Azərbaycan Prezidenti Heydər Əliyevin Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyətini qəbul edərkən söhbətindən - 21 aprel 1999-cu il


Heydər Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Mən sizi salamlayıram və sizin Azərbaycanda görəcəyiniz işlərə uğurlar arzulayıram.

Sizin planlaşdırdığınız seminar bizim üçün çox əhəmiyyətlidir. Azərbaycan gənc demokratik, hüquqi dövlət kimi həyatımızın, dövlət quruculuğunun hər sahəsində demokratiyanın yaranmasını və inkişaf etməsini əsas fəaliyyət hesab edir. Biz son illər Avropa Şurasi ilə uğurlu əməkdaşlıq edirik və Azərbaycanda gördüyümüz işlərdə Avropa Şurasının tövsiyələrindən, məsləhətlərindən istifadə etməyə çalışırıq. Azərbaycanın Konstitusiya Məhkəməsi bu məsələlərdə xüsusi rol oynayır. Bu münasibətlə Azərbaycanın Konstitusiya Məhkəməsinin sizinlə birlikdə təşəbbüsü ilə bizim üçün çox mühüm bir mövzuya həsr olunmuş seminarın Azərbaycanda keçirilməsi də çox əhəmiyyətlidir. Seminarın mövzusu indi dünyada gedən bir sıra proseslərə görə çox əhəmiyyətlidir, vacibdir, maraqlıdır və Azərbaycan üçün bunun xüsusi əhəmiyyəti vardır. Biz ümid edirik ki, sizin seminarınız bu problemin, yəni muxtariyyətin statusuna aid problemin doğru, düzgün və beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşması üçün çox əhəmiyyətli olacaqdır. Buyurun.

Canni Bukkikio: Cənab prezident, icazə verin, qiymətli vaxtınızı sərf edib bizi qəbul etdiyiniz üçün mən hər şeydən əvvəl həm öz adımdan, həm də həmkarlarım adından Sizə dərin minnətdarlığımızı bildirim. Bu salonu hamı tanıyır və demək olar ki, o, mənim üçün də tanışdır. Ona görə ki, mən özüm şəxsən Sizin tərəfinizdən bu salonda dörd dəfə qəbul edilmək şərəfinə nail olmuşam. Sonuncu dəfə Sizi bu salonda keçən ilin sentyabrında görmək səadətinə nail olmuşam. Bu, elə dövr idi ki, Azərbaycanda Konstitusiya Məhkəməsi təzəcə yaranmışdı və mən də bu Konstitusiya Məhkəməsinin yaranmasında, andiçmə mərasimində iştirak etmişəm. Biz bir neçə aydan sonra indi yenidən Bakıdayıq. Ötən dövr ərzində böyük dəyişikliklər baş verdiyini və Konstitusiya Məhkəməsinin möhtəşəm bir binada yerləşdiyini gördük. Bu gün o, Azərbaycan üçün çox vacib olan məsələlərlə məşğuldur. Hətta bu dövr ərzində Konstitusiya Məhkəməsi çox mühüm qərarlar qəbul etmişdir ki, bu da beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Əlbəttə, bütün bunlar xüsusilə Sizin dəstəyinizlə həyata keçmişdir.

Biz bunu hər dəfə görüşümüzdə də qeyd etmişik. Ümumiyyətlə, Konstitusiya Məhkəməsinə dövlətin dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi ölkədə, dövlətdə demokratiyanın sabitliyinin bir təminatçısıdır. Eyni zamanda, Konstitusiya Məhkəməsi dövlətin, ölkənin, cəmiyyətin demokratiyasının inkişaf etməsinin bir növ vitrinidir. Qeyd etməliyəm ki, Konstitusiya Məhkəməsinin hüquqi fəaliyyəti xaricdə də yüksək qiymətləndirilir və beləliklə, Sizin dövlətinizin nüfuzunu yüksəldir.

Siz qeyd etdiyiniz kimi, bizim bu dəfəki gəlişimiz çox mühüm, vacib və aktual məsələlərin - muxtariyyət məsələsinin müzakirəsinə həsr ediləcəkdir. Ona görə mən deyirəm ki, bu mövzu çox aktualdır. Biz bunu öyrənəcəyik. Çünki bu gün dünyada belə bir proses müşahidə olunur: bu proses bir növ mərkəzdənqaçma qüvvəsinin güclü olmasından ibarətdir. Başqa sözlə desəm, bölgələşmə, yaxud muxtariyyətə daha çox fikir, diqqət yetirilməsi və canatma prosesini qeyd etmək istərdim. Misal üçün, Avropa qitəsində İspaniya və İtaliya kimi ölkələri də buna nümunə gətirmək olar. Qeyd etdiyim kimi, bu, çox aktual məsələdir. Ona görə ki, bizim yaşadığımız dövr çox çətin, mürəkkəb dövrdür. Misal üçün, Yuqoslaviyada baş verən hadiəsləri nümunə gətirə bilərəm.

Çox təəssüflər olsun ki, muxtariyyət məsələləri adətən münaqişə yaranıb ortaya çıxandan sonra qarşımızda dayanır. Ona görə də bu məsələlərə yanaşmaqda əsas məqsəd odur ki, münaqişə yaranmazdan əvvəl qarşısı alınsın. Xüsusilə, ərazi zəminində baş verən münaqişələrdən söhbət gedir. Əsas vəzifələrdən biri də münaqişələrin qarşısını əvvəlcədən almaqla, tərəfləri bir-birinə yaxınlaşdırmaqla onları barışdırmaq, üzə çıxan iki qlobal məsələni bir-biri ilə uyğunlaşdırmqdır.

Bunlardan birincisi, ərazi zəminində ayrılma cəhdləri və ərazi bütövlüyünün saxlanmasıdır. Bizim qarşımızda müvafiq yerli qanunlara uyğun olaraq xüsusi status hazırlamaq məsələsi durur. Xüsusi statusun hazirlanması mövcud tərəfləri bir-biri ilə birləşdirib münaqişənin həllinə nail olmaq məqsədini daşıyır. Bu məsələ hazırda Yuqoslaviya üçün də çox aktualdır.

Venesiya Komissiyası Bakıya gəlməzdən əvvəl, yəni ötən ilin axırlarında Kosovo problemi ilə bağlı məsələyə ərazi baxımından yanaşaraq muxtariyyət statusu hazırlamışdır. Amma qeyd etmək lazımdır ki, Venesiya Komissiyasının nə siyasi çəkisi, nə də siyasi rolu vardır. Buna görə də əlaqə qrupu səfir Kirin etdiyi təklifə əsasən onun fikirlərini daha da genişləndirmək və formlaşdırmaqla məşğul olur. Bundan sonra Venesiya Komissiyası bu münaqişənin ətrafında gedən söhbətlərdə və Fransada, Rambuyedə keçirilən danışıqlarda da iştirak etdi. Danışıqlar prosesində Venesiya Komissiyası münaqişənin həlli üçün irəli sürülən təklifləri yaxşılaşdırmaq, yəni məsələnin həllini yüksək səviyyədə nizama salmaq üçün əlindən gələni etdi. Bu məsələdə Venesiya Komissiyasının əsas səyləri ondan ibarət oldu ki, irəli sürülən təkliflərin Avropa qitəsi nöqteyi-nəzərindən həllinə çalışsın. Danışıqlar nəticəsində biz elə bir muxtariyyət statusu hazırlamışdıq ki, o, az qala hər iki tərəfdən qəbul ediləcəkdi. Lakin bədbəxtlikdən, hadisələrin sonunda bir tərəf bunu rədd etdi.

Mənim fikrimcə, Avropa qitəsi bu münaqişələrin həllində daha vacib rol oynamalıdır. Çünki bu, Avropa münaqişələridir. Həm Avropa Şurası, həm də Venesiya Komissiyası bu məsələlərlə müəyyən mənada məşğul olduqları üçün bundan sonra belə münaqişələrin həllinin axtarılması yolunda daha yaxından, fəal iştirak etmək fikrindədir.

Venesiya Komissiyası həm də "Demokratiya uğrunda Avropa Komissiyası" adlanır. Lakin proseslərin inkişafını nəzərə alıb bunu başqa cür, yəni "demokratiya vasitəsilə sülh uğrunda Avropa Komissiyası" adlandırsaydıq, daha yaxşı olardı. Ona görə ki, bu məsələlərin və münaqişələrin həlli bir tərəfdən siyasi xarakter daşıyırsa, digər tərəfdən bunun hüquqi xarakteri vardır və bunları hər iki yol ilə həll etmək mümkün olsa, onda Avropa qitəsində sülh tamamilə bərpa olunar.

Cənab prezident, mən deməliyəm ki, Sizin fəaliyyətiniz bütünlüklə sülh uğrunda fəaliyyətdir. Mən son zamanlar mətbuatda oxumuşam ki, Siz "Atatürk Beynəlxalq Sülh Mükafatı"na layiq görülmüsünüz və bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.

Siz tezliklə NATO-nun 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına gedəcəksiniz. Mən bununla maraqlanaraq mətbuat vasitəsilə öyrənmişəm ki, Sizin orada mühüm danışıqlarınız olacaqdır. Xüsusilə orada Sizi bu qədər narahat edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mühüm səylər göstərəcəksiniz.

Cənab prezident, mən Sizi əmin edirəm ki, həm Avropa Şurası, həm də Venesiya Komissiyası qarşınızda duran bu çətin məsələnin həllində Sizə həmişə dəstək verməyə, kömək etməyə hazırdır.

Cənab prezident, icazə verin, ürəyimdən gələn bir fikrimi də Sizə çatdırım: Sizi fiziki cəhətdən belə gözəl formada gördüyüm üçün çox şadam və Sizə daha da möhkəm cansağlığı arzulayıram.

Heydər Əliyev: Sağ olun. Təşəkkür edirəm. Azərbaycan haqqında, xüsusən Azərbaycanın Konstitusiya Məhkəməsi haqqında dediyiniz xoş sözlərə görə təşəkkür edirəm. "Atatürk Beynəlxalq Sülh Mükafatı" münasibətilə məni təbrik etdiyinizə görə də təşəkkür edirəm.

Sizin verdiyiniz məlumatlar mənim öncə dediyim fikirləri bir daha təsdiq edir ki, burada aparacağınız seminar, görəcəyiniz işlər bütün dünya üçün, Dünya Birliyi üçün çox əhəmiyyətlidir. Həqiqətən, son illər dünyada separatizm meylləri çox inkişaf edibdir, genişlənibdir. Dünyanın bir çox bölgələrində, o cümlədən Avropada separatistlərin hərəkətlərinin və bunların bəzilərinin hərbi münaqişələrə gətirib çıxarmasının şahidiyik. Bilirsiniz ki, biz özümüz bu separatçılıq hərəkətlərindən - Azərbaycanda, Dağlıq Qarabağda yaranmış separatçılıq hərəkətlərindən və bunun nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin baş verməsindən 10 ildən artıqdır əziyyət çəkirik.

1988-ci ildən Ermənistanla Azərbaycan arasında başlanmış müharibəni biz 1994-cü ilin may ayında dayandırdıq və atəşkəs haqqında saziş imzaladıq. Beş ilə yaxındır ki, biz məsələnin sülh yolu ilə həll olunması və Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi işi ilə məşğuluq. Ancaq Dağlıq Qarabağın, erməni separatçıları və onlarla birlikdə Ermənistan dövləti təəssüflər olsun ki, məsələnin sülh yolu ilə həllinə normal münasibət göstərmirlər.

1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə məsələnin sülh yolu ilə həlli üçün prinsiplər müəyyən olunmuşdur. Bu prinsiplərdən biri də Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarə statusu verilməsidir. Biz belə bir statusu təqdim edirik. Ancaq Ermənistan tərəfi bunu qəbul etmir, çünki onlar əvvəldən də, indi də Dağlıq Qarabağa yalnız müstəqillik statusu əldə etmək istəyirlər.

Təbiidir ki, biz buna razı ola bilmərik. Eyni zamanda Dünya Birliyi də, beynəlxalq hüquq normaları da, ATƏT-də bununla razı olmamalıdır. Çünki hər bir separatçı qüvvə öz hərəkətləri nəticəsində, yaxud hərbi münaqişə meydana çıxandan sonra özünə müstəqillik əldə etmək istəsə, dünyadakı dövlətlər dağılacaqdır. Məsələn, görürsünüzmü, Yuqoslaviya, Kosovo hadisələri dünyada böyük bir münaqişənin yaranmasına gətirib çıxardı. Burada nə Yuqoslaviya hökumətinə, nə də Kosovo albanlarına bəraət qazandırmaq olmaz. Yuqoslaviyanın tərkibində Kosovonun muxtariyyəti on illərlə olubdur. Amma Yuqoslaviya hökuməti, Miloşeviç ədalətsiz olaraq bu muxtariyyəti lığv edibdir. Nəticədə müharibə başlayıb, indi Kosovo daha muxtariyyət yox, müstəqillik istəyir.

Təbiidir, biz belə fikirdəyik və ümumiyyətlə, beynəlxalq hüquq normaları tələb edir ki, hər bir ölkənin, hər bir dövlətin ərazi bütövlüyü dəyişməz olmalıdır. Bu baxımdan biz Yuqoslaviyanın ərazi bütövlüyünü müdafiə edirik. Amma eyni zamanda Yuqoslaviya hökuməti, Miloşeviç tərəfindən Kosovoda etnik təmizləmə aparılmasına da tam etiraz edirik. Bu, yolverilməzdir.

Görürsünüz, bəzən muxtariyyət olanda bu hüquqdan istifadə edən insanlar buna qane olmurlar, bundan artığını istəyirlər. Bəzən də ölkələr ayrı-ayrı xalqların muxtariyyət hüquqlarını pozaraq belə qanlı münaqişələrə gətirib çıxarırlar. Azərbaycanda Dağlıq Qarabağın muxtariyyəti 1923-cü ildən mövcud olubdur. Amma 1988-ci ildə Dağlıq Qarabağ erməniləri bu muxtariyyət statusuna sığışmayaraq ya Dağlıq Qarabağa müstəqillik əldə etmək, yaxud da onu Ermənistana birləşdirmək cəhdləri göstərmişlər. Bu da müharibəyə, qanlı münaqişəyə gətirib çıxarıbdır.

Ona görə də biz sizin fəaliyyətinizi çox yüksək qiymətləndiririk. Hesab edirik ki, bütün bu axtarışların, müzakirələrin nəticəsində muxtariyyət modeli yaratamağınız və bunu Avropa Şurası vasitəsilə bütün ölkələrə tətbiq etməyiniz bu münaqişələrin sülh yolu ilə həll olunmasına, o cümlədən bizə də çox kömək edəcəkdir.

Biz Dağlıq Qarabağa özünüidarə statusu vermək üçün müəyyən təkliflər irəli sürmüşük. Ancaq onlar hər dəfə deyirlər ki, bu səlahiyyətlər, - hansılar ki, özünüidarəetmə çərçivəsində verilə bilər, ondan artıq verilə bilməz, - guya yetərli deyildir. Ona görə biz arzu edərdik ki, siz, Avropa Şurası muxtariyyətin ən yüksək statusunun, yəni yüksək dərəcəsinin sərhədini, həddini müəyyənləşdirəsiniz və onu da Dünya Birliyi üçün, hər halda Avropa ölkələri üçün bir model kimi təqdim edəsiniz. Biz arzu edirik ki, sizin bu axtarışlarınız nəticəsində, Azərbaycanda keçirəcəyiniz seminar nəticəsində, gördüyünüz işlər nəticəsində belə bir xeyirli təkliflər meydana çıxsın. Siz bununla bizə kömək etmiş olarsınız.

Təkcə bizdə yox, məsələn, qonşu Gürcüstanda da bu problemlər var. Qonşu Rusiyada, Moldovada da bu problemlər var. Bu məsələ indi çox aktual xarakter daşıyır.

Canni Bukkikio: Cənab prezident, icazə versəydiniz, mən çox kiçik bir replika verərdim. Siz danışanda bir daha, yenidən xatırladım - indi Sizin qeyd elədiyiniz problemlərin hamısı haqqında əvvəllər də çox dərindən düşünürdüm. Yəni başqa yerlərdə - Osetiyada, Moldovada və digər yerlərdə olan problemlər haqqında düşünürdüm. Bu halların hamısında bizim gəldiymiz nəticə odur ki, hər bir xüsusi hal üçün ayrıca muxtariyyət modeli hazırlamaq lazımdır. Bu, ümumiyyətlə, mümkün məsələdir. Ümumi bir modelin hazırlanmasına gəldikdə isə, əlbəttə, həm Moldovada, həm Dağlıq Qarabağda, həm Çeçenistanda, həm Abxaziyada tətbiq edilə biləcək belə model mümkün deyildir. Bu, ümumiyyətlə, özünü doğrultmaz. Yəni bu elə məsələdir ki, hər yerin təmsilçisi, necə deyərlər, o yerin özünəməxsus paltarını geyinməlidir.

Ümumiyyətlə, dünya praktikasında müəyyən ərazi muxtariyyəti modelləri mövcuddur. Dediyim kimi, onların hər biri öz yerlərinin xüsusiyyətlərini özündə cəmləşdiribdir. Belələri Braziliyada, Hollandiyada, İtaliyada və başqa yerlərdə var. Bu modellərin hamısı xüsusi vəziyyətlərə uyğunlaşdırılmalıdır.

Cənab prezident, elə bu baxımdan da mən bayaq Siz dediyiniz fikirlərə müvafiq olaraq demək istəyirəm ki, biz Kosovo münaqişəsinin həlli ilə bağlı danışıqlarda, muxtariyyət modelinin hazırlanmasında iştirak etmişik. İndi də tamamilə Sizin ixtiyarınızdayıq və bayaq dediyim kimi, Dağlıq Qarabağ üçün də müəyyən muxtariyyət modelinin hazırlanmasında iştirak edə bilərik, buna tamamilə hazırıq. Əlbəttə, bəri başdan deyim ki, statusun hazırlanması ilk növbədə Azərbaycanın ərazi bütövlüyü prinsipi və Lissabon bəyannaməsinin prinsipləri çərçivəsində olmalıdır. Biz Naxçıvan Muxtar Respublikasının statusunu öyrənmişik. Bizim xəbərimiz var və nəzərinizə çatdırmaq istəyirik ki, hətta Gürcüstan rəhbərliyi də bizə müraciət etmək istəyir ki, Abxaziya, Cənubi Osetiya məsələlərinə dair fikirlərimizi cəmləşdirib onlara çatdıraq. Bu baxımdan demək istəyirəm ki, Sizin ixtiyarınızdayıq və münaqişələrin həlli üçün əlimizdən gələn köməyi etməyə hazırıq.

Heydər Əliyev: Sağ olun, elə bizə də bu lazımdır. Əgər siz Dağlıq Qarabağın muxtariyyət, yaxud da özünüidarə statusu haqqında təklif verə bilsəniz ki, biz bunu tətbiq edə bilək, Ermənistanla razılaşdıra bilək - bu, böyük hadisə olardı. Sizin verdiyiniz təklif bəlkə də bizə kömək edər ki, Ermənistanla məsələni həll edə bilək. Çünki biz özünüidarə sahəsində nə təklif ediriksə, onlar qəbul etmirlər. Amma siz Venesiya Komissiyası, Avropa Şurasının bir hissəsi kimi bunu təşkil etsəniz və qəbul olunması haqqında təkidlə öz fikirlərinizi desəniz, bizə çox böyük kömək olardı. Sizin işlərinizə uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 22 aprel 1999-cu il.