Azərbaycan Prezidenti Heydər Əliyevin Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə görüşündə iştirak etmək üçün Moskvaya yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 23 yanvar 2000-ci il


Sual: Cənab prezident, Moskvaya səfərinizin məqsədi barədə nə deyə bilərsiniz?

Cavab: Səfərimin məqsədi güman edirəm, məlumdur. Ayın 25-də Moskvada Müstəqil Dövlətlər Birliyinə mənsub olan ölkələrin dövlət başçılarının görüşü olacaqdır. Eyni zamanda xarici işlər nazirlərinin, sonra ayrıca baş nazirlərin, müdafiə nazirlərinin görüşləri keçiriləcəkdir. Əsas məqsəd bundan ibarətdir, bundan ötrü gedirəm. Ancaq sabah orada mənim və Ermənistan prezidenti Koçaryanın təkbətək görüşümüz olacaqdır. Nəzərə alın ki, o görüşə sonra Rusiya prezidentinin səlahiyyətlərini aparan Vladimir Putin də qatıla bilər. Sonra nəzərdə tutulubdur ki, dörd prezidentin, yəni Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycan prezidentlərinin də görüşü olacaqdır. Təbiidir ki, başqa ikitərəfli görüşlər də olacaqdır. Amma əsas tədbirlər bundan ibarətdir.

Sual: Cənab prezident, Azərbaycan MDB-nin sədri vəzifəsində kimi görür?

Cavab: Mürəkkəb sualdır. Oraya gedirik, məsləhətləşəcəyik. Bu elə işdir ki, ümumi rəy olmalıdır.

Sual: Cənab prezident, birliyin indiki vəziyyətini necə qiymətləndirirsiniz?

Cavab: Bilirsiniz, hələ ki, birlik həmişə eyni vəziyyətdədir. Demək olmaz ki, bu gün pisdir, dünən yaxşı idi. Siz bilirsiniz ki, son iki ildə birlik hər halda, - mən böhran deməzdim, - mürəkkəb dövr yaşayır. Biz ildə bir dəfə toplaşır, sanki nə barədəsə razılığa gəlirik, ancaq sonra heç də hər şey reallaşdırılmır. Ölkələrin heç də hamısı digər ölkələrlə razılaşmır. Ona görə də hesab edirəm ki, birlik hələlik təşəkkür dövrünü yaşayır.

Daha kimin nə sözü var?

Sual: Ermənistan-Türkiyə sərhədinin həftədə bir dəfə açılmasına dair protokol imzalandığı barədə xəbərlər nə dərəcədə doğrudur?

Cavab: Bu, tamam yalandır. Mən bunu keçən dəfə demişəm - Türkiyə ilə Ermənistanın sərhədləri yalnız Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra, sülh bağlanandan sonra açıla bilər. Bu, Türkiyənin həm prezidentinin, həm Baş nazirinin və bütün başqa dövlət rəhbərlərinin fikridir, Türkiyənin xalqının fikridir. Mən bunu bir neçə dəfə demişəm, Türkiyə prezidenti, bizim əziz dostumuz Süleyman Dəmirəl dəfələrlə deybdir ki, bu sərhədlərin açarları bizdə deyil, - birincisi, Türkiyə xalqındadır, ikincisi də Azərbaycandadır.

Sual: Cənab prezident, axır zamanlar mətbuat yazır ki, Bakı-Ceyhan layihəsi ilə əlaqədər Gurcüstan bəzi təkliflər irəli sürmüşdür. Bu iddialar layihəni nə dərəcədə geriyə ata bilər?

Cavab: Bilirsiniz ki, Türkiyə ilə bizim aramızda bütün danışıqlar qurtarıb, hər şey razılaşdırılıbdır. Ancaq Gürcüstan dörd məsələ irəli sürübdür. İndi Türkiyənin, Azərbaycanın, Gürcüstanın nümayəndə heyətləri Ankarada görüşürlər. Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini Şərifov rəhbərlik edir. İndi də məlumatı dinləyirdim, səhər tezdən də dinlədim. Görünür ki, dörd məsələdən bir-ikisi aradan götürülüb, birinin haqqında hələ mübahisə gedir, biri də hələ həll olunmayıbdır. Güman edirəm, bunlar həll ediləcək, heç kəsin şübhəsi olmasın və Bakı-Ceyhan neft kəməri tikiləcək, işə başlayacaqdır. Ancaq mətbuatda yazılanlar - nə bilim, Bakı-Ceyhan neft kəməri olmayacaq. - bunlar yalan şeylərdir. Gürcüstan ölkədir, daxilində iqtisadi vəziyyət bir az çətindir, bəzi problemləri var. Ona görə bəzi şərtlər qoyur və təbiidir ki, bu şərtlər də müzakirə olunur.

Sual: Cənab prezident, deyilənə görə, Transxəzər qaz kəməri ilə də bağlı oxşar şərtlər ortaya çıxıbdır.

Cavab: Yox, çıxmayıbdır. Transxəzər qaz kəməri haqqında hələ bu səviyyəyə gəlib çatmamışıq. Hələ danışıqlar gedir. Bizim nümayəndə heyəti, Türkiyəninki, Gürcüstanınkı Aşqabadda oldular, danışdılar. Prinsipial məsələlər üzrə razılıq var. Amma əlbəttə ki, gələcəkdə konkret çox şeylər müzakirə olunacaqdır.

Sual: Cənab prezident, Rusiyada təhlükəsizlik məsələləri barədə müzakirələr aparacaqsınızmı?

Cavab: Elə hər şey təhlükəsizliklə bağlıdır. Sağ olun

Tarixi arayış