Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan prezidenti Eduard Şevardnadzenin şərəfinə verilmiş rəsmi ziyafətində nitqi - "Gülüstan" sarayı, 18 fevral 1997-ci il


Hörmətli Gürcüstan prezidenti cənab Eduard Şevardnadze!

Möhtərəm qonaqlar! Xanımlar və cənablar!

Mən sizi ürəkdən salamlayıram və əziz Eduard Amvrosiyeviç, sizə, bütün gürcüstanlı qonaqlara Azərbaycan xalqının, bütün Azərbaycan vətəndaşlarının hörmət və dostluq hisslərini çatdırıram. Gürcüstan prezidenti Eduard Şevardnadzenin Azərbaycana rəsmi dövlət səfəri ölkəmizin həyatında əlamətdar hadisə, Gürcüstan - Azərbaycan dövlətlərarası münasibətlərində mühüm mərhələdir.

Prezident Eduard Şevardnadzenin Azərbaycana səfərinin birinci günü bu gün, bu saatlarda sona çatır və böyük məmnunluqla demək olar ki, səfər uğurla, dostluq, qardaşlıq və səmimilik şəraitində keçir.

Bu gün biz səmərəli danışıqlar apardıq, iki prezident arasında dostcasına söhbət oldu, mühüm dövlətlərarası sənədlər imzalandı. Bu gün Gürcüstan ilə Azərbaycan arasında 22 sənəd imzalandı və onların arasında çox mühüm, tarixi əhəmiyyəti olan sənəd var. Bu, Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında bəyannamədir. Bu gün imzalanmış sənədlər və indiyədək imzalanmış sənədlər, - bunların sayı isə 32-yə çatır, dövlətlərimiz və ölkələrimiz arasında əməkdaşlığı və qarşılıqlı münasibətləri daha da inkişaf etdirmək üçün kifayət qədər tam müqavilə - hüquqi əsas yaradır.

Şübhəsiz, biz hamımız səy göstərəcəyik ki, əldə olunmuş razılaşmalar həyata keçirilsin, imzalanmış sənədlərdə müəyyən edilmiş vəzifələr yerinə yetirilsin və Gürcüstan-Azərbaycan əməkdaşlığı yüksək sürətlə irəliləsin.

Gürcüstanlı əziz dostlarımızın Azərbaycana gəlişi nəinki onlarla bilavasitə ünsiyyətdə olan bizləri, həm də bütün Azərbaycan ictimaiyyətini, Bakı şəhərinin bütün sakinlərini sevindirir. Bu, təbiidir, çünki biz özümüzə əziz bildiyimiz adamları, qardaş gürcü xalqının nümayəndələrini qəbul edirik. Dostluq və əməkdaşlıq gürcü və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərdə çoxəsrlik və şanlı tarixə malikdir. Ona görə də bu gün biz keçilmiş yola nəzər salaraq iftixarla deyə bilərik ki, xalqlarımız çiyin-çiyinə, birlikdə yaşayaraq, bir-birilə həmişə səmimi dostluq münasibətləri saxlamış, bir-birinə kömək etmiş, bir-birini təcrübə ilə, biliklərlə, malik olduqları hər şeylə zənginləşdirmişlər.

Bizim üçün, azərbaycanlılar üçün Gürcüstana, gürcü xalqına münasibətin xüsusi əhəmiyyəti, xüsusi xarakteri var. Biz əsrlər boyu birlikdə, yanaşı, görkəmli Azərbaycan şairi Səməd Vurğunun vaxtilə dediyi kimi, bir-birimizin yanında yaşayırıq. Bu birgə həyat xalqlarımıza daim xeyir, çox böyük məmnunluq gətirmişdir. Bu hissi indi də, bu günlərdə də, xüsusən xalqlarımız milli azadlığa, dövlət müstəqilliyinə nail olduğu vaxtdan bəri də keçiririk. Gürcüstan qədim ölkədir, gözəl təbiəti, çox yaxşı insanları, zəngin tarixi, yüksək mədəniyyəti olan ölkədir. Bəşər tarixinin bütün dövrlərində gürcü xalqının görkəmli övladları dünya sivilizasiyasına layiqli töhfələrini vermişlər.

Biz Gürcüstanın həyatını, Gürcüstanda gedən tarixi prosesləri səmimi qardaşlıq hissi ilə daim izləmişik və dostlarımızın, qardaşlarımızın nailiyyətlərinə, uğurlarına, müvəffəqiyyətlərinə sevinmişik. Gürcüstan özünün çoxəsrlik tarixi ərzində bir çox mərhələlərdən keçmişdir: qələbələr, yüksək nailiyyətlər olmuşdur, məğlubiyyətlər də, uğursuzluqlar da olmuşdur. Ancaq gürcü xalqı özünəməxsus mədəniyyətini, milli xüsusiyyətini, milli ənənələrini, mənəvi dəyərlərini qoruyub saxlamışdır. Bu, bizi həmişə sevindirmişdir və bu gün də sevindirir.

Ancaq hesab edirəm ki, XX əsrin sonu bizim üçün, özlərinin milli azadlığını və dövlət müstəqilliyini əldə etmiş bir çox başqa xalqlar üçün olduğu kimi, gürcü xalqı üçün də xüsusilə sevindirici və xoşbəxt bir mərhələdir. Baxmayaraq ki, bütün bunlar mürəkkəb və çətin şəraitdə gedibdir və gedir, lakin hər halda bu dövrün qiymətləndirilməsində müsbət amil üstün yer tutur, başqa sözlə, hər halda biz bu çətinliklərdən, bu itkilərdən, bu faciələrdən keçərək milli azadlığın və dövlət müstəqilliyinin xoşbəxt yoluna çıxmışıq.

Gürcü xalqı da həmişə azadlıqsevər xalq olmuşdur, özünün milli müstəqilliyi uğrunda mübarizə aparmış və bu müstəqilliyə nail olmuşdur. Bir də deyirəm, bizim ölkəmizdə olduğu kimi, bütün bunlar çox mürəkkəb şəraitdə baş verir. Ancaq ən əsası odur ki, biz bu azadlığı əldə etmişik, bu müstəqilliyi qazanmışıq və xalqlarımızın, ölkələrimizin gələcəyini gözəl, işıqlı görürük.

Yenə deyirəm, gürcü xalqının tarixində müxtəlif xarakterli mərhələlər çox olub, lakin son dövr, Gürcüstanın öz dövlət müstəqilliyinə nail ola bildiyi dövr tarixə daxil olacaq və gələcək nəsillər tərəfindən xüsusilə yüksək qiymətləndiriləcəkdir.

Gürcüstan beş ildir dövlət müstəqilliyi şəraitində yaşayır, Azərbaycan beş ildir dövlət müstəqilliyi şəraitində yaşayır. Bu müddətdə bizim münasibətlərimiz xüsusi əhəmiyyət və xüsusi xarakter kəsb etmişdir. Bir də təkrar edirəm, biz gürcü xalqı ilə həmişə dostluq etmişik, bizi daim çox şey birləşdirib, həmişə get-gəlimiz olub, bir-birimizlə daim ünsiyyətdə olmuşuq. İnsanlarımız, xalqlarımız arasında qarşılıqlı əlaqə həmişə uğurlu olubdur. Ancaq hesab edirəm ki, son illərdə baş verənlər bütün əvvəlki tarixi dövrdə malik olduğumuzun hamısından üstündür.

Azərbaycanda olduğu kimi, Gürcüstanda da dövlət müstəqilliyinin bərqərar olması mürəkkəb şəraitdə gedib və indi də belə şəraitdə gedir. Təəssüflər olsun ki, biz həm daxili, həm də xarici xarakterli böyük çətinliklərlə qarşılaşmışıq. Gürcü xalqının bugünkü vəziyyət səviyyəsinə gəlib çatmaq üçün son illərdə nə kimi çətinliklərdən keçdiyini biz yaxşı bilirik. Biz bilirik ki, Gürcüstanın ərazi bütövlüyünün pozulması da, müxtəlif xarici qüvvələrin fəaliyyəti də, daxildə baş verən vətəndaş müharibəsi də Gürcüstanı çox çətin vəziyyətə salmışdır.

Lakin dostlar kimi, qardaşlar kimi bütün bunları müşahidə edərək həmişə inanmışıq ki, Gürcüstan hamar yola çıxacaqdır və çıxdı da. Təbii ki, bütün bunlarda Gürcüstanın qabaqcıl, tərəqqipərvər adamlarının səylərini yüksək qiymətləndirmək lazımdır. Onlar heç bir çətinliyə baxmayaraq, milli azadlıq və dövlət müstəqilliyi ideyasından imtina etmədilər, qurbanlar verilməsinə, heç bir çətinliyə baxmayaraq, irəlilədilər. Əlbəttə, bütün bunlarda Gürcüstan prezidenti, mənim böyük dostum Eduard Amvrosiyeviç Şevardnadze görkəmli rol oynamışdır. O öz xalqının ən ağır günlərində və aylarında vətənə qayıdaraq, öz xalqına başçılıq etdi və onlar böyük çətinliklər bahasına vətəndaş müharibəsinin qarşısını aldı, digər bütün çətin prosesləri aradan qaldırdılar və Eduard Amvrosiyeviç öz xalqını, öz ölkəsini dövlət müstəqilliyinin və milli azadlığın hamar yoluna çıxardı.

Biz Gürcüstanın, Azərbaycanın ağır illərində və aylarında da birlikdə olduq, bir-birimiz barədə düşünürdük, bir-birimizə imkan daxilində kömək edirdik və inanırdıq ki, Gürcüstan da düşdüyü vəziyyətdən çıxacaqdır, Azərbaycan da. İndi biz əldə etdiyimiz nəticələrin, Eduard Amvrosiyeviç Şevardnadzenin rəhbərliyi altında Gürcüstanın, gürcü xalqının nail olduğu nəticələrin şahidiyik. İndi də həm Gürcüstanda, həm də Azərbaycanda çoxlu problem var. Lakin bu problemlər dövlətin olduğu bir vaxtda, qayda-qanun olduğu bir vaxtda, müvafiq qüvvələrin olduğu bir vaxtda, ölkənin azad demokratik inkişafı üçün təbii olaraq bütün şərait yaradıldığı bir vaxtda artıq tamam başqa bir şəraitdə həll edilir.

Belə bir şəraitdə Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlıq fəallaşdırılmışdır və belə bir şəraitdə bir il bundan əvvəl mən Eduard Şevardnadzenin dəvəti ilə Gürcüstana rəsmi səfərə getdim. Zənnimcə, biz orada səmərəli işləyə bildik və belə bir şəraitdə bir ildən sonra Gürcüstan prezidentini, onu müşayiət edən şəxsləri qəbul edirik və artıq indi biz əməkdaşlıqda atılmış iri addımlardan və qarşımızda açılan böyük perspektivlərdən danışırıq.

Gürcüstan və Azərbaycan əməkdaşlıq üçün böyük imkanlara malikdirlər. Buna görə də məqsədimiz, vəzifəmiz bu imkanlardan maksimum səmərə ilə istifadə etməkdir. Biz Gürcüstanla xoş dostluq münasibətlərini əsas tutaraq, öz daxili çətinliklərimizə baxmayaraq, Gürcüstana kömək göstərmək və əməkdaşlığımızı genişləndirmək üçün imkanımız daxilində hər şey etmişik və edəcəyik. Bununla əlaqədar belə bir məsələ, məncə, mühüm, tarixi haldır ki, biz Xəzər hövzəsindən, Azərbaycandan neftin Gürcüstan ərazisi ilə dünya bazarına ixracı üçün boru kəməri çəkilməsi haqqında qərar qəbul etmişik. Bu neft kəməri nəinki iqtisadi məqsədlərə xidmət edəcək, həm də iqtisadi fayda gətirəcəkdir, keçmişdə Azərbaycan ilə Gürcüstan arasında çəkilmiş bir çox digər xətlər kimi, o da gürcü və Azərbaycan xalqları arasında əməkdaşlığın, dostluğun və qardaşlığın möhkəmlənməsi məqsədlərinə xidmət edəcəkdir.

Respublikalarımız öz coğrafi - coğrafi-siyasi xarakterinə görə xüsusi əhəmiyyətə malikdirlər. Ötən ilin mayında Sərəxsdə imzalanmış Transqafqaz magistralı haqqında saziş bu magistrala maraq göstərən bir çox ölkələr tərəfindən böyük dəstək almış və bəyənilmişdir. Həmin magistral məhz Xəzərdən, Azərbaycandan, Gürcüstandan keçir, Avropanı Şərqlə, Qərbi Şərqlə, Şərqi Qərblə birləşdirir.

Hesab edirəm ki, bu da tarixi əhəmiyyəti olan hadisədir və bu magistralın səmərəli fəaliyyət göstərməsinə kömək edəcəyik. Bizim əməkdaşlığımız üçün bir çox başqa konkret tədbirlər də nəzərdə tutulmuşdur. Ancaq mən əməkdaşlığın, mehriban münasibətlərin, dostluğun nə demək olduğunu əyani surətdə nümayiş etdirmək üçün bu iki böyük hadisə barədə danışdım. Bunların hamısı xalqlarımızın, ölkələrimizin naminə, milli dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi naminədir.

Bu gün baş vermiş hadisələr, hesab edirəm ki, sabah, o birisi gün də baş verəcək hadisələr, - görüşlər, söhbətlər, fikir mübadiləsi, - bunlar hamısı birlikdə, şübhəsiz ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin gələcək inkişafı üçün çox mühüm əsas olacaqdır. Bizi çox şey birləşdirir. Bizim mövqelərimiz eynidir, bir çox beynəlxalq məsələlərdə, regional xarakterli bir çox məsələlərdə mövqelərimiz oxşardır, biz separatizmə, terrorizmə, konstitusiyaya zidd hər cür əməllərə, hüquqa zidd hər cür hərəkətlərə qarşı mübarizədə yekdilik. Gürcüstanda demokratik dövlət, hüquqi dövlət qurulur. Biz Gürcüstanda gedən prosesləri böyük məmnunluqla izləyirik, ona görə ki, biz özümüz həyatın bu mərhələsindən keçirik, özümüz bu yolla, demokratik, hüquqi cəmiyyət qurmaq yolu ilə, həyatın bütün sahələrində demokratiya prinsiplərini bərqərar etmək yolu ilə, bazar iqtisadiyyatını inkişaf etdirmək yolu ilə gedirik. Bu məsələlərə eyni cür yanaşmağımız, eyni səylər göstərməyimiz bizi yaxınlaşdırır, birləşdirir və tarixin bu mürəkkəb mərhələsindən mümkün qədər ağrı-acısız, itkilərsiz keçmək üçün bizə kömək edir.

Hesab edirəm, biz bu mərhələdən keçəcəyik, ölkələrimizdəki separatizm halını aradan qaldıra biləcəyik. Mən əminəm ki, Gürcüstanın ərazi bütövlüyü bərpa olunacaqdır. Mən əminəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Mən əminəm ki, biz birgə səylərlə Qafqazda, xüsusən Zaqafqaziyada sülhə və sabitliyə nail ola biləcəyik.

Məlumdur ki, həm Abxaziyadakı münaqişə, həm də Ermənistan ilə Azərbaycan arasındakı münaqişə, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunması Zaqafqaziyada vəziyyəti daha çox mürəkkəbləşdirir. Öz yerlərindən - Azərbaycanın Ermənistan qoşunları tərəfindən işğal edilmiş ərazilərindən qovulmuş bir milyondan çox qaçqının olması Azərbaycanda da, Gürcüstanda da, ümumən Zaqafqaziyada, Qafqazda da vəziyyəti mürəkkəbləşdirir. Ancaq mühüm cəhət budur ki, Gürcüstan prezidenti də, Azərbaycan prezidenti də düzgün mövqe tuturlar, müvafiq beynəlxalq hüquq normalarına tam uyğun gələn mövqe, eyni zamanda öz xalqlarının və ölkələrinin milli mənafelərini müdafiə etmək mövqeyi tuturlar.

Qonşularımıza bizim heç bir iddiamız yoxdur. Biz sərhədlərin dəyişdirilməsi mövqeyini tutmuruq və heç vaxt tutmayacağıq. Ancaq eyni zamanda biz sərhədimizin pozulmasına, Azərbaycanın ərazi bütövlüyünün tapdalanmasına heç vaxt yol verə bilmərik. İndiyədək nə baş vermişdirsə, bunların hamısı xalqa ziddir. Beynəlxalq hüquq normalarına birbaşa ziddir və hesab edirəm ki, biz öz torpağımızı, ərazimizi, milli mənafelərimizi müdafiə etməyə qadir olacağıq. Bu baxımdan Qafqazı sülh regionuna çevirmək, Zaqafqaziyada əmin-amanlığa və sülhə nail olmaq arzumuz regionda yaşayan milyonlarla insanın taleyi ilə bağlı olan arzudur. Hesab edirəm ki, bizim bu sahədəki səylərimiz dəstəklənəcəkdir. Biz buna nail olmağa çalışacağıq. Bunun üçün təkidlə mübarizə aparacağıq. Həm bu məsələdə, həm də bir çox digər məsələlərdə bizim - Gürcüstanın və Azərbaycanın mövqeləri üst-üstə düşür, bu isə bizi daha da yaxınlaşdırır, münasibətlərimizi, dostluğumuzu daha da möhkəmləndirir.

Eduard Amvrosiyeviç, sizin Azərbaycana gəlməyinizdən son dərəcə məmnunam. Biz çoxdan, təxminən otuz ildir ki, bir-birimizlə bağlıyıq. Bir vaxtlar siz də, mən də respublikalara rəhbərlik edirdik, - siz Gürcüstanın rəhbəri idiniz, mən Azərbaycanın rəhbəri idim və o illərdə də biz dostluq edirdik, xalqlarımız, ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə çalışırdıq. Həm də az iş görməmişik, sələflərimizin etdiklərinə çox şey əlavə etmişik. Gürcüstan və Azərbaycan xalqları arasında mövcud olan dostluq da məhz həm əvvəlki nəsillərin, həm də bizim nəslin, sizinlə mənim və həmin illərdə istər Gürcüstanda, istərsə də Azərbaycanda bizimlə bir yerdə olan insanların yaratdıqlarına, topladıqlarına əsaslanır.

Xatirimdədir, 16 il bundan öncə, həmin bu yaraşıqlı "Gülüstan" sarayını yenicə tikib qurtaranda burada, Bakıda ilk qəbul olmuşdu. O zaman biz bu salonda sizinlə yanaşı oturmuşduq. Mən bunu böyük xoşbəxtlik sayıram ki, 16 il keçəndən sonra da bir yerdəyik, həm də təkcə ona görə ki, biz xalqlarımıza yenidən gərəkli və lazımlı olmuşuq, həm Gürcüstanda, həm də Azərbaycanda öz üzərimizə böyük məsuliyyət götürmüşük. Dostluq və əməkdaşlığın keçmişdəki çox zəngin təcrübəsindən istifadə etməklə biz indi xalqlarımızı daha yüksək səviyyəyə qaldırmaq və xalqlarımız, ölkələrimiz arasında daha geniş əməkdaşlığa nail olmaq üçün əvvəlkindən də çox iş görə bilərik.

Buna görə də sizin gəlməyinizdən çox şadam. Çox məmnunam ki, biz bu gün bir çox məsələləri müzakirə edə bildik. Ümidvaram ki, sabah da, o birisi gün də sizinlə birlikdə yeni görüşlərin şahidi olacağıq və bu görüşlər gürcü və Azərbaycan xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcəkdir. Bütün dövrlərdə olduğu kimi, Azərbaycanda indi də Gürcüstana, gürcü xalqına çox böyük məhəbbət bəsləyirlər.

Bax, xalqımızın bu hissləri və özümün şəxsi hissləri ilə də mən müstəqil Gürcüstanın şərəfinə, gürcü xalqının şərəfinə, Gürcüstanın gələcək tərəqqisi şərəfinə, Azərbaycan xalqının böyük dostu, Gürcüstanın görkəmli oğlu, Gürcüstan prezidenti Eduard Amvrosiyeviç Şevardnadzenin şərəfinə, Gürcüstandan gəlmiş bütün qonaqlarımızın şərəfinə, gürcü və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın şərəfinə badə qaldırmağı təklif edirəm.
 
Sizin sağlığınıza!