Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan, Rusiya və xarici ölkə jurnalistləri üçün mətbuat konfransında bəyanatı - Prezident sarayı, 19 oktyabr 1996-cı il


Hörmətli jurnalistlər, Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti cənab Vahid Ələkbərov onunla birlikdə Bakıya gəlmiş və müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən Rusiya və digər xarici ölkə jurnalistləri ilə görüşməyi məndən xahiş etmişdır. Mən Azərbaycan Respublikasına göstərdikləri marağa görə kütləvi informasiya vasitələri nümayəndələrinə təşəkkürümü bildirirəm və sizin suallarınıza cavab verməyə hazıram. Buyurun suallarınızı verin.


Sua1: Azərbaycanda böyük neft və digər faydalı qazıntı yataqları var. Cənab Prezident, Siz ehtiyat etmirsinizmi ki, ölkəniz Şimal ilə Cənub arasında, Rusi­ya ilə ABŞ və Sizin neftinizdən mənfəət götürmək istəyən başqa dövlətlər arasında qarşıdurmalar meydanına çevrilə bilər?

Heydər Əliyev: Həqiqətən, ölkəmiz böyük təbii ehtiyatlara, o cümlədən quruda və dənizdə neft və qaz ehtiyatlarına malikdir. Siz bilirsiniz ki, Azərbaycan qədim neft məmləkətidir, burada 150 ildən çoxdur sənaye üsulu ilə neft çıxarılır. Keçmiş vaxtlarda biz nefti xarici şirkətlərlə birlikdə hasil edirdik. Bu, təxminən əsrimizin 20-ci ilinədək davam etmişdir. Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olduqdan sonra isə neftimiz bütün SSRI-nin ehtiyacları üçün çıxarılırdı. Lakin Azərbaycan müstəqil dövlət olduğu vaxtdan bəri öz təbii ehtiyatlarının sahibi olmuşdur. İndi neft-qaz yataqlarımızın ARDNŞ tərəfindən xarici şirkətlərlə birgə işlənməsi sahəsində fəal iş gedir. Yeri gəlmişkən, Rusiyanın "LUKoyl" şirkəti bütün bu proseslərdə yaxından iştirak edir və 1994-cü ildən başlayaraq ARDNŞ-nin müqavilələr imzaladığı bütün konsorsiumların üzvüdür.

Azərbaycanın Şimal ilə Cənub və müxtəlif ölkələr arasında qarşıdurmalar meydanına çevrilə bilməsi sarıdan təhlükə, zənnimcə, real deyildir. Mən buna inanmıram. Bununla yanaşı, təsadüflərdən, hər hansı gözlənilməz hallardan heç nə sığortalanmayıbdır. Ancaq bu, əsla o demək deyildir ki, biz öz ehtiyatlarımızın işlənməsi və istifadə edilməsi ilə məşğul olmamalıyıq.

O ki qaldı qarşıdurmaya, görünür, bütün bunlar müxtəlif regionların problemlərinə qeyri-sivilizasiyalı münasibətin nəticəsidir. Ona görə ki, biz, məsələn, bir çox xarici şirkətlərin "Azəri", "Çıraq", "Günəşli" yataqlarını birgə işlətmək təklifləri ilə razılaşmışıq, 1994-cü ildə ilk müqavilə Rusiya, ABŞ, Böyük Britaniya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanından olan 11 neft şirkətinin daxil olduğu konsorsiumla imzalanmışdır. Biz digər müqaviləni Rusiyanın həmin "LUKoyl" şirkəti ilə, İtaliyanın "Acip", Amerikanın "Pennzoyl" və başqa neft şirkətləri ilə bağlamışıq. "Şahdəniz" yatağına dair müqavilədə Britaniyanın "Bi-Pi", Norveçın "Statoyl", yenə də Rusiyanın "LUKoyl" şirkətiəri, Türkiyə şirkəti və digər şirkətlər iştirak edirlər. Yəni iri şirkətlərə yataqların bizimlə birgə işlənməsində iştirak etməyə imkan veririk. Belə isə qarşıdurma nəyə gərəkdir? Diqqət yetirin, burada nə qədər ölkə iştirak edir. Həm də hər bir iştirakçı öz vəsait qoyuluşuna, öz işinə müvafiq surətdə mənfəət götürəcəkdir. Bax məhz bu, bir ölkənin təbii sərvətlərindən, ehtiyatlarından digər ölkələrin imkanları ilə birgə istifadə edilməsinin sivilizasiyalı metodudur. Mən bir əsas görmürəm ki, bütün bunlar nəticə etibarilə qarşıdurma obyektinə çevrilsin. Qarşıdurma istisna edilmir, amma bu, bizim üçün hər hansı prinsipial əhəmiyyətə malik deyildir.

Sual: Xəzərə dair layihələrdə "LUKoyl”un və digər Rusiya şirkətlərinin rolunu Sizin necə təsəvvür etdiyinizi daha ətraflı öyrənmək istərdik. Rusiya şirkətlərinəmi üstünlük vermək və ya başqa ölkələrin əhəmiyyətini artırmaq lazımdır?

Heydər Əliyev: Bilirsinizmi, bizim istər indiki, istərsə də gələcək müqavilələrimizin hamısı hər şeydən əvvəl iqtisadi xarakter daşıyır. İqtisadi mənfəət, iqtisadi səmərə baxımından hər hansı ölkə, hər hansı şirkət Azərbaycanın neft və qaz yataqlarında aparılan işlərdə bizimlə birlikdə iştirak edə bilər. Ona görə də, görünür, burada hər hansı şirkətə hər hansı əlamət üzrə üstünlük vermək məqsədəuyğun deyildir. Kim daha sərfəli iqtisadi şərtlər təklif edirsə, biz   onunla

əməkdaşlıq edir, birlikdə işləyirik. "LUKoyl" Rusiyanın çox iri neft şirkətıdir. O, layihələrimizdə başqa şirkətlərlə, indiki halda, Qərb şirkətləri ilə bərabər hüquqlarla iştirak edir. Biz hər hansı şirkət üçün hər hansı imtiyazlar yaratmırıq.
Bununla yanaşı, Azərbaycan Rusiya ilə bir çox əsrlər boyu bağlıdır. Biz keçmişdə də birlikdə olmuşuq, - mən XIX əsri nəzərdə tuturam, - XX əsrdə isə Sovet İttifaqının tərkibində olmuşuq. Azərbaycan ilə Rusiya arasında çox six iqtisadi əlaqələr var. Bir vaxtlar Azərbaycan neftçiləri Rusiya vilayətlərində neft və qaz yataqlarının kəşfiyyatı sahəsində çox böyük iş görmüşlər. Siz bilirsiniz ki, keçmişdə "İkinci Bakı", "Üçüncü Bakı", "Dördüncü Bakı" kimi anlayışlar olmuşdur - bunlar Tatarıstan, Başqırdıstan, Tümen, Orenburq, Rusiyanın digər iri neft rayonlarıdır və orada neft yataqlarının işlənməsi bu sahədə böyük iş təcrübəsi olan Azərbaycan neftçilərinin fəal iştirakı ilə başlanmışdır. Odur ki, bütün bunlar həm dövlət xətti ilə, həm elm, texnika və mədəniyyət, həm də insani əlaqələr xətti ilə çox six əlaqələrimizə səbəb olur. Təbiidir ki, Azərbaycanın neft sənayesi Rusiyanın neft sənayesi ilə six bağlıdır, çünki biz lap bu yaxınlaradək vahid bir tam idik. Buna görə də bizim üçün çox mühümdür ki, Rusiyanın "LUKoyl" şirkəti Azərbaycana gəlmişdir, Azərbaycanda yaradılmış bütün konsorsiumların üzvüdür və bizimlə fəal əməkdaşlıq edir. Bu, bizim üçün hər cəhətdən çox mühüm amildir.


Sua1: Cənab Prezident, neft sahəsindən savayı, daha hansı sahələr ölkələrimiz arasında, habelə onların digər MDB ölkələri ilə əməkdaşlıq obyekti ola bi­lər? Sizcə, böyük neftin nəql edilməsı üçün hansı va­riant daha məqbul olacaqdır?

Heydər Əliyev: Bilirsinizmi, bizim çox böyük neft maşınqayırma kompleksimiz var. Biz Sovet İttifaqının tərkibində olanda bütün SSRİ-nin neft-mədən avadanlığının 70 faizindən çoxu Azərbaycanın zavodlarında hazırlanırdı. Ənənəvi surətdə belə olmuşdur. Azərbaycanda neft sənayesi, dediyim kimi, ötən əsrin ikinci yarısından inkişaf etmişdir. Sonra, 20-ci illərdən, Sovet İttifaqı yaranan vaxtdan bəri neft sənayesi əsasən Azərbaycanda olmuşdur və təbii ki, neft-mədən avadanlığı istehsal edən iri müəssisələr də məhz burada yaradılmışdır. Əgər ilk vaxtlar bu avadanlıq yalnız Azərbaycanın neft sənayesi üçün nəzərdə tutulurdusa, Sovet İttifaqının digər regionlarında, əsasən Rusiyada yeni-yeni neft yataqları aşkara çıxarıldıqca oraya da göndərilməyə başlanmışdır. Sovet İttifaqının süqutundan, müstəqil dövlətlər yarandıqdan sonra təəssüf ki, bu iqtisadi inteqrasiya əlaqələri çox kəskin şəkildə qırılmışdır.

İndi zavodlarımız əsasən Azərbaycan üçün avadanlıq istehsal edir, bəzən İranın, Ərəb ölkələrinin, başqa dövlətlərin sifarişlərini yerinə yetirir. Rusiya isə mövcud olmuş inteqrasiyadan əslində imtina etmişdir. Nahaq yerə. Çünki Azərbaycanda sahmana salınmış istehsal var, bizdə yüksək keyfiyyətli avadanlıq buraxılır. Bu avadanlıqdan hər yerdə istifadə olunurdu. Lakin əməkdaşlıq üçün çox mühüm olan bu əlaqələr son illərdə itirilmişdir.

Kimya sənayesi əməkdaşlıq üçün çox mühüm sahədir. Bizim kimya sənayemiz çox böyükdür və o da Rusiya sənayesi ilə çox sıx inteqrasiyada olmuşdur. O vaxtlar sənaye istehsalının ümumittifaq bölgüsü var idi. Təəssüf ki, o vaxtlar iqtisa­di siyasət, görünür, heç də tamamilə düzgün deyildi. Azərbaycanda kimya sənayesi əsasən yarımfabrikatlar istehsal edirdi, son məhsulun əksəriyyəti isə Rusiyada buraxılırdı. Lakin müəssisələrimiz indi də qalmaqdadır. Odur ki, biz bu sahədə sıx əməkdaşlıq edə bilərik.

Yaxud götürək, kənd təsərrüfatı məhsulunu. Bir vaxtlar Azərbaycan Sovet İttifaqının, xüsusən Rusiya və Ukraynanın bazarına olduqca böyük miqdarda şərab materialları göndərirdi. O vaxtlar Azərbaycanda ildə təxminən 2 milyon ton üzüm istehsal edildiyi halda, bütün Sovet İttifaqında 6 milyon ton üzüm yetişdirilirdi. Rusiya şərab materiallarına, şərab məhsuluna ehtiyac duyurdu. Azərbaycan isə onların, əslinə qalsa, başlıca təchizatçısı idi. İndi bu əlaqə də əsasən kəsilmişdir.

Doğrudur, üzümlüklərimizin bir hissəsi vaxtilə - Mixail Qorbaçovun və Yeqor Kuzmiç Liqaçovun yeritdikləri çox səhv və zərərli antialkoqol siyasəti dövründə məhv edümişdir. Əlbəttə, alkoqolizmə qarşı mübarizə aparmaq lazımdır. Buna görə də mən Sovet İttifaqının siyasi rəhbərliyi tərkibində olarkən buna tamamilə tərəfdar idım. Amma alkoqolizmə qarşı bu yolla mübarizə aparmaq olmazdı axı. Yeri gəlmişkən, bu mübarizə üsulu böyük iqtisadi zərərə gətirib çıxardı, bütün ölkəyə, o cümlədən də Azərbaycana olduqca böyük ziyan vurdu. Buna baxmayaraq, bizdə üzüm plantasiyaları qorunub saxlanmışdır və biz çoxlu üzüm istehsal edirik, çoxlu yüksək keyfiyyətli, özü də başqa ölkələrdən gətirilən xeyli ucuz şərab materialları göndərə bilərik. Bu, Rusiya üçün iqtisadi cəhətdən sərfəlidir. Amma nədənsə bu əlaqə də qırılmışdır.

Yadımdadır, o illərdə, - onda mən burada işləyirdim, - biz Azərbaycanda üzüm bağları salmağa başladıqda mən Sovet İt­tifaqının rəhbərliyi ilə, o cümlədən Nazirlər Sovetinin sədri, mərhum Aleksey Nikolayeviç Kosıginin öz təşəbbüsünə əsasən onunla bu mövzuda tez-tez söhbət edirdim. O vaxtlar şərab materialları tankerlərlə Əlcəzairdən, digər ölkələrdən gətirilir, çox keyfiyyətsiz şərab şüşələrə doldurulur və satılırdı. Biz bu­rada üzümçülüyü inkişaf etdirdikdən sonra çox yüksək keyfiyyətli üzüm, şərab materialları əldə etməyə və onları Rusiyaya, Sovet İttifaqının digər regionlarına göndərməyə başladıq. İndi bu da dayandırılmışdır. Yeri gəlmişkən, bu da Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq sahəsi ola bilər.

Yaxud məsələn, o illərdə Azərbaycanın cənub zonası "Ümumittifaq bostanı" adlandırılırdı. Bəs bu nə deməkdir? Bizim bəzi Cənub regionlarında tərəvəz, o cümlədən kələm, pomidor, xiyar çox faraş yetişir. Biz ildə təxminən 700 min ton du cür məhsul istehsal edir və Moskvaya, Leninqrada, bütün Rusiya şəhərlərinə, xüsusən Şimal şəhərlərinə göndərirdik, onlar artıq aprel-may aylarında faraş tərəvəz almağa başlayırdılar (bildiyiniz kimi, Rusiyanın Şimal zonalarında bu tərəvəz yalnız iyul-avqustda yetişir). Bu, hər iki tərəf üçün çox faydalı idi. Amma bu da dayandırıldı. Bilmirəm, indi Rusiya faraş tərəvəzi haradan alır. Biz burada bununla daha məşğul olmuruq və həmin sahələrdən respublikamıza gərəkli digər məhsul yetişdirmək üçün istifadə edirik.

Kənd təsərrüfatının başqa sahələrində də fəal iqtisadi əməkdaşlıq etmək olar. Dediyim kimi, təəssüf ki, bu əlaqələr çox tezliklə qırıldı. Zənnimcə, zaman bizi hər halda ona gətirib çıxaracaqdır ki, biz bu əlaqələri bərpa edəcəyik, lakin başqa əsasda, prinsipcə yeni, Azərbaycan və Rusiya üçün iqtisadi cəhətdən faydalı əsasda bərpa edəcəyik.

İkinci sualınıza gəlincə bildiyiniz kimi, biz iki neft kəməri - Şimal və Qərb istiqamətlərində Rusiya və Gürcüstan ərazilərindən keçəcək boru kəmərləri haqqında saziş imzalamışıq. Onların inşası sahəsində işlər görülür. Mənə rəsmən təqdim edilmiş məlumata görə, Şimal neft kəmərinin Azərbaycandan keçən hissəsi bu ilin sonuna yaxın hazır olacaqdır. Bu gün mən "LUKoyl" şirkətinin prezidenti Vahid Ələkbərovla danışdım və ondan Moskvada xüsusən "Transneft"ə və Rusiya hökumətinin rəhbərliyinə belə bir arzumuzu çatdırmağı xahiş etdim ki, neft kəmərinin Rusiya ərazisindən keçən hissəsi də həmin vaxtadək - 1997-ci ilin yanvarınadək hazır olsun. Sizə xəbər verə bilərəm ki, konsorsium ilkin neft hasilatına hələ başlamazdan əvvəl biz Azərbaycan neftini beynəlxalq bazara həmin neft kəməri ilə ixrac etmək niyyətindəyik. Odur ki, bizim buna böyük marağımız var.

Qərb boru kəməri çəkilir və bizə qəti vəd edirlər ki, onu 1998-ci ilin sonuna yaxın təhvil verəcəklər. Konsorsium ilə müqaviləyə əsasən ilkin neft isə 1997-ci il avqustun axırlarında çıxarılacaqdır.

O ki qaldı böyük boru kəmərinə, oktyabrın 10-da mən neft hasilatı sahəsində işlərin təşkili ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin indiyədak gördüyü işlərin yekunlarının çox ətraflı müzakirəsini keçirdim. ABƏŞ-in nümayəndələri mənə məlumat verdilər ki, böyük neft kəməri çəkilməsinə dair təkliflər hazırlamaqla məşğuldurlar. Mən bu müzakirədən sonra sərəncam imzaladım, ARDNŞ və ABƏŞ qarşısında vəzifə qoydum ki, böyük neft kəmərinin inşasına dair konkret təkliflər barəsində mənə yaxın vaxtlarda məlumat versinlər və onun marşrutu haqqında qəti təklif təqdim etsinlər. Çünki marşrutun bir neçə variantı var və konsorsium onu qəti şəkildə müəyyənləşdirməlidir. Bəlkə onlar marşrutun bir yox, bir neçə variantını təqdim edəcəklər. Ehtimal ki, biz marağı olan ölkələrin iştirakı ilə bütün variantları nəzərdən keçirəcək və marşrutu qəti şəkildə müəyyənləşdirəcəyik. Həmin məsələ hələlik bu mərhələdədir.

Sual: Heydər Əliyeviç, Siz Xəzərin statusu məsələsinin nə vaxt həll ediləcəyini gözləyirsiniz?

Heydər Əliyev: Bilirsiniz ki, Xəzərin statusu məsələsi 1994-cü ildə ARDNŞ ilə beynəlxalq konsorsium arasında ilk müqavilə imzaladıqdan sonra yaranmışdır. O vaxtadək heç kəs bu məsələni qaldırmamışdır. Yeri gəlmişkən, Xəzər neçə min ildir mövcuddur və onun statusu barədə heç kim heç vaxt düşünməmişdir. Məsələn, Sovet İttifaqının mövcudluğu dövründə Xəzər təbii olaraq, onun sahillərini və İran sahillərini əhatə edirdi. Lakin bu məsələ heç vaxt nə Sovet İttifaqında qaldırılmışdı, nə də İranda.

Əlbəttə, hesab edirəm ki, Xəzərin statusunu, nəhayət, müəyyənləşdirmək lazımdır. Amma bu barədə danışdıqda ortaya çoxlu məsələ, ən əvvəl ekologiya, gəmiçilik, balıq ovu, Xəzərin ehtiyatlarının mühafizəsi, onun təkindən istifadə olunması ilə bağlı məsələlər çıxır. Xəzəryanı dövlətlərin təhlükəsizliyi məsələsi də yaranır. Odur ki, bu, kompleks məsələdir. Xəzərin statusunun müəyyənləşdirilməsinin təşəbbüsçüləri isə əsasən bunu rəhbər tuturlar ki, Xəzərdə nefti kim, harada və necə çıxarmalıdır. Prinsipcə, mənə elə gəlir ki, bu, kifayət qədər mürəkkəb məsələdir. Çünki bəziləri deyir, Xəzər dənizdir, başqaları onu daxili sututar, üçüncülər sərhəd gölü adlandırır, dördüncülər daha nəsə deyirlər. Lakin təkrar edirəm, Xəzər həmişə statussuz mövcud olduğuna görə statusu beynəlxalq huququn tələblərinə müvafiq surətdə müəyyənləşdirmək zərurəti bir çox mürəkkəb məsələlər doğurur. Hesab edirəm ki, beynəlxalq praktikanı, beynəlxalq qaydaları əsas tutaraq, bütün bu məsələləri tədricən öyrənmək və müəyyən bir ümumi rəyə gəlmək lazımdır. Amma bu elə təxirəsalınmaz məsələ deyil ki, onu, bəzilərinin hesab etdiyi kimi, günü bu gün həll etmək lazım olsun. Daha mühüm dünya məsələləri var və hesab edirəm ki, onlarla məşğul olmaq gərəkdir.

Sua1: Cənab Prezident, Sizin fikrinizcə, Rusiyanın daha hansı neft şirkətləri və nə vaxt Azerbaycana gələ bilərlər?

Heydər Əliyev: Əlbəttə, başqa şirkətlər də gələ bilərlər, lakin axı biz özümüz heç kimi xüsusi olaraq dəvət etmirik. Xəzərin Azərbaycan sektorunda, ümumiyyətlə, Azərbaycan ərazisində böyük neft və qaz yataqlarının olması hamıya məlumdur. Üstəlik, imzaladığımız müqavilələr beynəlxalq mətbuatda geniş təbliğ edilir. Ona görə də Rusiya şirkətləri bunu bilirlər, bəziləri buna maraq göstərirlər. Əgər "LUKoyl"-dan başqa daha hər hansı Rusiya şirkətləri bizə müraciət etsələr, təbii ki, biz onlarla da əməkdaşlıq edə bilərik. 

Sua1: Sizin cənab Ələkbərovla çox uzun çəkmiş görüşünüzün təfsilatını və əməli nəticələrini öyrənmək olarmı?

Heyder Əliyev:Biz cənab Ələkbərovla hər dəfə görüşdükdə buna kifayət qədər çox vaxt sərf edirik. Əvvəla, "LUKoyl" burada geniş işə başlamışdır. Bu şirkət nəinki neft hasilatı məsələləri ilə məşğul olur, həm də Bakıda nümunəvi yanacaqdoldurma stansiyası tikmişdir. Yeri gəlmişkən, biz bunun üçün onlara çox əlverişli yer ayırmışıq. Mənə deyirlər ki, avtomobil sahiblərinin əksəriyyəti xüsusi olaraq bu stansiyaya gedir, çünki orada haqq-hesabda aldatmır, benzinə isə heç nə qatmır və dəqiq miqdarda buraxırlar. Ona görə də bu stansiya fəal işləyir, orada yaxşı xidmət göstərirlər. "LUKoyl" daha iki yanacaqdoldurma stansiyası tikdirir və bundan ötrü biz ona şəhərdə iki yaxşı yer ayırmışıq.

Bir sözlə, şirkət öz işini genişləndirir, onun başqa planları da var. "LUKoyl" bizim konsorsiumların iştirakçısıdır. O, "Qarabağ" yatağına dair müqavilədə əsas operatordur, bu konsorsiumda aparıcı mövqe tutur. "LUKoyl"un bizim sektordakı digər neft yataqlarına dair təklifləri, ümumiyyətlə, başqa təklifləri də var və biz onları reallaşdıracağıq. Bundan əlavə, "LUKoyl" burada rabitə sistemini təkmilləşdirmək məsələləri ilə də məşğul olur, o, burada yaxşı telefon stansiyası tikmişdir. Bu stansiya işləyir və şirkət onu genişləndirməyi planlaşdırır. Bir sözlə, mənim fikrimcə, "LUKoyl" burada fəaliyyətini genişləndirir. Biz bundan razıyıq, bunun üçün lazımi şərait yaradırıq.

Sua1: Siz bir vaxtlar bildirmişdiniz ki, "LUKoyl"un strategiyası bütün Azərbaycan layihələrində iştirak etməkdən ibarətdir. "Dan ulduzu" və "Əşrəfi" yataqlarına dair imzalanmağa hazırlanan ən yaxın layihə barəsində həmin bəyanatla əlaqədar nə kimi planlarınız var?

Heydər Əliyev: Bilirsinizmi, "Dan ulduzu" və "Əşrəfi" yataqları bir çox şirkətlərin diqqətini cəlb edir. Bu iş hələlik ARDNŞ və həmin yataqlara maraq göstərən şirkətlər səviyyəsində gedir. Buna görə də mən sizə bundan artıq heç nə deyə bilmərəm. Bu məsələlər prezidentə o vaxt çatdırılır ki, artıq şirkətlər müəyyən qəti qərar hazırlamışlar və onlara müqaviləni imzalamaq hüququ verən fərman və ya sərəncam verməyi məndən xahiş edirlər. Həmin yataqlar barəsində isə şirkətlər bu səviyyəyə hələlik gəlib çıxmamışlar. Bu iş görüldükdən sonra mən biləcəyəm ki, hansı şirkətlər iştirak edəcəklər...

Daha sual yoxdur? Onda sizə iki sualım var - özünüzu Azərbaycanda necə hiss edirsiniz? Buradakı şərait xoşunuza gəlirmi? Təəssüratınız necədir?

Deyəsən siz, suallara cavab verməyə yox, suallar verməyə öyrəşmisiniz. Ümumiyyətlə, cavab vermək vacib deyil. Mən sualları fürsətdən istifadə edib verdim.

Vahid Ələkbərov mənə dedi ki, sizlərdən bəziləri "Çıraq" yatağında olmuşdur. Yəqin ki, şəhəri də gəzib dolandınız?

Y e r d ə n: Şəhər çox xoşumuza gəldi, xüsusən onun qədim hissəsi.

Heyder Ə1iyev: Biz öz şəhərimizi sevirik. O, gözəldir. Təəssüf ki, Azərbaycanda mürəkkəb proseslər gedən illərdə keçmişdə yaxşı nə vardısa, onların bir çoxu müəyyən dərəcədə dağıdılmış və qarət olunmuşdur. Lakin indi biz bunları bərpa edirik.

Fürsətdən istifadə edərək demək istəyirəm, - indi başlıcası budur ki, Azərbaycanda sabit, sakit və normal ictimai-siyasi vəziyyət hökm sürür. Bunu ona görə deyirəm ki, hələ iki il əvvəl belə deyildi. Üç il əvvəl, 1993-cli ilin iyununda isə Azərbaycanda vətəndaş  müharibəsi başlanmışdı, ölkə böyük fəlakət qarşısında idi. Ölkənin daxilində isə qanlar axıdılırdı. Bildiyiniz kimi, 1988-ci ildən bəri Ermənistan tərəfindən təcavüzlə əlaqədar olaraq ərazimizdə hərbi əməliyyatlar aparılırdı. Bir tərəfdən, Ermənistanla Azərbaycan arasında döyüşlər gedir, silahlı münaqişə davam edirdi, respublikamızın ərazisinin bir hissəsi işğal edilmişdi. Bütün bu illərdə təxminən 1989-90-cı illərdən başlayaraq 1993-cü ilədək Azərbaycanın daxilində çox mürəkkəb proseslər gedirdi. Əgər onlar normal proseslər olsaydı, bu, başqa məsələ. Amma müxtəlif qanunsuz silahlı qruplar hakimiyyət uğrunda mübarizə aparırdılar. Azərbaycanda hakimiyyət üç ildə üç dəfə dəyişmişdir. Mən 1990-cı, 1992-ci və 1993-cü illəri nəzərdə tuturam.

1993-cü ilin yayında vətəndaş müharibəsi başlandı, hakimiyyət yenidən dəyişdi. Azərbaycanın bəzi bölgələrində böyük separatçılıq təzahürləri müşahidə edilirdi. Biz bütün bunları dəf etməyə müvəffəq olduq. 1989-cu ildən başlayaraq 1993-cü ilin sonunadək Azərbaycan kiçik fasilələrlə daim fovqəladə vəziyyət şəraitində yaşamışdır. Bu, bütün şəhərlərdə qadağan saatı, hərbi keşikçilər, nəzarət, axşam saat 8-dən sonra yoxlamalar deməkdir. Axşam saat 11-dən sonra xüsusi buraxılış vərəqələri olmadan küçəyə çıxmaq mümkün deyildi. Bir çox qanunsuz silahlı dəstələrin olduğunu da əlavə etsək, o dövrdə bizdə vəziyyətin necə olduğunu təsəvvürə gətirmək mümkündür. 1993-cü ilin iyun ayında mən xalqın dəvəti ilə Bakıya gəldikdə burada axşamlar şəhərə çıxmaq olmurdu, hər yerdə zirehli transportyorlar, tanklar dururdu.

Biz bütün bunlan dəf edə bildik. Hərçənd bu, asan olmamışdır. 1993-cü ildə biz çox çətin proseslər keçirdik. Sonra 1994-cü ildə silahlı yolla yenidən dövlət çevrilişinə cəhd göstərildi. Biz onun qarşısını aldıq. Yəqin mətbuatdan sizə məlumdur ki, 1995-cı ildə Daxili İşlər Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Polis Dəstəsi dövlətin tabeliyindən çıxaraq və öz əməllərini ölkənin daxilindəki və onun hüdudlarından kənardakı müxtəlif siyasi qrupların rəhbərliyi ilə həyata keçirərək hakimiyyəti silahlı yolla devirməyə çan atmışdı. Biz bunun da qarşısını aldıq. Bundan sonra terror hərəkətləri törətmək cəhdləri oldu. Təəssüf ki, buna qarşı bu gün də təminatımız yoxdur. Lakin buna baxmayaraq, indi Azərbaycanda vəziyyət sakit və sabitdir.

O ki qaldı Ermənistanla müharibəyə, 1994-cü ilin mayında biz onunla atəşkəs haqqında saziş bağladıq, buraya hər hansı araşdırıcı qüvvələr, sülhyaratma qüvvələri yeridilmədən hərbi əməliyyatları dayandırdıq. Şükürlər olsun ki, təxminən iki il yarımdır biz atəşkəs rejimini saxlayırıq. Ermənistan tərəfi də, Azərbaycan tərəfi də imzalanmış sazişə, atəşkəs prinsiplərinə sadiq qalırlar. Bununla əlaqədar biz Dağlıq Qarabağ münaqişəsinin dincliklə aradan qaldırılmasına dair fəal danışıqlar aparırıq. Siz bilirsiniz ki, bu təcavüz nəticəsində Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizindən çoxunu işğal etmişlər, oradan bir milyondan artıq sakin zor gücünə qovulub didərgin salınmışdır. İndi onlar Azərbaycanın müxtəlif bölgələrində, əksəriyyəti də çadır şəhərciklərində yaşayırlar. Biz hərbi toqquşmalar zamanı çox böyük insan tələfatı vermişik. İşğal olunmuş ərazilərdə hər şey - şəhərlər, qəsəbələr, yaşayış məntəqələri, kəndlər, sənaye və kənd təsərrüfatı müəssisələri, yollar, elektrik stansiyaları, uşaq bağçaları, xəstəxanalar, yaşayış evləri, mədəniyyət sarayları və başqa obyektlər dağıdılmış, qarət edilmişdir. Orada vəhşilik halları geniş yayılmışdır.

Lakin buna baxmayaraq, biz hesab edirik ki, hərbi əməliyyatlara heç bir halda yenidən başlamaq olmaz. Biz buna öz tərəfimizdən yol verməyəcəyik. Məsələni sülh yolu ilə həll etmək lazımdır. Biz bir çox istiqamətlərdə, habelə ATƏT-in Minsk qrupunun köməyi ilə, Azərbaycan və Ermənistan prezidentlərinin şəxsi nümayəndələri arasında birbaşa danışıqlar yolu ilə, Rusiyanın, ABŞ-ın, Türkiyənin, digər ölkələrin vasitəçiliyi ilə sülh danışıqları aparırıq. Amma bu danışıqlar çox ağır gedir, çünki Ermenistan tərəfi inadkarlıq edir, qeyri-konstruktiv mövqe tutür. O, ərazimizi ələ keçirməsindən istifadə edərək belə düşünür ki, üstün mövqedədir və öz şərtlərini yeritməyə çalışır. Onların şərtləri isə Dağlıq Qarabağın müstəqüliyinə nail olmaqdan, onu Ermənistana birləşdirməkdən ibarətdir. Dağlıq Qarabağda erməni millətindən 100 minədək adam yaşayır. Azərbaycan millətindən olan bütün sakinlər, - onlar isə təxminən 50 min nəfər idi, - oradan zorla qovulub çıxarılmışlar.

Danışıqlarda biz konstruktiv mövqe tuturuq, çox variantlar, o cümlədən Ermənistan tərəfi üçün ən məqbul variant təklif etmişik. Bu variantda Dağlıq Qarabağa Azərbaycan dövləti tərkibində yüksək muxtariyyət statusu verilməsi, Dağlıq Qarabağda erməni əhalisinin təhlükəsizliyinin təmin olunması, Ermənistanla tam sülhün bərqərar edilməsi, Dağlıq Qarabağ sakinlərinin bütün Azərbaycan, habelə Ermənistan ərazisində sərbəst hərəkəti üçün hər cür şərait yaradılması nəzərdə tutulur. Amma bir şərtlə ki, bütün erməni silahlı birləşmələri işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılsın, ölkəmizin ərazi bütövlüyü, beynəlxalq aləmdə tanınmış sərhədləri bərpa edilsin. Başqa yol ola bilməz. Ermənistan tərəfi bunu başa düşməlidir. Biz Azərbaycan ərazisinin bir hissəsinin qoparılmasına heç vaxt yol verməyəcəyik. Bununla dünyanın heç bir ölkəsi heç vaxt razılaşmaz. Azərbaycanın mərkəzində kiçik bir bölgə olan Dağlıq Qarabağa müstəqillik statusu heç cür verilə bilməz. Bu, Azərbaycanın milli mənafeyinə də, bütün beynəlxalq hüquq normalarına da ziddir. Ona görə də Ermənistan tərəfi öz iddialarının perspektivsizliyini anlamalı və razılaşmalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusuna malik ola bilər və normal şəraitdə yaşaya bilər.

Münaqişə ilə əlaqədar məsələ təxminən belədir. Lakin atəşkəs bütün hallarda istər Ermənistan üçün, istərsə də Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Atəşkəs bizim üçün daxili siyasi sabitliyi təmin etməyin mühüm amilidir. Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurulur. Biz iqtisadi islahatları fəal surətdə həyata keçiririk. İslahatların əsas strateji istiqaməti bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsidir. Özəlləşdirmə geniş səpkidə gedir. Biz çox inqilabi xarakterli qanun qəbul etmişik. Bu qanunda torpağın başqa şəxslərə vermək-satmaq hüququ ilə vətəndaşların xüsusi mülkiyyətinə verilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu qanun Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün və təbii olaraq, ölkəmizin əhalisinin kənd təsərrüfatı məhsullarına ehtiyacının ödənilməsi üçün böyük fayda gətirəcəkdir. Aqrar sektorda özəlləşdirmə bu qanundan da əvvəl başlanmışdır və heyvandarlıqda əslində başa çatdırılmışdır. Buna görə də indi bizdə ət, süd sarıdan problem yoxdur. Sovet hakımiyyəti illərində bu məhsullar Rusiya və Ukraynadan gətirilirdi. Yadımdadır, 70-ci illərin axırlarında - 80-ci illərin əvvəllərində biz şəhərlərin sakinlərinə ət, yağ talonları verirdik. İndi bizdə talon yoxdur, amma ət var. Bəlkə də bahadır. Sovet dövründə ətin qiyməti 2 rubl idi, indi isə 8 min manatdır. Deyilənlərə görə, Rusiyada ət bundan da bahadır. Bir sözlə, biz bəzi ərzaq problemlərini məhz özəlləşdirmənin və bazar iqtisadiyyatının köməyi ilə həll edirik.

Siz yəqin diqqət yetirmisiniz ki, Bakıda xarici şirkətlərin, firmaların olduqca çox nümayəndəlikləri var. Hətta Norveç kimi kiçik bir ölkə burada öz firmalarının 50 nümayəndəliyini açmışdır. Bu, yaxşı haldır, çünki bütün bu şirkətlər bizimlə işləyirlər. Biz xarici sərmayələrin cəlb olunmasına fəal stimul yaradırıq. İlk neft müqaviləsinə əsasən Azərbaycanın neft sənayesinə yarım milyard dollar sərmayə qoyulmuşdur. 1997-ci ilin sonunadək isə həmin müqavilə üzrə kapital qoyuluşu bir milyard dollara çatacaqdır. Bəli, sərmayələr, istədiyimiz kimi olmasa da, hər halda gəlir. Belə düşünürəm ki, şəhər və kəndlərdə iqtisadi islahatların, özəlləşdirmənin fəal həyata keçiriləcəyi iki-üç il iqtisadi vəziyyəti və əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdıracaqdır.

Bu gün Bakının küçələrində gündüz də, gecə də arxayınca gəzmək olar. İki il əvvəl bunun böyük bir problem olduğunu nəzərə alsaq, bu, bizim üçün böyük nailiyyətdir.

Həyatımız bax belədir. Siz mənə sual vermək istəmədiniz, mən isə sualsız sizə mə'lumat verdim. Bu, ondan ötrüdür ki, siz bugünkü Azərbaycanı daha dolğun şəkildə təsəvvür edəsiniz. Ona göre ki, müxtəlif ölkələrin, o cümlədən də Rusiyanın bə'zi kütləvi informasiya vasitələrində Azərbaycandakı vəziyyət barədə, təəssüflər olsun, hərdən yalan mə'lumat verilir. Əlbəttə, siyasi pluralizm, mətbuat azadlığı şəraitində hər kəs istədiyini yaza bilər. Amma hesab edirəm ki, bütün bunlar etika, beynəlxalq aləmdə tanınmış normalar daxilində olmalıdır. Bununla yanaşı, biz bu cür faktlarla rastlaşırıq. Ona görə də fürsətdən istifadə edərək və informasiya orqanlarının, müxtəlif agentliklərin nümayəndələrinin belə böyük bir dəstəsinin Azərbaycana gəldiyinı nəzərə alaraq mən bu mə'lumatı verdim.

Vahid Ələkbərova taşəkkür edirəm ki, bu dəfə o, informa­siya orqanlarının belə böyük bir qrupunun müşayiəti ilə gəlmişdir. Mən jurnalistlərə, mətbuat orqanlarına böyük hörmətlə yanaşıram. Sizin əməyinizi çox ağır, mürəkkəb əmək hesab edirəm, özünü bu peşəyə həsr edənlər isə hünər göstərirlər. Bə'zi jurnalistlərin həddindən artıq yalan yazmasına baxmayaraq, ümumən hesab edirəm ki, jurnalist korpusu hər bir cəmiyyətin mühüm tərkib hissəsidir. Mən Azərbavcanda informasiya orqanlarının nümayəndələrinə belə münasibət göstərirəm. Bıizdə müxalifət qəzetləri var, onların jurnalistləri ifrat muxalif mövqelərdə dayanmış, öz qəzetlərində tez-tez böhtan yazırlar. Neyləməli, bu, bizim üçün daha problem deyildir. Çünki indi xalq əsl həqiqəti əsasən başa düşür.

Yenə suallar varmı? Sizə cansağlığı, firavanlıq, yaxşı yol arzulayıram.

Tarixi arayış

MÜSAHİBƏLƏR