Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş Əhəd Qəzainin etimadnaməsini qəbul edərkən söhbətindən - Prezident iqamətgahı, 6 dekabr 2000-ci il


Əhəd Qəzai: Cənab prezident, ilk növbədə, İran prezident Xatəminin səmimi salamlarını, ölkənizdə baş vermiş zəlzələ ilə əlaqədar başsağlığını və təbii fəlakətin aradan qaldırılmasına hər cür kömək göstərməyə hazır olduğunu Sizə çatdırıram.

Mən prezident Xatəmi tərəfindən buraya səfir təyin olunmuşam. İran İslam Respublikası ilə Azərbaycan arasında qardaşlıq, dostluq və qonşuluq əlaqələrinin günbəgün genişlənməsinə əlimdən gələn qədər çalışacağam.

Heydər Əliyev: Hörmətli cənab səfir, mən sizi İran İslam Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm və sizə bu işinizdə uğurlar arzulayıram.

Siz Azərbaycanı yaxşı tanıyırsınız, vaxtilə burada diplomatik işdə olmusunuz. Bir neçə il İranın Azərbaycanda baş konsulu vəzifəsini yerinə yetirmisiniz. Ona görə də mən ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkəmizi yaxşı tanıdığınıza və sonrakı illərdə də bir neçə dəfə bizim ölkəmizdə olduğunuza görə burada fəaliyyətiniz uğurlu olacaqdır. Siz İran İslam Respublikası ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcəksiniz.

İran İslam Respublikası Azərbaycanın qonşusudur, dost və qardaş ölkədir. Bizim əlaqələrimizin böyük tarixi vardır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkələrimiz arasında həm diplomatik əlaqələr yaranıbdır, həm də bütün sahələrdə əlaqələr bərqərar olunub və inkişaf edir. Biz Azərbaycana buna çox böyük əhəmiyyət verir, öz tərəfimizdən lazım olan tədbirləri görürük və görəcəyik ki, İran İslam Respublikası ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq daha da sürətlənsin, daha da inkişaf etsin.

İran İslam Respublikasının prezidenti hörmətli ağayi Xatəminin mənə çatdırdığınız sözlərini və salamlarını məmnuniyyətlə qəbul edirəm. Bakıda və Azərbaycanın bir neçə yerlərində böyük zəlzələ baş verməsi ilə əlaqədar onun başsağlığı məktubunu almışam və Azərbaycana kömək etmək haqqında təşəbbüsü də məktubda şərh olunubdur. Mən bunlara görə təşəkkür edirəm.

Vaxtilə İranda da güclü zəlzələ olmuşdur. Azərbaycandan böyük bir dəstə- həkimlər, başqa şəxslər orada zəlzələnin ağır nəticələrini aradan qaldırmaq üçün xeyli işlər görmüşdülər. Bakıda zəlzələ çox güclü, ağır oldu. Amma Allah bizi qoruyur. Ona görə də böyük dağıntılar olmayıbdır. Eyni zamanda, bir çox binalar zədələnibdir. Orada insanların yaşaması mümkün deyildir. Təkcə yaşayış binaları yox, inzibati binalar da zədələnibdir. İndi bizim Fövqəladə Hallar üzrə Dövlət Komissiyası bərpa işləri aparır. Hələ ki, bunların öhdəsindən özümüz gəlirik. Ancaq eyni zamanda, bizim dostluq, qardaşlıq əlaqələrimiz həmişə bir-birimizə kömək göstərməyə sövq edibdir, bundan sonra da edəcəkdir.

Sizin ölkə son illər çox yüksək inkişaf edir. Biz buna sevinirik və qardaş ölkə kimi bundan şad olduğumuzu bildirmək istəyirik. Bir daha qeyd edirəm ki, sizin Azərbaycana səfir təyin olunmağınız da, hesab edirəm, İran İslam Respublikasının hörmətli prezidenti Ağayi Xatəmi tərəfindən müdrik bir addımdır. Çünki siz burada çox şeyi yaxşı bilirsiniz və bu da təbii ki, hər bir səfir üçün, o cümlədən İranın Azərbaycandakı səfirinin səmərəli işləməsi üçün yaxşı bir əsasdır.

Sizi bir daha təbrik edirəm və bütün işlərinizdə uğurlar arzulayıram. Əmin ola bilərsiniz ki, sizin burada səmərəli fəaliyyət göstərməyiniz üçün Azərbaycanın bütün hakimiyyət orqanları, o cümlədən Azərbaycan prezidenti həmişə lazımi köməyini edəcəkdir. Təbrik edirəm.

Siz artıq bir neçə müddətdir ki, buradasınız. Ancaq elə hadisələr baş verib ki, mən bir müddət Bakıda olmamışam. Gələndən sonra da bir neçə təcili işlər olubdur siz etimadnamənizi vermisiniz, yaxud verməmisiniz - fərqi yoxdur, onsuz da burada işləyirsiniz və mənim sizinlə bir neçə dəfə görüşlərim olubdur. Bu gün etimadnaməni verəndən sonra rəsmi status alırsınız. Güman edirəm ki, işləriniz də belə uğurlu gedəcəkdir.

Əhəd Qəzai: Cənab prezident, çox sağ olun. Sizinlə əvvəl görüşəndə buyurdunuz ki, öz işinizlə məşğul olun. Mən də həmin gündən işə başlamışam. Ancaq bu gündən etibarən rəsmi dövlət adamları ilə görüşlərə başlayacağam.

Mən buraya gəlməmişdən bir gün əvvəl prezident Xatəmi ilə görüşdüm. O, Sizə çoxlu salam göndərdi və mənə dedi ki, İran ilə Azərbaycan arasında heç bir müşkül işimiz olmamalıdır və əminəm ki, prezident Heydər Əliyevin də fikri budur. Siz oraya gedin, prezident Əliyev bunu dəstəkləyəcəkdir. Siz də əlinizdən gələn qədər çalışın ki, İran ilə Azərbaycan arasında qonşuluq, qardaşlıq münasibətlərini daha da inkişaf etdirin. Mən də inşallah, əlimdən gələni edəcəyəm. Çünki mən əvvəllər də Bakıda çalışmışam. Sonra parlamentdə Dostluq Cəmiyyətinin sədri kimi buraya gəlib-getmişəm, əlaqəm olubdur. Həmişə çalışmışam ki, Azərbaycan ilə İran arasında əlaqələri, münasibətləri genişləndirmək, möhkəmləndirmək üçün əlimdən gələni edim. İndi bu, səfir kimi mənim qarşıma vəzifə qoyulubdur ki, Sizinlə əlaqə saxlayam. Əminəm, Sizin dediyiniz kimi, bizə köməyiniz olacaqdır ki, ortada olan xırda məsələləri aradan qaldıraq və inşallah, münasibətlərimizi get-gedə genişləndirək.

Heydər Əliyev: Siz son vaxtlar buraya bir neçə dəfə gəlmisiniz və demək olar ki, biz hər dəfə görüşmüşük.

Amma mənə belə gəlir ki, sizin üçün bir şey də çox əhəmiyyətlidir. İlk dəfə İranın Azərbaycanda nümayəndəsi, baş konsulu olmusunuz. Xatirimdədir, onda mən burada Azərbaycanın başçısı idim və ilk dəfə İranın Azərbaycanda konsulluğu açıldı. Biz onda müstəqil dövlət deyildik. Biz bunu əhəmiyyətli bir hadisə kimi qəbul etdik. Çünki İran ilə bizim böyük tarixi əlaqələrimiz, qonşuluğumuz olmuşdur, böyük sərhədimiz vardı, İranda və Azərbaycanda qohum-əqrəbalar bir-birindən uzun müddət ayrı düşmüşdülər.

Ona görə xatirimdədir, o vaxt bu məsələni Moskvada mənə deyəndə, çox böyük məmnuniyyət hissi ilə bunu qəbul etdim və burada İran konsulluğu yarandı. O vaxt mən göstəriş verdim, Bakıda ən gözəl binalardan birini konsulluq binası kimi sizə verdilər. Səfirliyiniz yenə oradadır, yoxsa?

Əhəd Qəzai: Bəli, oradadır.

Heydər Əliyev: O, çox gözəl binadır, tarixi, memarlıq abidəsi hesab olunur və xatirimdədir ki, o vaxtlar orada uşaq bağçası yerləşirdi. Mən o uşaq bağçasını başqa münasib binaya keçirdim.

Amma keçmişdə orada zəngin adamlar yaşamışdı. Azərbaycanın zəngin adamlarından birinin evi idi.

Ondan sonra isə bir müddət, təxminən 1953-cü ilə qədər orada Azərbaycan Xalq Komissarları Soveti, - indi Nazirlər Kabineti deyirik, - sədrinin iqamətgahı idi. O gedəndən sonra isə oranı uşaq bağçası etdilər. Bunlar hamısı mənim gözümün qarşısında olan şeylərdir.

Sonra isə binanı sizə verdik. Amma təəssüf edirəm ki, siz indiyə qədər yeni bir bina yarada bilməmisiniz. Baxmayaraq ki, bu barədə bir neçə dəfə sərəncamlar vermişəm. Hər halda bu, bu günün söhbəti deyildir. Siz bu işlə məşğul olun. Nə kömək lazımdır, mən edim və bu məsələlər həll olunsun.

Mənim salamımı, hörmət və ehtiramımı ağayi Xatəmiyə bir daha çatdırın. Bilirəm ki, bizim bir məsələmiz də vardır. O da mənim İrana səfərim və ağayi Xatəminin Azərbaycana səfəri məsələsidir. Güman edirəm ki, bu, uzaqda deyildir. Bu məramımızı həm o tərəfdən, həm də bu tərəfdən yerinə yetirəcəyik.

Əhəd Qəzai: İnşallah. Sizin gəlişinizi İranda səbirsizliklə gözləyirik. Prezident Xatami də mənə dedi ki, sənin dövründə birinci iş bu olacaqdır. Yəni inşallah, cənab Heydər Əliyev İrana təşrif gətirəcəkdir. Ondan sonra da Ağayi Xatami Azərbaycana gələcəkdir. Bu, böyük bir iş olacaqdır.

Heydər Əliyev: Güman edirəm ki, bu, sənin dövründə olacaqdır.

Əhəd Qəzai: Mənim işimin başlanğıcı olacaqdır.