Azərbaycan qadınları qurultayına - Bakı şəhəri, 14 sentyabr 1998-ci il


Hörmətli qurultay nümayəndələri! Sizi - Azərbaycan qadınlarının nümayəndələrini müstəqil respublikamızın ilk qadınlar qurultayının açılışı münasibətilə ürəkdən təbrik edir və qurultayın işində müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan qadını əsrlər boyu cəmiyyətimizin həyatında müstəsna rol oynamışdır. Qədim rəvayət və dastanlarımızda müdrik və gözəl qadın obrazlarının bədii təsviri verilmişdir. "Kitabi-Dədə Qorqud"un qadın surətləri bu günə qədər mətinliyin, böyük iradənin və mərdliyin parlaq rəmzi sayılır.

Azərbaycan tarixinin bütün dövrlərində böyük fitri istedada, dərin zəkaya, möhkəm iradəyə malik şair, hökmdar, döyüşçü qadınlar fəaliyyət göstərmişlər. Hələ orta əsrlərdə Məhsəti Gəncəvinin şer məclisləri Azərbaycan qadınının adını uzaq ellərdə tanıtmışdı.

Dahi Nizami öz "Xəmsə"sində Şirin və Məhinbanu, Fitnə və Nüşabə kimi ölməz qadın obrazları yaratmışdır. Həmin dövrdə Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə Xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı, həm də xalqımızın qadına göstərdiyi hörmət-izzətin parlaq təcəssümüdür.

Şair və sənətkarlarımıza ilham verən Azərbaycan qadınları ana dilimizi, adət-ənənələrimizi, xalq yaradıcılığının ən gözəl nümunələrini qoruyub saxlamaqla, milli mədəniyyətimizin inkişafında misilsiz rol oynamışlar. Həqiqətən bütün Azərbaycan mədəniyyəti əslində həssas qadın qəlbini, qadın zəkasını və nadir qadın müdrikliyini əks etdirən güzgüdür.

XIX əsrdən Azərbaycanda baş verən ictimai-siyasi proseslər, neft sənayesinin sürətli inkişafı qadınların maariflənməsinə və ictimai həyata qoşulmasına da güclü təkan verdi. Dünyəvi teatr, demokratik mətbuat, anadilli məktəb Azərbaycan qadınlarının hərtərəfli inkişafı üçün yeni üfüqlər açdı. Tariximizdə ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququ verildi. Qadın demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etməyə başladı.

1920-1991-ci illərdə Azərbaycan qadını olduqca mürəkkəb və şərəfli yol keçmişdir. Qısa bir müddətdə qadınlar arasında savadsızlıq ləğv edilmiş və təhsil səviyyəsi kəskin surətdə artmışdır. Qadınlar pedaqoq, həkim, mühəndis və digər peşələrə yiyələnmişlər. Yaradılmış qadın şuraları, "Azərbaycan qadını" jurnalı Azərbaycan qadın hərəkatının inkişafında mühüm rol oynamışdır. Azərbaycan qadınları təhsildə, elmdə və mədəniyyətdə kişilərlə bərabər layiqincə təmsil olunmuşlar.

Müstəqillik dövründə üzləşdiyimiz ağır sınaqlardan - Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ərazimizin 20 faizinin işğal edilməsi nəticəsində yaranmış sosial-iqtisadi çətinliklərdən əziyyət çəkən ilk növbədə qadınlarımız oldu. İqtisadi əlaqələrin qırılması, sosialist sistemindən sərbəst iqtisadiyyat formasına keçid hər bir azərbaycanlı ailəsində qadınların üzərinə çox ağır problemlər yükü qoydu. Müstəqil dövlətçiliyimizə mane olmağa çalışan daxili və xarici qüvvələr Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdılar. Dövlət quruculuğumuzun bu mürəkkəb mərhələsində qadınların böyük xidməti oldu. Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Bunu onlar 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı bir daha əyani nümayiş etdirdilər.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı.

Bu gün ölkəmizin qarşısında duran problemlərin həllində qadınların fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir. Qadınların problemləri ilə məşğul olan dövlət qurumu - Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Respublikamızda çoxsaylı qadın təşkilatı fəaliyyət göstərir. Bütün Azərbaycan qadınlarının bir məqsədi, bir amalı vardır: Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çevirmək.

XX əsrdə Azərbaycan qadınlarının dörd qurultayı keçirilmişdir. Onların hər biri Azərbaycanda qadın hərəkatının inkişafında mühüm bir mərhələ olmuşdur.

Ümidvaram ki, cəmiyyət qarşısında öz məsuliyyətini və rolunu dərindən dərk edən Azərbaycan qadınlarının XXI əsrin astanasında keçirdiyi bu qurultay müstəqil respublikamızın tarixində mühüm yer tutacaqdır.

Qurultayınıza uğurlar diləyirəm, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.