Azərbaycan Respublikası Prezidentinin bəyanatı - 30 sentyabr 1994-cü il


Əziz həmvətənlər!

Doğma respublikamızın müstəqillik yolundakı uğurlu addımları daxildən və xaricdən olan bəzi düşmənlərimizin açıq təxribatlarına səbəb olmuşdur. Sentyabrın 29-da görkəmli dövlət xadimləri - Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov və respublika xüsusi idarəsinin rəisi Şəmsi Rəhimov vəhşicəsinə qətlə yetirilmişlər. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah onlara rəhmət eləsin!

Şübhəsiz ki, bu terrorçuluq aktları son vaxtlar Azərbaycanın müstəqilliyi əleyhinə yönəldilmiş cinayətlərin yeni bir həlqəsidir. Son vaxtlar bir sıra ağır cinayətlər törətmiş, bu yaxınlarda isə dövlət əleyhinə xəyanətdə ittiham edilən dörd dustağın təcridxanadan qaçırılmasına nail olmuş bu qüvvələr respublikada ictimai-siyasi sabitliyi pozmaq, süni qarşıdurma və vahimə əhval-ruhiyyəsi yaratmaq, son nəticədə ölkəni siyasi və iqtisadi müstəqillik yolundan döndərmək üçün ən çirkin üsullara əl atırlar. Bu, həm də Azərbaycan Respublikasının hərbi təcavüzə qarşı apardığı mübarizəni zəiflətməyə yönəldilmişdir.

Öz suverenliyini qorumaq üçün kifayət qədər küçə və hər cur imkanlara malik olan Azərbaycan dövləti bu cur satqın və xəyanətkar hərəkətlərin qarşısını almaq üçün lazım olan ən qəti tədbirlər görəcəkdir.

Əziz həmvətənlər! Bu çətin sınaq günlərində hər birinizə möhkəm dəyanət, vətəndaşlıq qeyrəti, sarsılmaz iradə arzulayır və sizi əmin edirəm ki, tutduğumuz haqq yolundan bizi heç bir qüvvə döndərə bilməyəcəkdir.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Amerika Birləşmiş Ştatları, Nyu-York şəhəri.

Tarixi arayış