Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetində Türkmənistan Prezidenti Saparmurad Niyazova - Türkmənbaşıya BDU-nun Fəxri doktor diplomunun təqdim edilməsi mərasimində nitqi - 18 mart 1996-cı il


Hörmətli qonağımız, hörmətli dostumuz, Türkmənistanın prezidenti cənab Saparmurad Niyazov-Türkmənbaşı!

Hörmətli xanımlar və cənablar!

Bu gün Bakı Dövlət Universitetinin həyatında əlamətdar hadisə baş verir. Bakı Dövlət Universiteti qardaş Türkmənistanın prezidenti Saparmurad Niyazova Dövlət Universitetinin fəxri doktoru adını vermiş və hörmətli qonağımıza bu münasibətlə diplom təqdim olunmuşdur. Mən bu hadisə münasibətilə əziz dostum, qardaşım Saparmurad Niyazovu ürəkdən təbrik edir, ona cansağlığı, xoşbəxtlik arzulayır və gələcək fəaliyyətində yeni-yeni uğurlar diləyirəm.

Mənim xatirimdədir, 1970-ci ildə, yəni 26 il bundan öncə respublikanın rəhbəri kimi Bakı Dövlət Universitetinin - o vaxt Azərbaycan Dövlət Universiteti adlanırdı, - yığıncağına gəlmişdim. O zaman burada çıxış etdim. Şübhəsiz ki, çıxışım mənim ana dilimdə, Azərbaycan dilində oldu. Onda mən bir il idi ki, respublikaya rəhbərlik edirdim. Bu çıxışdan sonra mən bir çox yerlərdən təbriklər alırdım. Soruşdum ki, nə üçün məni təbrik edirsiniz? Hamı dedi ki, siz Azərbaycan dilində danışmısınız, ona görə təbrik edirik. Mən təəccübləndim, dedim, bunun üçün təbrik etməkmi lazımdır? İnsan öz ana dilində danışmalıdır. Ancaq eyni zamanda başa düşürdüm ki, bu, o vaxtlar Azərbaycanın həyatı üçün qeyri-adi bir hadisə idi. Çünki biz daim rus dilində danışırdıq və bəziləri də hesab edirdilər ki, bəlkə Heydər Əliyev də bəziləri kimi öz ana dilini - Azərbaycan dilini bilmir. Ona görə də burada Azərbaycan dilində nitq söylədiyimə görə məni təbrik edirdilər.

İndi o vaxtdan 26 il keçibdir. O vaxtlar - mən respublikaya rəhbərlik etdiyim dövrdə, sonra Azərbaycanın prezidenti kimi burada fəaliyyət göstərdiyim zaman bizim azərbaycanlıların əksəriyyəti öz dilini öyrənibdir və onlar öz dillərində danışırlar. Ona görə də mənim burada hansı dildə danışmağımın fərqi yoxdur. O vaxt Azərbaycan Dövlət Universitetində Azərbaycan dilində danışmağım təkcə bu dili bilməyimi göstərmək məqsədi daşımırdı. Ən əsası bu idi ki, mən istəyirdim azərbaycanlılar və xüsusən yüksək vəzifələrdə olanlar öz dilini sevsinlər, ona hörmət etsinlər, öz dilini qiymətləndirsinlər, bu dildə nitqlər söyləsinlər. Mən buna nail olmuşam. Doğrudur, bəziləri indi də öz dilində istənilən səviyyədə danışa bilmirlər. Amma əksəriyyəti Azərbaycan dilində, Azərbaycanın dövlət dilində danışır. Sizə bu qısa tarixi məlumatı verdikdən sonra əziz dostum Saparmurad Niyazov və onu müşayiət edən qonaqlar üçün dediklərimin tamamilə aydın olmasından ötrü çıxışımı rus dilində davam etdirirəm.

Çox hörmətli Türkmənistan prezidenti, əziz qonağımız və qardaşımız Saparmurad Niyazov, çox hörmətli qonaqlar, xanımlar və cənablar! Mən Türkmənistan prezidentini böyük hadisə - ona Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu, universitetin həyatında böyük və əlamətdar hadisədir. Bununla bərabər, belə hesab edirəm ki, bu, bizim dostluğumuzun, Türkmənistan prezidentinin həyatında da əlamətdar hadisədir.

Hörmətli dostum Saparmurad Niyazov, sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövlət və siyasi fəaliyyətinizdə yeni-yeni uğurlar, Türkmənistan xalqına firavanlıq arzulayıram.

Türkmənistan prezidenti Saparmurad Niyazova fəxri doktor adı verilməsi bizim universitetimiz üçün də böyük şərəfdir. Saparmurad Niyazov nəinki öz xalqının, öz ölkəsinin, həm də dünya birliyinin görkəmli dövlət xadimlərindən biridir. Türkmənistan müstəqil dövlətdir. Artıq beş ildir ki, Türkmənistan xalqı müstəqillik şəraitində yaşayır və Saparmurad Niyazov Türkmənistan prezidenti kimi öz xalqını milli azadlıq yolu ilə, müstəqillik yolu ilə, suverenlik yolu ilə uğurla aparır.

Qardaş türkmən xalqı üçün böyük hadisədir ki, o, nəhayət, dövlət müstəqilliyi, azadlıq əldə etmişdir, türkmən xalqı öz taleyinin sahibidir, geniş Türkmənistan məkanında özünün bütün problemlərini özü həll edir, öz sərvətlərinin, öz ehtiyatlarının sahibi onun özüdür. Başlıcası budur ki, Türkmənistan müstəqil dövlət kimi dünya birliyinə daxil olaraq, burada layiqli yer tutmuşdur. Bütün bunlarda Türkmənistan prezidenti Saparmurad Niyazovun olduqca böyük xidməti var. O, Türkmənistana 10 ildən çoxdur ki, rəhbərlik edir. Əvvəllər də, indi də Türkmənistan prezidenti kimi o, çox işlər görür və türkmən xalqı onun xidmətlərini layiqincə qiymətləndirir. O, öz ölkəsində böyük nüfuza və hörmətə, öz xalqı arasında yüksək etibara malikdir. Bu isə hər bir rəhbər üçün böyük işdir.

Buna görə də ona Bakı Universitetinin fəxri doktoru adı verilməsi qərarı tamamilə doğru və əsaslı qərardır. Saparmurad Niyazov həm öz böyük siyasi fəaliyyəti ilə, həm Türkmənistan elminin, təhsil və mədəniyyətinin inkişafına böyük töhfəsi ilə, həm də Türkmənistan iqtisadiyyatının inkişafında, ən başlıcası isə Türkmənistanın müstəqilliyinin möhkəmlənməsi və inkişafında öz fəaliyyəti ilə yüksək hörmət, yüksək etimad, yüksək qiymət qazanmışdır. Buna görə də Bakı Dövlət Universiteti onu yüksək mükafatla - universitetin fəxri doktoru adı ilə təltif etmişdir.

Mən bayaq dedim və bir daha nəzərə çarpdırmaq istəyirəm: bu, həm də Bakı Dövlət Universiteti üçün böyük şərəfdir, çünki öz heyətində, Bakı Universitetinin fəxri doktorları, fəxri üzvləri arasında Türkmənistan prezidentinin olması, zənnimcə, Bakı Dövlət Universiteti üçün böyük şərəf və böyük iftixardır. Buna görə də mən sizi, Bakı Universitetinin kollektivini də təbrik edirəm ki, sizin sıralarınızda bizim dostumuz - Türkmənistan prezidenti də var. Bu, Azərbaycan xalqı ilə türkmən xalqı arasında dostluğun sarsılmaz olduğunu bir daha nümayiş etdirir. Dostluğumuzun, qardaşlıq münasibətlərimizin çoxəsrlik tarixi var. Biz eyni köklərə mənsubuq, eyni əcdadlara, bir dilə, bir dinə malikik, bizim taleyimiz də tarixən birdir. Məhz bu, çoxəsrlik dostluğumuzun əsası olmuşdur və uzun əsrlər ərzində biz öz azadlıq və müstəqilliyimizi birlikdə qorumuşuq, bir-birimizə kömək edərək irəliləmişik və gəlib indiki xoşbəxt günlərə çatmışıq. Azərbaycan da müstəqil respublika, müstəqil dövlətdir. Türkmənistan da müstəqil dövlətdir. Azərbaycan xalqı da, türkmən xalqı da öz məsələlərini özləri həll edir, öz talelərinin sahibidirlər.

Keçmişdə onların hamısını, bir çox əsrlər ərzində bizi birləşdirmiş olan nə varsa hamısını və yaxın keçmişdə olanların hamısını, bu barədə burada natiqlər, Türkmənistanda yaşamış və işləmiş azərbaycanlılar gözəl danışdılar, - yüksək qiymətləndirərək indi bizim haqqımız var ki, münasibətlərimizin yeni mərhələsindən, dostluğumuzun yeni mərhələsindən, əməkdaşlığın yeni mərhələsindən, müstəqil dövlətlərin qarşılıqlı əlaqələrinin yeni mərhələsindən söhbət açaq.

Odur ki, Türkmənistan prezidenti Saparmurad Niyazovun Azərbaycana rəsmi səfəri bizim həyatımızda əlamətdar hadisədir. Bu gün biz ikitərəfli münasibətlərə, bizim Qafqaz regionunda vəziyyətə, Mərkəzi Asiya, Orta Asiya regionlarında, bütün MDB, keçmiş Sovet İttifaqı məkanında vəziyyətə aid bir çox məsələlər barəsində müvəffəqiyyətlə danışıqlar apardıq, fikir mübadiləsi etdik və bir çox məsələlərdə baxışların tamamilə uyğun gəldiyini aşkara çıxardıq. Misal üçün, ikitərəfli münasibətlərlə bağlı məsələlərdə aramızda tam yekdillik və tam qarşılıqlı anlaşma var.

Bu da ona gətirib çıxarmışdır ki, biz çox mühüm sənədləri imzaladıq. Onların barəsində burada Saparmurad Niyazov danışdı. Bu sənədlər, bu səfər Türkmənistan ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın yeni mərhələsinin başlandığını xəbər verir. Elə həmin sənədlərdə nəzərdə tutulan proqram da şərait yaradır ki, bu əməkdaşlıq Türkmənistan üçün də, Azərbaycan üçün də uğurlu, qarşılıqlı surətdə faydalı olsun.

Bu gün mən sizə deyə bilərəm ki, biz imzaladığımız sənədlərdə nəzərdə tutulanların ardıcıl surətdə həyata keçirilməsi üçün hər şeyi edəcəyik, Türkmənistan ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə və güclənməsinə nail olmaq üçün hər şeyi edəcəyik.

Mən dostum Saparmurad Niyazova çox minnətdaram ki, dəvətimi qəbul etdi və Azərbaycana rəsmi səfərə gəldi. Mən görməyə nail olduğumuz işlərdən razıyam. Əminəm ki, biz bu səfərin həqiqətən böyük uğurlarla nəticələnməsi üçün hələ çox şeyi edəcəyik. Bu uğurlar var və imzaladığımız sənədlərdə öz əksini tapmışdır. Bu gün burada elmimizin, universitetin nümayəndələri, Azərbaycan Tibb Universitetində təhsil alan türkmən qız çıxış etdilər. Onlar bizi birləşdirmiş olan və indi də birləşdirən hisslərdən danışdılar. Saparmurad Atayeviç dedi ki, Türkmənistanda təxminən 100 min azərbaycanlı yaşayır, onlar Türkmənistanın bərabərhüquqlu vətəndaşlarıdır, bütün hüquqlara malikdirlər və öz doğma diyarında, doğma respublikasında, doğma ölkəsində öz dostları ilə birlikdə yaşayırlar. Bu, tamamilə qanunauyğun, tamamilə məntiqi haldır. Ona görə ki, bayaq dediyim kimi, keçmiş zamanlarda bizi birləşdirmiş olan nə varsa hamısı ölkələrimiz və dövlətlərimiz arasında, insanlar - Azərbaycanda da, Türkmənistanda da türkmənlərlə azərbaycanlılar arasındakı mövcud münasibətlərə gətirib çıxarmışdır.

Mən belə düşünürəm ki, bugünkü görüş Azərbaycanın və Türkmənistanın elmi müəssisələri, ali məktəbləri arasında gələcək inkişaf üçün həm də təkandır. Biz bu barədə çox mühüm sazişlər imzaladıq və əminəm ki, Bakı Dövlət Universiteti, ali məktəblərimiz, Elmlər Akademiyası bu sazişlərin əməli surətdə həyata keçirilməsində çox yaxından iştirak edəcəklər.

Burada istər Türkmənistanda, istərsə də Azərbaycanda keçid dövrünün bəzi çətinliklərindən danışdılar. Bu çətinliklər bizim elmi müəssisələr, təhsil ocaqları arasında münasibətlərin normal ahəngini müəyyən dərəcədə mürəkkəbləşdirir. Bununla bərabər, bu gün burada çıxış edən professor Aşqabatdan Türkmənistandan yenicə qayıtmış, doktorluq dissertasiyasının müdafiəsi üzrə elmi şuranın iclasında iştirak etmişdir. O, digər faktlar gətirdi. Söz yox ki, çətinliklər var. Onlar obyektiv xarakter daşıyır. Lakin bununla bərabər imkanlar da var və onlardan daha fəal istifadə etmək lazımdır. Biz hər şey edəcəyik ki, bu çətinliklər az olsun, yaxud ümumiyyətlə olmasın. Eyni zamanda arzu edərdim ki, Bakı Universiteti də, Azərbaycanın digər ali məktəbləri də, elmi müəssisələri də Türkmənistanla öz əlaqələrini fəallaşdırsınlar, çünki bu əlaqələr bizim dövlətlərarası münasibətlərimizin gələcək inkişafı üçün baza olacaqdır.

Buna çox böyük ehtiyac var. İndi Türkmənistan da, Azərbaycan da müstəqil dövlətlər olduğu bir dövrdə, biz keçid dövrünün bir çox çətinlikləri ilə qarşılaşdığımız, ölkələrimizdə həyatın yeni prinsipləri, demokratiya, siyasi plüralizm, bazar iqtisadiyyatı prinsipləri bərqərar edildiyi, iqtisadi islahatlar aparıldığı bir dövrdə bizə qarşılıqlı fəaliyyət həmişəkindən daha çox gərəkdir, fəal əlaqələr, daha fəal münasibətlər gərəkdir. Bu mənada elmi müəssisələrin, ali məktəblərin əlaqələri bizim üçün böyük əməli kömək olacaqdır. Biz isə öz tərəfimizdən hər şey edəcəyik ki, bu əlaqələr inkişaf etsin.

Ölkələrimiz qonşudurlar. Bizi Xəzər birləşdirir və ayırır. Lakin bununla yanaşı, Xəzər dənizi, həm də fəal əməkdaşlıq etdiyimiz yerdir. Burada Türkmənistan üçün bizim ali məktəblərdə neftçi, geoloq kadrlar hazırlanmasından danışdılar. Lakin neft sənayesi sahəsində əməkdaşlığımıza dair faktlar da çoxdur. Burada Türkmənistanda işləmiş olan adamlardan da danışdılar. Bu, keçmişdə olub. Lakin Xəzərin ehtiyatlarından neft və qaz ehtiyatlarından Türkmənistanın və Azərbaycanın rifahı naminə istifadə edilməsi sahəsində birgə fəaliyyətimiz üçün bu gün böyük perspektiv var və bu perspektiv gələcəkdə də olacaqdır. Burada da elmi müəssisələrin əlaqələri, alimlərimizin, ali məktəblərimizin əlaqələri bizə çox kömək edə bilər.

Bir sözlə, Türkmənistan ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə yeni sahifə açılır. Biz münasibətlərimizin yeni tarixini yazırıq. Odur ki, alimlərimizin borcu, ali təhsil xadimlərinin borcu, bu prosesin fəal iştirakçıları olmaqdır.

Düşünürəm ki, bugünkü görüş bunun üçün yaxşı zəmindir. Çox hörmətli Saparmurad Niyazov, sizi bu hadisə münasibətilə bir daha təbrik edirəm, Bakı Dövlət Universitetinin kollektivini bu hadisə münasibətilə təbrik edirəm və sizin hamınıza cansağlığı və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, Türkmənistan xalqına qardaş salamı göndərirəm, türkmən xalqına xoşbəxtlik və firavanlıq arzulayıram. Çox hörmətli Saparmurad Atayeviç, sizə cansağlığı, firavanlıq və qardaş Türkmənistana rəhbərlikdə yeni uğurlar diləyirəm.