyirdi: “Elm və təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək elmə, biliyə, savada, ixtisasa malik insanlar var və onlar cəmiyyətimizin çox böyük hissəsini təşkil edirlər. Əgər bu insanlar olmasaydı, bu gün Azərbaycanın iqtisadiyyatını, mədəniyyətini, sosial rifahını belə güclü inkişaf etdirmək olmazdı. Əgər bu insanlar olmasaydı, bu gün Azərbaycanda elm, təhsil bu potensiala malik olmazdı. Əgər bu insanlar olmasaydı, biz Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməz və dünya miqiyasında tanıda bilməzdik. Onları qiymətləndirməli və on illərlə əldə etdiyimiz nailiyyətləri unutmamalıyıq” (Əliyev H. Ə. Müstəqilliyimiz əbədidir.s.54).

1997-ci il yanvarın 31-də Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi, müxbir üzvləri, institut rektorları və aparıcı alimlər ilə görüşü elm və təhsil sahəsinin inkişafında çox mühüm rol oynamışdı. Akademiyada yaranan böhranlı vəziyyət Heydər Əliyevi çox narahat edirdi.

Heydər Əliyevin diqqətini çəkən bir problem də elmi işçilərin əmək haqqının və Akademiyada ayrılan vəsaitin azlığı idi. Buna görə də 1997-ci ildə Akademiya üçün dövlət büdcəsindən ayrılan vəsait təxminən 50 faiz artırılmış oldu (Hüseynova İ. Müstəqil Azərbaycan dövlətinin qurucusu.s.383). Azərbaycan elmlər Akademiyasında Bakı qovşağı adlı beynəlxalq kompyüter mərkəzi yaradıldı və bununla da Azərbaycan alimləri Transavropa tədqiqat və yaradıcılıq şəbəkəsi ilə əlaqə yarada bildi (htp//encycl.accoona.ru). 1996-cı ildə Bakıda amerikalı messenat Corc Sorosun yaratdığı “Soros” fondunun informasiya mərkəzi fəaliyyətə başladı. “Soros” fondu Elmlər Akademiyasının dünyada ən nəhəng informasiya-texniki sistemi olan intenet ilə əlaqə yaratmasına köməklik göstərdi. Ümumilikdə “Soros” fondu Elmlər Akademiyasının inkişafı üçün 93 qrant ayırmışdı (Qafarov T. Azərbaycan tarixi:XX əsrin 80-90-cı illəri,s.123). 2001-ci ilin mayın 15-də Heydər Əliyevin fərmanı ilə Elmlər Akademiyası yeni məzmun daşımaqla Azərbaycan Milli Elmlər Akademiyası adlandırıldı. 2001-ci ilin iyun ayında Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin seçkiləri keçirildi. Bu hadisə akademiyanın tarixində xüsusi yer tutmuş oldu. Azərbaycan elminə töfhələr verən, bilik və dünyagörüşü ilə fərqlənən alimlər Akademiyanın tərkibinə seçildilər. Heydər Əliyev seçki ərəfəsində Akademiya üzvlərinin ümumi sayının 200 nəfərə qədər müəyyən edilməsi haqqında xüsusi sərəncam imzaladı (Hüseynova İ. Müstəqil Azərbaycan dövlətinin qurucusu. s.383).

Azərbaycan Respublikasında təhsil sahəsində islahat proqramına uyğun olaraq Heydər Əliyev tərəfindən imzalanmış 13 iyun 2000-ci il tarixli “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” sərəncamla ali təhsil müəssisələrinin strukturlarında əsaslı dəyişikliklər həyata keçirildi. Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə 1994-cü ilin dekabrında Bakı Dövlət Universitetinin 75 illik, 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin 30 illik, 22 dekabr 1999-cu ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin 80 illik, 2000-ci ilin dekabrında Azərbaycan Dövlət Neft Akademiyasının 80 illik, 13 iyun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyləri təntənəli şəkildə qeyd edilmiş və bu ali tədris müəssisələrində çalışan bir sıra alimlər orden və medallarla təltif edilmişlər. Bundan başqa, öz qayğısını orta ixtisas təhsili məktəblərindən əsirgəməyən Heydər Əliyev 1999-cu ilin oktyabr ayında Tovuz şəhər Puşkin adına orta məktəbin 100 illik, 2002-ci ilin sentyabr ayında Ağdaş şəhər 3 saylı orta məktəbin 120 illik və başqa bu kimi bir sıra təhsil ocaqlarının yubileylərinin keçirilməsi barədə göstərişlər vermişdi (Встречи, проводенные в детских домах и школах-интернатах. Баку//http/www.heydaraliyev-foundation.org).

İslam dəyərlərinin qorunub saxlanması, dini bayraq altında xalqın və dövlətin əleyhinə fəaliyyət göstərən qüvvələrə qarşı ruhanilərin mübarizə aparması üçün 1997-ci ildə Qafqaz Müsəlmanları İdarəsində tanınmış elm və din xadimlərinin “Elmi-dini Məsləhət Şurası” yaradılmışdır (Əliyev R. Dövlət və din. s. 9) .

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin milli mənəvi dəyərlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində imzaladığı mühüm sənədlərdən biri də 21 iyun 2001-ci il tarixli 512 saylı fərmanı olmuşdur. Bu fərmanın məğzini Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin yaradılması haqqında problemlərin həlli təşkil edir.Bu fərmanda Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin prinsip və müddəaları rəhbər götürülmüşdür (Əliyev R.Heydər Əliyev və dini-mənəvi dəyərlər//Dini qurumlarla iş üzrə dövlət komitəsinin bülleteni.№1,2003).

Heydər Əliyevin milli mənəvi dəyərlərə, o cümlədən onun bir hissəsi olan milli ədəbiyyat və incəsənətə olan diqqət və qayğısı bu sahələrin düşünüldüyündən də tez bir müddətdə dirçəlişinə səbəb oldu. Belə ki, onun göstərişi ilə ədəbiyyat və incəsənətimizin qorunması və inkişafı naminə Azərbaycanın istər klassik, istərsə də müasir görkəmli ədiblərinin, bəstəkarlarının, rəssam və heykəltəraşlarının təntənəli surətdə yubileyləri keçirilir və sənətləri yüksək qiymətləndirilirdi. Misal olaraq 1994-cü il martın 17-də Füzulinin 500 illik, “Kitabi Dədə Qorqud” dastanının 1300 illik, Cəlil Məmmədquluzadənin 125 illik, 1996-cı il avqustun 30-da Əliağa Vahidin anadan olmasının 100 illik, 1997-ci ilin martın 7-də Səməd Vurğunun anadan olmasının 90 illiyi münasibəti ilə yubileylərin dövlət səviyyəsində qeyd olunmasını (Heydər Əliyev mədəni irsimizin keşiyində. Bakı,2001) göstərmək olar. Beləliklə, paraqrafda Heydər Əliyevin musiqi, teatr, xoreoqrafiya, rəssamlıq, heykəltəraşlıq sahələrinin inkişafı istiqamətində gördüyü işlər, imzaladığı fərmanların tarixi əhəmiyyəti, ədəbiyyat və incəsənət xadimlərinin daimi dövlət qayğısı ilə əhatə olunması konkret əsaslarla tədqiq edilmişdir.

Heydər Əliyevin milli mənəvi dəyərlərin qorunması və inkişafı üçün müəyyənləşdirdiyi uğurlu siyasi kursun layiqli varisi peşəkar siyasətçi, prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilməsi Azərbaycan xalqının arzu və iradəsini əks etdirir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev keçirdiyi görüşlərdə və çıxışlarda dəfələrlə bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalacaq, milli mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsində səylərini əsirgəməyəcəkdir.

Nəticə hissəsində disertasiyada aparılan araşdırmalar, əldə edilmiş nəticələr ümumiləşdirilir.

Dissertasiyanın əsas məzmunu müəllifin nəşr olunmuş aşağıdakı əsərlərində öz əksini tapmışdır:

  1. Xalqın inam-inanc mənziləsi//Gəncə Dövlət Universitetinin elmi əsərlər məcmuəsi. Bakı. 2002, №3, s.88-89.
  2. 2. Гейдар Алиев и реформы в алфавите //Fezana. Publication of federation of zoroastrian associations of North America. Vol 17, №2, Summer, 2004, p.28-30
  3. Heydər Əliyevin teatr və xoreoqrafiya sahəsində olan qayğısı //Azərbaycan Dövlət Pedoqoji Universitetinin xəbərləri. Bakı, 2006, №4, s. 112-115
  4. Azərbaycan Respublikasında ictimai-siyasi böhran şəraitində milli-mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin rolu //Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəzin Xəbərlər Məcmuəsi. Gəncə, 2006, №25, s.144-149
  5. İdeoloji inhisarçılıq şəraitində Heydər Əliyev tərəfindən dini dəyərlərin dirçəldilməsinin xüsusiyyətləri //Azərbaycan Dillər Universitetinin Elmi Xəbərləri. Bakı, 2006, №6, s. 278-282

http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/tar/tar_n_psp_30_04_08.pdf