MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı - 24 dekabr 1993-cü il


Ermənistan Respublikasının Azərbaycana qarşı təxminən 6 il davam edən təcavüzü Azərbaycan xalqına saysız-hesabsız müsibətlər gətirmişdir.

SSRİ dağıldıqdan və həm Azərbaycan, həm də Ermənistan müstəqillik qazandıqdan sonra münaqişə dövlətlərarası hərbi münaqişəyə çevrilmişdir.

Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan ərazisinin 14,0 min kvadrat kilometrə qədərini işğal etmişdir. Bunun 9,0 min kvadrat kilometri Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənardadır. Onu da qeyd etmək lazımdır ki, erməni silahlı birləşmələri Dağlıq Qarabağın ərazisini tam nəzarət altına aldıqdan sonra təcavüzkar əməllərini ardıcıl surətdə genişləndirərək onun hüdudlarından kənarda Azərbaycan Respublikasının Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını və Qazax rayonunun bir hissəsini işğal etmişlər. Hərbi əməliyyatlar zamanı dinc əhali kütləvi surətdə qırılır, işğal olunmuş ərazilərdə etnik təmizləmə aparılır və dağıntılar törədilir.

Azərbaycana qarşı təcavüz başlayandan indiyədək 18 mindən çox adam öldürülmüş, 50 minədək adam yaralanmış və ya şikəst olmuş, 4 min nəfər əsir düşmüş, yaxud girov götürülmüş, 1 milyonadək azərbaycanlı ev-eşiyini itirmiş, 100 mindən çox yaşayış tikilisi, 1 mindən çox iqtisadi obyekt, 600-dən çox məktəb və tibb müəssisəsi yandırılmış, talan edilmiş və dağıdılmışdır; yüz milyonlarla dollar dəyərində şəxsi əmlak və dövlət əmlakı, maddi sərvətlər işğal olunmuş ərazilərdən Ermənistana daşınır. Bütün bunlar Azərbaycanda böhranlı vəziyyət yaratmışdır.

Böyük təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, 1993-cü ilin sentyabrında Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinin tam hüquqlu üzvü olduqdan və Kollektiv Təhlükəsizlik haqqında müqaviləyə qoşulduqdan sonra Ermənistan Respublikası öz təcavüzünü nəinki dayandırmamış, əksinə, hərbi əməliyyatlar daha geniş miqyas almışdır. Atəşkəs haqqında əldə edilmiş razılığa baxmayaraq, əvvəllər işğal olunmuş Laçın, Kəlbəcər, Ağdam rayonlarına və Qazax rayonunun bir hissəsinə bu ilin oktyabr-noyabrında Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən zəbt edilmiş Azərbaycanın Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları da əlavə edilmişdir. Bununla da təcavüzkar Azərbaycanın İran İslam Respublikası ilə dövlət sərhədinə çıxaraq MDB-nin cənub hüdudlarında təhlükəli gərginlik ocağı yaratmış, münaqişənin beynəlmiləl xarakter alması qorxusu törətmişdir.

300 mindən çox əhalinin yaşadığı rayonların 1993-cü ilin oktyabrında işğal edilməsini Azərbaycan xalqı həm də ona görə çox ağır qarşılamışdır ki, bu hadisə Azərbaycan MDB-yə daxil olduqdan və Kollektiv Təhlükəsizlik haqqında müqaviləyə qoşulduqdan sonra baş vermişdir. Deməli, Ermənistan Respublikası təkcə Azərbaycan Respublikasına qarşı təcavüz etmir, həm də indi bizim birliyimizi birləşdirən prinsiplərə tam saymazlıq nümayiş etdirir.

MDB-nin üzvü və Kollektiv Təhlükəsizlik haqqında müqavilənin iştirakçısı olan Ermənistan Respublikasının başqa dövlətə, birliyin onun kimi tam hüquqlu üzvü olan dövlətə - Azərbaycan Respublikasına qarşı təcavüz etməsi yolverilməzdir.

Son günlər baş verən hadisələr Ermənistanın təcavüzkarlıq məqsədlərini bir daha təsdiq edir. Təcavüzkarın silahlı qüvvələrinin Beyləqan istiqamətində - bütün yol boyu əvvəllər işğal edilmiş rayonların dinc sakinlərinin yerləşdirildiyi istiqamətdə Azərbaycan ərazisinin içərilərinə soxulmaq cəhdi münaqişənin yeni, daha qanlı şəkildə uzanması təhlükəsi yaradır. Döyüş əməliyyatlarının genişlənməsini belə bir fakt da göstərir ki, düşmən hücum zamanı onlarca tankdan, reaktiv və ağır artilleriyadan istifadə edir.

Ermənistan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏM-in, Rusiyanın, Qazaxıstanın vasitəçilik səylərinə məhəl qoymayaraq, özünün həqiqi rolunu - birbaşa təcavüz edən ölkə rolunu ört-basdır etmək məqsədilə bizi Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanımağa təhrik etməyə çalışır. Həqiqətdə isə Dağlıq Qarabağ bölgəsində yaşayan və elə bir ehtiyatı olmayan 100 mindən bir qədər çox erməni 7 milyonluq əhalisi olan ölkəyə qarşı geniş miqyaslı hərbi əməliyyatlar apara və onun ərazisinin 20 faizini işğal edə bilməz. Respublikanın Dağlıq Qarabağ bölgəsinin 50 min azərbaycanlı əhalisinin hüquqlarını inkar etməyə cəhd göstərilir. Etnik təmizləmə nəticəsində onlar Şuşa, Xocalı, Xocavənd, Hadrut və Ağdərə rayonlarından tamamilə qovulmuşlar.

Təəssüflər olsun, son dövrün təcrübəsi göstərir ki, qətiyyətsizlik, tərəddüdlük, təcavüzkarın mənafeyi ilə onun qurbanlarının mənafeyi arasında tamamilə yolverilməz olan tarazlıq yaratmaq nəinki təcavüzkara münasibətdə səhlənkarlıqdır, həm də bütün Qafqaz regionunda əmin-amanlığı sarsıtmaq və münaqişənin MDB sərhədlərindən kənara genişlənməsi qorxusu törədir. Bütün bunlar Kollektiv Təhlükəsizlik haqqında müqavilə imzalamış MDB ölkələrindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün səbəblərinə və onun nəticələrinə ciddi yanaşmağı tələb edir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, baş verən hadisələr təkcə bizim regiona deyil, həm də bütün MDB məkanına aiddir.

Bu məqsədlə biz bütün MDB məkanında siyasi vəziyyətin sabitləşdirilməsinə yönəldilmiş ikitərəfli və çoxtərəfli sazişlər sisteminin ekspertlər səviyyəsində işlənib hazırlanmasını təklif edirik. Həmin düzəlişlər faktiki olaraq aşağıdakıları təmin edir:

- MDB üzvü olan dövlətlərimizin hər birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması və bunlara hörmət edilməsi. Birinci mərhələ kimi, sərhədlərin, məsələn, Orta Asiya, Zaqafqaziya və s., qarşılıqlı surətdə tanınması haqqında regional sazişlər bağlamaq zəruridir;

- dövlətlərimizdəki milli azlıqların təhlükəsizliyini, hüquq və azadlıqlarını; bu, separatçılığa və davakar millətçiliyə qarşı möhkəm sədd çəkəcəkdir.

Ermənistan Respublikasının bu cür hərəkətlərinə qarşı etirazımı bildirərək dövlət başçılarına təkidli çağırışla müraciət edirəm:

1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə siyasi qiymət versinlər;

2. Ermənistan Respublikasından Azərbaycan Respublikasına qarşı hərbi əməliyyatları dayandırmağı qətiyyətlə tələb etsinlər;

3. Ermənistan Respublikası silahlı qüvvələrinin bütün bölmələrini Azərbaycan Respublikasının ərazisindən dərhal çıxarmağa;

4. Ermənistan Respublikasından hərbi əməliyyatlara yenidən başlamamağa möhkəm siyasi təminat verməyi tələb etsinlər. Bunsuz qaçqınların və köçkünlərin öz yerlərinə təhlükəsiz qayıtmaları mümkün deyildir;

5. Maddi zərərin müəyyənləşdirilməsi və işğalçıların Azərbaycan ərazisində törətdikləri cinayətkar əməllərə qiymət verilməsi üzrə qiymətləndirilməsinə dair MDB üzvü olan dövlətlərin nümayəndələrindən ibarət xüsusi komissiya yaratsınlar.

Həmin təkliflər əməli surətdə həyata keçirilmədən sülh bərqərar olmayacaq, qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlıq üçün şərait yaranmayacaq, bunsuz isə nə tərəqqi, nə demokratiya, nə də hətta bizim birliyimizin yaşaması mümkün deyildir.

Biz, həmçinin Kollektiv Təhlükəsizlik haqqında müqavilənin mətninə Birliyin təhlükəsizliyi üçün qorxu törədən indiki və gələcəkdə ola biləcək vəziyyətlərə təcili surətdə münasibət bildirməyin mexanizminin yaradılmasına yönəldilmiş düzəlişlər vermişik. Bizim qəti inamımız belədir ki, Birlik dövlətlərinin təhlükəsizliyi xarici sərhədlərin təhlükəsizliyindən daha çox ümumi evimizdə sülh və sabitlik olmasından asılıdır.

"Azərbaycan" qəzeti, 25 dekabr 1993-cü il.