Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevski ilə təkbətək görüşdəki söhbətindən - Prezident sarayı, 27 oktyabr 1999-cu il


Heydər Əliyev: Hörmətli cənab prezident! Azərbaycana xoş gəlmişsiniz. Respublikamıza rəsmi səfərə gəldiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Sözsüz ki, Azərbaycan ilə Polşa arasında qarşılıqlı surətdə faydalı əlaqələrin daha da inkişaf etdirilməsi hər iki tərəf üçün çox əhəmiyyətlidir.

Aleksandr Kvasnevski:  Təşəkkür edirəm, cənab prezident. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkələrimizin əlaqələri ardıcıl surətdə möhkəmlənir.

Heydər Əliyev: Bizim şəxsi dostluq münasibətlərimiz isə bu əlaqələrin daha da səmimiləşməsinə kömək edir. Onu da deyim ki, Polşa rəhbərinin Azərbaycana ilk rəsmi səfərini respublikalarımızın əməkdaşlığının inkişafı üçün yeni mühüm hadisə kimi qiymətləndirmək lazımdır.

1997-ci ilin avqustunda Varşavaya rəsmi səfərimi məmnunluqla xatırlayıram, Мən bir çox sahələrdə münasibətlərin daha da sıxlaşdırılması məqsədi ilə ölkələrimiz arasında bağlanmış müqavilələri yüksək dəyərləndirirəm. Bakıda imzalanması nəzərdə tutulan sənədlərin də Azərbaycan- Polşa əməkdaşlığının daha sürətlə inkişaf etdirilməsinə güclü təkan verəcəyinə əminəm.

Hal-hazırda bazar münasibətləri, demokratik inkişaf yolunu seçmiş müstəqil Azərbaycan Respublikasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində tədbirlər həyata keçirilir, islahatlar müvəffəqiyyətlə aparılır və nəticədə böyük uğurlar əldə olunur.

Öz iqtisadiyyatının dünya iqtisadiyyatı ilə daha sıx bağlanmasına çalışan Azərbaycan xarici ölkələrlə, о cümlədən Polşa ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirir.

On ildən bəridir ki, Ermənistanın Azərbaycana təcavüzü davam edir. Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisinin 20 faizi işğal olunmuşdur. Bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla çıxarılaraq çadırlarda ağır vəziyyətdə yaşayır. Hal-hazırda bu münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupu fəaliyyət göstərir, Ermənistan prezidenti ilə son dövrdə danışıqlar aparılır.

Aleksandr Kvasnevski: Azərbaycana rəsmi səfərə dəvət edildiyimə görə Sizə minnətdarlığımı bildirirəm və Sizinlə görüşdən hədsiz məmnunluq duyuram. Polşa Azərbaycanla bütün sahələrdə daha sıx əlaqələr qurmağa böyük maraq göstərir. Demokratik inkişaf yolu ilə inamla addımlayan müstəqil Azərbaycanda əldə olunmuş nailiyyətləri görməkdən məmnun qaldım. Cənab prezident, biz dəfələrlə görüşüb söhbət etmişik.

Çox məmnunam ki, indiki görüşümüz Azərbaycanda keçirilir. Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində mühüm rolu olan Polşanın əsas sahələrinin yüksək vəzifəli şəxslərini və işgüzar dairələrin bir çox nümayəndələrini özümlə bərabər Bakıya gətirmişəm. Polşa Avropa ilə Asiyanın qovuşduğu yerdə coğrafi-siyasi cəhətdən xüsusi əhəmiyyət daşıyan Azərbaycanla əlaqələrin daha da sıxlaşdırılması üçün bütün imkanlardan istifadə edəcəkdir.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə, beynəlxalq normalara uyğun surətdə tezliklə aradan qaldırılmasına Polşa da tərəfdardır. Ümid edirəm ki, ATƏT-in qarşıdakı İstanbul zirvə görüşü bu münaqişənin dincliklə aradan qaldırılması yollarının müəyyənləşdirilməsinə yeni təkan verəcəkdir.

Tarixi İpək yolunun bərpasına dair Avropa Birliyinin himayəsi ilə, TRASEKA proqramı çərçivəsində ötən il Bakıda keçirilmiş beynəlxalq konfransda Polşa nümayəndə heyəti də yaxından iştirak etmişdi. İndi bizim müvafiq strukturlar bununla əlaqədar məsələlər üzərində işləyirlər. Biz Avropanın nəqliyyat infrastrukturunun İpək yoluna qoşulmasını istəyirik. Biz istəyirik ki, Baltik dənizi ilə Qara dəniz, Cənubi Qafqaz ilə Mərkəzi Avropa arasındakı məkanda regional əməkdaşlıq ideyası öz dinamik inkişafını tapsın. Neftin Xəzər dənizindən Qərbi Avropaya nəqlinə dair iri layihədə Polşa da iştirak etmək arzusundadır.

Heydər Əliyev: Mən əminəm ki, bizim bu görüşümüz, apardığımız danışıqlar, imzaladığımız sazişlər dünya siyasətində ölkələrimizin mövqeyini müəyyənləşdirəcək, Qafqazda vəziyyətin sabitləşməsi yolunda aparılan işlərə kömək edəcək, beynəlxalq təşkilatlarla əməkdaşlığımızın genişləndirilməsi üçün zəmin yaradacaqdır.