Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına Yeni İl təbriki - 31 dekabr 2001-ci il


Əziz həmvətənlər!

Bacılar və qardaşlar!

Azərbaycan Respublikasının vətəndaşları!

Sizi Yeni il bayramı münasibətilə və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə ürəkdən təbrik edirəm, qarşıdan gələn 2002-ci ildə hamınıza səadət, cansağlığı və yeni-yeni uğurlar arzulayıram.

2001-ci il, XXI əsrin birinci ili - üçüncü minilliyin birinci ili bütün dünya üçün, o cümlədən Azərbaycan xalqı üçün çox xüsusi əhəmiyyət kəsb edən bir ildir. Bu il bizim üçün, ölkəmiz üçün Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümü olubdur. Biz müstəqilliyimizin onuncu ildönümünü təntənə ilə qeyd etdik, keçdiyimiz tarixi yola qiymət verdik, gördüyümüz işləri təhlil etdik və gələcək vəzifələrimiz haqqında fikirlərimizi bəyan etdik.

Böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, 2001-ci il Azərbaycan xalqı üçün çox uğurlu il olmuşdur. Bu ildə Azərbaycan öz dövlət müstəqilliyini daha da möhkəmləndirmiş, ölkəmizdəki ictimai-siyasi sabitlik davam etmiş, Azərbaycanda hüquqi, demokratik, dünyəvi quruculuq prosesi uğurla həyata keçirilmiş, ölkəmizin bütün sahələrində islahatlar, siyasi, iqtisadi, hüquqi, sosial islahatlar ardıcıl surətdə həyata keçirilib və keçirilməkdədir. Bunlar hamısı öz müsbət nəticələrini vermişdir.

2001-ci ildə Azərbaycanın ordusu güclənib və müdafiə qüdrəti artmışdır. Görülən bu işlər Azərbaycanda bütün sahələrdə inkişafın olmasını nümayiş etdirir. Bizim sosial, iqtisadi sahədə nailiyyətlərimiz böyükdür. Mən bunu bir neçə rəqəmlə ifadə etmək istəyirəm. Ümumi daxili məhsul 10 faiz artmışdır. Sənaye istehsalı 5 faiz, kənd təsərrüfatı istehsalı 11 faiz artmış, xarici ticarət dövriyyəsində 22 faiz artım gözlənilir. Bunların nəticəsində xalqın rifah halı yaxşılaşıbdır. Orta aylıq əmək haqqı 25 faiz artmışdır. İndi orta aylıq əmək haqqı 260 min manat təşkil edir. Bizim başqa göstəricilərimiz Azərbaycanda həm iqtisadiyyatın, həm də sosial sahənin inkişafını nümayiş etdirir.

Uğurla aparılan xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənibdir. 2002-ci ildə bizim bu siyasətimiz davam edəcəkdir. Azərbaycanda xalqımızın, vətəndaşların rahat yaşaması üçün, sərbəst yaşaması üçün bütün imkanlar yaranıbdır. Bunlar hamısı da Azərbaycanın gələcək inkişafı üçün ən əsas şərtlərdir.

2002-ci ildə bizim qarşımızda böyük vəzifələr durur. Bu vəzifələr müəyyən olunubdur. Birinci növbədə, qəbul olunmuş dövlət büdcəsi Azərbaycanın sosial-iqtisadi inkişafının irəliyə getməsini təmin edəcəkdir. Bildirmək istəyirəm ki, büdcənin xərclərinin 63 faizi sosial sahəyə yönəldilibdir və sosial problemlərin həll olunmasına həsr olunacaqdır. Bizim iqtisadi siyasətimiz ümumən sosialyönlü xarakter daşıyır və bu, həm 2001-ci ildə həyata keçirilmişdir, həm də 2002-ci ilin büdcəsi də məhz sosial yönümlü dövlət büdcəsidir. Beləliklə, biz birinci növbədə, xalqın rifah halını yaxşılaşdırmağa və sosial problemləri həll etməyə çalışırıq. Bunlarla bərabər, bizim bir çox problemlərimiz də var. Biz bu problemləri ardıcıl surətdə həll edirik. 2002-ci ildə də onların həll edilməsi bizim əsas vəzifələrimizdən biridir.

Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsidir. Ötən illər, 2001-ci ildə bu məsələnin həll olunması üçün xeyli iş görülübdür. Müxtəlif beynəlxalq təşkilatlarda bu barədə müzakirələr aparılıbdır. ATƏT-in Minsk qrupu çərçivəsində bir çox görüşlər keçirilibdir. Xüsusən, Parisdə, Ki-Uestdə, Moskvada həm ATƏT-in Minsk qrupunun həmsədrləri ilə, həm də Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları ilə görüşlər keçirilibdir. Bununla bərabər, iki ölkənin prezidentləri arasında görüşlər, danışıqlar aparılıbdır. Təbiidir ki, bunlar hamısı bu məsələnin həll olunması üçün kiçik də olsa imkanlar yaradır. Mən inanıram ki, 2002-ci ildə biz bu məsələnin həll edilməsi üçün lazım olan bütün imkanlardan ardıcıl olaraq istifadə edəcəyik və münaqişəyə son qoyulmasına nail olmağa çalışacağıq.

Mən bu gün bəyan edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması əsasında, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər. Eyni zamanda, biz həmişə konstruktiv mövqedə olmuşuq. Biz Ermənistan ilə qarşılıqlı kompromislər haqqında da müzakirələr aparmağa hazırıq.

Bir sözlə, bu problem nə qədər çətin olsa da, mən hesab edirəm ki, bu münaqişə həll olunacaq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları azad olunacaq və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz evlərinə, öz doğma torpaqlarına qayıdacaqlar.

Hesab edirəm ki, 2002-ci il Azərbaycan üçün daha da uğurlu il olacaqdır. Çünki ötən on il ərzində və xüsusən, sona çatan 2001-ci il ərzində Azərbaycanda bütün sahələrdə dəyərli nailiyyətlər əldə edilibdir. Hesab edirəm ki, bunların əsasında 2002-ci ilin daha da uğurlu olması üçün çox böyük imkanlar yaranıbdır. Biz isə bu imkanlardan səmərəli istifadə etməliyik.

Mən gələcəyə nikbinliklə baxıram və hesab edirəm ki, 2002-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, yaranmış ictimai-siyasi sabitliyin qorunub saxlanması, Azərbaycanda demokratik dəyişikliklərin həyata keçirilməsi, bütün sahələrdə islahatların həyata keçirilməsi XXI əsrdə Azərbaycan Respublikasının inkişafının böyük mərhələsini təmin edəcəkdir. Əziz həmvətənlər, mən buna inanıram və sizi əmin edirəm ki, bunlara nail olmaq üçün Azərbaycan dövləti bütün imkanlardan istifadə etməyə çalışacaqdır.

Mən bu bayram münasibətilə hamınızı təbrik edirəm. Birinci növbədə, Azərbaycanın səngərlərdə olan və Azərbaycanın torpaqlarını müdafiə edən əsgərlərimizi, ordumuzu, silahlı qüvvələrimizi təbrik edirəm. Şəhid ailələrini təbrik edirəm. Müharibə əlillərini, müharibə iştirakçılarını təbrik edirəm. Yerindən-yurdundan didərgin düşmüş, çadırlarda ağır vəziyyətdə yaşayan soydaşlarımızı təbrik edirəm. Bir daha əmin edirəm ki, onlar öz yerlərinə-yurdlarına qayıdıb, öz torpaqlarında gələcək həyatlarını quracaqlar. Onların hamısına cansağlığı, səadət, 2002-ci ildə yeni-yeni uğurlar arzulayıram.

Bütün Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını Yeni il münasibətilə təbrik edirəm. Bayramınız mübarək olsun!

"Azərbaycan" qəzeti, 5 yanvar 2002-ci il