Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasına üçüncü rəsmi səfəri (12-17 mart 2001-ci il)


Martın 12-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezərin dəvəti ilə dost ölkəyə rəsmi səfərə gedib. 

«Çankaya» köşkündə rəsmi qarşılanma mərasimindən sonra prezidentlər bəyanatla çıxış ediblər. Prezident Heydər Əliyev bildirib: «Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr indiyə qədər dostluq, qardaşlıq əlaqələri olubdur və bundan sonra da belə olacaqdır. Bizim əlaqələrimizin təməli budur və bunun əsasında iqtisadi, ticarət, elm, mədəniyyət və başqa sahələrdə olan əməkdaşlıqlardır. Bunların hamısı indi, demək olar ki, yüksək səviyyədədir. Ancaq bu əlaqələr bundan sonra daha da yüksəlməlidir. Ona görə də biz buraya gəlməklə Türkiyə–Azərbaycan dostluğunun, qardaşlığının bizim üçün çox əhəmiyyətli olduğunu bir daha nümayiş etdiririk».

Daha sonra prezidentlərin təkbətək görüşü olub. Görüşdə iki qardaş dövlət arasında münasibətlərin inkişaf sürətindən məmnun olduqlarını söyləyən prezidentlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin rolu, Bakı-Tbilisi-Ceyhan boru kəməri, «Şahdəniz» yatağından çıxarılacaq qazın Türkiyəyə nəqli imkanları müzakirə olunub. 

Həmin gün nümayəndə heyətlərinin iştirakı ilə geniş danışıqlar olub. Görüşdə son illər Azərbaycanda müşahidə olunan müsbət dəyişikliklər, iqtisadi əməkdaşlıq, Naxçıvan Muxtar Respublikasının üzləşdiyi problemlərdə Türkiyənun rolu ilə bağlı geniş fikir mübadiləsi aparılıb. 

Sonra isə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatı, Azərbaycan qazının Türkiyəyə nəqli barəsində sazişi prezidentlər imzalayıb. Həmçinin, ədliyyə, maliyyə, mədəniyyət nazirlikləri arasında əməkdaşlıq haqqında protokollar, vergi sahəsində əməkdaşlıq, BOTAŞ və ARDNŞ arasında qazın alqı-satqısı barədə müqavilə, Gəncə və Qars arasında, Şəki və Girəsun arasında qardaşlaşma münasibətləri haqqında saziş imzalanıb. 

Mərasimdən sonra jurnalistlər qarşısında çıxış edən Heydər Əliyev bildirib ki, bütün məsələlərdə iki dövlət arasında razılaşma əldə olunub. 

Martın 12-də Azərbaycan Prezidentinin «Camlı köşk»dəki iqamətgahında Heydər Əliyev Türkiyənin Baş naziri Bülənd Ecevitlə görüşüb. Tərəflər bütün sahələrdə əməkdaşlığın ildən-ilə inkişafından razı qaldıqlarını bildiriblər. 

Həmin gün Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil edib. Qəbulda çıxış edən Heydər Əliyev bildirib: « Azərbaycanın müstəqilliyi bizim həyatımızın mənasıdır. Azərbaycan prezidenti kimi, mənim həyatımın mənasıdır. Azərbaycanın müstəqilliyi bundan sonra daha da möhkəmlənəcək, yaşayacaq və müstəqil dövlət bir daha keçmişdəki vəziyyətə düşməyəcəkdir. Biz bu yolda Türkiyə ilə həmişə bir yerdə olmuşuq, bir yerdə olacağıq. Türkiyə-Azərbaycan dostluğu əbədidir, sarsılmazdır. Biz bu dostluğa sadiqik və sadiq olacağıq. Bu dostluğu inkişaf etdirmək üçün bütün sahələrdə əməkdaşlığımızı, işbirliyimizi daha da inkişaf etdirəcəyik. Güman edirəm ki, mənim buraya rəsmi səfərim zamanı bu məsələlərin gələcəyi haqqında işlər görürük və görəcəyik.» 

Martın 13-də Türkiyə Silahlı Qüvvələr Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Kıvrıkoğlu, Baş nazirin müavini, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, Baş nazirini müavini, Ana Vətən Partiyasının sədri Məsud Yılmaz, xarici işlər naziri İsmayıl Cəm, Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl ilə görüşüb, ikitərəfli münasibətlərin bir sıra aspektlərini müzakirə edib. 

Elə həmin gün Prezident Heydər Əliyev Türkiyə böyük Millət Məclisinin sədri Ömər İzgi ilə görüşüb, Məclisdə çıxış edib. Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin rolundan və Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən neft və qazın nəqli məsələsindən ətraflı bəhs edib. 

Martın 14-də Azərbaycan və Türkiyə prezidentləri xüsusi təyyarə ilə İstanbula yola düşüblər. Prezidentlər Türkiyə Respublikası Hərbi Akademiyası kompleksində olub, komandanlığın illik konfransında iştirak ediblər. 

Prezident Heydər Əliyevin bu səfəri də medianın böyük ilgisini çəkib. Martın 15-də Heydər Əliyev «CNN-Türk», TRT, NTV, «Samanyolu» telekanallarına, martın 16-da isə «Sabah» qəzetinə müsahibələr verib. 

Martın 16-da Prezident Heydər Əliyevə Ankara Universitetinin fəxri doktoru adının verilməsinə həs edilmiş mərasim baş tutub. Həmin gün Heydər Əliyev Türkiyə Böyük Millət Məclisinin deputatları Əli Günər, Aslan Haydar və Osman Gəzəgərlə görüşüb. 

Martın 17-də səfəri başa vurub Azərbaycana qayıdan Azərbaycan Prezidenti Heydər Əliyev bu rəsmi səfəri Türkiyə-Azərbaycan əlaqələrinin, dostluq, qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün yeni mərhələ kimi səciyyələndirib.