Böyük və əzəmətli Vaşinqton Əliyevin yoluna qırmızı xalça döşəyir


Amerikadakı erməni lobbisi üçün pis xəbərlər: ABŞ hökumətinin keçmiş üzvləri, habelə məsləhətçiləri, lobbistləri, investorlar artıq kəşf etmişlər ki, Azərbaycan nefti erməni konyakından daha dadlı və ləzzətlidir.

O, Azərbaycanın bundan sonrakı əbədilik müstəqil olduğunu və ABŞ ilə Azərbaycan arasında dostluğun onun gələcək nəsillərə hədiyyəsi olduğunu elan edəndə doluxsunduğundan səsi titrədi və bu, orada iştirak edənlərin çoxunu xeyli təəccübləndirdi. Axı bu onun DTK-nın soyuq ürəkli, hər şeyi ölçüb biçən işçisinin imicinə heç cür uyğun gəlmirdi. O, çox fəxr edirdi ki, çoxlarının etinasızlıq göstərdiyi bir ölkəni təmsil etdiyinə baxmayaraq bu nəhəng dövlətin paytaxtında onun yoluna qırmızı xalça döşənmişdir. O, bu barədə hamıya açıqcasına demişdir.

Əliyev insan hüquqları barədə suala cavab verərkən dedi: "Bu elə bir şey deyil ki, gedib bazardan alasan".

Çərşənbə günü axşam Milli Tikinti Muzeyində 425 nəfər yüksək mənsəbli qonağın iştirak etdiyi möhtəşəm banketdə Prezident Əliyev Amerika Birləşmiş Ştatlarının energetika naziri Federiko Penya ilə Prezident Karterin milli təhlükəsizlik üzrə müşaviri, hər yerə getməyə macal tapan Zbiqnev Bjezinskinin arasında oturmuşdu.

Əliyevin əsas mülahizələri: İnsan hüquqları: Bu, Azərbaycan üçün yeni məfhumdur. Siz ABŞ-da bu işlə 218-ildir ki, qarşılaşırsınız, Azərbaycanda isə cəmisi 5 ildir qarşılaşırıq. İnsan hüquqları əmtəə deyildir ki, gedib bazardan alasan. Neft kontraktları: Biz Vaşinqtonda "Şevron", "Mobil ", "AMOKO" və " Eksson" şirkətləri ilə neft kontraktlarını imzalamağa hazırıq.

Demokratiya: Bizdəki dünyəvi demokratiyadır. Demokratiyanın başlanğıcı var, lakin sonu olmur. Onun amerikalılar üçün də sonu yoxdur. Bu, sonsuz prosesdir.

Azərbaycanda rüşvətxorluq: Bu problem dünyanın hər yerində olur, Amerikada da vardır.

Onun DTK-dakı keçmişi: Məndə 1987-ci ildə dəyişiklik oldu. Mən Siyasi Bürodan çıxdım və antikommunist oldum. Mən Moskvada dedim ki, kommunizm yaşamayacaq və Azərbaycan müstəqil olacaqdır.

Uğur Əkinçi,
"Deyli nyus" qəzeti, Türkiyə
1 avqust 1997-ci il