Azərbaycan Prezidenti Heydər Əliyevin NATO-nun Baş katibi Xavyer Solana ilə birgə jurnalistlərlə görüşündə çıxışı - Brüssel, 23 aprel 1996-cı il


Hörmətli cənab baş katib!

Mən burada, NATO-nun baş qərargahında olmağımdan, sizinlə apardığım söhbətlərdən çox məmnun olduğumu bildirmək istəyirəm.

Siz qeyd etdiniz, mən bura artıq birinci dəfə deyil gəlirəm. 1994-cü ilin mayında mən buraya gəlib NATO-nun "Sülh naminə əməkdaşlıq" proqramına imza atmışam. 1994-cü ilin yanvarında NATO-nun belə bir proqramı qəbul etməsini, onu bəyan etməsini və ölkələrin bu proqrama qoşulması haqqında çağırışını biz məmnuniyyətlə qəbul etdik və bunu çox yüksək qiymətləndiririk. Bu proqram, həqiqətən Avropada, eyni zamanda dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün çox yaxşı bir əsas yaradır. Ona görə də Azərbaycan iki il bundan əvvəl bu proqrama qoşulub. Mən bu proqrama imza atmışam.

Cənab baş katib, bu gün bu proqramla əlaqədar olaraq Azərbaycanın prezentasiya sənədini mən sizə təqdim etdim. Sizinlə apardığımız söhbətlərdən, fikir mübadiləsindən mən çox razıyam, məmnunam. Onlar bizim ikitərəfli əlaqələrimiz üçün, о cümlədən Qafqazda, Zaqafqaziyada sülhün, əmin-amanlığın yaranması üçün çox əhəmiyyətlidir. Fikir mübadiləmizdə Zaqafqaziyada Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələlərinə də toxunduq. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu məsələnin sülh yolu ilə həll olunması üçün NATO öz səylərini əsirgəməyəcəkdir.

Ermənistan prezidenti Levon Ter-Petrosyanla mən bu məsələlərin sülh yolu ilə həll olunması üçün Lüksemburqda apardığımız danışıqlar nəticəsində birgə bəyanat verdik və mən bu barədə sizə geniş məlumat verdim. Artıq iki ildir ki, bu münaqişədə atəşkəs rejimi yaranıbdır və prezident Ter-Petrosyan ilə mən bəyan etdik ki, biz bundan sonra da bu atəşkəs rejiminə riayət edəcəyik. Eyni zamanda biz sülh danışıqlarını davam etdiririk və münaqişəyə sülh yolu ilə tamamilə son qoymaq istəyirik. Mən bu gün sizə bir daha bildirdim ki, bunun üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmalıdır, işğal edilmiş torpaqlardan didərgin düşmüş bir milyondan artıq Azərbaycan vətəndaşı öz yerinə, yurduna qayıtmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilə bilər.

Bir daha ümidvar olduğumu bildirmək istəyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin bu şərtlər əsasında, sülh yolu ilə həll edilməsində NATO da öz səylərini göstərəcəkdir. NATO-nun fəaliyyətini biz sülhsevər fəaliyyət hesab edirik. NATO-nun mövcudluğunu və onun fəaliyyətini Avropada, dünyada sülhün, əmin-amanlığın bərqərar olunması üçün çox mühüm bir amil hesab edirik. NATO-ya və NATO-nun üzvü olan ölkələrə bu sahədə yeni uğurlar diləyirəm.

Cənab baş katib, mən sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Siz bu dəvəti qəbul etmisiniz və ümidvar olduğumu bildirmək istəyirəm ki, onu yaxın vaxtlarda həyata keçirəcəksiniz. Bu böyük vəzifəni siz qısa bir vaxtdır ki, öz üzərinizə götürmüsünüz. Bilirəm ki, siz bu sahədə çox iş görürsünüz. Şəxsən sizə bu işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlayacaqdır. Bir prezident kimi mənim bu sahədə apardığım siyasətə və əməli işlərimə yüksək qiymət verdiyinizə görə sizə təşəkkür edirəm. Bugünkü söhbətimizə görə və mənə göstərdiyiniz diqqətə, mehribanlığa görə sizə təşəkkür edirəm. Sizə bir daha yeni müvəffəqiyyətlər arzulayıram.