Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 28 may – Respublika günü münasibətilə şəhidlər xiyabanını ziyarət etməsi - 28 may 2002-ci il


28 may Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə tarixində ən unudulmaz günlərdən biridir. 1918-ci ilin məhz həmin günü Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır.

Ölkəmizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin xatirəsini yad etmək üçün respublika paytaxtı ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, elm, mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrin səfirləri mayın 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin 84-cü ildönümü, Respublika günü səhər müqəddəs ziyarətgaha – Şəhidlər xiyabanına toplaşmışdılar.

Azərbaycan Prezidenti Heydər Əliyev xalqımızın mərd oğullarının əziz xatirəsinə ehtiramını bildirmək üçün Şəhidlər xiyabanına gəldi. Xiyabana toplaşanlar dövlətimizin başçısını alqışlarla qarşıladılar. Prezident Heydər Əliyev onları Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü – Respublika günü münasibətilə təbrik etdi.

Respublikamızın Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər şəhidlərin məzarları qarşısından keçərək, onların əziz xatirəsini ehtiramla yad etdilər. «Əbədi məşəl» abidəsinin önünə dövlətimizin başçısı adından əklil qoyuldu. Əklilin üzərində bu sözlər yazılmışdı: «Şəhidlərin xatirəsinə Azərbaycan Respublikasının prezidentindən».

Müdafiə Nazirliyi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.

Azərbaycan Prezidenti Heydər Əliyev «Əbədi məşəl» abidəsini nəzərdən keçirərək mərasimdə iştirak edən jurnalistlərə dedi:

Bu abidəni özüm yaratmışam, memarı da özüməm. Hərdən bir bura gələndə ona baxmaq istəyirəm. Çox gözəl abidədir. Gözəl də  şəhərimiz var. Gündən-günə də gözəlləşir. Bu gün hava çox yaxşıdır, səma da açıqdır, dəniz də sakitdir.

Bayram şəhərin hansı bölgələrində keçirilir?

Hacıbala Abutalıbov (Bakı Şəhər İcra Hakimiyyətinin başçısı): Kukla teatrının arxasındakı böyük meydançada axşam saat 7-də bayram şənliyinə başlayırıq. Dənizdə gəmilər də olacaq, onlar su fəvvarələri vuracaq. Gözəl bayram şənliyi keçiriləcəkdir.

Nəsimi və Nizami rayonlarında, bütün rayonların baş meydançalarında, parklarında saat 4-dən etibarən şənliklər başlayacaqdır.

Heydər Əliyev: Çox gözəl. Milli Parkda axşam saat 7-də başlayacaqdır.

Hacıbala Abutalıbov: Saat 7-dən 8-ə kimi Milli Parkda şənlik olacaq, televiziya ilə birbaşa yayımlanacaqdır.

Televiziya vasitəsilə bütün vətəndaşlar Milli Parka bayram şənliyinə dəvət olunublar.

Heydər Əliyev: Şəhəri abadlaşdırırsınız...

Hacıbala Abutalıbov: Sizin göstərişlərinizi yerinə yetirəcəyəm, buna əmin olun.

Heydər Əliyev: Yaxşıdır, gördüyünüz işlərdən hamı razıdır. Hətta bu «narazılar» da razıdırlar. Bunlar heç vaxt razı deyillər. Hər dəfə bir şeyə mütləq qulp qoyurlar. Amma bunlar da razıdırlar.

Hacıbala Abutalıbov: Çox sağ olun, minnətdarlığımı bildirirəm.

Heydər Əliyev (jurnalistlərə müraciətlə): Bayramınız mübarək. Sizi təbrik edirəm. Bütün xalqımızı, millətimizi təbrik edirəm. İndi isə sizinlə görüşərkən Azərbaycanın bütün jurnalistlərini təbrik edirəm. Mediyada çalışanları təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Yaxşı-yaxşı yazılar yazasınız, verilişlər verəsiniz. Həyatımızın reallığını əks etdirəsiniz.

Jurnalistlər: Biz də Sizi təbrik edirik və arzulayırıq ki, inşallah, Azərbaycan Respublikasının 85-ci ildönümünə ölkəmiz Sizin rəhbərliyinizlə daha böyük uğurlar və nailiyyətlərlə gedəcəkdir.

Heydər Əliyev: İnşaallah, 85-ci ildönümünə mütləq gedəcəyik.

Sual: Cənab Prezident, biz istərdik ki, Siz Putin–Buş danışıqlarında Dağlıq Qarabağla bağlı məsələnin müzakirəsi zamanı əldə olunmuş nəticələrə münasibətinizi bildirəsiniz. Siz həmin danışıqlardan razı qalmısınızmı? Yəqin ki, danışıqlardan sonra Siz bu məsələ ilə bağlı əlaqə saxlamısınız?

Cavab: Mən xüsusi əlaqə saxlamamışam. Ancaq, ümumiyyətlə, Moskvada prezidentlər Putin ilə Buş arasında aparılan danışıqlar və imzalanan sənədlər böyük maraq doğurur və hesab edirəm ki, onlar yüksək qiymətə layiqdir. Mən onları çox yüksək qiymətləndirirəm. Artıq dünyada bütün ictimaiyyyət bu görüşləri, əldə olunan razılıqları yüksək qiymətləndiribdir. Biz də belə fikirdəyik. Bu, dünyada böyük dəyişikliklərin əsasını qoyubdur.

11 sentyabr hadisələrindən sonra, ümumiyyətlə, dünya dəyişibdir. Bütün dövlətlər bir-birinə qarşı olan bəzi ittihamları, yaxud ziddiyyətləri kənara qoyub, beynəlxalq terrorizmlə mübarizəni ön plana çəkiblər. Beynəlxalq terrorizmə qarşı koalisiya yaranıbdır.

Bilirsiniz ki, biz də həmin koalisiyaya daxil olmuşuq və bu mübarizədə öz xidmətlərimizi göstəririk. Ancaq bəzi belə fikirlər, görüntülər vardı ki, guya ABŞ, Rusiya müxtəlif mövqedədirlər.

İndi isə bu görüşlərdə bütün dünyaya məlum oldu ki, Rusiya da, ABŞ da eyni mövqedən çıxış edirlər. Çox mühümü odur ki, nüvə silahlarının ixtisarı haqqında ciddi müqavilə imzalanıbdır. Mənim xatirimdədir, nüvə silahlarının ixtisarı barədə danışıqlar 1970-ci illərin əvvəllərindən gedir. O dövrdə, 1970-ci ildən 80-ci illərin əvvəllərinə qədər olan dövrdə – buna «gərginliyin zəiflədilməsi» dövrü deyirdilər. SSRİ dağılandan sonra da bu danışıqlar gedirdi. Ancaq təəssüflər olsun ki, onlar lazımi nəticə vermirdi. İndi Moskvada keçirilmiş Putin–Buş danışıqlarında bu nəticələr əldə olunubdur.

Nüvə silahlarının ixtisar olunması, ümumiyyətlə, bütün dünya üçün böyük müsbət hadisədir. Əgər nüvə silahları tamamilə ləğv olunsaydı, insanlar daha da rahat olardılar. Ancaq indi ləğv edə bilmirlərsə, onların ixtisar edilməsi, təbiidir ki, böyük hadisədir, böyük bir nailiyyətdir.

Biz çox məmnunuq ki, bu görüşlərdə bizim bölgəyə də diqqət göstərilibdir. Demək, bizim bölgə – Qafqaz bölgəsi, Xəzər hövzəsi bölgəsi dünyanın strateji bölgələrindən biridir.

Böyük dövlətlərin, aparıcı dövlətlərin rəhbərləri öz görüşlərində bu bölgəyə diqqət yetirirlər.

Bilirsiniz ki, həmin sənədlərdə Qafqaz bölgəsi ilə əlaqədar müddəalar var. Bizim üçün maraqlı olan Xəzər dənizi ilə və bir də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar müddəalardır. Bunlar bizim bu sahədə işlərimizin daha da uğurla getməsinə, təbiidir ki, kömək edəcəkdir. Ona görə, bir daha deyirəm, mən bu görüşləri və əldə olunan sənədləri, razılıqları yüksək qiymətləndirirəm.

NATO–Rusiya əlaqələrinin yaranması da çox böyük və müsbət hadisədir. Çünki neçə illərdir ki, ümumiyyətlə, NATO yaranandan onunla Varşava Müqaviləsi Təşkilatı arasında həmişə böyük ziddiyyət və böyük qarşıdurma olubdur.

Varşava Müqaviləsi Təşkilatı dağıldı, onun aparıcı qüvvəsi SSRİ olduğuna görə, varisi Rusiya idi. Bu da NATO ilə Rusiya arasındakı münasibətləri gərgin saxlayıbdır.

Son illər bu gərginlik tədricən aradan götürülür. Nəhayət, indi Moskvada əldə olunmuş razılıq, NATO–Rusiya formatı, təbiidir ki, dünyada yeni bir əhval-ruhiyyə və beynəlxalq aləmdə yeni vəziyyət yaradır. Bu vəziyyət də müsbət qiymətləndirilməlidir. Mən bunu yüksək dəyərləndirirəm.

Sual: Cənab Prezident, yerli və xarici sahibkarlarla Sizin görüşləriniz oldu. Bununla əlaqədar müşavirə nə vaxt keçiriləcək və hansı tədbirləri görəcəksiniz?

Cavab: Bu yaxınlarda müşavirə keçirəcəyik. Nazirlər, mənim müşavirim Vahid Axundov bu görüşlərin yekunlarını təhlil edirlər. Mən dünən bu məsələ ilə maraqlanmışam. Onlar söz veriblər ki, aparılan təhlillərin nəticəsini mənə təqdim edəcəklər. Ondan sonra mən müşavirənin gününü təyin edəcəyəm.

Sual: Cənab Prezident, Siz Köçəryanla görüşünüzün zəruriliyini vurğuladınız. Amma MDB ölkələri dövlət başçılarının sammiti oktyabr ayına qədər təxirə salınır. O vaxta qədər Köçəryanla görüşünüzün vaxtı dəqiqləşdiriləcəkmi?

Cavab: Ümumiyyətlə, bu görüş lazımdır. Hesab edirəm ki, Köçəryan və mən bu görüşün nə vaxt, harada keçirilməsi haqqında müəyyən razılıq əldə edə bilərik.

Sual: Cənab Prezident, Rusiya və ABŞ prezidentləri arasında müvafiq sənədlər imzalandı. Bu sənədlərin region dövlətləri və Azərbaycan üçün nə kimi əhəmiyyəti var?

Cavab: Çox böyük əhəmiyyəti var. Region dövlətləri üçün, ümumiyyətlə, Qafqaz regionu üçün əhəmiyyəti var. Bizim üçün xüsusi əhəmiyyəti var. Çünki siz bilirsiniz ki, bizim Amerika Birləşmiş Ştatları ilə strateji əməkdaşlığımız var. Rusiya ilə də sıx əməkdaşlığımız var. Ona görə məqsədlərimizi həyata keçirmək üçün bu görüşlər, əldə olunan nəticələr və xüsusən NATO–Rusiya formatı çox əlverişlidir və çox qiymətlidir.

Sual: Cənab Prezident, yəqin ki, Robert Köçəryanın son bəyanatından xəbəriniz var. O yenə bildirib ki, danışıqlar yalnız Paris prinsipləri əsasında aparılmalıdır. Bu, Ermənistanın, sadəcə, danışıqlara getmək istəmədiyini göstərmirmi ?

Cavab: Mən gördüm ki, sizin telekanalda Vilayət Quliyev buna cavab veribdir. Hesab edirəm ki, onun verdiyi cavaba əlavə bir şey demək olmaz. Amma yox, bu onu göstərmir.

Sual: Cənab Prezident, mətbuatda dövlət məmurları haqqında PKK ilə bağlı məlumatlar yayıldı. Bunlara Sizin münasibətiniz necədir?

Cavab: Buna mənim heç bir münasibətim yoxdur. Çünki bunların hamısı əvvəldən axıra qədər cəfəngiyyatdır. Ona görə, belə bir cəfəngiyyata mən heç bir münasibət bildirmək istəmirəm. Yalan, uydurma şeylər yayacaqlar ki, biz ona münasibət bildirək? Burada vəziyyəti gərginləşdirmək və cəmiyyətdə çaşqınlıq yaratmaq üçün belə bir yalanı ortaya atıblar. Bu, birinci hal deyildir. Bu onun müəlliflərinin xüsusiyyəti və əməli fəaliyyətidir.

Sual: Cənab Prezident, prezidentlər Buş və Putin region ölkələrinin ərazi bütövlüyünün təmin olunmasını önə gətirdilər. Bu baxımdan, Minsk qrupundan yeni təkliflər gözləmək olarmı?

Cavab: Bilirsinizmi, biz daim nə isə gözləməliyik. Özümüz də bu sahədə fikirləşməliyik ki, daha nə etmək olar ki, məsələnin həllinə nail olaq. Eyni zamanda biz daim təkliflər də gözləməliyik.

Sual: Cənab Prezident, ABŞ-ın bəzi araşdırma mərkəzləri Dağlıq Qarabağla bağlı danışıqların formatının dəyişdirilməsi barədə konkret təkliflərlə çıxış ediblər. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar müzakirələr hansı formatda aparılsa, daha yaxşı nəticə verə bilər?

Cavab: Bu, ABŞ mərkəzlərinin fikridir, yoxsa sənin fikrindir?

Jurnalist: Yox, ABŞ mərkəzlərinin fikridir. Özləri konkret təkliflərlə çıxış ediblər.

Heydər Əliyev: Çixiş ediblərsə, yəqin ABŞ-ın və Rusiyanın müvafiq dairələri buna baxarlar.

Sual: Cənab Prezident, iyun ayının 25-də Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı cərçivəsində konfrans keçiriləcəkdir. İnşallah, Sizin iştirakınız gözlənilirmi?

Cavab: Mütləq gedəcəyəm.

Sual: Cənab Prezident, Sankt-Peterburqa səfərinizlə əlaqədar bilmək istərdik, Xəzərdə orta xətt koordinatları müəyyən edildimi?

Cavab: Hazirlayirlar. Deyəsən daha sualınız yoxdur, ona görə də mən sizə sual vermək istəyirəm. Kefiniz necədir? Necə yaşayırsınız? Maddi çətinliyiniz yoxdur ki? Sizə köməyim lazımdırmı?

Jurnalistlər: Cənab Prezident, çox sağ olun. Sizin sağlığınız Azərbaycan xalqına köməkdir.

Heydər Əliyev: Çox sağ olun. Görürəm ki, indi bizdə gənc, yaxşı jurnalistlər yetişir – həm qızlar, həm oğlanlar. Siz müasir tipli jurnalistlərsiniz. Bu məni sevindirir.

Mən istəyirəm sizin kimilər çox olsun ki, o mürtəçe xasiyyətli jurnalistlər aradan çıxsınlar. Onlar bizim bugünkü cəmiyyətə, dünyəvi dövlətə, bizim Qərblə münasibətlərimizə uyğun deyillər. Amma görürəm, siz bu mənada yaxşı yetişirsiniz.

Mən istəyirəm ki, siz daha da kamil olasınız, öz biliyinizi, savadınızı artırasınız. Bilikləriniz yaxşıdır. Mən bəzən televiziyaya baxıram, ayrı-ayrı mövzular haqqında söhbət aparırsınız, yaxud fikirlər bildirirsiniz. Görürəm ki, siz gündəlik dünya mətbuatını izləyirsiniz, məlumatlar alırsınız və onlardan dərhal istifadə edirsiniz. Mən bunu çox müsbət qiymətləndirirəm. Bəzən də ayrı-ayrı məlumatları mən sizdən alıram. Mənim özümün də məlumat mənbəyim çox böyükdür, hər gün alıram. Ancaq bir də görürsən ki, nəyi isə eşitməmişəm, sizlərin biriniz televiziyada nəsə deyirsiniz, eşidirəm.

Ona görə də mən bunları müsbət qiymətləndirirəm. İşinizi davam etdirin.

Bizim özəl televiziya kanalları da indi yaxşıdır. Əvvəl təkcə ANS idi, indi isə Space, LİDER də var. Yarış gedir. Yarış olması da yaxşıdır. Çünki rəqabət olanda, inkişaf da olur.

Rəqabət olmasa, inkişaf olmaz. Əvvəl ANS-ə rəqabət yox idi. Nə istəyirdisə, onu edirdi. Amma indi ANS də fikirləşir, çalışır ki, bu rəqabətə dözsün. Amma o biri kanallar da özlərini yaxşı göstərirlər. Çox məmnunam.

Özəl kanallar, demək olar ki, yüksək səviyyədədir. Beynəlxalq standartlar səviyyəsindədir. Bu da məni sevindirir.

Yaxşı işləyirsiniz. Sizə uğurlar arzulayıram. Məndən nə istəyirsiniz?

Sual: Cənab Prezident, biz sizin sağlığınızı istəyirik. Bayaq Siz dediniz ki, mən bu abidəni sevirəm, ona görə ki, özüm tikdirmişəm. 28 May Şərqdə ilk demokratik cümhuriyyətin yaranması günüdür. Sizin belə bir fikriniz varmı ki, elə bir park yaradılsın ki, orada Azərbaycan Xalq Cümhuriyyətinin çox məşhur nümayəndələrinin abidələri qoyulsun?

Cavab: Bilirsinizmi, Xalq Cümhuriyyətinin əbədiləşdirilməsi haqqında mənim fikirlərim var, bunu edəcəyik. İndi deyə bilmərəm ki, park və ya heykəl olacaq. Bilirsinizmi, bizdə heykəli çox sevirlər. Ancaq müsəlman aləmində heykəl yoxdur. Düzdür, biz artıq Avropa dəyərlərini mənimsəmişik.

Amma bu qədər heykəl qoysaq, 50 ildən sonra Bakıda adamların sayından çox heykəl olacaq. Düşünürsünüzmü? Qərb ölkələrini götürün, siz oralara gedirsiniz. Məsələn, Parisi götürün, qədim Londonu götürün. Avropanın başqa mərkəzlərini götürün. Oralara gedəndə bir dəfə araşdırın. Orada neçə heykəl görəcəksiniz. Sonra gəlib Bakıdakı heykəlləri sayın.

Görəcəksiniz ki, Bakıdakı heykəllərin sayı onlardan qat-qat çoxdur. Demək, biz istəmişik ki, onlar kimi olaq, amma bir az, necə deyərlər, ölçünü itirmişik. Ona görə hər kəs istəyir ki, nəyəsə heykəl qoyulsun. Ya onun pərəstiş etdiyi adamdır, ya qohumudur, ya dostudur və sair. Heykəl, heykəl, bir də heykəl...

Yenə deyirəm, görün Bakıda nə qədər heykəl var.

Əbədiləşdirmək, həqiqətən lazımdır. Amma heykəl məsələsində siz bir az düşünün. Yenə deyirəm, sən (ANS-in müxbirinə) hər şeyi çox operativ həll edirsən. Mən səndən xahiş edirəm, bu mövzunu araşdır, öz telekanalınızda ver ki, məsələn, Parisdə neçə və Bakıda neçə heykəl var. Bu birincisi. İkincisi, Parisdəki heykəllər kimin heykəlləridir, Bakıdakı heykəllər kimindir? Sənin bu verilişini eşidəndən sonra mən bir daha fikirləşəcəyəm.

Sual: Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının varisləri, nəvələri müraciət etmişdilər ki, əvvəllər Azadlıq parkı olmuş keçmiş 26-lar bağı yenidən Azadlıq parkı adlandırılsın. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi barədə bəyannaməni imzalamış 26 nəfərin adları oradakı memoriala həkk olunsun. Bu təklif nə dərəcədə məqbuldur?

Cavab: Onlarin adlarının həkk olunması lazımdır, mən buna razıyam. Amma ora başı bəlalı bağdır, bunu bilirsiniz.

Vaxtilə Azadlıq parkı olub, orada kimlərin cəsədləri olduğunu siz bilirsiniz. Elədirmi? Mən özüm də keçmiş 26-lar bağı haqqında çox düşünürəm. Orada dəyirmi abidə var, onun haqqında düşünürəm. Biz tarixi düzgün araşdırdıq, 26-lar Azərbaycana düşmən olublar. Ona görə də indi o bağın elə vəziyyətdə saxlanması, yəqin ki, lüzumsuzdur. Orada indi başqa nəyinsə qoyulması... orada yerin altında nələr var, siz bunu bilirsiniz. Tarix bizə bəzi çətin problemlər qoyubdur, bəzən ha fikirləşirsən, bunun yolunu tapa bilmirsən.

Mən özüm o bağı hərdən görəndə, yaxud onun yanından keçəndə onun haqqında düşünürəm. Amma bir nəticəyə gələ bilmirəm. Bilirsinizmi, çox çətin məsələlər var. Bir nəticəyə gələ bilmirəm. Amma düşünmək lazımdır.

Sual: Cənab Prezident, Siz İranda olarkən belə bir ifadə işlətdiniz ki, imzalanmış sənədlərlə bağlı xüsusi tədbirlər planı işlənib hazırlanacaqdır. Bu, konkret nəzarət sistemini, yoxsa layihələrin həyata keçirilməsini nəzərdə tutur?

Cavab: Bu həm layihələrin həyata keçirilməsini, həm də nəzarət sistemini nəzərdə tutur. Sağ olun. Bayramınızı bir də təbrik edirəm.

* * *

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə iştirak edən diplomatik korpusun üzvləri, elm, ədəbiyyat, incəsənət xadimləri ilə görüşüb söhbət etdi, onları Respublika günü münasibətilə təbrik etdi. Mərasim iştirakçıları dövlətimizin başçısına ən xoş arzularını bildirdilər, ona cansağlığı dilədilər.