Azərbaycan Prezidenti Heydər Əliyevin və Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Penin birgə mətbuat konfransı - 23 iyun 2000-ci il


Heydər Əliyev: - Hörmətli cənab Li Pen!

Çin Xalq Respublikasından gəlmiş hörmətli qonaqlar, dostlar!

Mən sizi bir daha salamlayıram. Mətbuata bildimək istəyirəm ki, bu gün bizim çox yaxşı görüşümüz oldu. Biz əvvəlcə təkbətək, sonra nümayəndə heyətlərinin iştirakı ilə görüşdük. Dünən cənab Li Penin Bakıda, xüsusən parlamentdə çoxsaylı görüşləri olub və suallarınıza cavab vermək üçün bu gün buraya sizin yanınıza, mətbuat nümayəndələrinin yanına gəlmişik. Üç sual planlaşdırılıb, onları kimə istəyirsinizsə, ona da verin.

Sual: Hörmətli cənab Li Pen, mənim sualım sizədir. Siz Azərbaycanla Çin arasında münasibətlərin indiki vəziyyətini necə qiymətləndirirsiniz və ikitərəfli əlaqələrin genişləndirməyin və dərinləşdirməyin perspektivləri barədə nə düşünürsünüz?

Li Pen: Demək lazımdır ki, hazırda Çin-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Xüsusən 1994-cü ildən, respublikanızın prezidenti cənab Əliyev Çin Xalq Respublikasına rəsmi səfər etdikdən və ÇXR sədri Tszyan Tszeminlə bir sıra müxtəli sazişlər imzaladıqdan sonra, demək olar ki, ikitərəfli münasibətlərimizin daha da dərinləşməsinin möhkəm bünövrəsi qoyulmuşdur. Qəti əminəm ki, mənim Azərbaycana indiki səfərim Çin ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın inkişafına yeni təkan verəcək və ikitərəfli münasibətlərimizi yeni səviyyəyə qaldıracaqdır.

Sual: Cənab prezident, biz çox yaxşı bilirik ki, Siz yeni İpək yolunun yaradılması haqqında təklif irəli sürmüsünüz. Böyük İpək yolunun dirçəldilməsi sahəsində Çin ilə Azərbaycan arasında əməkdaşlığın konkret layihələrindən danışa bilərdinizmi? Siz bu yolun dirçəldilməsinin perspektivlərini qısaca təsvir edə bilərdinizmi?

Heydər Əliyev: Yaxşı sualdır. Sağ olun. Bəli, həqiqətən, son illər Böyük İpək yolunun dirçəldilməsi bütün dünya ictimaiyyəti üçün aktual hadisə olmuşdur. Mən məsuliyyəti üzərimə götürüb demək istəmirəm ki, bunun təşəbbüsçüsü Azərbaycan, yaxud kimsə başqa birisidir. Böyük İpək yolunu dirçəltmək ideyası Böyük İpək yolunun marşrutunda yerləşən bütün ölkələrdə müxtəlif vaxtlarda meydana gəlmişdir və biz də bu ölkələr sırasındayıq. 1998-ci ilin sentyabrında Bakıda Böyük İpək yolunun bərpasına dair beynəlxalq konfrans keçirildi. Bu konfransda 32 ölkənin, 14 beynəlxalq təşkilatın nümayəndələri, o cümlədən də Çinin nümayəndələri iştirak edirdilər.

Hesab edirəm ki, Böyük İpək yolunun bərpası proqramı, diplomatiyası XXI əsrin möhtəşəm proqramıdır. Azərbaycan öz coğrafi, coğrafi-strateji mövqeyini nəzərə alaraq, iqtisadi tələbatımızı nəzərə alaraq, bu proqramın həyata keçirilməsində fəal iştirak etmək niyyətindədir. Qədim zamanlarda Böyük İpək yolu təkcə Şərqlə Qərb arasında ticarət vasitəsi deyil, eyni zamanda, xalqların, xüsusən Şərqlə Qərbin bir-birini öz mədəni dəyərləri ilə zənginləşdirilməsinin mühüm vasitəsi olmuşdur.

Hesab edirəm ki, Böyük İpək yolu, yəni Böyük İpək yolunun dirçəldilməsi proqramı bu məqsədləri qarşıdakı XXI əsrdə də həyata keçirə bilər. Böyük İpək yolunu Çinsiz, təsəvvür etmək mümkün deyil. Əgər Azərbaycan bu yolun ortasında yerləşirsə, Çin Şərqdən onun başlanğıcındadır. Amma Çinlə qonşuluqda olan Yaponiya da Böyük İpək yolu proqramına çox maraq göstərir. Məlumdur ki, Yaponiyanın sabiq baş naziri cənab Haşimoto da bir neçə il əvvəl bunu çox fəal dəstəkləyirdi və 1998-ci ildə Yaponiyaya səfərim zamanı biz bu məsələni onunla və Yaponiyanın bütün rəhbərləri ilə müzakirə etmişdik. Bir sözlə, bu proqram ona maraq göstərən bütün dövlətlərin yaxından iştirakını tələb edir. Hesab edirəm ki, Yaponiya ilə Azərbaycan arasında fəal əməkdaşlıq Böyük İpək yolu proqramının həyata keçirilməsinə sanballı töhfə verə bilər. Yenə sullar varmı?

Sual: Bu yaxınlarda Cənubi Koreya ilə Şimali Koreya arasında dialoq başlanmışdır. Bu model üzrə belə bir dialoq Tayvan ilə Çin arasında da mümkündürmü?

Li Pen: Bağışlayın, siz hansı agentliyi təmsil edirsiniz?

Cavab: Röyter agentliyini.

Li Pen: Onda mən sizin sualınıza təəccüblənmirəm. Əlbəttə, biz KXDR ilə Koreya Respublikası arasında görüşü alqışlayırıq, çünki belə görüş Koreya yarımadasında sülhün, sabitliyin təmin olunmasına kömək edir. Elə Çinin də Koreya yarımadasında sabitlik və sülh olmasına ehtiyacı var.

O ki qaldı materik Çini ilə Tayvan arasında münasibətlərə, bunlar bambaşqa məsələlərdir. Tayvan əzəldən Çin ərazisinin ayrılmaz hissəsidir. Sonralar Tayvan yaponlar tərəfindən işğal olunmuşdur və İkinci dünya müharibəsi qurtardıqdan sonra, Qahirə bəyannaməsinə və digər beynəlxalq sənədlərə və razılşamalara görə, Yaponiyanın işğal etdiyi bütün Çin əraziləri, o cümlədən də Tayvan Çinə qaytarılmalıdır. Ona görə də Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir və Çin özünün bu məsələsinə başqa ölkələrin qarışmasına yol vermir. Çin insan hüquqlarını dövlətin suverenliyindən üstün saymır, əks halda bunu başqa ölkələrin daxili işlərinə qarışmaq nəzəriyyəsi hesab edir.

Çin belə bir mövqeyi əsas tutaraq, Azərbaycanın da ərazi bütövlüyünə hörmət bəsləyir. Bu məsələ barəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilmişdir, biz həmin qətnamələrin həyata keçiriləcəyinə ümidvarıq. Çin isə vahid Çin prinsipini müdafiə etdiklərinə görə Azərbaycan tərəfinə və cənab prezident Əliyevə çox böyük minnətdarlığını bildirir.

Heydər Əliyev: Bəli, biz vahid Çin prinsipini bu gün də müdafiə edirik. Sağ olun.

"Azərbaycan" qəzeti, 24 iyun 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış