Azərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin Pakistan İslаm Rеspublikаsının Prеzidеnti Pərviz Müşərrəf ilə görüşü - İstаnbul, 14 оktyаbr 2002-ci il


İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf ilə görüşdü.

Dövlətimizin başçısını səmimiyyətlə, mehribanlıqla salamlayan, Prezident Heydər Əliyev ilə hər bir görüşünü yüksək dəyərləndirən Prezident Pərviz Müşərrəf respublikamızın rəhbəri ilə İstanbulda yenidən görüşməyindən çox məmnun qaldığını söylədi.

Prezident Heydər Əliyevin diqqəti və uzaqgörən, müdrik siyasəti sayəsində ölkələrimiz arasında yaranmış səmimi dostluq münasibətlərinin böyük əhəmiyyətə malik olduğunu nəzərə çatdıran cənab Pərviz Müşərrəf Pakistanın Azərbaycan ilə bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdirilməsinə maraq göstərdiyini bildirdi.

Azərbaycanın və Pakistanın nüfuzlu beynəlxalq təşkilatlardakı əməkdaşlığından da razılıqla söhbət açan cənab Pərviz Müşərrəf ölkəmizin üzləşdiyi çətin problemin - Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə aradan qaldırılmasının Pakistan tərəfindən həmişə dəstəkləndiyini vurğulayaraq dedi ki, biz Ermənistanın Azərbaycana təcavüzünü pisləyirik, Pakistan bu təcavüz nəticəsində işğal edilmiş Azərbaycan ərazisinin dərhal azad olunmasını tələb edir.

Prezident Heydər Əliyev səmimi sözlərə, Azərbaycana göstərilən dostluq münasibətinə, İstanbul zirvə görüşündəki nitqində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi dəyərli fikirlərə, Azərbaycanın haqq işinin Pakistan tərəfindən həmişə dəstəkləndiyinə görə cənab Pərviz Müşərrəfə dərin təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı Heydər Əliyev ölkələrimizin beynəlxalq təşkilatlardakı əməkdaşlığının hər iki tərəf üçün çox faydalı olmasından razılıqla söhbət açdı.

İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbul Zirvə görüşünün üzv ölkələr arasında münasibətlərin daha da yaxşılaşmasına, iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə yeni təkan verəcəyini vurğulayan Prezident Heydər Əliyev Azərbaycanın Pakistanla əməkdaşlığın inkişaf etdirilməsinə də böyük əhəmiyyət verdiyini bildirdi.

Görüşdə prezidentlər Azərbaycan–Pakistan müştərək iqtisadi komissiyasının işinin son vaxtlar daha da canlanmasından məmnun qaldıqlarını bildirdilər, bütün istiqamətlərdə, xüsusən energetika, ticarət və digər sahələrdə ölkələrimizin əlaqələrinin genişləndirilməsi üçün potensial imkanlar olduğunu vurğuladılar.

Səmimilik və dostluq şəraitində keçən görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə müzakirələr aparıldı.

Görüşdə Prezident Pərviz Müşərrəf Azərbaycan prezidentini Pakistana, dövlətimizin başçısı Heydər Əliyev isə Pakistanın rəhbərini ölkəmizə rəsmi səfərə dəvət etdi. Hər iki dəvət məmnunluqla qəbul olundu. 

AzərTAc