Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə nümayəndə heyəti ilə görüşdə söhbətindən - Prezident sarayı, 6 yanvar 2000-ci il


(Nümayəndə heyətinə - enerji və təbii ehtiyatlar nazirinin müavini Yurdəkil Yıqıtgüdən, xarici işlər nazirinin müavini Murat Balkan və Xarici İşlər Nazirliyi Enerji Departamentinin rəisi Hacı Sarıbaş daxil idilər)

Heydər Əliyev:  Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Mən bilirəm ki, siz burada sizi də, bizi də maraqlandıran məsələ barədə danışıqlar aparmısınız. Onu qeyd etmək istəyirəm ki, biz Bakı-Ceyhan neft boru kəməri haqqında qərar qəbul etməyə, yəni anlaşma əldə etməyə 5 il çalışdıq və bunu əldə etdik. Ancaq ondan sonra işlər zəifləyibdir. Ona qədər isə sürətlə, qızğın gedibdir. Məndə belə təsəvvür əmələ gəlir ki, indi hamı rahatlandı. Öncə çoxları fikirləşirdi ki, olacaq, olmayacaq? Mən Türkiyəyə gedəndə hər biri məndən soruşurdu ki, nə üçün gecikdi, niyə olmadı? Mən hər dəfə deyirdim ki, olacaq.

İndi, olandan sonra hamı sakitləşdi. Bu, əlbəttə, məni narahat edir. Çünki biz gərək bu işi indiyə qədər apardığımız sürətlə indi də aparaq. Amma indiyə qədər bir çox problemlər vardı, onları həll etmək lazım idi. Ona görə vaxt çox getdi. Ancaq indi bu problemlər yoxdur. Sadəcə, layihəni hazırlamaq, danışıqlar aparmaq və işə başlamaq lazımdır. Mənim fikrim budur. Amma siz nə danışıqlar aparmısınız, nə qərara gəlmisiniz - mən bilmirəm.

Yurdəkil Yıqıtgüdən:  Sayın cümhur başqanım, bizi qəbul etdiyiniz üçün minnətdarlığımı söyləyirəm. Yeni iliniz mübarək olsun, deyirəm. İcazənizlə, sayın cümhur başqanı Süleyman Dəmirəlin sizə göndərdiyi məktubu təqdim etmək istəyirəm.

Sayın cümhur başqanı Dəmirəl sizin böyük səylərinizlə gerçəkləşdirdiyimiz bu böyük anlaşmanın hərəkətə gətirilməsi üçün hansı işlərin görülməsi barədə fikirlərini bəyan edir. Ona görə də bu məktubu sizə təqdim etməyi tapşırdı.

Biz bu gün sizin nümayəndələrinizlə görüşdük. Qarşıdakı günlərdə Gürcüstan nümayəndələrini də çağıraraq hamımız bir araya gəlib məsələləri müzakirə etmək istəyirik. Təbii ki, işi sürətləndirmək bizim vəzifəmizdir. Sizin səylərinizlə anlaşma imzalandı deyə rahat otursaq bu bizə yaraşmaz. Bu sazişin sürətlə gerçəkləşməsi üçün həm Türkiyədə, həm də Azərbaycanda siyasi iradə olduğunu da bilirik. Ona görə də bizim vəzifəmiz sizin də göstərişləriniz əsasında bu işi ən qısa zamanda gerçəkləşdirmək üçün lazımi addımlar atmaqdan ibarət olacaqdır.

Heydər Əliyev: Şübhəsiz. Mən öz fikrimi dedim. Əziz dostum, qardaşım cümhur başqanı Süleyman Dəmirəlin məktubunu da diqqətlə oxuyacağam. Güman edirəm, o da burada eyni fikirləri yazıbdır. Mən də eyni fikirdəyəm. Amma unutmaq lazım deyil ki, biz bu anlaşmanı imzalamışıq, lakin bu anlaşmanın əleyhinə olan dairələrdə, yəni dövlətlərdə hələ indi də belə fikirlər var ki, bunu həyata keçirmək mümkün olmayacaqdır. Guya başqa alternativ şeylər təklif edəcəklər.

Belə fikirlər dolaşır, siz onu bilin. Ona görə də biz vaxtı itirməməliyik. Biz - dövlət başçıları, hökumət başçıları öz borcumuzu yerinə yetirmişik. İndi iş sizin əlinizdədir - yəni sizin, bizim, Gürcüstanın. Bizim bu işlə məşğul olan adamlarımız mənim qəti əmrimi alıblar ki, bununla ciddi məşğul olsunlar və vaxtı itirməsinlər.

Amma gərək hamı - həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə bu işə eyni sürətlə yanaşsın. Vaxtı itirmək lazım deyildir. Mənim başqa fikrim ola bilməz. Hesab edirəm ki, biz artıq əməli işə başlamalıyıq.

Yurdəkil Yıqıtgüdən: Sayın cümhur başqanım, biz buraya gəlməzdən öncə Gürcüstana səfər etdik. Cənab Şevardnadzeyə də cümhur başqanımızın məktubunu verdik. Biz az sonra bununla bağlı aldığımız məlumatı da, icazə versəniz, sizə bildirmək istəyirik. Bu məsələdə cümhur başkanı Dəmirəlin fikirləri də eynən sizin fikrinizlə səsləşir. Hörmətli Şevardnadzenin fikri də bu cürdür. Hesab edirik ki, bu anlaşmanın əleyhinə olanlar yeni güc toplayıb layihəyə qarşı bəzi fikirləri yaymağa çalışacaqlar.

Heydər Əliyev: Bəli, bəli. Mətbuatda məqalələr yazırlar, fikirlər söyləyirlər. Bəziləri elə fikir yaradırlar ki, bu, real deyil, bu işi görə, yəni boru xəttini tikə bilməyəcəklər. Bəziləri yenə də deyir ki, kəməri tikə bilməyəcəklər, ona görə ki, o qədər neft yoxdur. Şübhəsiz ki, bu fikirlər bütün məsələlərə mənfi təsir edir. Ancaq neft də var, boru xəttini də tikəcəyik. Amma bunu nə qədər tez başlasaq, bu işin qarşısını almaq istəyənlərin ağzını o qədər tez yumacağıq. Yummaq lazımdır!

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

Neft və qaz kəmərləri