Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiya Parlamenti Müşavirlər Palatasının sədri Sauto Cüro ilə görüşdəki söhbətindən - Tokio, 26 fevral 1998-ci il


Hörmətli sədr!

Müşavirlər Palatasının hörmətli üzvləri!

Sizin hamınızı səmimi-qəlbdən salamlayıram, məni mehribanlıqla qarşıladığınıza, göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Bu gün sizinlə görüşməyə çox şadam. Yaponiyaya uğurlu səfərimdən çox məmnun olduğumu bildirirəm.

Müstəqil Azərbaycanın Dünya Birliyində böyük nüfuz qazanması, xalqımız, Yaponiya-Azərbaycan əlaqələrinin inkişafı haqqında, şəxsən mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə sizə minnətdarlığımı bildirirəm. Nəzərinizə çatdırıram ki, Baş nazir cənab Haşimotonun dəvəti ilə Yaponiyaya rəsmi görüşə gəlməkdən məmnunam və səfərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsində böyük əhəmiyyət daşıdığını bildirirəm. Əlahəzrət imperator Akixito ilə, Baş nazir Haşimoto ilə görüşlərimə xüsusi əhəmiyyət verirəm. Keçirdiyim digər çoxsaylı görüşlərimi, parlamentdə apardığım danışıqları, Yaponiya parlamenti palatalarının sədrlərı ilə görüşlərimi yüksək qiymətləndirirəm. Nəzərə çatdırıram ki, Azərbaycan-Yaponiya əməkdaşlığının inkişaf etdirilməsində yeni mərhələ açan və xüsusi əhəmiyyət daşıyan sənədlərin imzalanmasını rəsmi səfərimin ən uğurlu nəticəsi hesab edirəm. Müstəqil Azərbaycan Respublikası iqtisadiyyatının dirçəldilməsində yaxından iştirak etməyə Yaponiya şirkətlərinin böyük maraq göstərməsindən razı qaldığımı bildirirəm. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi barədə müqavilələrin həyata keçirilməsində "İtoçu" və "Mitsui" şirkətləri müəyyən paya malikdir. Yaponiyanın 6 şirkətinin Bakıda nümayəndəliyinin fəaliyyət göstərməsindən məmnun qaldığımı bildirirəm.

"Böyük ipək yolu"nun bərpa edilməsinə Yaponiyanın böyük əhəmiyyət verməsini, Baş nazir Haşimotonun elan etdiyi və Zaqafqaziya, Mərkəzi Asiya dövlətləri ilə hərtərəfli münasibətlərin inkişaf etdirilməsini nəzərdə tutan doktrinanı yüksək qiymətləndirirəm. Asiyadan Avropaya uzanan həmin yolun üzərində yerləşən 33 ölkənin nümayəndələrinin və Avropa Birliyinin iştirakı ilə bu ilin may ayında Bakıda beynəlxalq konfrans keçiriləcəkdir. Əgər biz yığışıb bir çox vacib məsələləri həll etsək, "Böyük İpək yolu"nun imkanlarından hamılıqla bəhrələnə bilərik. Transavropa-Asiya dəhlizinin böyük perspektivləri vardır. Fəaliyyət göstərən bu dəhliz vasitəsilə Asiyadan Avropaya, Avropadan Asiyaya hər gün xeyli yük daşınır. Həmin dəhlizin fəaliyyətinin daha da canlandırılmasında Azərbaycan mühüm rol oynayır.

Bazar münasibətləri yolunu seçmiş Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və islahatların aparılması sahəsində böyük uğurlar əldə edilmişdir. Respublikamızın qapılarının dünya ölkələrinin iş adamları üçün açıq olduğunu, xarici şirkətlərin geniş fəaliyyət göstərməsindən ötrü Azərbaycanda hər cür şərait yaradıldığım bildirirəm. Respublikamız Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə sıx əlaqələr qurmuşdur. Azərbaycan iqtisadiyyatının Dünya Birliyi ilə sıx bağlanması sahəsində xeyli işlər görülmüşdür.

Bununla bərabər Azərbaycanda problemlər də var. Respublikamızın ən ağır və mürəkkəb problemlərindən biri Ermənistanla Azərbaycan arasındakı münaqişədir. Bildiyiniz kimi bu münaqişə 1988-ci ildən başlanıb. O vaxtdan bəri Ermənistan Azərbaycana qarşı hərbi təcavüz aparır. Bu təcavüz nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda çətin şəraitdə yaşayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar vəziyyəti xəritə üzərində nəzərinizə çatdırmaq istəyirəm. Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Lissabon zirvə görüşündə qəbul edilmiş üç əsas prinsipin böyük əhəmiyyəti vardır. Minsk qrupu həmsədrləri - Rusiya, ABŞ, Fransa da təkliflər irəli sürmüşlər. Münaqişənin siyasi yolla tezliklə aradan qaldırılmasına böyük səylər göstərən Azərbaycan həmsədrlərin təkliflərini əsas kimi qəbul etmişdir. Lakin Ermənistan tərəfi bu təklifləri qəbul etməkdən hələ də boyun qaçırır. Onlar istəyirlər ki, Dağlıq Qarabağ müstəqil olsun, lakin biz buna imkan verə bilmərik, çünki bu, beynəlxalq hüquq normalarına ziddir. Biz Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verməyə hazırıq. Münaqişənin sülh yolu ilə aradan qaldırılmasının, bölgədə sülhün və əmin-amanlığın bərpa edilməsinin zəruriliyini nəzərinizə çatdırmaq istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Yaponiya hökuməti və parlamenti təcavüzün aradan qaldırılması məsələsinə diqqəti artıracaqdır. Mənə göstərilən qonaqpərvərlik və diqqətə görə sizə bir daha minnətdarlığımı bildirirəm.