Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşdən sonra Azərbaycan jurnalistlərinin suallarına cavabı - Yalta, Azərbaycan Prezidentinin iqamətgahı, 6 iyun 2001-ci il


Sual: Cənab Prezident, Gürcüstan prezidenti Eduard Şevardnadze ilə görüşünüz zamanı hansı məsələlər müzakirə olundu?

Cavab: Cənab Eduard Şevardnadze ilə biz hər dəfə çox danışıqlar aparırıq. Çünki bizim çox yaxın münasibətlərimiz var. Özü də bir regionda olduğumuza görə çox işlər görürük. Çox danışıqlar apardıq. Amma əsas bir məsələ idi. Mən Bakıda, sərgidə də bu fikri dedim. Çünki indi bizim «Şahdəniz» qaz yatağından çıxarılacaq qazı ixrac etmək üçün istəyirik ki, kəməri 2002-ci ildə hazır edək, Türkiyəyə qaz verək. Mənə dedilər ki, onların hökuməti bunu bir az gecikdiribdir və parlamentdə hələ baxmayıblar. Konsorsium narahatdır. Türkiyə baxıb, biz baxmışıq. Çünki əgər bir az geciksə, qış vaxtı bu, çətin olacaqdır. Əsas bu idi. Yəni burada müzakirə etməyə bir şey yox idi. O bilmirdi. Mən ona dedim. O da dedi ki, bu yaxında həll olunacaqdır. Başqa məsələlər barədə də fikir mübadiləsi etdik.

Sual: Cənab Prezident, sammit ərəfəsində mövqe razılaşdırılması da oldumu?

Cavab: Orada mövqe razılaşdırılmasına ehtiyac yoxdur. Çünki o xartiya hazırlanıbdır. Hamımız razılığımızı vermişik. Ola bilər, orada bəzi məsələlər meydana çıxsın. O barədə də bir az söhbət etdik.

Sual: Cənab Prezident, Sizin fikrinizcə, sammitin ən əsas hadisəsi hansı olacaqdır?

Cavab: Gələrsiniz, görərsiniz.

Sual: Cənab Prezident, dediyiniz bəzi məsələlərdə nələr ola bilər?

Cavab: İndi kimsə deyir ki, bəlkə başqa ölkələr də cəlb olunsun. İndi belə təkliflər var. Ona görə məsələ müzakirə oluna bilər.

Sual: Cənab Prezident, qonaq sifətində konkret olaraq Bolqarıstan, Rumıniya və Rusiya nəzərdə tutulur?

Cavab: Bəli, belə fikirlər var. Bir tərəfdən bunları deyirlər, o biri tərəfdən onları deyirlər.

Sual: Siz bununla razısınız?

Cavab: Mən orada öz fikrimi deyəcəyəm.