Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan parlamentinin deputatları ilə görüşdə nitqi - 23 mart 2000-ci il


Zati-aliləri Gürcüstan prezidenti Eduard Şevardnadze!

Zati-aliləri Gürcüstan parlamentinin sədri Zurab Jvaniya!

Hörmətli deputatlar, əziz dostlar!

Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram və dost, qardaş Gürcüstanın parlamentində yenidən çıxış etmək imkanı əldə etməyimdən çox məmnun olduğumu bildirirəm.

Xatırlayıram, dörd il bundan öncə mən Gürcüstana ilk rəsmi səfərə gəldiyim zaman sizinlə birlikdə burada, parlamentdə olmuşdum və mənə sizin qarşınızda nitq söyləmək nəsib olmuşdu. Bu gün, dörd il keçəndən sonra və arxada qalmış illərə nəzər salanda qətiyyətlə demək olar ki, Gürcüstan və Azərbaycan tarixi nöqteyi-nəzərdən bu qısa zamanda öz dövlət müstəqilliyini möhkəmləndirib, yüksəldib və artıq bizim dövlətlərimiz tam müstəqil, suveren, azad və güclü dövlətlərə çevriliblər.

Bizim xalqlarımız qədim zamanlardan qonşuluqda yaşayaraq bir-biri ilə dost, qardaş olmuşlar. Gürcüstan və Azərbaycan xalqlarının bu dostluğu, demək olar ki, dünyada nümunədir. İndi, Gürcüstan da, Azərbaycan da dövlət müstəqilliyini əldə edəndən sonra biz - yəni dövlət, hökumət başçıları, parlament sədrləri müxtəlif ölkələrə səfərlər edirik və bizim ölkələrə rəsmi səfərlərə nümayəndə heyətləri gəlir. Adətən belə səfərlər zamanı və xarici ölkələrin nümayəndələrini qəbul edən zaman biz bir-birimizlə tanış oluruq, əlaqə qururuq və ziyarət etdiyimiz ölkələr çox vaxt bizim üçün tamamilə yeni ölkələr olur.

Ancaq Gürcüstan-Azərbaycan əlaqələri bunlardan tamamilə fərqlidir. Ona görə ki, bizim üçün bir-birimizi tanımağa, bir-birimizin ölkələri ilə tanış olmağa və bir-birimizi öyrənməyə ehtiyac yoxdur. Biz qədim zamanlardan bir-birimizi tanıyırıq, hər birimiz qədim zamanlardan digər ölkəni yaxşı bilirik və artıq qədim zamanlardan dostluq, qardaşlıq əlaqələri saxlayırıq. Ancaq, təbiidir ki, burada fərq də var. O da ondan ibarətdir ki, artıq biz müstəqil dövlətlərik, azad xalqlarıq və bu səfərlər, görüşlər zamanı qədim köklərə malik olan dostluq əlaqələrimiz əsasında öz müstəqil dövlətlərimizin inkişaf etməsi, böyüməsi, irəliləməsi və müstəqil dövlətlər kimi sıx əməkdaşlıq etməsi məsələlərini ətraflı müzakirə edirik.

Məhz buna görə də mənim bu rəsmi səfərim zamanı - əziz dostum, qardaşım, prezident Şevardnadzenin dəvəti ilə Gürcüstana rəsmi səfərim zamanı dünən biz ölkələrimiz arasında əlaqələri bir daha müzakirə etdik, təhlil etdik və onların bütün sahələrdə inkişaf etməsi üçün yeni tədbirlərin həyata keçirilməsini müəyyən etdik. Bunların hamısı da bizim imzaladığımız sənədlərdə və xüsusən Gürcüstan və Azərbaycan prezidentlərinin birgə bəyanatında öz əksini tapdı. Dünən bizim imzaladığımız birgə bəyanat ötən illərdə gördüyümüz işlərə yekun vurub və Gürcüstan-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin bugünkü səviyyəsini əks etdiribdir. Bunun da əsas mənası ondan ibarətdir ki, bizim müstəqil dövlətlərimiz arasındakı əlaqələr indi dostluq, sıx əməkdaşlıq və strateji tərəfdaşlıq xarakteri daşıyır.

Mən dünənki danışıqlarımızdan və imzaladığımız sənədlərdən əldə etdiyimiz nəticələrdən həddən ziyadə məmnunam və buna görə, mənə - Azərbaycan prezidentinə və Azərbaycanın nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə, dostluq münasibətinə görə dostum, qardaşım Eduard Şevardnadzeyə və sizin hamınıza dərin təşəkkürümü bildirirəm.

Dövlət müstəqilliyimizi əldə edəndən sonra Gürcüstan-Azərbaycan əlaqələrinin bu qədər sürətlə inkişaf etməsində, təbiidir ki, Gürcüstanın və Azərbaycanın parlamentinin də fəaliyyəti yüksək qiymətə malikdir. Gürcüstan parlamenti ilə Azərbaycan parlamenti arasında olan əlaqələr bizim xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini və iki ölkənin prezidentləri arasında olan dostluq, qardaşlıq əlaqələrini tamamilə əks etdirir. Buna görə də Gürcüstan-Azərbaycan əlaqələrinin inkişaf etməsində göstərdiyiniz xidmətlərə görə, hörmətli dostlar, bu gün mən sizə - Gürcüstan parlamentinin deputatlarına təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Sizin parlament yaxın vaxtlarda keçirilmiş, demokratik yolla aparılmış seçkilərdə yaranmış yeni parlamentdir. Seçkilərdə əldə etdiyiniz uğurlara görə və müstəqil Gürcüstanın parlamentinin deputatı seçildiyinizə görə sizi - deputatların hər birini təbrik edirəm. Dost kimi ümidvar olduğumu bildirmək istəyirəm ki, yeni parlament Gürcüstanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, qanunvericiliyinin inkişaf etdirilməsində və gürcü xalqının müstəqillik yolu ilə inamla getməsində öz xidmətlərini göstərəcəkdir.

Dövlət müstəqilliyi əldə edildikdən sonra bu səkkiz il müddətində demək olar ki, Azərbaycan ilə Gürcüstanın keçdiyi yol, qarşılaşdıqları problemlər eynidir. Siz də, biz də dövlət müstəqilliyimizi əldə etdikdən sonra çox böyük çətinliklərlə - ölkələrimiz daxilində ictimai-siyasi sabitliyin pozulması, xaos, vətəndaş müharibəsinin başlanması; xalqlarımızın, ölkələrimizin hərbi münaqişələrə cəlb edilməsi; müstəqillik yolu ilə getməyimizə maneçilik törədən müxtəlif daxili və xarici maneələr və s. çox ağır və çətin problemlərlə qarşılaşdıq.

Gürcüstan da, Azərbaycan da bu səkkiz ili məhz belə çətinlikləri yara-yara keçmişdir. Ancaq bu gün biz xoşbəxtik ki, qarşıya çıxan bütün çətinliklərin öhdəsindən gələ bildik, ölkələrimizin müstəqilliyini qoruyub saxlaya bildik və müstəqillik yolu ilə inamla irəliyə gedirik.

Müstəqillik əldə edəndən sonra Gürcüstan xalqının qazandığı nailiyyətlər, uğurlar dost, qardaş ölkə kimi bizi həmişə sevindiribdir. Biz bütün bunları çox mehribanlıqla həmişə izləmişik və əldə etdiyiniz nailiyyətlər münasibətilə bu gün mən sizi böyük dostluq hissi ilə təbrik edirəm. Bu, gürcü xalqının iradəsini, öz milli azadlığını yüksək qiymətləndirməsini nümayiş etdirir, gürcü xalqının dövlət müstəqilliyini, milli azadlıq yolu ilə inamla getməsini nümayiş etdirir. Sizin iradəniz, öz xalqınıza, öz vətəninizə sədaqətiniz, bundan sonra da müstəqilliyinizi qorumaq əzminiz bizdə böyük fərəh hissi doğurur və dost, qonşu ölkə kimi biz bunu yüksək qiymətləndiririk.

Bütün bunlar gürcü xalqının iradəsinin nəticəsidir. Bütün bunlar Gürcüstanın mütəfəkkir insanlarının, müstəqillik uğrunda çalışan siyasi xadimlərinin nailiyyəti, xidmətidir. Bütün bunların əldə olunmasında Gürcüstanın prezidenti, mənim dostum və qardaşım, hörmətli Eduard Şevardnadzenin xüsusi xidmətləri var.

Sizin dost, qardaş ölkə ilə daim maraqlandığıma görə, ölkənizdə gedən prosesləri bir dost kimi şəxsən izlədiyimə görə mən bu gün cəsarətlə deyə bilərəm ki, əgər o ağır, çətin dövrdə, Gürcüstan parçalanmaq təhlükəsi qarşısında olduğu bir zamanda, Gürcüstanda xaos hökm sürdüyü bir zamanda, Gürcüstanda vətəndaş müharibəsi mövcud olduğu bir zamanda xalqınız, - siz - gürcü xalqının mütərəqqi insanları böyük siyasi xadim, böyük dövlət xadimi Eduard Şevardnadzeni yenidən Gürcüstana dəvət etməsəydi və o, Gürcüstanda yenidən hakimiyyətə gəlməsəydi bu nailiyyətləri əldə edə bilməyəcəkdiniz.

Hörmətli dostlar!

Bizim ölkəmiz də həmin bu çətinliklərdən keçib və bu gün artıq inamla irəliləyir. Biz Azərbaycanda 1991-1993-cü illərdə mövcud olan hərc-mərcliyə, hakimiyyətsizliyə, qanunsuzluğa, cəzasızlığa son qoyduq və 1993-cü ildə başlanmış vətəndaş müharibəsinin qarşısını aldıq. Ondan sonrakı illərdə - 1994-cü ildə, 1995-ci ildə Azərbaycanın qanuni hökumətini silahla devirmək cəhdlərinin qarşısını aldıq. Sonrakı illərdə Azərbaycanı başqa xata-bəlalardan xilas etdik və 1995-ci ildə Azərbaycanda ictimai-siyasi sabitlik yaratdıq. O vaxtdan indiyə qədər bizim xalqımız rahat və çox sabit ictimai-siyasi şərait içərisində yaşayır, öz müstəqil dövlətini qurur.

Biz 1990-1991-ci illərdən başlayaraq 1994-1995-ci illərə qədər Azərbaycanda iqtisadi, siyasi böhran keçirdik. Bu böhranın əsas səbəblərindən biri Ermənistanın Azərbaycana torpaq iddiası edərək, Dağlıq Qarabağı Azərbaycandan ayırıb özünə birləşdirmək məqsədi daşıyaraq etdiyi hərbi təcavüz olmuşdur. Bunun nəticəsində müharibə başlanmışdır, qan tökülmüşdür və nəhayət, müxtəlif səbəblərdən Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı öz yerindən-yurdundan zorla çıxarılıb, didərgin düşüb və ağır vəziyyətdə, çadırlarda yaşayır.

Bütün bunlara, Azərbaycana vurulmuş bu zərbələrə baxmayaraq, biz 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzaladıq və beş ildən artıqdır ki, bu sazişə riayət edirik. Artıq indi müharibə yoxdur, qan tökülmür. Ancaq sülh də yoxdur və Azərbaycanın ərazi bütövlüyü pozulmuş şəkildə qalır.

Bütün ötən illərdə biz məsələnin sülh yolu ilə həll olunması üçün çalışmışıq. Bilirsiniz ki, bu məsələ ilə ATƏT-in Minsk qrupu 1992-ci ildən məşğuldur. Minsk qrupuna həmsədrlik edən Rusiya, Amerika Birləşmiş Ştatları, Fransadır, onun başqa üzvləri də var. Bütün başqa vasitələrdən də istifadə edirik. Məsələni sülh yolu ilə həll etmək üçün son zamanlar mən bilavasitə Ermənistanın prezidenti Robert Koçaryanla da bir neçə görüşlər, danışıqlar keçirmişəm. Ancaq təəssüflər olsun ki, indiyə qədər məsələni həll edə bilməmişik.

Bunu həll etmək yolları da çətin deyildir. Burada beynəlxalq hüquq normalarına istinad etmək, məsələni onların əsasında həll etmək lazımdır. Beynəlxalq hüquq normalarına əsaslanaraq və beynəlxalq təşkilatların qəbul etdiyi qərarları əsas tutaraq, biz hesab edirik ki, məsələni sülh yolu ilə həll etmək olar. Bunun üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir, öz yerlərindən didərgin düşmüş azərbaycanlılar o torpaqlara qayıtmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarə hüququ verilə bilər.

Təəssüf ki, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində biz indiyə qədər sülh əldə edə bilməmişik. Ancaq son zamanlar Ermənistan prezidenti Robert Koçaryanla mənim aramda keçirilən bir neçə görüş və danışıqlar ümid verir ki, biz bu məsələnin həll olunmasına yaxınlaşırıq, bəlkə də bunun həll edilməsinə nail ola bilərik. Bunun üçün hər iki tərəf kompromisə getməlidir. Biz bu kompromisləri müzakirə edirik. Əgər bunları müzakirə edə bilsək və başqa məsələlər barəsində ümumi bir razılığa gələ bilsək, güman edirəm ki, tam sülhə nail ola bilərik.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması və sülhün tamamilə təmin edilməsi təkcə Azərbaycan və Ermənistan üçün yox, bütün Cənubi Qafqaz üçün çox vacib məsələdir, bütün Qafqaz regionu üçün vacib məsələdir. Bu, Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaranmasına və son vaxtlar bizim irəli sürdüyümüz Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktının yaranmasına yaxşı şərait yarada bilər.

1996-cı ildə Tbilisidə prezident Şevardnadze ilə mən Qafqazda, Cənubi Qafqazda sülh haqqında bəyanat elan etdik. Keçən ilin noyabr ayında İstanbulda - ATƏT-in zirvə görüşündə mən öz çıxışımda Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq paktının yaranması haqqında təklif irəli sürdüm. Eyni təkliflə Türkiyənin prezidenti hörmətli cənab Süleyman Dəmirəl də çıxış edibdir.

Bunlar hamısı dünyanın ən mürəkkəb regionlarından biri olan Qafqazda və xüsusən Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın yaranması üçün yaxşı əsasdır. Amma bunun üçün münaqişələrə son qoyulmalıdır. O cümlədən Abxaziya münaqişəsinə son qoyulmalıdır, Gürcüstanın ərazi bütövlüyü təmin olunmalı və öz yerlərindən-yurdlarından didərgin düşmüş insanlar - indi Gürcüstanda qaçqın vəziyyətində yaşayan insanlar öz yerlərinə qayıtmalıdırlar. Əgər belə olarsa, bütün bu münaqişələr ləğv edilərsə, əgər biz Cənubi Qafqazda sülh əldə edə biləriksə, Cənubi Qafqazın çox böyük gələcəyi və çox böyük inkişaf imkanları var.

Biz Azərbaycanda bunu istəyirik, bunu arzulayırıq. Mən yaxşı bilirəm ki, Gürcüstan da bunu istəyir. Bu məsələ prezident Eduard Şevardnadze ilə mənim aramda təkbətək danışıqların əsas mövzularından biri olmuşdur. Yəni Cənubi Qafqazın iki dövlətinin başçıları - Gürcüstan dövlətinin başçısı Eduard Şevardnadze və Azərbaycan dövlətinin başçısı Heydər Əliyev bu təşəbbüslə çıxış edirlər, bu arzularla çalışırlar, buna nail olmaq istəyirlər. Lazımdır ki, digər tərəflər də məhz bu istiqamətdə hərəkət etsinlər ki, biz Cənubi Qafqazda sülh və təhlükəsizlik şəraiti yarada bilək.

Onu da bilmək lazımdır ki və xüsusən Ermənistan tərəfi onu yaxşı bilməlidir ki, əgər üç Cənubi Qafqaz ölkəsi arasında sülh əldə olunarsa, bizim ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıq qısa bir zamanda ölkələrimizin iqtisadiyyatının inkişafını təmin edəcək və xalqlarımızın rifah halını daha da yüksəldəcəkdir. Bunu son illər Gürcüstan ilə Azərbaycan arasında bütün sahələrdə həyata keçirilən əməkdaşlıq və xüsusən iqtisadiyyat sahəsində əməkdaşlıq çox gözəl nümayiş etdirir.

Mən sizə bildirdim ki, biz 1995-ci ildə iqtisadi böhrandan çıxdıq. Ondan sonra Azərbaycanın iqtisadiyyatı inkişaf dövrünü yaşayır. Bizim iqtisadi göstəricilərimiz hər il artır. Keçən il Azərbaycanda ümumi daxili məhsulun həcmi 7,4 faiz, sənaye istehsalı təxminən 3,5 faiz, kənd təsərrüfatı istehsalı təxminən 7 faiz artmışdır. Bu ilin iki ayının göstəricilərindən də görünür ki, biz bu minvalla irəliyə gedirik. Azərbaycanda 1994-cü ilə qədər davam edən yüksək inflyasiyanın qarşısını aldıq. Əgər 1994-cü ildə inflyasiya ildə 1400-1600 faiz idisə, indi üç-dörd ildir ki, Azərbaycanda inflyasiya yoxdur.

Biz büdcənin bütün tələblərini təmin edirik və büdcədən maliyyələşdirilən bütün təşkilatlarda maaşları, pensiyaları vaxtlı-vaxtında veririk. Fevral ayının da bütün maaşları və pensiyaları verilibdir.

Təbiidir ki, bunlar hamısı bizim həyata keçirdiyimiz iqtisadi islahatların, Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə uğurla getməsinin nəticəsidir. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsinin nəticəsidir. Ancaq Azərbaycanın iqtisadi siyasətində əsas istiqamətlərdən biri də odur ki, Azərbaycan öz qapılarını xarici investisiya üçün açıbdır. Bunun nəticəsində də 1994-cü ildən başlayaraq Azərbaycanın böyük təbii sərvətlərinin - Xəzər dənizinin Azərbaycan sektorunda olan neft və qaz yataqlarının müştərək işlənilməsi üçün dünyanın çoxsaylı böyük neft və qaz şirkətləri Azərbaycana gəlib, biz işə başlamışıq və bunların əməli nəticəsini görürük.

Azərbaycanın Xəzər dənizindəki sektorunda olan zəngin neft yataqlarının böyük gələcəyi var. Biz 1994-cü ildə ilk böyük müqavilə - "Əsrin müqaviləsi" deyilən müqaviləni imzaladıq. Onun əməli surətdə həyata keçirilməsini təmin etdik. 1997-ci ildə o müqavilədən irəli gələn neft hasilatının başlanmasını təntənəli surətdə qeyd etdik. Məmnunam ki, prezident Eduard Şevardnadze də bu mərasimdə iştirak etdi.

Biz bu neftin ixrac olunması üçün lazımi neft kəmərlərinin yaranmasını təmin etdik. Birinci neft kəməri Şimala - Novorossiyskə, ikinci neft kəməri Qərbə - Gürcüstana, Supsaya çəkildi. Bakı-Supsa neft kəmərini keçən ilin aprel ayında Supsada, Potidə təntənəli şəraitdə açdıq. İndi bu neft kəməri vasitəsilə 5 milyon tona qədər neft ixrac olunur.

Təbiidir ki, bütün bu nailiyyətlərin əldə edilməsində xarici investisiyanın Azərbaycana cəlb olunması və Azərbaycanın zəngin neft, enerji ehtiyatlarının müştərək işləməsi üçün imzalanmış müqavilələrin xüsusi rolu var. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, Cənubi Qafqazda hələ tam sülhün, əmin-amanlığın olmadığı bir şəraitdə, münaqişələrin ləğv edilmədiyi bir şəraitdə, Ermənistanla Azərbaycan arasında sülhün yaranmadığı bir şəraitdə Azərbaycanla Gürcüstan arasında sıx əməkdaşlıq həyata keçirilir. Demək olar ki, həyatımızın bütün sahələrində, o cümlədən iqtisadi sahədə. Gürcüstan bütün sahələrdə bizim üçün çox etibarlı tərəfdaş olduğu kimi, iqtisadi sahədə də tərəfdaşımızdır. Biz bütün imkanlarımızdan istifadə edirik ki, böyük neft layihələrinin həyata keçirilməsində Gürcüstanla iqtisadi əməkdaşlığı genişləndirək və Gürcüstanı bu iqtisadi əməkdaşlığa daha da çox cəlb edək.

Bakı-Supsa neft kəməri və bu neft kəmərinin qısa bir müddətdə bu qədər səmərəli fəaliyyət göstərməsi mənim dediyim sözlərə əyani sübutdur.

Beş ildir ki, biz gələcəkdə hasil olunacaq neftin nəqli üçün əsas ixrac neft kəməri haqqında çox işlər görürük. Bu kəmərin adı əvvəlcə Bakı-Ceyhan idi. 1988-ci ilin oktyabr ayında Ankarada Bakı-Ceyhan kəməri haqqında Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan prezidentlərinin imzaladıqları bəyanatda biz bu kəmərin adını dəyişdirib Bakı-Tbilisi-Ceyhan adlandırdıq.

Azərbaycanın neft yataqlarının böyük imkanları var. Bunlar hələ bir əsr yox, bir neçə əsr Azərbaycana, həm də təkcə Azəbaycana yox, dünya iqtisadiyyatına öz xidmətini göstərəcəkdir. Son zamanlar Azərbaycanda - Xəzər dənizində böyük qaz yataqları da aşkar olunubdur. Bunların hamısının işlənilməsində və yanacağın ixrac olunmasında biz Gürcüstanla əməkdaşlıq edirik, bundan sonra da edəcəyik və əsas ixrac kəmərlərini Gürcüstan ərazisindən keçirməyə çalışacağıq.

İndi bizim əsas vəzifəmiz Bakı-Tbilisi-Ceyhan neft kəmərinə dair keçən ilin noyabr ayında İstanbulda imzalanmış müqavilənin kommersiya tərəflərini müəyyən edib onun tikintisinə başlamaqdır. Son iki-üç ay ərzində Türkiyə, Gürcüstan, Azərbaycan arasında bir çox danışıqlar getmiş, meydana çıxmış bir çox məsələlər müzakirə olunmuş, onların həlli yolları tapılmışdır.

Amma Gürcüstan tərəfindən qaldırılmış bir məsələnin həlli dünənə qədər tapılmamışdı. Biz dünən bunu da həll etdik. Azərbaycan Gürcüstan ilə dostluq, qardaşlıq əlaqələrini yüksək qiymətləndirərək və gələcəkdə Gürcüstan-Azərbaycan əlaqələrini daha da inkişaf etdirmək məqsədi ilə dünən bəyan etdi, yəni mən - Azərbaycan prezidenti bəyan etdim ki, Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunacaq neftin tranzit tariflərinin həcmi barəsində aparılan danışıqlara son qoyulmalıdır. Buna son qoymaq üçün də mən Azərbaycana məxsus olan tranzit tariflərindən Gürcüstanın xeyrinə imtina etdim və o tariflərin Gürcüstana verilməsi haqqında bəyanat verdim.

Hesab edirəm ki, mənim Gürcüstana bu rəsmi səfərimin və Gürcüstan prezidenti, hörmətli dostum Eduard Şevardnadze ilə dünən apardığımız danışıqlarımızın ən əsas nəticəsi və ən əsas nailiyyəti məhz budur. Dünən biz bütün bu danışıqlara son qoyduq və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin artıq inşasına başlamaq üçün qəti qərarlar qəbul etdik.

Biz nümayəndə heyətlərinə göstəriş verdik ki, qısa bir zamanda, hər halda aprel ayı ərzində müəyyən xırda məsələləri də həll etsinlər və kommersiya sazişlərini imzalasınlar. Ondan sonra biz bütün bu sazişi, hamısını birlikdə ölkələrimizin parlamentlərinə ratifikasiyaya verək.

Bu proqramın, layihənin həyata keçirilməsinin gələcək qrafikləri mənə yaxşı məlum olduğuna görə sizə bildirirəm ki, əgər biz aprel ayında bu məsələləri qurtarmasaq və aprelin sonuna - may ayının əvvəlinə qədər Gürcüstan parlamenti, Türkiyə parlamenti, Azərbaycan parlamenti bunu ratifikasiya etməsə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına başlanması bir il təxirə düşəcəkdir.

Biz - Türkiyə prezidenti Süleyman Dəmirəl, Gürcüstan prezidenti Eduard Şevardnadze, Azərbaycan prezidenti Heydər Əliyev öz üzərimizə düşən vəzifələri tamamilə yerinə yetirdik. İndi vəzifə sizindir - parlamentlərindir. Parlamentlər bu müqavilələri nə qədər tez ratifikasiya etsələr, biz bir o qədər tez işə başlayacağıq. Ona görə mən sizə müraciət edirəm ki, bu sənədlər Gürcüstan parlamentinə gələndə onları çox ləngitməyin, çox süründürməyin. Onlara tezliklə baxın, onları ratifikasiya edin və imkan verin ki, biz işə başlayaq.

Zurab Jvaniya: Cənab prezident, biz elə indi ratifikasiya etməyə hazırıq.

Heydər Əliyev: Beləliklə, demək, məsələ həll olundu. Onda qoy Zurab Jvaniya ratifikasiya sənədinə imza atsın. Əlbəttə, mən sizinlə zarafat edirəm. Güman edirəm, siz sərəncamınıza verilən bütün sənədlərə diqqətlə baxacaqsınız və görəcəksiniz ki, biz nə qədər çox iş görmüşük, onları qiymətləndirəcəksiniz. Təbiidir ki, öz səlahiyyətlərinizi həyata keçirərək sənədlərə öz münasibətinizi göstərəcəksiniz və əmin olduğumu bildirmək istəyirəm ki, onu ratifikasiya edəcəksiniz.

Əziz dostlar!

Mənim bu səfərim Gürcüstanın həyatında qarşıda duran böyük bir siyasi hadisəyə təsadüf edir. Aprel ayının 9-da Gürcüstanda prezident seçkiləri keçiriləcəkdir. Təbiidir ki, hər ölkədə prezidenti xalq seçir, çünki biz müstəqillik əldə edəndən sonra Gürcüstan da, Azərbaycan da demokratiya yolu tutubdur. Biz bu demokratiya yolu ilə gedirik və heç vaxt bu yoldan dönməyəcəyik. İnanıram ki, Gürcüstanda aprel ayının 9-dakı prezident seçkiləri Gürcüstanın demokratiya prinsiplərinə sadiq olduğunu dünyaya bir daha nümayiş etdirəcəkdir.

Hər bir vətəndaş öz istədiyi namizədə səs verəcəkdir. Ancaq mən Gürcüstan vətəndaşlarının əksəriyyətinin fikrini bilirəm. Çünki mən 30-40 ildir Gürcüstanla sıx əlaqədəyəm və bilirəm ki, Gürcüstan vətəndaşları seçkilərdə Gürcüstanın bu günü və gələcəyi haqqında dərindən düşünəcəklər, Gürcüstanda əldə edilmiş sabitliyin nə qədər qiymətli olduğunu dərk edəcəklər, Gürcüstanın dünya miqyasında, yəni xarici siyasətdə əldə etdiyi böyük nailiyyətləri qiymətləndirəcəklər. Onlar bütün bu nailiyyətlərin təşkilatçısının fəaliyyətinə, yəni Eduard Şevardnadzenin fəaliyyətinə layiqli qiymət verəcək və səslərini məhz Eduard Şevardnadzeyə verəcəklər.

Biz dost kimi çox sevinirik ki, sizdə son parlament seçkiləri çox mütəşəkkil keçdi, demokratik şəraitdə keçdi və yeni parlament keyfiyyətcə əvvəlki parlamentdən fərqlənir. Təbiidir ki, bu da Gürcüstan dövlətinin, onun prezidenti Eduard Şevardnadzenin, Gürcüstan parlamentinin apardığı düzgün daxili və xarici siyasətin nəticəsidir. Təbiidir ki, Gürcüstanın Avropa Şurasına qəbul olunması həmin bu xarici siyasətin gözəl bir nəticəsidir. Burada mən parlamentin sədri Zurab Jvaniyanın fəaliyyətini də yüksək qiymətləndirirəm. Amma ən əsas - prezident Eduard Şevardnadzenin apardığı ağıllı, düşünülmüş xarici siyasəti Gürcüstanda demokratik prinsiplərin həyata keçirilməsinin nəticəsi kimi yüksək qiymətləndirirəm.

Əziz dostlar! Mən sizin vaxtınızı çox aldım, amma ürəyimdə olan sözləri sizə demək istədim. Sözümün sonunda onu bildirmək istəyirəm ki, Gürcüstan dövlət müstəqilliyini səkkiz ildə çox layiqincə həyata keçiribdir. Bu dövlət müstəqilliyinin daimi olması üçün, sarsılmaz, əbədi olması üçün Gürcüstanda aprel ayının 9-dakı seçkilər də, təbiidir ki, xalqın əksəriyyətinin əhval-ruhiyyəsini əks etdirərək, yüksək səviyyədə keçəcəkdir.

Əgər biz Gürcüstan prezidentinin seçilməsi haqqında Azərbaycanda paralel olaraq seçki işi yaratsaq, mən sizi əmin edirəm ki, Eduard Şevardnadze 100 faiz səs alacaqdır. Amma, təbiidir ki, biz sizin daxili işlərinizə qarışmırıq və mənim bu sözlərimi də bir dost sözü kimi qəbul edin.

Eyni zamanda mənim öz dostum, qardaşım haqqında söz deməyə haqqım var. Gürcü xalqına öz fikrimi bildirməyə mənim haqqım var. Bu haqdan, bu imkanlardan istifadə edərək bir də deyirəm ki, Azərbaycan prezidenti olaraq mən Eduard Şevardnadzeyə səs verirəm. Ümid edirəm ki, Gürcüstan əhalisinin əksəriyyəti də Eduard Şevardnadzeyə səs verəcək və müstəqil Gürcüstanın həyatında yeni mərhələ başlanacaqdır.

Əziz dostlar, hörmətli sədr!

Hörmətli parlament deputatları!

Məni səbrlə dinlədiyinizə görə sizə təşəkkür edirəm. Sizinlə bu görüşümdən çox məmnun olduğumu bildirirəm. Sizin hamınıza, bütün dost, qardaş gürcü xalqına səadət və müstəqillik yolunda yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 24 mart 2000-ci il