Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Parlament Assambleyasının prezidenti xanım Helle Dayn başda olmaqla bu təşkilatın nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 1 iyun 2000-ci il


Heydər Əliyev: Hörmətli prezident, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz! Mən sizi səmimi qəlbdən salamlayıram.

Hörmətli xanım prezident, sizə xüsusi təşəkkür edirəm ki, mənim dəvətimi qəbul edib Azərbaycana gəlmisiniz. İstanbuldakı görüşümüzü çox məmnuniyyətlə xatırlayıram. Biz sizinlə çox yaxşı söhbət apardıq. Çox səmimi, mehrian söhbət idi, düzdür, söhbət etdiyimiz şərait bəlkə də o qədər yaxşı deyildi, amma söhbətimiz o qədər şirin idi ki, o, buna təsir etmədi.

Mən bilirəm ki, siz dünəndən buradasınız, bir çox görüşlər keçirmisiniz. Sizi elə buna görə buraya dəvət etmişdim. Çünki biz ATƏT-in üzvü olaraq istəyirik ki, onun təşkilatlarının hamısı mümkün qədər gəlib ölkəmizi görsünlər, insanlarımızla tanış olsunlar. Təbiidir ki, bu, hər bi ölkənin, hər bir xalqın arzusudur. Çünki hər bir ölkə, hər bir xalq istəyir ki, onu dünyada daha yaxşı tanısınlar.

Amma bizim buna daha çox ehtiyacımız var. Birincisi, sizə məlum olan Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar müxtəlif ölkələrdə, xüsusilə Qərbdə - Avropada Azərbaycan haqqında ədalətsiz təsəvvürlər yaranıb, ədalətsiz fikirlər formalaşıbdır. İkincisi, ona görə ki, biz Avropa qitəsində olan bir ölkəyik və özümüzü avropalı hesab edirik. Amma təəssüflər olsun ki, Avropada bəziləri hesab edirlər ki, Azərbaycan Avropa ölkəsi deyil, Azərbaycanın mentaliteti Avropa səviyyəsində deyildir. Təbiidir ki, onlar səhv edirlər. Ancaq belə fikirlərin də təsiri olur.

Mən güman edirəm ki, siz dünən də, bu gün də özünüz Azərbaycanı gördünüz. Doğrudur, bu, çox azdır. Əgər daha çox qalsaydınız, mən daha da məmnun olardım. Ancaq birinci dəfə üçün bəlkə də bununla razı olmaq olar. Sizinlə görüşümdən çox məmnunam. Buyurun, sizi dinləyirəm.

Helle Dayn: Cənab prezident, hər şeydən öncə, ölkənizdə məni salamlayaraq barəmdə belə gözəl sözlər dediyinizə görə Sizə çox təşəkkürümü bildirirəm. Mən Azərbaycanda olmaqdan çox məmnunam.

Buraya səfərimin məqsədi və səbəbləri barədə Siz çox doğru dediniz. Mən bu məsələlərlə tanış olmaq üçün Azərbaycana gəlmişəm. Ölkələrimizin cəmləşdiyi klubun üzvü kimi bizim Azərbaycana ehtiyacımız var, Azərbaycanın da bu klubun üzvü olmağa ehtiyacı var.

Bu baxımdan, hesab edirəm ki, İstanbul zirvə görüşü çərçivəsində olduqca əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Bunların arasında ən mühümlərindən biri də ATƏT-in üzvü olan dövlətlərdə dondurulmuş münaqişələrin həllinə nail olmağa sadiqliyin bir daha bəyan edilməsidir. Şübhəsiz ki, buna bir gecənin içində nail olmaq mümkün deyildir, bundan ötrü zaman lazımdır. Lakin biz bu vəzifələri həll etməliyik.

Ötən əsrə son qoyarkən və yeni minilliyə qədəm basarkən biz yeni imkanlarla qarşılaşmışıq. Ölkənizin tarixinin bir səhifəsi çevrilməli, eyni zamanda Avropa tarixinin də bir səhifəsi çevrilməlidir. Təkcə ona görə yox ki, birgə çalışaraq məsələlərimizi həll edə bilərik, həm də ona görə ki, biz bir yerdə olmaqla qarşılaşdığımız məsələlərin öhdəsindən də birgə gələ bilərik.

Bazarların, medianın və pul vahidlərinin qloballaşması hamımızın qarşılaşdığımız məsələlərdir. Qloballaşmadan doğan vəzifələrin və çətinliklərin öhdəsindən gəlmək üçün bir-birimizə dəstək verməliyik. Mən Azərbaycanı Avropaya yaxınlaşmaq istəyən ölkələr sırasında görməkdən məmnunam və bunu alqışlayıram. Hesab edirəm ki, qarşıdan gələn əsrdə biz ticarət, mədəniyyət, təhsil sahələrində və bir çox başqa sahələrdə daha sıx əlaqələr qurmalıyıq və tarix kitablarımızın səhifəsini birgə çevirməliyik.

Ona görə də ATƏT adından və ATƏT-in Parlament Assambleyası adından sizin ölkənizi ziyarət etməyimdən və strukturlarımızın imkanı çərçivəsində Sizə öz yardımımızı təklif etməyimdən məmnunluq duyuram. Ümidvar olduğumu bildirirəm ki, sizin ölkəniz bu yardımı qəbul edəcək və burada ATƏT-in missiyasının tezliklə açılmasına nail olacaqdır.

Mənim ölkənizdə olduğum müddət üçün çox maraqlı və gözəl bir proqram hazırlamısınız. Mən Azərbaycanın parlamenti ilə əməkdaşlığımı bundan sonra da davam etdirəcəyəm. Onu da deyim ki, Azərbaycan parlamentinin üzvləri ATƏT-in fəaliyyətində çox yaxından iştirak edirlər. ATƏT-in Parlament Assambleyası yeganə transatlantik təşkilatdır ki, burada bir çox dövlətlərin xalq tərəfindən seçilmiş nümayəndələri iştirak edirlər. Hesab edirəm ki, Avropanın təhlükəsizliyini təmin etmək üçün ATƏT-in Parlament Assambleyasına hələ ehtiyacımız var. Bu təşkilat Avropanın gələcəyində mühüm rol oynaya bilər. Məni burada qəbul etdiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Təşəkkür edirəm, sağ olun. Birincisi, mən bildirmək istəyirəm ki, gənc müstəqil dövlət kimi biz ATƏT-in üzvü olmağımızdan çox məmnunuq. Müstəqillik əldə edəndən sonra biz Helsinki aktını imzalayıb ATƏT-ə üzv olaraq bir tərəfdən ATƏT-in prinsiplərinin həyata keçirilməsini öz üzərimizə götürmüşük. İkinci tərəfdən də, ATƏT-in üzvü olaraq ölkəmizin təhlükəsizliyinin, əmin-amanlığının təmin edilməsində ATƏT-in imkanlarından istifadə etmək məqsədi daşıyırıq.

ATƏT-in prinsiplərinin, normalarının ölkəmizdə həyata keçirilməsi bizdən asılıdır. Amma Azərbaycanın düşdüyü vəziyyətlə əlaqədar ölkəmizdə - ümumiyyətlə, təkcə Azərbaycanda deyil, Qafqazda, Cənubi Qafqazda - sülhün, əmin-amanlığın, təhlükəsizliyin yaranması üçün, təbiidir ki, ATƏT-in çox böyük yardımına möhtacıq.

Siz dediniz ki, İstanbulda qəbul edilmiş sənəd - xartiya dondurulmuş bütün münaqişələrin həll olunmasına yönəldilmişdir. Bu, tamamilə doğrudur və mən də o xartiyanı imzalamışam. Amma bizim istəyimiz odur ki, bunlar bir sənəd kimi, kağız kimi qalmasın, həyata keçirilsin.

Şəxsən mən ATƏT-in Budapeşt sammitində də, Lissabon sammitində də iştirak etmişəm. Orada da çox mühüm qərarlar qəbul olundu. Hər iki sammitdə - həm Budapeştdə, həm də Lissabonda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli haqqında çox ciddi qərarlar da qəbul edildi. Ancaq bunlar indiyə qədər həyata keçirilməyibdir. Bu da bizdə təəssüf doğurur. Əgər bu məsələləri biz özümüz həll edə bilsəydik, bu barədə ATƏT-ə narahatlıq yaratmazdıq.

Amma siz yaxşı bilirsiniz, dünya təcrübəsi də onu göstərir ki, belə münaqişələr mütləq beynəlxalq təşkilatların iştirakı, yaxud onların köməyi və ya gücü ilə həll olunur. Əgər Ermənistan-Azərbaycan münaqişəsinin həlli bizim imkanımız daxilində olsaydı, bunu çoxdan həll etmişdik. Eyni zamanda bilirsiniz ki, 1992-ci ildə ATƏT Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün Minsk qrupu yaradıbdır. Lissabon sammitindən sonra Minsk qrupuna Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa sədrlik edirlər. Ancaq təəssüf ki, Minsk qrupu, ATƏT və Minsk qrupunun həmsədrləri indiyədək bu məsələnin həllinə nail ola bilməyiblər.

Siz yaxşı bilirsiniz ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunubdur. İşğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıb, yerlərindən-yurdlarından məhrum olub və həmin ərazilərdə etnik təmizləmə həyata keçirilibdir. Öz ölkəsində öz evindən, yurdundan məhrum olan bir milyon insanın əksəriyyəti çadırlarda yaşayır, çox ağır vəziyyət keçirir.

Mən sizin proqrama baxdım, gördüm ki, hansısa qaçqın düşərgəsinə getməliydiniz. Bilmirəm, getdiniz, yoxsa yox? Getdiniz? Təşəkkür edirəm. Öz gözlərinizlə gördünüz. Ancaq əgər imkanınız olsaydı, şəxsən mən sizi vertolyota qoyub iki saat müddətində çadır şəhərciklərinə aparsaydım, ikimiz birlikdə onlarla görüşsəydik, bəlkə də siz oradan çox ağır vəziyyətdə qayıdardınız.

Onlar Bakıda, onun ətrafında müxtəlif binalarda yerləşdiriliblər. Doğrudur, siz gördünüz ki, necə ağır bir şəraitdədirlər. Amma Azərbaycanın başqa yerlərində onların əksəriyyəti çadırlarda yaşayır. Çadırda da bir il, iki il yaşamaq olar. Onlar 7-8 ildir çadırlarda yaşayırlar!

Ona görə də ATƏT-in üzvü olaraq bizim ondan arzuladığımız, gözlədiyimiz əsas bu məsələnin həllidir. Yenə də deyirəm, ATƏT-in Helsinki aktının dövlət, cəmiyyət prinsiplərinin həyata keçirilməsi bizim üzərimizdədir və bunları həyata keçiririk. Ola bilər ki, burada çatışmazlıqlar var. Amma, siz dediyiniz kimi, bu münaqişələrin həlli ATƏT-in üzərindədir. Ancaq ATƏT öz vəzifələrini yerinə yetirmir.

Siz dediyiniz kimi, Azərbaycan Avropa Klubunun tam, bərabər hüquqlu üzvü olmaq istəyir. Siz də istəyirsiniz ki, biz üzv olaq. Amma biz bəlalardan xilas olmalıyıq.

Helle Dayn: Cənab prezident, çox sağ olun. Mən ölkənizin qarşılaşdığı böyük çətinliklər barədə söylədiklərinizi məmnuniyyətlə dinlədim. Onu da anladım ki, Siz ATƏT-in üzvü olmağınıza, onunla əlaqələrinizə nə qədər böyük əhəmiyyət verirsiniz, buna nə qədər önəm verirsiniz.

Doğru deyirsiniz, ATƏT nadir bir təşkilatdır ki, onun imkanlarından istifadə edərək sizin problemlərin həllinə nail olmaq mümkündür. Mən yalnız onu bir daha təkrar etmək istəyirəm ki, ATƏT və onun strukturlarının rəhbərliyi, həm də ATƏT-in üzvü olan dövlətlərin hökumətləri tarixinizin bir hissəsi olan bu münaqişənin həllində çox maraqlıdır və bunu ürəkdən arzulayırlar.

Sizi əmin edirəm ki, mən ölkənizə səfərdən qayıtdıqdan sonra ATƏT-in rəhbərliyini münaqişənin dinc vasitələrlə aradan qaldırılmasına tezliklə nail olmaq üçün daha böyük səylər göstərməyə sövq edəcək, onlara təzyiq edəcəyəm.

Bu münaqişənin həllinə və bölgədə uzunmüddətli sülhə nail olmaq üçün fəal rol oynaya biləcək əsas iştirakçıların bəziləri - mən ölkələri nəzərdə tuturam - öz ölkələrində prezident seçkiləri ilə məşğul olduqlarına görə buna çox diqqət yetirə bilməyiblər. Mən bunu bəhanə kimi, ATƏT tərəfindən az iş görülməsinin səbəbi kimi demirəm. Yalnız onu demək istəyirəm ki, bəzi dövlətlərdə - məsələn, Rusiyada, - prezident seçkiləri onları bu məsələdə daha fəal iştirakdan məhrum edibdir. Ümidvar olduğumu bildirirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya da bu münaqişənin həllinə daha fəal qoşulacaqdır.

Mən buradan qayıtdıqdan sonra həm ATƏT-in Minsk qrupunun, həm də ATƏT-in rəhbərliyinə bir daha çatdıracağam ki, ATƏT olaraq biz bu münaqişənin həllində fəaliyyətimizi gücləndirməliyik, münaqişənin sülh yolu ilə aradan qaldırılmasına və bu gün Bakıda görüşdüyüm qaçqınların vəziyyətinin yaxşılaşdırılmasına kömək etməliyik. İnsanların öz evlərindən, ocaqlarından didərgin düşməsi həmişə faciədir.

Bu gün görüşdüyüm qadınlar, kişilər, uşaqlar dəhşətli vəziyyətdə yaşayırlar. Fərqi yoxdur - onlar Bakıda yaşayırlar, yaxud kənarda, rayonlarda məskunlaşıblar. Faciə ondan ibarətdir ki, bu insanlarda qeyri-müəyyənlik var, öz gələcəklərini necə qurmaq barədə müəyyən bir fikir yoxdur. Mən o qaçqınların heç birinə yerinə yetirə bilməyəcəyim vədi vermərəm. Lakin onlara bir şeyi vəd edirəm: söz verirəm ki, buradan qayıtdıqdan sonra onların məsələlərinin həllinə, münaqişənin aradan qaldırılmasına nail olmaq üçün mütləq daha ciddi səylər göstərəcəyəm.

Hesab edirəm ki, ATƏT-in imkanlarından daha səmərəli istifadə etməliyik. Mən öz qapılarımı açıq qoyacağam və ATƏT-in üzvü olan 54 dövlətin parlamentlərini təmsil edən deputatların iyulun 6-10-da Buxarestdə keçiriləcək görüşündən də istifadə etməyə çalışacağam. Bu görüşə sizin parlamentin sədrini, habelə Gürcüstan və Ermənistan parlamentlərinin başçılarını da dəvət etmişik. Çalışacağam ki, qapılarımı onların üzünə açım, görüşlərini təşkil edim, onların arasında əlaqələrin qurulmasına nail olum, münaqişənin həllinə parlament üzvləri kimi bizim də öz töhfəmizi verməyimizə çalışım.

ATƏT-in Parlament Assambleyası, ümumiyyətlə, parlamentlər bu münaqişənin həllində daha faydalı rol oynaya, öz işləri ilə hökumətlərə və hətta Sizin kimi prezidentlərə də yardımçı ola bilərlər. Zənnimcə, heç bir hökumət vəzifəsi daşımadıqlarına, bilavasitə xalq tərəfindən seçildiklərinə görə parlament üzvləri bir-biri ilə görüşərək xalqın səsini bir-birinə çatdıra bilərlər. Prezidentlər, hökumət üzvləri, nazirlər həmişə seçkili orqandan və xalqın özündən dəstək almağa ehtiyac duyurlar.

Cənab prezident, Sizə bir daha təşəkkür edirəm. Bayaq dediyim kimi, ATƏT-in qarşısında duran vəzifələr, mövcud çətinliklər və Sizinlə birgə səylərimiz nəticəsində bu vəzifələrin həyata keçirilməsi, çətinliklərin aradan qaldırılması barədə fikirlərimi, görüşlərimi böyük məmnuniyyətlə Sizinlə bölüşmək arzusundayam.

Heydər Əliyev: Təşəkkür edirəm. Sizin dediyiniz sözlər ümid yaradır ki, bundan sonra ATƏT-in Parlament Assambleyası da Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün öz səylərini artıracaqdır. Mən bu ümidlərlə sizə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 2 iyun 2000-ci il.