Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl və Türkiyə Böyük Millət Məclisinin sədri Hikmət Çətin ilə növbəti görüşdəki söhbətindən - Ankara, Gülhanə Tibb Akademiyası, 21 yanvar 1999-cu il


Süleyman Dəmirəl: Əziz dostum, qardaşım Heydər bəy, Sizi səmimi qəlbdən salamlayıram, öz adımdan, türk xalqı adından Sizə möhkəm cansağlığı arzulayıram.

Heydər Əliyev: Səhhətim çox yaxşıdır, göstərilən yüksək diqqət və qayğıya görə, qardaş və dost Türkiyənin rəhbərlərinə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Süleyman Dəmirəl: Səhhətinizin gündən-günə yaxşılaşdığını görməkdən çox məmnunam. Əminəm ki, müayinə və müalicəni tezliklə başa çatdıraraq Azərbaycana qayıdacaq, yorulmaz fəaliyyətinizi davam etdirəcəksiniz.

Hikmət Çətin: Cənab prezident, mən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Astanada keçirilən andiçmə mərasimində iştirak etdim. Məlumat verim ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Özbəkistan prezidenti İslam Kərimov, Qırğızıstan prezidenti Əsgər Akayev, Rusiyanın Baş naziri Yevgeni Primakov, Tatarıstan prezidenti Mintemir Şaymiyev və mərasimin başqa iştirakçıları Sizin bu mərasimdə iştirak edə bilməməyinizdən çox təəssüfləndiklərini bildirdilər və Sizə möhkəm cansağlığı arzuladılar.

Heydər Əliyev: Çox sağ olun. Biz bütün ölkələr arasında əməkdaşlığı möhkəmləndirmək, xalqlarımızın əmin-amanlığını təmin etmək, onların rifahını yüksəltmək üçün daim çalışmalıyıq. Biz Türkiyə ilə bütün sahələrdə, xüsusən iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi, strateji əməkdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk.

Hikmət Çətin: Bu əməkdaşlığın genişlənməsi və dərinləşməsi üçün çox böyük potensial imkanlar vardır. Bakı-Ceyhan boru xəttinin çəkilməsi barədə 1998-ci il oktyabrın 29-da Ankarada imzalanmış bəyannamədə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinin vacibliyini vurğulamaq istəyirəm.

Heydər Əliyev: Tamamilə düz deyirsiniz. Bu sənədlərdəki bir çox mühüm müddəalar bizə əməkdaşlığımızı, dövlətlərimiz və xalqlarımız arasında qardaşlığı və dostluğu daha da möhkəmləndirməyə və inkişaf etdirməyə kömək edəcəkdir. Böyük əhəmiyyətli həmin sənədin imzalanması tarixi kimi qiymətləndirilməlidir. Mən əminəm ki, Azərbaycan müharibə vəziyyətindən çıxacaq, yaranmış atəşkəs dövründə sülh yaradılacaq, Azərbaycanın işğal edilmiş torpaqları azad olunacaq, onun ərazi bütövlüyü təmin ediləcək, bir milyondan çox qaçqın öz doğma evlərinə qayıdacaqdır.

Süleyman Dəmirəl: Əmin ola bilərsiniz ki, bu məsələdə Türkiyə Azərbaycanı həmişə dəstəkləmiş, bundan sonra da hər cür dəstək verməyə hazırdır.

Heydər Əliyev: Bilirsiniz ki, Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmuş, öz coğrafi-siyasi mövqeyi ilə bölgədə sülhün, əmin-amanlığın bərpa edilməsində böyük əhəmiyyət daşıyır. Beynəlxalq təşkilatlarda ölkələrimizin əməkdaşlığının gündən-günə möhkəmlənməsinin vacibliyini bir daha nəzərə çarpdırıram. Azərbaycan xalqı Türkiyə xalqı və digər tərəqqipərvər xalqlar kimi Balkan yarımadasındakı vəziyyətdən və Kosovo hadisələrindən olduqca narahatdır və bu, problemlərin ədalətli nizamlanmasına yönəldilmiş bütün addımları və səyləri ürəkdən dəstəkləyir.