Respublika sarayında "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 9 aprel 2000-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Hörmətli dövlət başçıları!

Hörmətli məclis başçıları!

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycan xalqı möhtəşəm "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyini böyük bayram kimi təntənə ilə qeyd edir. Bu yubiley bizim üçün, bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi bir hadisədir. Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu, bizim milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır.

Azərbaycan xalqının, bütün türkdilli xalqların böyük tarixi abidəsi olan "Kitabi-Dədə Qorqud" 1300 ildir ki, yaşayır. Əgər 1300 ildən də öncə "Kitabi-Dədə Qorqud" dastanının yaranması üçün xalqlarımızın nə qədər səylər qoyduğunu və nəhayət, bu tarixi abidəni yaratdığını nəzərə alsaq, onda təsəvvür edə bilərik ki, bizim xalqlarımızın nə qədər qədim tarixi, dərin kökləri və nə qədər zəngin mədəniyyəti vardır.

1300 il ərzində "Kitabi-Dədə Qorqud" böyük, möhtəşəm, şanlı yol keçmişdir. "Kitabi-Dədə Qorqud" bütün çətinliklərə, məhdudiyyətlərə baxmayaraq, 1300 il ərzində bizim xalqlarımıza mənəvi qida olmuş, onların yaşamasına, mübarizə aparmasına, öz milli mənliyini dərk edib, hifz etməsinə daim yardım göstərmişdir.

Ancaq onu da qeyd etmək lazımdır ki, biz "Kitabi-Dədə Qorqud"un 1300 illik tarixinə yüksək qiymət verərək, etiraf etməliyik ki, son üç il ərzində Azərbaycanda "Kitabi-Dədə Qorqud" irsinin öyrənilməsi, tədqiq edilməsi, təbliğ olunması sahəsində böyük işlər görülmüş və bunlar "Kitabi-Dədə Qorqud" u bizim xalqımıza, bütün türk dünyasına, türkdilli xalqlara tanıtmış və onun nə qədər zəngin sərvət olduğunu bütün dünyaya nümayiş etdirmişdir.

Dünən Türkdilli Dövlətlər Birliyinin VI Bakı zirvə görüşü öz işini uğurla sona çatdırdı. Biz bu zirvə görüşündə Türkdilli Dövlətlər Birliyi yaranan vaxtdan keçmiş 8 il ərzində gördüyümüz işləri təhlil etdik, ona nəzər saldıq və böyük nailiyyətlər əldə etdiyimizi bildirdik. Təbiidir ki, Türkdilli Dövlətlər Birliyinin yaranması türk dünyasında, bizim xalqlarımızın hər birinin həyatında tarixi hadisə olmuşdur. Amma 8 il ərzində onun yaşaması, inkişaf etməsi, genişlənməsi bu birliyin yaranmasının bir tərəfdən nə qədər zəruri olduğunu nümayiş etdirdi, ikinci tərəfdən də bu birliyin bizim xalqlarımız üçün gələcəkdə nə qədər gərəkli olduğunu göstərdi.

Ötən illərdə əldə etdiyimiz nailiyyətlər bizim ümumi səylərimizin nəticəsidir. Ancaq eyni zamanda, qeyd etmək lazımdır ki, Türkiyə Cümhuriyyətinin, əziz dostumuz, qardaşımız Süleyman Dəmirəlin təşəbbüsü ilə yaranmış Türkdilli Dövlətlər Birliyi, təbiidir ki, birinci növbədə Türkiyə Cümhuriyyətinin böyük xidmətlərini göstərir.

Bu gün biz hamımız VI zirvə görüşünü uğurla başa çatdıraraq, xalqlarımızın müştərək tarixi abidəsi olan "Kitabi-Dədə Qorqud" un yubileyinə toplaşmışıq. Bu yubileyə daha da çox əhəmiyyət verən, onun səviyyəsini qaldıran odur ki, biz onu türkdilli dövlətlərin başçıları ilə birlikdə keçiririk. Mən bu yubileydə iştirak edənlərin, bizim dəvətimizi qəbul edib Azərbaycana gələnlərin hamısına təşəkkürümü bildirirəm və onların hamısını səmimi qəlbdən salamlayıram.

Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının böyük dostu, əziz qardaşım Süleyman Dəmirəli salamlayıram!

Qazaxıstan Respublikasının prezidenti, hörmətli qonağımız, əziz dostum, qardaşım Nursultan Nazarbayevi salamlayıram!

Qırğızıstan Respublikasının prezidenti, əziz dostum, qardaşım Əsgər Akayevi salamlayıram!

Özbəkistan Respublikası nümayəndə heyətinin başçısı, Özbəkistan Ali Məclisinin sədri hörmətli Ergin Xəlilovu salamlayıram!

Türkmənistan Respublikası nümayəndə heyətinin başçısı, Türkmənistan Məclisinin sədri hörmətli Səhhət Muradovu salamlayıram!

YUNESKO təşkilatının baş direktoru, hörmətli qonağımız cənab Koisuro Matsuranı salamlayıram!

Azərbaycan xalqının böyük dostu, Fransa parlamentinin qocaman üzvü, veteranı cənab Jak Bomeli salamlayıram!

Məmnuniyyət hissi ilə qeyd edirəm ki, "Kitabi-Dədə Qorqud"un yubileyinə dünyanın bir çox ölkələrindən ictimai-siyasi xadimlər, alimlər, yazıçılar qonaq gəlmişlər, Azərbaycanda keçirilən elmi konfranslarda iştirak etmişlər. Onlar bizimlə bərabər buradadırlar. Mən Azərbaycana gəldikləri üçün qonaqlarımızın hamısına təşəkkürümü bildirirəm, onların hamısını səmimi qəlbdən salamlayıram.

"Kitabi-Dədə Qorqud" un son üç ildə tədqiq, təbliğ olunması Azərbaycan xalqına çox böyük faydalar verdi. Biz öz tarixi köklərimizi, milli-mədəni irsimizi bir daha dərk etməyə başladıq. Artıq biz dərk edirik ki, Azərbaycan xalqı, bütün türkdilli xalqlar dünya sivilizasiyasına nə qədər böyük töhfələr vermişlər. Bunların içərisində "Kitabi-Dədə Qorqud"un xüsusi yeri vardır.

"Kitabi-Dədə Qorqud" bizim ana kitabımızdır. Dədə Qorqud bizim ulu babamızdır, əcdadımızdır. Biz fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" kimi tarixi abidəmiz vardır, fəxr edirik ki, "Kitabi-Dədə Qorqud" kimi ulu əcdadımız vardır.

"Kitabi-Dədə Qorqud" xalqları, millətləri daim birliyə, sülhə dəvət edibdir. 1992-ci ildə Türkdilli Dövlətlər Birliyinin yaranması Dədə Qorqud vəsiyyətlərinin yerinə yetirilməsinin parlaq nümunəsidir.

Biz dövlət müstəqilliyimizi əldə edəndən, milli azadlığımıza çatandan sonra bu birliyin təmin olunması üçün böyük imkanlar əldə etmişik və bu birliyin bizim xalqlarımız üçün nə qədər əhəmiyyətli olduğunu dərk etmişik.

"Kitabi-Dədə Qorqud" un birliyə çağırışı bu gün hər birimiz üçün lazımdır. Dövlət müstəqilliyi yolu ilə gedən, ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu aparan Azərbaycanda milli birlik, milli həmrəylik hər şeydən vacibdir.

Bu gün biz "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini təntənəli bayram edərək, onun bu vəsiyyətlərinə sədaqətimizi bildiririk və bəyan edirik ki, Azərbaycan xalqı müstəqillik yollarında qarşıda duran bütün ağır və çətin məsələlərin həll edilməsində daha da bir, daha da əlbir olacaqdır və daim irəliyə doğru gedəcəkdir.

"Kitabi-Dədə Qorqud" qəhrəmanlıq dastanıdır. Biz "Kitabi-Dədə Qorqud"un vəsiyyətlərindən bu gün həyatımızda istifadə edərək, xalqımızda vətənə məhəbbət, sevgi, sədaqət, vətənpərvərlik, hisslərini daha da artırırıq. "Kitabi-Dədə Qorqud" bu gün bizə çox gərəklidir.

"Kitabi-Dədə Qorqud" insanları, xalqları sülhə, barışa dəvət edibdir. Bizim xalqımız bu gün "Kitabi-Dədə Qorqud"un bu vəsiyyətlərinə sadiqdir. Ermənistan tərəfindən Azərbaycana edilən təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal olunubdur, işğal edilmiş ərazilərdən bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan didərgin düşüb çadırlarda ağır vəziyyətdə yaşayırlar. Biz böyük zərbələr almışıq. Amma bunlara baxmayaraq, Azərbaycan xalqı yenə də bütün dünyaya öz sülhsevərlik siyasətini nümayiş etdirir. Biz Dədə Qorqud yolu ilə gedirik. Biz sülh yolu ilə gedirik. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz bütün ölkələrdə, türkdilli ölkələrdə sülhün, əmin-amanlığın bərqərar olunmasını istəyirik. Beləliklə, bu gün biz yubiley günündə Dədə Qorqud vəsiyyətlərinə sədaqətimizi bir daha nümayiş etdiririk.

"Kitabi-Dədə Qorqud" özündə böyük elmi, mədəni, mənəvi fikirlər cəmləşdirən abidədir. İndiyə qədər "Kitabi-Dədə Qorqud"un öyrənilməsi və bugünkü nəsillərə çatdırılması yolunda xeyli iş görülübdür. Xüsusən son üç il ərzində yubiley komissiyasının üzvləri, Azərbaycanın alimləri, tədqiqatçıları, yazıçıları, ictimai xadimləri tərəfindən görülən işlər yüksək qiymətə malikdir. Ona görə də bu gün, bu yubiley günü mən "Kitabi-Dədə Qorqud"un tədqiqi, təbliği ilə məşğul olmuş və bu yubiley mərasimlərinə çox dəyərli elmi əsərlər, kitablar hazırlamış alimlərimizə, yazıçılarımıza təşəkkür edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, onlar bu yubiley tədbirlərindən ruhlanaraq öz elmi işlərini bundan sonra da davam etdirəcəklər. "Kitabi-Dədə Qorqud" dastanının hələ açılmayan səhifələri, hələ bu günə qədər məlum olmayan fikirləri bundan sonra aşkar ediləcək, Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinə və bütün türk dünyasına çatdırılacaqdır.

Biz bu gün böyük iftixar hissi keçiririk. Çünki bizim "Kitabi-Dədə Qorqud" kimi böyük tarixi abidəmiz vardır. Çünki bu gün biz sərbəstik, azadıq, müstəqilik və öz tarixi keçmişimizi, öz mənəvi dəyərlərimizi, öz mədəniyyətimizi olduğu kimi təhlil edib xalqımıza, millətimizə və gələcək nəsillərə çatdırmağa qadirik.

"Kitabi-Dədə Qorqud" yubileyinin ən böyük mənası, əhəmiyyəti ondan ibarətdir ki, bu, bizim milli azadlığımızı, dövlət müstəqilliyimizi, sərbəstliyimizi bir daha nümayiş etdirir. "Kitabi-Dədə Qorqud" vəsiyyətləri bizə deyir ki, daim müstəqillik yolu ilə getmək, Azərbaycanın milli azadlığını və dövlət müstəqilliyini əbədi etmək bizim hər birimizin qarşısında duran ali məqsəddir. Bu məqsədə nail olmaq üçün mən sizin hamınıza, bütün Azərbaycan xalqına, bütün Azərbaycan vətəndaşlarına böyük uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 10 aprel 2000-ci il.

Ümumi tarixi arayış

Dədə-Qorqud dastanı

Tarixi arayış

MƏDƏNİYYƏT