Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının İstanbul Zirvə görüşünə yola düşməzdən əvvəl Binə hava limanında yerli və xarici jurnalistlərə müsahibəsi - 17 noyabr 1999-cu il


Sual: Cənab Prezident, qardaş Türkiyə Respublikasına növbəti səfəriniz barədə nə deyə bilərsiniz?

Cavab: Mən qardaş Türkiyə Respublikasına həmişə çox böyük həvəslə və məhəbbət hissi ilə gedirəm. Çünki bu, bizim üçün dost ölkədir. Mən çox məmnunam ki, XX əsrin sonunda ATƏT-in zirvə görüşü məhz Türkiyədə, - İstanbulda keçirilir. Bu, türk dünyası üçün və Türkiyə Cümhuriyyəti üçün, eləcə də bizim üçün çox böyük, əlamətdar hadisədir. Xalqımız, türk xalqı bununla fəxr edə bilər.

Məqsədimiz aydındır - zirvə görüşündə iştirak etməkdir. Bilirsiniz ki, ATƏT-in zirvə görüşü dünya beynəlxalq təşkilatlarının ən mötəbər görüşlərindən hesab olunur. Çünki ümumiyyətlə, ATƏT 25 il bundan öncə yarandıqdan indiyə qədər həqiqətən dünyada həm sülhün, həm təhlükəsizliyin, həm də insan haqlarının qorunması, demokratiyanın inkişafı üçün çox böyük səylər qoyur və bu prinsiplərin həyata keçirilməsi üçün həddən artıq fəaliyyət göstərir.

Ona görə də Azərbaycanın müstəqil dövlət olaraq inkişaf etməsi, ümumiyyətlə, bu təşkilatda olması və zirvə görüşündə iştirak etməsi - dünyanın ATƏT-ə daxil olan ölkələrinin dövlət başçıları, nümayəndə heyətləri ilə birlikdə iştirak etməsi, əlbəttə ki, bizim millətimiz üçün, Azərbaycan xalqı üçün çox əhəmiyyətlidir. Biz bununla fəxr edə bilərik. Biz fəxr edə bilərik ki, ölkəmiz, millətimiz, dövlətimiz müstəqildir və biz müstəqil dövlət olaraq dünyanın böyük dövlətləri ilə bərabər hüquqda belə bir təşkilatdayıq və bu təşkilatın zirvə görüşündə onlarla bərabər hüquqda iştirak edəcəyik. Məqsəd bundan ibarətdir.

Orada müzakirə olunacaq məsələlər məlumdur. Mən bu yaxınlarda bir qrup yazıçı və şairlə görüşümdə də bu barədə demişəm. Hər halda ATƏT-in üçüncü zirvə görüşüdür ki, mən Azərbaycanı təmsil edirəm. Birinci zirvə görüşü 1994-cü ilin dekabr ayında Budapeştdə, ikincisi 1996-cı ilin dekarb ayında Lissabonda - Portuqaliyada olmuşdur. Nəhayət, indiki görüş İstanbuldadır. Çox məmnunam ki, Azərbaycan təmsil olunubdur. Azərbaycanın Prezidenti kimi, mən Azərbaycanı təmsil edəcəyəm və əvvəlki zirvə görüşlərində olduğu kimi, Azərbaycanın milli mənafelərinə aid olan məsələlərin, şübhəsiz ki, həyata keçirilməsinə nail olacaq və nail olmağa çalışacağam. Azərbaycanın milli mənafeləri tamamilə qorunacaqdır.

Sual: Cənab Prezident, Azərbaycan bu görüşdən nə gözləyir?

Cavab: Hazırda bütün Avropa nə gözləyirsə, Azərbaycan da onu gözləyir. Çox şey gözləyir. Xartiya - Avropa regionunda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, demokratiyanın, Helsinki sazişinin digər prinsiplərinin inkişafı üçün bir çox vacib müddəaları əks etdirən siyasi bəyannamə qəbul olunacaqdır. Yəni, çox şey gözlənilir.

Sual: Cənab Prezident, Bakı-Ceyhan boru kəməri haqqında anlaşma imzalanacaqmı?

Cavab: Bakı-Ceyhan boru xətti ilə bağlı anlaşma üzərində bir ildir ki, çalışırıq. Bilirsiniz ki, beş ildir - 1994-cü ilin sentyabr ayından bəri Azərbaycan Bakı-Ceyhan boru xəti layihəsinin qəbul edilməsində aparıcı rol oynayıb, hegemonluq edibdir və buna nail olubdur. Bir il bundan öncə Ankarada bəyannamə imzalanandan sonra biz çox iş görmüşük. Bizim nümayəndə heyəti bu il ərzində demək olar ki, qısa fasilələrlə iki-üç aylarla Ankarada, İstanbulda Türkiyə ilə, Gürcüstanla, xüsusilə Türkiyə ilə birlikdə bu müqavilənin hazırlanması üçün çalışıbdır. Bu iş başa çatıb və müqavilə orada imzalanacaqdır.

Sual: Transxəzər təbii qaz kəməri ilə bağlı hansısa çərçivə anlaşması gözlənilirmi?

Cavab: O da imzalanacaqdır.

Sual: Cənab Prezident, siz orada Azərbaycanın adi silahlar kvotasının artırılması məsələsini qaldıracaqsınızmı?

Cavab: Sən mənə qulaq asdın. Biz dörd ildir bu məsələni qaldırırıq. Ancaq buna nail ola bilmirik, çünki heç bir ölkənin kvotası qaldırılmır. Mən o vaxt ilk dəfə açıqladım və bir daha sizə deyirəm ki, Azərbaycanda olmuş hərc-mərclik, hakimiyyətsizlik, hakimiyyət uğrunda əsassız mübarizə Azərbaycanı belə bir faciəyə də düçar edibdir.

Bəli, 1992-ci ilin may ayında, Varşava paktı dağılandan sonra NATO ilə Rusiya arasında danışıqlar aparılan zaman, şübhəsiz ki, Rusiya başçılıq edərək, MDB dövlətlərini Daşkəndə toplamışdı ki, Varşava paktında, o cümlədən, Rusiyanın ərazisində olan silahların hansı ölkədə, hansı respublikada nə qədər saxlanması müəyyən edilsin.

Demək lazımdır ki, Azərbaycanın ekspertləri orada çox səmərəli fəaliyyət göstərmiş və yaxşı təkliflər hazırlamışdılar. Amma o vaxt Azərbaycanın dövlətçiliyi haqqında düşünən yox idi. Mütəllibov cinayət etdi, hakimiyyətdən getdi. Tərəfdarları bir-iki ay çalışdılar onu hakimiyyətə gətirsinlər. Bir yerə toplaşmış Xalq Cəbhəsi, Müsavat, başqaları xalqın o dövrdə Azərbaycana qarşı olan ədalətsizliyə, Sovet hakimiyyətinə, kommunist partiyasına qarşı qalxdığı bir zamanda bu fürsətdən istifadə edib hakimiyyəti ələ keçirməyə çalışdılar. Bu hakimiyyət mübarizəsindən də kim uddu, kim uduzdu? Yenə də Azərbaycan uduzdu! Birincisi, Azərbaycanda ictimai-siyasi vəziyyət pozuldu, dağıldı, Azərbaycan bərbad bir vəziyyətə düşdü. İkincisi də, belə bir məsələ həll olunduğu zaman Azərbaycandan Daşkəndə normal bir nümayəndə heyəti, düşünülmüş təkliflərlə silahlanmış nümayəndə heyəti getmədi.

Bilirsiniz ki, may ayının 7-də ermənilər Şuşanı işğal etdilər, xatirinizdədir. Azərbaycanda böhran başlanmışdı, çünki hakimiyyətsizlik idi. May ayının 14-də Mütəllibovun tərəfdarları onu bir daha hakimiyyətə gətirdilər. Bəli, may ayının 15-də camaat, xalq toplaşdı, onu hakimiyyətdən qovdu və düz elədi. Amma o vaxtlar xalqın fikri, məqsədi ilə hakimiyyət uğrunda mübarizə aparan və bu gün də o fikirlərindən hələ ki, daşınmayan insanlar hərəsi özü üçün düşünürdü. Millət haqqında, ölkəmiz, dövlət haqqında düşünən yox idi.

Ona görə də Daşkəndə kim gedib, kim getməyib - heç kəsə məlum deyildir. İki-üç il bundan öncə biz bu məsələni araşdıranda tapa bilmirdik ki, oraya kim gedib və müqaviləyə kim imza atıbdır. İmzaya baxırıq, heç kəs tanıya bilmir. Biri deyir ki, Rəhim Qazıyevin imzasıdır. Abbas Abbasov, - o, indi bu adamlardan bizim yanımızda olandır, - boynuna aldı ki, oraya gedibdir. Bəs imza kimindir? Deyir, mənimki deyildir. Bəs kiminkidir? Bəlkə Rəhim Qazıyevindir? Rəhim Qazıyevin imzası ilə tutuşdurdular, dedilər ki, yox, onun imzası deyildir. Nəhayət, tapdılar ki, o vaxtlar Nazirlər Soveti sədrinin müavini olub, Əzizbəyov, - hamının yadından çıxmış bir adamdır, yəqin ki, müvəqqəti işləmiş adamdır, - o imza atıbdır.

Ən böyük əhəmiyyətli, dövləti əhəmiyyəti olan məsələni bu cür həll etməkmi olar? Belə nümayəndə heyəti ilə həll etməkmi olar? Ekspertlər indi də sağdır, onlar danışırlar ki, o vaxt təklif hazırlamışdılar ki, Azərbaycanın ərazisi də, əhalisi də Cənubi Qafqazın o biri respublikalarından artıq olduğuna görə bizim kvota da artıq olmalıdır: 400, 415, 420. Buna da razılıq alınmışdı.Amma Rəhim Qazıyev gedib Qraçovla, filanla danışırdı ki, onlar bunu hakimiyyətə gətirsinlər. Mütəllibov Moskvanın xüsusi xidmət orqanlarının əli ilə yenidən hakimiyyətə gələ bilmişdi. Xalq Cəbhəsi, Müsavat və başqa bu kimi təşkilatlar da birləşib hakimiyyəti əldə etmək istəyirdilər. Hərəsi öz mənafelərinə nail olmaq üçün millətin mənafeyini qurban verdilər.

O vaxtdan biz düşmüşük bu tələyə. Mən dedim, bir də sizə təkrar edirəm ki, dörd ildir bu barədə bizimlə danışıqlar aparırlar. Özü də Amerika Birləşmiş Ştatlarının yüksək nümayəndə heyətləri danışıqlar aparır. Üç il bundan qabaq, Lissabon zirvə görüşü ərəfəsində gəldilər, burada danışıqlar apardıq. Nəhayət, Lissabonda mənə müraciət etdilər. Biz buna razılıq vermədik. Amma sonra gördük ki, kvotanı qaldırmaq mümkün deyildir. Lakin adi silahlar haqqında müqavilə də imzalanmalıdır, çünki imzalanmasa, bu, ola bilər, bizim region üçün daha böyük təhlükədir.

Siz bilirsiniz, Rusiya indi iddia edir ki, yeni müqavilə əsasında ona Qafqazda bu silahları daha çox saxlamağa icazə verilsin, Qafqazda vəziyyət ağırdır. Demək, bu müqavilə imzalanmasa, Rusiya harada nə qədər istəyirsə, gətirib o qədər də silah saxlayacaqdır. Başa düşürsünüzmü? Vəziyyət belədir. Ona görə də biz məcbur olduq, razılıq verdik. Bizə kvotanı heç kəs artırmayacaqdır.

Sual: Cənab Prezident, İstanbulda GÜÖAM çərçivəsində görüş keçiriləcəkmi?

Cavab: Ola bilər. Daha nə sözünüz var? Bir belə adam yığışıbsınız, bir dənə əməlli sual verə bilmirsiniz. Siz narahat deyilsinizmi ki, orada bir şey imzalanacaqmı? Görürəm, hamınız sakit olmusunuz. Bəs niyə sakit oludunuz?

Jurnalist: Yazıçılarla görüşdə hər şeyi demisiniz.

Heydər Əliyev: Yazıçılarla görüşdə. Mən yazıçılarla görüşməsəydim?.. Bilirsiniz, sizin əksəriyyətiniz müxalifətin hay-küyünə uyursunuz. Müsavat da onların başçılarından biridir. Bəli, hər şeyə uyursunuz. Ona görə də bu hay-küyün təsiri altına düşürsünüz.

Amma hay-küy edən adamlar heç vaxt Azərbaycanın milli mənafelərini qoruyan olmayıblar, Azərbaycanın milli mənafeləri haqqında düşünən olmayıblar. Mən hamısının haqqında deyirəm. Onların hər biri 1988, 1989-cu illərdə Azərbaycanda xalq öz hüquqlarını müdafiə etmək üçün qalxdığı zaman sadəcə, çevik olublar, üzə çıxıblar. Məqsədləri isə o olub ki, hakimiyyəti ələ keçirsinlər.

Elə bu günlərdə Elçibəy hansısa qəzetdə yazmışdı ki, Primakovla danışanda Primakov dedi ki, nə istəyirsən? Mən dedim ki, seçkilər keçirin - çünki bilirdik ki, o vaxt seçkilər keçirilsə, biz çoxluğu götürəcəyik. Demək, hakimiyyət mübarizəsi aparılırdı. Yəni o vaxt Dağlıq Qarabağ məsələsinin, hamı birləşib Azərbaycana qarşı olan hücumun qarşısını almaq üçün yox, belə bir gərgin vəziyyətdə hakimiyyət mübarizəsi aparırdılar. Bunu özləri etiraf edirlər.

Bunlar budur və on ildir hərdənbir belə şeyləri ortaya atır, hay-küy salırlar. Siz də düşünürsünüz bu hay-küyün təsiri altına. Mən sizə məsləhət görürəm ki, öz ağlınızla işləyin. Həmin o adamlar ki, indi hay-küy salırlar - onlar daim bir-birinə düşmən olublar, bir-biri ilə rəqabət aparıblar. Biri o birisinə deyir ki, sənin əlin qana batıb, o biri bu birisinə deyir ki, sənin əlin qana batıbdır. Biri o birisinə deyir ki, sən günahkarsan, o birisi deyir...

İndi hamısı birləşib, nə var-nə var, fürsət düşüb ki, yenə də özlərini bir az göstərsinlər. O adamlardan indi kimsə Türkiyəyə getmək, orada nümayiş keçirmək istəyir. Kimsə burada hay-küy salır. Mənim xatirimdədir, keçmişdə Azərbaycanda belə bir söz vardı: filankəsi Biləcəridən o tərəfə tanıyan yoxdur? Bu söz yadınızdadırmı? İndi də işlədirlər - Biləcəridən o tərəfə tanıyan yoxdur.

Mən də deyirəm ki, birincisi, bu adamların bir-birinə sevgisi, məhəbbəti əsl sevgi-məhəbbət deyildir. Elə dostluqdur ki, bu gün bunlar dostdurlar, sabah düşməndirlər. Bəzilərinin sevgisi-məhəbbəti də elə adamların sevgi-məhəbbətinə bənzəyir ki, bu gün bununladır, o birisi gün məhəbbətini o birinə bağlayır, dördüncü gün başqasına bağışlayır. O adamlar bu qəbildən olan adamlardır.

İndi belələri gedib İstanbulda nümayiş keçirmək istəyir. Sən kimsən, səni tanıyan kimdir? Yaxud o birilərin hamısının səsi harada çıxıbdır? Altı ildir ki, biz dünyanın ən mötəbər kürsülərindən bu məsələlər haqqında fikirlər deyirik. Azərbaycanın mənafelərini müdafiə edirik, konkret təkliflər veririk, lazımi qərarların qəbul edilməsinə nail oluruq. Bunları isə nə Biləcəridən o tərəfə tanıyanlar var, nə də bunlarda bir sabitlik var. Məhəbbət sabitliyi də yoxdur, dostluq sabitliyi də yoxdur. İndi belə adamlar düşüblər ortaya. Məsləhət görmürəm ki, onların təsiri altına düşəsiniz. Sağ olun.

"XXI əsrə sülh körpüsü" (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının İstanbul Zirvə görüşü ilə əlaqədar Türkiyəyə səfəri - 17-20 noyabr 1999-cu il) - "Nurol" nəşriyyatı, Bakı - 2000, səh.9-15.

Tarixi arayış