Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin böyük dirijor və bəstəkar Niyazinin ev - muzeyinin təntənəli açılışında çıxışı - 18 sentyabr 1994-cü il


Hörmətli dostlar. Bu gün respublikamızın həyatında əlamətdar gündür. Azərbaycan xalqının professional musiqisinin banisi, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun anadan olduğu gün, onun xatirəsi yad edilən gündür. Bu gün Üzeyir bəyin silahdaşı, professional musiqimizin yaranmasında və inkişaf etməsində ömrü boyu onunla birlikdə əvəzsiz xidmətlər göstərmiş böyük bəstəkar Müslüm Maqamayevin də anadan olduğu və xatirəsinin yad edildiyi gündür.

On illərdir ki, sentyabrın 18-i Azərbaycanda musiqi bayramı, Üzeyir Hacıbəyovun və Müslüm Maqamayevin xatirə günü elan olunubdur. Həm də çox sevindirici haldır ki, həyatımızın bu keşmə-keşlərində, çətinliyinə, ağırlığına baxmayaraq, mədəniyyətimiz yaşayır, mədəni irsimizə hörmət və ehtiram yaşayır, bu gün cari ildə də təntənə ilə qeyd edilir.

Əsla təsadüfi deyildir ki, məhz bu gün - Azərbaycanın təqviminə həkk olunmuş musiqi bayramı günü böyük bəstəkar, dahi dirijor, Azərbaycan xalqının böyük mədəniyyət xadimi, respublikamızın görkəmli ictimai xadimi Niyazinin ev-muzeyi açılır. Çox məmnunam ki, bu muzeyin açılışında mən də iştirak edirəm, ev-muzeyinin açılışı üçün qırmızı lenti kəsmək kimi şərəfli bir vəzifə mənə nəsib olmuşdur. Mən bu gün muzeyin eksponatları ilə tanış olarkən böyük sənət ustadımız Niyazinin həyat yolunu xatırladım və onun Azərbaycan xalqı üçün necə böyük xidmətlər göstərdiyini bir daha yəqin etdim.

Niyazi respublikamızda da, keçmiş Sovet İttifaqında da, dünyanın ən böyük ölkələrində də tanınan, sayılan, hörmət qazanmış bir sənət ustasıdır. Niyazinin ən böyük xidməti bundan ibarətdir ki, o, həm bəstəkar kimi milli musiqimizi zənginləşdirmiş, Azərbaycanın mədəniyyətinə, milli musiqimizə böyük töhfələr vermiş və eyni zamanda, Üzeyir Hacıbəyovdan başlayaraq gənc bəstəkarlaradək Azərbaycanın ən görkəmli bəstəkarlarının yaratdıqları əsərlərin meydana cıxması, xalqa çatdırılması, səhnələrdə tamaşaya qoyulması üçün misilsiz işlər görmüşdür.

Mən Niyazi ilə üzün illər ərzində tanış idim, onunla lap gənc vaxtlarımızdan dostluq etmişəm. Sonra isə, yəni 25 il oncə Azərbaycana rəhbərliyə başlayarkən və bütün sonrakı dövrdə Niyazini həmişə qiymətləndirmişəm, onunla sıx təmasda olmuşam. Sənətinə pərəstiş etmişəm. Onun yaradıcılıq fəaliyyətinin coşqun və dolğun inkişaf etməsi üçün, milli mədəniyyətimizə, musiqimizə təsir göstərməsi üçün əlimdən gələni əsirgəməmişəm. Bunu ictimaiyyət də bilir, rəhmətlik Niyazi də yaxşı blirdi.

Bu, indi burada olan və on illər boyu Hiyazi ilə birlikdə Azərbaycan musiqisinin inkişafı üçün faaliyyət göstərmiş, çalışmış görkəmli bəstəkarlarımıza, dirijorlarımıza, musiqiçilərimizə də bəllidir. Niyazi çox qəribə bir insan idi. O, həm fitri istedadına görə, həm musiqi sənətində xüsusi üslubuna görə, həm də bənzərsiz yaradıcılıq yoluna görə bütün başqa bəstəkarlardan, dirijorlardan seçilirdi. Başqa sözlə desək, onun özünəməxsus dəst-xətti vardı. Bu da onu nəinki fərqləndirirdi, həm də qeyri-adiliyini göstərirdi. Bu qeyri-adilik onun yalnız və yalnız böyük bəstəkar, böyük dirijor, böyük musiqiçi olduğuna dəlalət edirdi.

Azarbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır. Düzdür, indi Niyazinin ailəsindən həyatda heç kəs yoxdur. Lakin Niyazi elə bir insan idi, adamlarla elə mehriban və səmimi əlaqədə idi ki, bəlkə də hamı onu öz doğması, qohumu bilirdi. O, Azərbaycanın bütün sakinlərini öz ailəsinin üzvləri sanırdı. Ona görə də biz gərək qətiyyən heyfsilənməyək ki, indi Niyazinin bir kəsi qalmayıb. Yox, belə deyildir. Qədirbilən xalqımız, xüsusən Niyazi ilə sıx təmasda olmuş, onunla bərəbər fəaliyyət göstərmiş adamlar onun doğmaları, qohum-əqrəbasıdır.

Odur ki, gələcək nəsillər də Niyazini heç vaxt unutmayacaqlar. Mən bu gün bu evə gələrkən binanın qarşısında uşaqları gördüm. Onlar milli geyimdə və xoş əhval-ruhiyyədə idilər. Azərbaycanın gələcəyi olan bu uşaqlar Niyazini görməsələr də onun musiqisinin pərəstişkarlarıdır. Buna görə də onlar Niyazini qəlblərində daim yaşadacaqlar. Dediyim knmi, Niyazi ilə şəxsən tanış idim, şəxsi əlaqəm vardı, onunla dostluq edirdim. O, həyatda da qeyri-adi bir insan idi. Onun həyat yoldaşı Həcər xanımın da Niyazinin həm bir bəstəkar kimi, həm də bir insan kimi inkişaf etməsində çox böyük xidmətləri olmuşdur. Mən bəzən zarafatla deyirdim ki, Həcər xanım olmasaydı, Niyazi də olmazdi. Bu zarafatı Niyazi də çox məmnunluqla qəbul edirdi. Doğrudan da, Niyazinin yaradıcılığında, həyatında, böyük əsərlər bəstələməsində, xalqa dəyərli xidmətlər göstərməsində rəhmətlik Həcər xanımın əvəzsiz rolu olmuşdur. Ona görə də mən burada Həcər xanımın da xidmətlərini qeyd edirəm, onun da xatirəsi qarşısında baş əyirəm.

Niyazi böyük işlər görmüş, böyük xidmətlər göstərmiş və onun xidmətləri yüksək qiymətləndirilmişdir. Niyazi Azərbaycanda ilk ən böyük dirijor idi. Özü də bir dirijor kimi tək Azərbaycanda yox, keçmiş Sovet İttifaqında, habelə bir çox ölkələrdə, dünyanın hətta ən böyük dövlətlərində - İngiltərədə də, Fransada da, Amerikada da, Türkiyədə də olduqca müvəffəqiyyətli çıxışlar etmişdir. Yadımdadır, Niyazi Leninqrad Opera və Balet Teatrının baş dirijoru olan dövrdə teatrın truppası İngiltərəyə qastrola getmişdi. Diqqətəlayiq hal idi ki, Rusiyanın bu görkəmli sənət ocağının İngiltərəyə birinci qastrol səfərində onun orkestrində Niyazi, özü də çox yüksək səviyyədə, çox məharətlə dirijorluq edirdi. O vaxtlar mən bunu izləyir və çox fəxr edirdim ki, bizim azərbaycanlı belə yüksək professionallıq səviyyəsinə çatmışdır.

Bildiyiniz kimi, professional musiqi Avropaya məxsusdur. Bizim başa düşdüyümüz mənada professional musiqi Avropada meydana gəlmişdir. Lakin azərbaycanlı, Azərbaycan dirijoru və bəstəkarı Niyazi Avropanın mərkəzində dünya şöhrətli professional musiqiçilər qarşısında heyrətamiz səviyyədə dirijorluq etdi. Onun belə məşhur orkestri məharətlə idarə etməsi xalqımız üçün böyük fəxrdir.

Türkiyədə opera əsərlərinin, o cümlədən də Avropa, Rusiya bəstəkarlarının klassik əsərlərinin səhnə təcəssümünün əsasını Niyazi qoymuşdur. O, Türkiyədə dəfələrlə olmuşdur. O vaxtlar, yəni Türkiyə ilə heç bir əlaqəmiz olmadığı dövrdə bunları Niyazi etmişdir. Böyük türk bəstəkarı Adnan Sayqunun "Koroğlu" operasını da məhz Niyazi səhnəyə qoymuşdur. Niyazi bu işin də öhdəsindən çox məharətlə gəlmişdir.

Əlbəttə, bu gün mən Niyazinin həyat və yaradıcılığı haqqında məruzə etmək fikrində deyiləm. Bunu musiqişünaslarımız edəcək və etməlidirlər. Mən əsla şübhə etmirəm ki, Niyazinin yaradıcılığı, Azərbaycan musiqisinin inkişafında xidmətləri haqqında, onun yaradıcığının bənzərsizliyi haqqında məqalalər, kitablar yazılacaqdır.

Burada bəzi anlar yadıma gəlır. İndi mən bu ev-muzeyində onları açıb söyləmək istəyirəm, qoy hamı bilsin. Məlumdur ki, keçmiş Sovet İttifaqında professional musiqi çox inkişaf etmişdi. Ancaq bizdə olan professional musiqinin inkişaf səviyyəsini bir çox müttəfiq respublikalarla muqayisə etdikdə böyük fərqlər olduğunu daim görürdük və bununla haqlı olaraq fəxr edirlik. Bu, şübhəsiz, Üzeyir Hacıbəyovdan başlamış böyük bəstəkarlarımızın xidmətlər, eyni zamanda böyük dirijorlarımız olmuş və sənətin ən yüksək zirvəsində duran Niyazinin xidmətidir.

Bildiyiniz kimi, o vaxtlar biz Sovet İttifaqında yaşayırdıq. Buna görə də tariximizi heç vaxt nə unutmalı, nə də ona qara yaxmalıyıq. Nə gizlədəsən, bəzən belə hallar olur. Görürsünüz ki, Niyazinin bütün həyatı, bütün yaradıcılığı Sovet İttifaqında olmuşdur. İndi biz bunu danmalı, buna qaramı yaxmalıyıq? Yoxsa, biz bunu pozmalıyıqmı, dağıtmalıyıqmı? Yox, əsla, yox! Bu musiqimzin inkşaf, hətta inqilab dövrüdür. Biz bunu etiraf etməliyik. Bunu heç kəs, heç vaxt dağıda, poza bilməz. O vaxtlar Niyazinin ən yüksək mükafatlar, dövlət mükafatarı alması, orden va medallarla təltif edilməsi, şübhəsiz onun yaradıcılığına verilmiş qiymətdir. Əgər hər hansı bir ölkədə Niyaziyə xalat bağışlayıblarsa, biz onu bu gün burada bir eksponat kimi qiymətləndiririk. Başqa bir ölkədə ona dəyərli töhfə verilərsə, o da burada bir eksponat kimi öz yerini tutmuşdur.

Lakin Niyazinin yaşadığı dövr, yaşadığı ölkə və onun dövləti Niyazini yüksək qiymətləndirmişdir. Biz bunu hər şeydən əziz tutmalıyıq. Niyazinin öz yaradıcılğına görə, xidmətlərinə görə aldığı mükafatlar yüksək mükafatlar olmuşdur. Yadımdadır, Niyazinin Sosialist Əməyi Qəhrəmanı adı alması üçün təşəbbüs göstərdim. Bilirsiniz ki, o vaxtlar bizim bir neçə yazıcımız, şairimiz və bəstəkarlarımızdan mərhum Qara Qarayev, Fikrət Əmirov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdülər. Niyazinin də by adı almasına çalışdım. Qəribə bir hal meydana çıxdı. Məlum olduğu kimi, o vaxtlar Sosialist Əməyi Qəhrəmanı adı ən yüksək ad idi, by ada layiq görülənlər ən xoşbəxt adamlar idi.

Mən bu təklifi irəli surəndə Moskvada araşdırdılar ki, bəstəkarlardan, yazıçılardan, şairlərdən, alimlərdən Sosialist Əməyi Qəhrəmanı var, ancaq dirijorlardan yoxdur. Mənə dedilər ki, bəs necə ola bilər ki, Rusiyanın, Ukraynanın və başqa böyük millətlərin, yaxud respublikaların dirijorlarından, Moskvanın məşhur simfonik orkestrlərinə və ya Böyük Teatrın orkestrinə rəhbərlik edən dirijorlardan heç biri Sosialist Əməyi Qəhrəmanı adı almayıb, amma siz təklif və xahiş edirsiniz ki, Niyaziyə belə ad verilsin. O vaxtlar mən bu söhbətləri Sovet İttifaqının ən yüksək səviyyələrində aparırdım.

Onlarla danışarkən və öz təklifimi əsaslandırarkən deyirdim ki, əgər həmin dirijorlar Sosialist Əməyi Qəhrəmanı adına layiqdirlərsə və siz indiyədək bu adı onlara verməmisinizsə, bu, bəlkə də sizin səhvinizdir və öz işinizdir. Amma mən hesab edirəm, Azərbaycan Respublikası adından bildirirəm ki, Niyazi bu ada layiqlir və bəlkə də təsadüfi deyil ki, bu adama layiq olan ad indiyədək ona təqdim edilməmişdir. Axı Niyazi layiqlilərdən ən layiqlisidir. Şübhəsiz ki, mənim bu sözlərimin qarşısında durmaq çətin idi.

Odur ki, təklifim qəbul edildi və Niyazi keçmiş Sovet İttifaqının dirijorları arasında birinci olaraq Sosialist Əməyi Qəhrəmanı adını aldı. Niyazi dirijor olmaqla yanaşı, həm də böyük bəstəkar idi, bəstəkar kimi fəaliyyəti də diqqətəlayiq idi. Lakin onun yaradıcılığında dirijorluq əsas sahə idi və Niyazini də bu gün dünyada tanıtdıran onun məhz dirijoruluq sənəti olmuşdur. Böyük dirijor olan Niyazi Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldu. Mən də çox sevindim, çox məmnun oldum ki, Azərbaycan xalqının dəyərli oğlu, layiqli nümayəndəsi, Azərbaycan mədəniyyətinin ulduzlarından biri olan Niyazinin o dövrdə ölkənin, dövlətin ən yüksək adını almasını təmin edə bildim. Buna Niyazi də çox sevinirdi. Xatirimdədir, o bunu necə intizarla, həyəcanla gözləyirdi və qərar qəbul edildikdən sonra necə sevinirdi.

Niyazi bunların hamısına, bütün mükafatlara həqiqətən layiqdir, xalqının böyük ehtiram və məhəbbətinə də layiqdir. O, xalq üçün böyük işlər görmüş, həyatını xalqımızın mədəniyyətinin inkişafına həsr etmişdir. Xalq da onu daim qiymətləndirir və bundan sonra da qiymətləndirəcəkdir.

Qeyd edildiyi kimi, Azərbaycanda mədəniyyət və elm xadimlərimizə həsr olunmuş ev-muzeylərinin yaradılamasına 70-ci illərdə başlanmışdır. Bu da həqiqətdir. Yadımdadır, böyük bəstəkarımız, gözəl insan, Azərbaycan xalqının fəxri və tacı olan Üzeyir Hacıbəyov 1949-cu ildə vəfat etmişdir. Fikir verin, 49-cu ildə. Amma onun həyat yolunu və yaradıcılığını əks etdirən, şəxsən ona məxsus olan muzey 74-cü ilədək yaradılmamışdı. Halbuki Üzeyir bəyin yaşadığı ilk ev də, "monolit" adlandırılan binada yaşadığı mənzil də məlum idi, onun xidmətləri də məlum idi. Bu muzeyin yaradılmasına təşəbbüs göstərdiyim üçün özümu xoşbəxt hesab edirəm. Bununla da biz Azərbaycan xalqının həyatında gözəl bir ənənənin bünövrəsini qoyduq.

Ondan sonra bir necə ev-muzeyi yaradıldı. Böyük şairimiz Səməd Vurğunun, görkəmli dramaturqumuz, yazıçımız və şairimiz Cəfər Cabbarlının, böyük sənətkarımız, müğənnimiz, Azərbaycan operasının yaranmasında və inkişafında əvəzsiz xidmətləri olan Bulbulun ev-muzeyləri acıldı. Nəhayət, biz Cəlil Məmməlquluzadənin ev-muzeyinin yaradılması haqqında qərar qəbul etmişik. İndi deyirlər ki, orada iş gedir. Amma yadımdadır ki, biz 1980-ci ildə qərar qəbul etmişdik. İndi siz buraya toplaşmısınız, hərçənd bu gün iş günü deyil, lakin mən işləyirəm. Açıq deyim. Cəlil Məmmədquluzadənin ev-muzeyinin yaradılması üçün mən orada yaşayan ailələri çətinliklə köçürtdüm, onların hamısına yeni, daha yaxşı mənzil verilməsi haqqında qərar qəbul etdim. Budur, aradan 14 il keçmişdir, amma ev-muzeyi bu vaxtadək yaradılmamışdır.

Mən bunu kiməsə, irad tutmaq üçün demirəm. Demək istəyirəm ki, biz nə qədər çətinlik içərisində yaşasaq da, mədəniyyətimiz gərək həmişə yüksək səviyyədə olsun. Öz mədəni irsini qoruyub saxlaya bilməyən xalq nəyə qadir olduğunu heç vaxt sübut edə bilməz. O muzeylər yaradıldı, mən əminəm ki, Cəlil Məmmədquluzadənin də, Qara Qarayevin də, Fikrət Əmirovun da, başqa mədəniyyət xadimlərimizin də ev-muzeyləri yaradılacaqdır. Çox sevindirici haldır ki, bu gün Niyazinin ev-muzeyi artıq yaradılmışdır.

Sizli-bizli hamımız buraya toplaşmışıq və onu təntənəli surətdə açmışıq. Mən əminəm ki, bu muzeyə insan axını həmişə olacaq, təkcə bizim Azərbaycan vətəndaşları deyil, həm də ölkəmizə - müstəqil Azərbaycana gələn qonaqlar buranı daim ziyarət edəcək və ev-muzeyindəki eksponatlar vasitəsilə Niyazinin həyat yolu, yaradcılığı, xidmtləri ilə tanış olacaq və Azərbaycan xalqının mədəniyyətinin nə qədər yüksək səviyyədə və nə qədər qüdrətli olduğunu bir daha yəqin edəcəklər. Azərbaycan xalqına, müstəqil Azərbaycana hörmət və ehtiram həmişə artacaqdır.

Bu muzeyin mənası, əhəmiyyəti sadəcə olaraq Niyazinin həyat yolunu və yaradıclığını təbliğ etməkdən ibarət deyildir. Azərbaycan xalqının tarxini təbliğ əks etdirməkdən, mədəniyyətimizin səviyyəsini göstərməkdən ibarətdir. İnanıram ki, muzeyin əməkdaşları bu məqsədlər uğrunda çalışacaqlar və muzey bu vəzifəni yerinə yetirəcəkdir.

Mən sizi - Azərbaycan Respublikasının bütün mədəniyyət xadimlərini, Azarbaycan xalqını bu əlamətdar hadisə - yeni bir mədəniyyət ocağının açılması, Niyazinin ev-muzeyinin fəaliyyətə başlaması münasibətilə təbrik edirəm, muzeyə gələcək fəaliyyətində uğurlar diləynrəm. Azərbaycan Respublikası mədəniyyətinin daha da yüksəlməsi naminə mədəniyyət xadimlərimizə cansağlığı və uğurlar arzulayıram.

Ümumi tarixi arayış

Tarixi arayış

MƏDƏNİYYƏT