Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin Bakıda ümumrespublika müşavirəsində çıxışı - 24 avqust 1993-cü il


Azərbaycan Respublikası, xalq, Azərbaycan vətəndaşları ağır günlər keçirirlər. Bunun səbəbləri məlumdur. Azərbaycan müharibə vəziyyətindədir. Müharibədə buraxılan səhvlər, günahlar nəticəsində biz bəzi yerlərdə məğlubiyyətə uğrayırıq, insanlar həlak olur, didərgin düşür, kəndlərimiz əldən gedir və bu, son illərdə Azərbaycanın həyatının adi bir amili olmuşdur. Bəziləri buna biganədir, bəziləri belə vəziyyətə sanki öyrəşmişlər, ancaq bütünlükdə xalq isə, şübhəsiz ki, bundan əziyyət çəkir, çox böyük çətinliklərə məruz qalır.

Bu sahədə görülən tədbirlər və aparılan işlər hələlik öz nəticəsini vermir. Bunun əsas səbəblərindən biri son illərdə Azərbaycanın müdafiə qüdrətinin yaradılmaması, ordunun lazımi səviyyədə olmaması, son bir il-ilyarım ərzində isə yox dərəcəsində olması və eyni zamanda respublikanın daxilində ayrı-ayrı qüvvələrin olmasıdır. Onların bəziləri özlərini siyasi qüvvə adlandırır, bəziləri isə adicə mafioz qruplar, qüvvələrdir. Hər biri öz şəxsi niyyətlərinə, məqsədlərinə nail olmaq üçün, şəxsi mənfəət naminə Azərbaycanın ağır şəraitini daha da ağırlaşdırır, təxribatlar aparır. Mən indi bu məsələləri təhlil etmək fikrində deyiləm. Tam həqiqətdir ki, Azərbaycanda əvvəlki dövrlərdə olduğu kimi, indi də cəbhə bölgələrində böyük təxribat işləri aparılır. Xüsusən son vaxtlarda Azərbaycanın daxilində siyasi gərginlik artdığına görə, ayrı-ayrı qüvvələr bir-birinə qarşı durduğuna görə və bəzi şəxslər, bəzi qruplar xalq qarşısında tamamilə ifşa olunduqlarına görə təxribat əməllərini daha da genişləndirmişlər. Onlar həmin əməlləri gizlətmək üçün, çirkin niyyətlərinə nail olmaqdan ötrü xalqı, milləti, torpağı qana bulamağa, torpağı satmağa, xalqa xəyanət etməyə nəinki hazırdırlar, hətta bunu həyata keçirirlər.

Güman edirəm ki, bugünkü həyatımız, gələcək günlər, illər xalqın indiki dövrdə olan vəziyyətinə tam qiymət verəcək və hər bir şəxs tutduğu vəzifədən, yaxud siyasi mənsubiyyətində asılı olmayaraq, xalqın qarşısında cavab verəcəkdir. Birbaşa olmasa da, tarix hərənin qiymətini özünə verəcəkdir. Eyni zamanda sizə bildirmək istəyirəm ki, Azərbaycan xalqının qüdrəti də var, imkanı da var. Azərbaycan xalqı və onun qabaqcıl, işıqlı fikirli adamları, xalqa sədaqətli övladları, xalq üçün ürəyi yanan şəxsləri birləşərək Azərbaycanı bu ağır vəziyyətdən çıxaracaqlar.

Təxribatçılar, Azərbaycanın bu ağır günündən öz şəxsi mənafeləri üçün istifadə edənlər heç də düşünməsinlər ki, öz məqsədlərinə nail olacaqlar. Xeyr, belə olmayacaq. Mən dəfələrlə qeyd etmişəm və yenə təkrar edə bilərəm ki, Azərbaycan xalqı öz tarixində çox ağır dövrlər yaşamışdır. Lakin bütün sınaqlardan çıxaraq mənliyini, xəlqiliyini, azərbaycanlılığını, müsəlmanlığını itirməmişdir və heç vaxt da itirməyəcəkdir.

Güman edirəm ki, qara günün ömrü az olacaq, xalqımız ağ günlərə çıxacaq. İnanıram ki, xalqımızda bu qüdrət, bu imkan, bu potensial var, sadəcə olaraq hamımız birləşib bunlardan istifadə etməliyik, bunları hərəkətə gətirməliyik. Son dövrün ən əcaib hadisələrindən və Azərbaycanda gərginliyi ağırlaşdıran hallardan biri də Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarında bir neçə aydan bəri baş vermiş proseslər və orada Əlikram Hümbətovun, onun ətrafında olan quldur, cinayətkar, xəyanətkar adamların - Azərbaycanın ayrı-ayrı dairələrindən, təkcə Azərbaycanda yox, ondan kənarda olan, ona xəyanət edən şəxslər tərəfindən dəstəklənən bu qrupların, bu dəstənin həmin bölgədə apardıqları cinayətkar işlər, qanunsuz hərəkətlərdir.

Əgər bu, sadəcə olaraq, o bölgədə cinayətkarlıqla, qanunsuzluqla bitmiş olsaydı, bəlkə də Azərbaycanın ümumi həyatına və bu gününə o qədər də mənfi təsir göstərə bilməzdi. Ancaq iş burasındadır ki, həmin bu cinayətkar dəstələr, qruplar - Əlikram Hümbətov və onu dəstəkləyən adamlar orada Azərbaycanın ordu hissəsinin bir qismini əlində saxlayaraq onların cəbhəyə göndərilməsinin qarşısını alırlar. Ordumuzun hərbi texnikasının, silahlarının böyük bir qismi onların əlindədir. Həmin hərbi hissələrdən ayrı-ayrı bölmələr, dəstələr döyüş bölgələrində vuruşurlarsa, onları Əlikram Hümbətovun dəstəsi, onun batalyonu adlandırırlar. Belə çıxır ki, həmin qüvvələr onun göstərişi ilə geri çəkilməli, irəli getməli, cəbhə bölgəsini tərk etməlidirlər.

Belə hallar adətə çevrilmişdir və bəzi adamlar, xüsusən indi respublikanın rəhbərliyində olan adamlar da hesab edirlər ki, belə də olar. Çünki təəssüf ki, son illərdə Azərbaycanın müdafiəsi ordunun əlində olmamışdır, ayrı-ayrı silahlı dəstələrin, qrupların, ayrı-ayrı mafioz qruplara mənsub olan silahlı dəstələrin əlində olmuşdur. Biri bunlara könüllü dəstəsi deyir, biri Xalq Cəbhəsinin batalyonu deyir, biri, nə bilim, kiminsə şəxsi dəstəsi deyir. Bu cür dəstələr Vətəni, torpağı müdafiə etmək əvəzinə öz şəxsi mənafelərini güdmüşlər. Onlar Azərbaycanı nə günə salmışlar, nə dəhşətli vəziyyətə salmışlar - indi hamıya aydındır, hamının gözü qarşısındadır.

Ona görə də Lənkəranda və onun ətrafındakı rayonlarda gedən proseslər Azərbaycan ictimaiyyətini, respublikanın dövlət orqanlarını - həm Ali Soveti, həm də bütün başqa dövlət orqanlarını narahat etməyə bilməzdi. Ancaq bu məsələnin bəzi adamların təklifi ilə guya sülh, danışıq yolu ilə həll olunması fikrini qəbul edərək çox vaxt itirdik. Bu müddətdə bəzi adamlar bizə vəd edirdilər ki, məsələ sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunacaqdır. Həmin dövrdə isə bu adamlara imkan yaranırdı, bəlkə də bu adamların özləri də imkan yaratdılar ki, Əlikram və onun ətrafındakı cinayətkar adamlar daha da quduzlaşsınlar, cinayətkar hərəkətlərini yerinə yetirə bilsinlər və eyni zamanda siyasi pərdə altında - "Talış - Muğan Respublikası" yaratmaq, beləliklə Azərbaycanı parçalamaq, talış köklü Azərbaycan vətəndaşlarını respublikanın başqa hissəsinə qarşı qoymaq kimi hallara əl atdılar. Bu məsələlərin hamısı sizə məlumdur. Nəhayət, avqustun 16-17-də bu salonda Milli Məclisin iclasında həmin məsələlər geniş müzakirə olunaraq qərar qəbul edilmişdir. Ona görə də bu proseslərin mənbəyi, başlanğıcı və necə deyərlər, aparıcı qüvvələri, onları dəstəkləyənlər, ilham verənlər, bu xəyanətkar, cinayətkar yola sövq edən adamlar artıq məlumdurlar. Bir neçəsinin adı çəkilib, bəzilərinin adları ola bilər, sonra çəkiləcəkdir. Onların adları məlumdur, ona görə də sizin vaxtınızı almaq istəmirəm. Ancaq onu bildirmək istəyirəm ki, avqustun 17-də Milli Məclis iki günlük müzakirədən sonra Lənkəranda və onun ətrafındakı rayonlarda baş verən hadisələrə, Əlikram Hümbətovun özünün və onun silahlı dəstələrinin cinayətkarlıqlarına, ümumiyyətlə, orada gedən proseslərə öz münasibətini bildirərək bu barədə qəti qərar qəbul etdi. Qərar artıq məlumdur. Baş nazir Surət Hüseynova tapşırıldı ki, bu qərarın üç gün müddətində həyata keçirilməsi təmin olunsun.

Təəssüf ki, bu qərarın yerinə yetirilməsi təmin olunmadı. Qərar qəbul edildikdən sonra Lənkəranda və onun ətrafındakı rayonlarda əhali, xalq Azərbaycanın dövlət orqanlarının bu hadisələrə, proseslərə münasibətini tam bildikdən sonra ayağa qalxdı, öz hüquqlarını müdafiə etməyə çalışdı, cinayətkar, qanunsuz Hərəkətlərə qarşı etirazını bildirməyə başladı. Beləliklə də, bu qərarımızın ilk təsiri çox müsbət oldu. Əlikram Hümbətov və onun ətrafında olan adamlar müəyyən qədər anladılar ki, dövlətlə, xalqla mübarizə aparmaları, yaxud da dövlətə qarşı təcavüz etmələri artıq mümkün deyildir. Onlar özlərinin fəaliyyət çərçivəsini yavaş-yavaş dağıtdılar və güman etmək olardı ki, əgər bizim qərarımız qətiyyətlə yerinə yetirilsəydi və lazımi şəxslər, tapşırılmış şəxslər bununla məşğul olsaydılar, bəlkə də qərar tezliklə həyata keçirilər, cinayətkarlıq, qanunsuzluq hallarına son qoyar və bu bölgədə sabitliyi təmin edə bilərdik.

Lakin təəssüf ki, belə olmadı. Avqustun 19-da Gəncədə baş nazir Surət Hüseynov bir müşavirə keçirdi. Əlikram Hümbətov da oraya dəvət olundu, təmtəraqla qəbul edildi. Bundan sonra isə Əlikram Hümbətov Lənkərana qayıdaraq orada televiziya ilə böyük təbliğat apardı - həm özü, həm də ətrafında olan adamlar çıxış etdilər. Gəncədə onların dəstəkləndiklərini, onlarla həmrəy olduqlarını bildirdilər. Beləliklə də, onlarda yeni bir canlanma başlandı. Xalqa qarşı təcavüzü nəinki davam etdirməyə, hətta gücləndirməyə başladılar.

Biz yenə də bu məsələlərə təmkinli, səbrli yanaşdıq. Çalışdıq adamları başa salaq ki, belə qanunsuz hərəkətlərin, xalqa, konstitusiyaya zidd hərəkətlərin axırı yoxdur. Ancaq buna nail ola bilmədik. Fəqət, Lənkəran şəhəri və rayonunun, Astara, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar, Lerik rayonlarının əhalisi ayağa qalxdı, öz hüquqlarını müdafiə etməyə çalışdı. Adamlar Əlikram Hümbətovun bu çirkin əməllərinə qarşı etirazlarını açıq, cəsarətlə bildirdilər və bu, orada mitinqlər keçirilməsi ilə başlandı. Srağagün Lənkəran şəhərində böyük mitinq oldu. Bu barədə mən dünən xalqa müraciətimdə məlumat vermişəm, vaxtınızı alıb təkrar etmək istəmirəm. Həmin mitinqdə minlərlə lənkəranlı Əlikram Hümbətovu xəyanətkar, cinayətkar, satqın adam kimi qiymətləndirdi. Onu aradan təcrid etməyə çalışdılar. O, silah işlətmək istədi, lakin bunu edə bilmədi. Beləliklə də, xalq müəyyən qədər öz təzyiqini göstərərək, Əlikram Hümbətova sübut etdi ki, onun əlində nə qədər çox silah olsa da, ətrafında cinayətkar, quldur dəstə olsa da, xalqın qarşısında dura bilməz. Həm Əlikram, həm də onu dəstəkləyən adamlar yəqin ki, bunu hiss etdilər. Ancaq Əlikram və onun dəstələri xalqa təcavüz etmək, ona qarşı silah işlətmək yoluna düşdülər.

Biz əhalinin bu hərəkətini şübhəsiz ki, bəyəndik və bildirdik ki, siz düzgün hərəkət etmisiniz. Bizim başqa yolumuz yoxdur. Bu proseslər bir neçə aydır ki, davam edir. Təəssüf ki, əvvəllər, yəni iyun ayına qədər Azərbaycana rəhbərlik etmiş şəxslər -Azərbaycan prezidenti Əbülfəz Elçibəy, respublika parlamenti, Milli Məclis və onun rəhbərləri, Nazirlər Kabineti Əlikram Hümbətovun, onu dəstəkləyən Rəhim Qazıyevin və başqalarının hərəkətlərinə qiymət verməmişdilər, bu məsələdə barışdırıcı, yaxud da passiv mövqe tutmuşdular.

Sonrakı dövrdə isə, - mən bunu açıq demək istəyirəm, - xüsusən iyun ayının sonundan başlayan dövrdə baş nazir Surət Hüseynov bu məsələni öz üzərinə götürmüşdür və Əlikram Hümbətovla yaxın əlaqələri olduğuna görə bu məsələnin sülh yolu ilə həll olunmasını boynuna almışdır. Biz ona inanaraq belə hesab etmişdik ki, onsuz da daxilimizdə ağır proseslər çoxdur, sərhəd bölgələrində müharibə gedir, qan tökülür. Ona görə də burada güc işlətmək, silah tətbiq etmək, qan tökmək lazım deyil. Baş nazir bu məsələni həll etməyə söz vermişdir və qoy həll etsin. Lakin bilirsiniz ki, baş nazirin avqustun 3-də Lənkərana getməsi də bir nəticə vermədi. Sizə bildirdiyim kimi, avqustun 12-də Əlikram Hümbətovla, baş nazir Surət Hüseynovla birlikdə bizim apardığımız danışıqların da nəticəsi olmadı. Avqustun 13-də geniş müşavirə keçirdik. Ondan da bir nəticə hasil olmadı. Nəhayət, avqustun 16-da bu məsələni Milli Məclisin müzakirəsinə çıxardıq.

Sizə bildirmək istəyirəm ki, əgər iyun ayına qədər Azərbaycanın dövlət başçıları bu məsələyə nədənsə, - səbəbini özləri izah edərlər, - toxunmayıblarsa, biganə qalıblarsa və o bölgədə xalqın, əhalinin hüquqlarının pozulmasına lazımi qiymət verməyiblərsə, əgər biz də iyun ayının axırlarından son vaxtlara qədər bu işlərdə müəyyən dərəcədə barışdırıcı mövqedə olmuşuqsa, - baş nazir Surət Hüseynovun verdiyi vədlərə görə, - beləliklə biz, ümumiyyətlə, vaxt itirmişik, bu dövrdə isə Əlikram Hümbətov və onun tərəfdarları bu vaxtdan, bu fürsətdən istifadə edib, həm öz cinayətkar hərəkətlərinin dairəsini genişləndiriblər, həm də bu məsələni cinayətkarlıq, quldurluq, mafiozluq istiqamətindən və məzmunundan artıq müəyyən qədər millətlərarası münaqişə həddinə, yaxud da ki, qondarma "Talış-Muğan Respublikası" yaratmaq həddinə gətirib çıxarıblar.

Həm Milli Məclisdə, həm də avqust ayının 13-də keçirdiyimiz müşavirədə bəzi iradlar tutublar ki, Azərbaycan Respublikası rəhbərlərinin dövlət orqanlarının mövqeyi məlum olmadığına görə, xalq da çaş-baş qalmışdır. Bəli, bu iradlar haqlıdır, ola bilər bu, bizim də müəyyən qədər günahımızdır. Biz günahımızı boynumuza almağa hazırıq. Ancaq mən sizə proseslərin gedişini, mərhələlərini izah edərkən, yəqin ki, siz və bizi eşidənlərin hamısı bu günahlarımızın o qədər də böyük olmadığını dərk edərlər.

Qeyd etdiyim kimi, biz Milli Məclisdə bu məsələni iki gün ciddi müzakirə etdik, ciddi qərar qəbul etdik. Lakin sonra fikir belə oldu ki, bu qərarın elan olunması hələ dayandırılsın, çünki Əlikram Hümbətovla əlavə danışıqlar aparılacaqdır. Bu danışıqlar Gəncədə aparıldı, ancaq nəinki müsbət nəticə vermədi, hətta daha mənfi hallara gətirib çıxardı və belə bir halda, srağagün Lənkəranda xalq ayağa qalxdığı dövrdə Əlikram Hümbətov yenə silahdan, gücdən istifadə etməyə çalışdı. Xalq isə öz iradəsini göstərdi və srağagün Lənkəranda və onun ətrafında olan rayonlarda Əlikram Hümbətova bildirdi ki, xalq, əhali bu qanunsuz hərəkətlərə, cinayətkar hallara daha yol verməyəcəkdir.

Dünən səhərdən vəziyyət daha da gərginləşdi. Dünən səhər bizə məlumat gəldi ki, Lənkəranın əhalisi toplaşıb Əlikram Hümbətova öz etirazını bildirir, ondan tələb edir ki, bütün bu əməllərindən əl çəksin, silahları yerə qoysun. Əhali, yəni oraya toplaşan minlərlə adam bizim İcra hakimi təyin etdiyimiz Dilruba Camalovanı İcra hakimiyyətinin binasına gətirmişdir. Əlikram Hümbətov isə xalqın təzyiqinə dözə bilməyib qaçmış, ancaq yenə də öz cinayətkar, quduz hərəkətlərini davam etdirmişdir. O, meydanda dinc əhaliyə, əliyalın silahsız adamlara atəş açmış, onları qorxutmağa çalışmış, əhali isə bundan qorxmamış və çəkinməmişdir. Dünən vəziyyət böhran halına gəlib çatdı. Ona görə də biz milli təhlükəsizlik naziri Nəriman İmranovu, daxili işlər naziri Vaqif Novruzovu, daxili işlər və milli təhlükəsizlik orqanlarının bir qrup işçisini vertolyotlarla Lənkərana göndərdik.

Orada vəziyyət çox gərgin olduğuna görə mən dünən Azərbaycan televiziyası ilə xalqa müraciət etməyə məcbur oldum. Bu müraciət də sizə məlumdur. Dünən bizə gələn məlumatlardan, telefon zənglərindən, teleqramlardan və ümumi ictimai rəydən məlum olur ki, bu müraciəti xalq çoxdan gözləyirmiş. Müraciət ümumən bəyənilir, xalq tərəfindən rəğbətlə qarşılanıb, xalqda canlanma və böyük ümid yaradıbdır ki, Azərbaycanda daha hakimiyyətsizlik yoxdur, dövlət orqanları fəaliyyətdədir və respublikanın bu ağır dövründə Azərbaycan dövlətçiliyini qoruyub saxlamağa iqtidarı var və bundan sonra da olacaqdır. Mən dünəndən indiyə qədər bu müraciətimizə müsbət əks-səda verən bütün şəxslərə, kollektivlərə, bütün əhaliyə minnətdarlığımızı bildirirəm. Onların bizimlə həmrəy olması gücümüzü artırır, bizə daha da ürək-dirək verir, iradəmizi daha da möhkəmləndirir. Hamını əmin etmək istəyirəm ki, biz bu yoldan çəkinməyəcəyik, Azərbaycanın dövlətçiliyini, müstəqilliyini qoruyacağıq və respublikanın parçalanmasına yol verməyəcəyik.

Dünən Lənkəranda gedən proseslər faciə ilə qurtarmışdır. Əhali, xalq Əlikram Hümbətovun və onun cinayətkar dəstəsinin əleyhinə qalxdığı vaxtda Əlikram Hümbətov qaçıb gizləndi. Onu axtardılar. Bir məlumat gəldi ki, o, meşələrə qaçıb; bir məlumat gəldi ki, başqa yerlərə qaçıb. Sonra isə ora gedən nümayəndələrimiz məlumat verdilər ki, orada keçmiş Sovet Ordusu diviziyasının qərargahı Əlikram Hümbətovun əlindədir. Bu, xəyanətkar Azərbaycan rəhbərlərinin, keçmiş müdafiə naziri Rəhim Qazıyevin fəaliyyəti nəticəsində olub. Əlikram orada gizlənib. O qərargah böyük hasarla əhatəyə alınmışdır. Silahlı adamlar heç kimi yaxına buraxmırlar, orada gizlənirlər.

Əhali qərargahı mühasirəyə almışdır. Dünən bütün gecə səhərə qədər qərargah mühasirədə olmuşdur. Bir məsələni də sizə çatdırmaq, müdafiə nazirinin müavini Vahid Musayev haqqında məlumat vermək istəyirəm. Sizə danışdım ki, Rəhim Qazıyev mənim burada işlədiyim ilk günlərdə onun müdafiə naziri təyin olunmasını təkidlə təklif etmişdir. Sizə bildirdim ki, sonra Əlikram Hümbətov mənimlə görüşlərinin ikisində də məhz onun müdafiə naziri təyin olunması barədə öz fikrini söyləmişdir. Əlikram Hümbətovla görüşdüyümüz günün sabahısı baş nazir Surət Hüseynov heç bir səlahiyyəti olmadan, özbaşına gedib Müdafiə Nazirliyində Vahid Musayevi nazir kimi təqdim etmişdir. Biz bunu təkzib etməyə məcbur olduq. Sonra isə Surət Hüseynov mənə belə izahat verdi ki, guya Vahid Musayev Əlikramla çox yaxın adamdır və onun müdafiə naziri kimi təqdim olunmasının əsas səbəbi budur ki, o, Əlikram Hümbətovu tərksilah edəcək və həmin silahlı dəstələri Azərbaycanın Müdafiə Nazirliyinə tabe edəcəkdir.

Şübhəsiz ki, mən belə səbatsız hərəkətlərlə razılaşa bilməzdim. Mən buna yol vermədim. Ancaq sonra Vahid Musayev bir neçə şəxsə müraciət etmişdir ki, Heydər Əliyev məni qəbul etsin. Mən onu qəbul edəndə söhbətimiz zamanı həm Rəhim Qazıyevin, həm də Surət Hüseynovun haqqında mənfi sözlər danışdı və bildirdi ki, guya çox saf niyyətli bir adamdır. Ancaq mən dedim ki, bunlar məni maraqlandırmır. Mən sizi bundan ötrü qəbul etməmişəm. Xahiş etmisiniz ki, sizi qəbul edim, deyin görüm nə istəyirsiniz? Mənə bildirirlər ki, siz Əlikram Hümbətovla yaxın adamsınız. Siz müdafiə nazirinin müavinisiniz. Görürsünüz ki, neçə aydır bu hərbi hissə Müdafiə Nazirliyinə tabe olmur və cinayətkar işlər görür. Əgər siz həqiqətən onunla yaxın adamsınızsa, gedin ora, bu işləri qurtarın. Bilirsinizmi, iğtişaşı, bu münaqişəni dərinləşdirmək bizə lazım deyil. Biz bunların üstündən keçib getməliyik ki, ümumi işimizi təmin edək. Gedin, bu məsələni həll edin. O mənə dedi ki, anladım, gedib məsələni həll edəcəyəm. Mən isə bundan sonra heç nə demədim. Dünən Vahid Musayev Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ora göndərilibmiş. Təəssüf ki, o gedib ora gec çatıbdır. Çünki bizim iki nazirimiz - daxili işlər naziri və milli təhlükəsizlik naziri vertolyotlarla gedib ora çatanda bir neçə saat onu arayıb tapa bilməmişlər. Sonra məlum olmuşdur ki, o, Əlikram Hümbətovun yuvasına, gizləndiyi yerə girib, orada olmuşdur. Axşam mənə məlumat verdilər ki, orada Əlikram Hümbətovla danışıqlar aparıb, guya onu yola gətirməyə çalışıb. Ancaq bunların heç birisi nəticə vermədi.

Beləliklə, gecə səhərə qədər bu proseslər davam edib. Əhali dünən bütün günü, axşam, gecə ayaq üstə meydanlarda, o hərbi hissənin ətrafında olub. Bunların hamısı da istənilən nəticəni verməyib. Ancaq bir faciəli nəticə: bu da ondan ibarətdir ki, Əlikram Hümbətovun dəstələri onun göstərişi ilə əliyalın Lənkəran vətəndaşlarına atəş açmışlar. Üç adam həlak olmuş, beş adam yaralanmışdır. Şübhəsiz ki, cani, cinayətkar, xain adamdan başqa şey gözləmək mümkün deyildi. Ancaq bu, təkcə Əlikram Hümbətovun işi deyil. Onu dəstəkləyən Rəhim Qazıyevin, Əlikram Hümbətovla əlaqə saxlayıb onun yanına emissarlar göndərən Ayaz Mütəllibovun, Ayaz Mütəllibovu Azərbaycana hakimiyyətə gətirmək istəyən Əlikram Hümbətovun və onunla əlaqədar olan başqa adamların fəaliyyətinin cinayətkar nəticəsidir. Bu, dəhşətli bir şeydir.

Azərbaycan xalqı beş ildir müharibə içərisindədir, şəhidlər verir. 1990-cı il yanvarın 20-də xalqımıza qarşı hərbi təcavüz olub. Azərbaycan ilk şəhidlərini onda verib. İndi Şəhidlər xiyabanı Azərbaycanın həm faciə meydanına, həm də müqəddəs bir meydana dönüb. Ondan sonra Azərbaycanın ərazisinə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində hər gün, hər ay, hər il şəhidlər verilir. Bəli, hər bir adamın tələf olması bizim üçün böyük ürək ağrısıdır, matəmdir. Bu, bizim üçün faciədir, ancaq bir tərəfdən yanvarın 20-də xalqımıza qarşı kommunist partiyasının rəhbərliyi tərəfindən hərbi təcavüz olmuşdur, ikinci tərəfdən Ermənistanın silahlı qüvvələri Azərbaycana hərbi təcavüz edirlər. Xalqımız yanvarın 20-də öz milli qüdrətini, milli şərəfini, namusunu qoruyaraq şəhidlər verdi. Cəbhələrlə Azərbaycan xalqı az torpaqlarını, öz ərazisini, öz müstəqilliyini qoruyaraq şəhidlər verir. İndi isə Lənkəranla bu xəyanətkar adamların - onların adlarını çəkdim və bir çoxlarının da adları çəkiləcək, - bunların fəaliyyəti nəticəsində böyük bir cinayət, faciə baş vermişdir. Bizim öz azərbaycanlılarımız sülh şəraitində yaşayan, müharibə bölgəsində olmayan azərbaycanlılarımıza atəş açıblar. Bunu öz cinayətkar niyyətlərini həyata keçirmək üçün ediblər. Üç nəfər həlak olub.

Bu, dəhşətli bir haldır. Əlikram Hümbətovun, Rəhim Qazıyevin, Ayaz Mütəllibovun və onları dəstəkləyən adamların əli Azərbaycan xalqının oğullarının həlak olması ilə əlaqədar qana batıb. Bu gün mən onları Azərbaycan xalqı qarşısında xəyanətkar elan edirəm. Şübhəsiz ki, bunlara ədalət məhkəməsi öz qiymətini verəcəkdir. Ancaq mən bir vətəndaş kimi, bir insan kimi, ürəyi qan içində olan bir insan kimi və Azərbaycan dövlətinin başçısı vəzifəsini ifa edən adam kimi buna öz mənəvi-siyasi qiymətimi verirəm. Mən hesab edirəm ki, həlak olanlar Azərbaycan Respublikasının dövlətçiliyini müdafiə etmək, onun suverenliyini qorumaq, Azərbaycan Respublikasının müstəqilliyini, bütövlüyünü müdafiə etmək yolunda cinayətkar adamlar tərəfindən, Azərbaycana təcavüz edən adamlar tərəfindən həlak edilmişlər. Onlar millət yolunda, Azərbaycan xalqının gələcək səadəti yolunda həlak olmuşlar.

Həlak olanlar - Bayramov Sultan Nemət oğlu, 1936-cı ildə anadan olmuş, Lənkəran şəhərinin sakinidir, ailəsi var, uşaqları var, hərbi qospitalda rentgen texniki işləmişdir; Əliyev Etibar Böyükağa oğlu, 1953-cü ildə anadan olmuş, dülgərdir, Lənkəran şəhərinin sakinidir, üç ovladı var; Təhməzov Paşa Qurban oğlu, 1946-cı ildə anadan olmuş, əhaliyə məişət xidməti idarəsinin işçisidir, Lənkəran şəhərinin sakinidir, ailəsi var, uşaqları var.

Mən rica edirəm, Azərbaycanın bütövlüyü yolunda, müstəqilliyi yolunda həlak olanların xatirəsini yad etmək üçün bir dəqiqə ayağa qalxıb sükut edək. Allah onlara rəhmət eləsin, qəbirləri nurla dolsun.

Bu gün Lənkəran şəhərində Azərbaycanın bütövlüyü yolunda, müstəqilliyi yolunda həlak olanların dəfn mərasimi keçiriləcəkdir. Biz oraya nümayəndə heyəti göndərmişik və nümayəndələrimiz Azərbaycan Respublikasının dövləti adından dəfn mərasimində iştirak edəcəklər. Dünən bu barədə məsləhətləşib belə bir qərara gəlmişik ki, həlak olmuş adamların şücaətini, qəhrəmanlığını yüksək səviyyədə qeyd edək. Mən elan edirəm ki, Azərbaycanın prezidenti səlahiyyətlərini ifa edən şəxs kimi fərmanımla Bayramov Sultan Nemət oğlu, Əliyev Etibar Böyükağa oğlu və Təhməzov Paşa Qurban oğlu Milli Qəhrəman elan olunurlar. Şübhəsiz ki, Azərbaycan dövləti həlak olanların ailələrinə hər cür qayğı və hörmət göstərəcəkdir və güman edirəm ki, Azərbaycan xalqı bu sadə azərbaycanlıların böyük şücaətini heç vaxt unutmayacaqdır. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Orada beş nəfər yaralanıbdır. Onlar müalicə olunurlar. Şübhəsiz ki, indi onların müalicəsi üçün lazımi tədbirlər görülür. Yaralıların özlərinə və ailələrinə qayğı göstəriləcək və lazımi tədbirlər görüləcəkdir. Siz, bütün Azərbaycan əhalisi əmin ola bilər ki, biz Vətən yolunda, xalq yolunda, Azərbaycanın suverenliyi, bütövlüyü yolunda həlak olan, canını qurban verən, şəhid olan adamların hər birinin şücaətini, qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onlar həmişə, daim xalqın yaddaşında yaşayacaqlar. Lakin bu faciəyə baxmayaraq, orada səhərə qədər fəaliyyət göstərən inzibati orqanlarımız təəssüf ki, lazımi nəticəyə gələ bilməmişlər. Bizə verilən məlumatlardan belə aydın olur ki, Vahid Musayev guya Əlikramın o quldur yuvasında olaraq, sonra bizim nazirlərlə əlaqə saxlayaraq onun oradan çıxmasını, yəni qan tökülmədən, əlavə hərbi əməliyyat aparılmadan çıxmasını təmin etməyə söz vermiş, əhali qərargahı əhatəyə alıb səhərə qədər mühasirədə saxlamışdır. Guya belə məlum olmuşdur ki, Əlikram Hümbətov gəlib təslim olacaqdır. Lakin bizə verilən məlumatlara görə o, hamını aldadıb. Səhərə yaxın oradan üç maşın çıxıbdır. Guya bu maşınlar nəzarət altında imiş. Onların birində Əlikram və onun bir-iki nəfər adamı çıxıb qaçıbdır və aldığımız məlumatlara görə, Lənkəranın meşələrində gizlənir. İndi orada axtarışlar gedir.

Əlikram Hümbətov guya ona daim tabe olan silahlı qüvvələri, -məsələn, Prişibdə onun bir polku var, onu deyə bilmərəm, ancaq bəzi adamlar bunu bizim beynimizə yeridiblər, - həmin o silahlı qüvvələrin hamısı ondan imtina edibdir. Onun qərargahında, o quldur yuvasında olan əsgərlərin çoxu silahlarını təhvil verib çıxıb, ətrafında olan başqa adamların çoxu ondan imtina edib, uzaqlaşıbdır. Ancaq bir qrup, sayca az da olsa, silahlı adamlar, onunla bilavasitə cinayət etmiş adamlar Əlikramla bərabər qaçıblar (düzdür, onun şəxsi qoruyucuları da, başqaları da tutulubdur). Onlar qaçıblar, indi axtarışlar gedir və güman edirəm ki, oradakı inzibati orqanlarımız və buradan gedən qüvvələr onu axtarıb tapacaqlar və o, ədalət məhkəməsi qarşısında cavab verəcəkdir. Nəinki o, həm də ona havadarlıq edənlər, ona istiqamət verənlər - ya Ayaz Mütəllibov olsun, Rəhim Qazıyev olsun, yaxud da ki, başqaları olsun - onun başını sığallayan adamların hamısı cavab verəcəkdir.

Buna heç kəsin şübhəsi olmasın.

Dünən bizi qorxudurdular ki, guya Ağcabədi zonasında həmin o hissədən olan batalyonlar var, onlar guya Əlikram Hümbətovun göstərişi ilə döyüş bölgələrini tərk edib çıxırlar. Ancaq bu yalandır. Orada olan döyüşçülər, əsgərlər, Azərbaycanın övladları öz yerlərindədirlər, fəaliyyət göstərirlər və onların da hamısı Əlikram Hümbətovdan imtina edibdir.

Bunların hamısı onu göstərir ki, Əlikram Hümbətov heç bir kəsdir. Biz bunu dəfələrlə demişik ki, o, ayrı-ayrı qrupların əlində bir alətdi, bir silahdır. Dünən televiziya ilə müraciətimdə bildirdim ki, o hətta İrana keçmək niyyətində olmuşdur. Mən İran hökumətinə, İranın səfirliyinə xəbərdarlıq elədim. Onlar dedilər ki, siz narahat olmayın, İranda onu heç kəs qəbul edə bilməz. Ancaq belə şayiələr yaranır ki, guya bir tərəfdən onu Moskva dəstəkləyir, nə bilim, kiminsə, haranınsa, agentidir, bir tərəfdən İran dəstəkləyir. Bunların hamısı yalandır. Mən demişəm - nə Rusiya dövləti, nə İran dövləti belə bir quldur adamla təmasda ola bilməzlər.

Ancaq Rəhim Qazıyev kimi, Ayaz Mütəllibov kimi adamlara və onlarla birgə olanlara lazım idi ki, belə bir mif, belə bir əhval-ruhiyyə, camaatda vahimə yaratsınlar, əhalini qorxutsunlar və beləliklə, bizə təzyiq etsinlər. Mən dünən televiziya ilə müraciətimdə dedim. Bir də deyirəm ki, bunların hamısı indi Azərbaycanda vəziyyəti düzəltmək üçün, daxili sabitlik yaratmaq üçün, cəbhələrdə vəziyyəti düzəltmək üçün apardığımız tədbirlərə mane olmaq və şəxsən mənə, Heydər Əliyevə təzyiq göstərmək məqsədi güdür. Mən dəfələrlə demişəm, bu gün bir daha bəyan edirəm ki, heç bir kəs mənə təzyiq edə bilməz. Mən öz iradəmdən, - bu isə xalqın iradəsidir, bir namuslu vətəndaş kimi mənim şəxsi iradəmdir, istifadə edərək Azərbaycanın bu vəziyyətdən çıxması üçün son damla qanıma qədər çalışacağam və heç kəs də məni qorxuda bilməz.

Görürsünüz, iki aydır bizim başımızı aldadırlar ki, Əlikram Hümbətov belə olsa, elə olsa, nə bilim, dünya dağılacaqdır. Heç bir şey olmadı. Düzdür, üç adam canını qurban verdi, şəhid oldu. Ancaq lazımdır ki, o qan Vətəni qoruyarkən tökülsün. Düzdür, bu Azərbaycan övladları Vətəni ermənilərdən, başqa düşmənlərdən qorumaq üçün yox, daxili düşmənlərimizdən qorumaq üçün, Azərbaycanın dövlətçiliyini saxlamaq üçün həlak olublar, şəhid olublar. Bu, Vətənin Vətən olmasını bir daha sübut edir.

Bir daha qeyd edirəm ki, biz qəbul etdiyimiz qərarı həyata keçirəcəyik. İradəmiz möhkəmdir və Azərbaycanda sabitliyi təmin edəcəyik, Azərbaycanı bu ağır vəziyyətdən çıxaracağıq. Kim ki, bu yolda bizə mane olacaq, o bizim düşmənimizdir, xalqımızın düşmənidir. Güman edirəm ki, bu gün bu proseslər başa çatacaqdır. Bir daha qeyd edirəm ki, Əlikram Hümbətov kimi quldurun ətrafında yaranmış mif artıq dağıldı, xalq ona öz münasibətini göstərdi. Lənkəran rayonunun İcra hakimi Dilruba Camalova fəaliyyətdədir. Qadın bir çox kişilərdən, minlərlə kişidən qeyrətli çıxdı. Başqa rayonlara - Astara rayonuna da, Cəlilabad rayonuna da, Biləsuvar rayonuna da İcra hakimləri artıq təyin olunubdur. Digər rayonlara da təyin ediləcək. Bu rayonlarda Azərbaycanın qanuni hakimiyyəti dünən, bu gün bərpa olunub və bərpa olunacaqdır. Azərbaycan dövlətini, dövlətçiliyini bütün bölgələrdə təmin etməyə heç kəs mane ola bilməz.

Düzdür, biz heç də belə fikirdə deyilik ki, bunlar asan yolla gedəcək. Müqavimətlər də olacaq. Son vaxtlar yaranmış cürbəcür quldur dəstələri Azərbaycanın bəzi regionlarında cinayətkar işlər görürlər. Məsələn, Yevlaxda bir banda yaranıb, iki dəfə gedib Balakən rayonuna, orada insanlara təcavüz edib və süni olaraq azərbaycanlılarla avarlar arasında qarışıqlıqlar yaradıbdır. O dəstə kimin tərəfindən idarə olunur - adamlar bunu da bilirlər. Ancaq orada nə avar, nə də azərbaycanlı bir-birinə qarşı durmayacaqdır. Və heç bir yerdə durmayacaqdır. Azərbaycanda millətlər arasında, etnik qruplar arasında heç kəs münaqişə, yaxud qarşıdurma yarada bilməz. Kimin daxilində belə niyyəti varsa, mən xəbərdarlıq edirəm, çəkilsinlər kənara. Heç kəs münaqişə yarada bilməz. Azərbaycan bütövdür. Azərbaycan xalqı birdir və bu birliklə də biz bu ağır vəziyyətdən çıxacağıq.

Füzuli, Cəbrayıl bölgələrində son günlər vəziyyət çox ağırdır. Bu barədə mən dünən xalqa müraciətimdə qısaca dedim. Biz demək olar ki, gecə-gündüz bu işlərlə məşğuluq, əlimizdən gələn tədbirləri görürük. Mən indi bu məsələləri geniş açmaq istəmirəm. Ancaq təəssüflər olsun ki, dünən də, ondan bir gün qabaq da Füzulidən, Cəbrayıldan gələn məlumatlar göstərir ki, bu torpaqları satan, birinci növbədə, oranın ayrı-ayrı mafioz qüvvələri və həm də Cəbrayılda, həm də Füzulidə İcra hakimləri olmuşlar. Onlar və onlarla əlaqədar adamlar, bəzən ordu hissəsindən olan adamlar Ermənistanın silahlı dəstələri tərəfindən heç bir hücum olmadan gəlib xalqı qorxudurlar, qaçırdırlar, var-dövlətini qarət edirlər, özləri də çıxıb qaçırlar.

Mən dünən də Ermənistanın rəhbərləri ilə danışıqlar aparmışam. Məcbur olmuşuq, Dağlıq Qarabağın rəhbərləri ilə bizim adamlar danışıqlar aparıblar. Moskva ilə danışıqlar aparmışam. Vəziyyət çox ağırdır, çox böhranlıdır. Ona görə də bu gün biz xüsusi təyyarə göndərmişik. Rusiya Xarici İşlər Nazirliyinin məsul işçisi, xüsusi tapşırıqlar üzrə səfir Vladimir Nikolayeviç Kazimirovu dəvət eləmişəm. Bu gün o, bizim nümayəndələrlə bərabər Füzuli və Cəbrayıl bölgələrinə gedəcək, orada olan vəziyyəti araşdıracaqlar. Demişəm ora jurnalistlər də getsin, başqa nümayəndələr də gedəcəklər. Güman edirəm ki, biz bu vəziyyətdən də çıxacağıq.

Ancaq təəssüf doğuran budur ki, bizim hissələr o yerlərdən pərakəndə vəziyyətdə çıxırlar, vuruşmurlar, döyüşmürlər. Məsələn, dünən həm Moskva ilə, həm Yerevanla əlaqəyə girmişik, həm də bizim adamlar Xankəndi ilə əlaqəyə giriblər. Deyirlər ki, oradan həm hərbi hissə, həm də camaat qoyub qaçıbdır. Qaraxanbəyli deyilən bir yerdə ermənilərin kəşfiyyat qrupu gəlib görüb ki, bir dənə sağ-salamat tankı, iki dənə zirehli texnikanı, iki-üç maşını başlı-başına buraxıb çıxıb gediblər. Ermənilər də görürlər ki, burada heç kəs yoxdur, bütün bu texnikanı dartıcı maşınlara qoşub öz ərazilərinə aparmaq istəyirlər.

Bax, görün, mən bir fakt deyirəm. Bunları açıb demək istəmirdim. Çünki əhali, zənnimcə, bunların hamısını bilməməlidir. Ancaq biz bu faktların çoxunu bilirik. Dəhşətli vəziyyətdir və bunların hamısını mən dünən də dedim. Biri Rəhim Qazıyevə qulluq edir, biri, nə bilim, Əlisoy batalyonudur, biri Xalq Cəbhəsinə qulluq edir, biri də bilim, həmin o Əlikram Hümbətova qulluq edir, biri o birisinə qulluq edir. Təxribat təxribatın içərisindədir. Bizim Azərbaycan xalqı, tarix boyunca yüksək mənəvi keyfiyyətlərə malik xalq olub. İndi də belədir. Mən təxribatları xalqa aid edə bilmərəm. Ancaq bizim ayrı-ayrı azərbaycanlıların bu qədər satqın, bu qədər xəyanətkar, bu qədər ləyaqətsiz olması insanın ürəyini partladır, insanı dəhşətə gətirir. Görün, biz nə qədər ləkələndik. Təkcə ona görə yox ki, torpaqlarımız əldən gedibdir. Ona görə ki, torpağımıza təcavüz edən ermənilər deyirlər ki, sizin adamlarınız heç biz gəlməmiş çıxıb qaçırlar. Bunu onlar deyirlər.

Füzuli, Cəbrayıl gedib. Neçə nəfər adam ölüb orada, neçə nəfər həlak olub, desinlər. Yoxdur. Ona görə də mən bu məsələni geniş açmağı lazım bilmirəm. Biz gecə yarıya qədər, ola bilsin, səhər saat 4-ə qədər bu məsələlərlə məşğul olmuşuq, müzakirə aparmışıq. Qaçqınlara lazımi yardım göstərmək və o rayonların geri qaytarılmasını, adamların yenidən oraya dönməsini təmin etmək istəyirik. Bu gün nümayəndə heyətimiz Moskvanın nümayəndəsi ilə birlikdə oraya gedəcəkdir. Xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələrini dəvət etmişəm, jurnalistləri də dəvət etmişəm. Vertolyotlarla oraya gedəcəklər. Güman edirəm ki, bir neçə günə bu bölgədə vəziyyəti müəyyən qədər sabitləşdirəcəyik.

Ən nəhayət, bir məsələyə də toxunmaq istəyirəm. Bu gün buraya Məclis üzvləri, xalq deputatları, respublikanın nazirləri və komitə sədrləri, rəhbər işçiləri, rayonların İcra başçıları dəvət olunublar. İcra hakimiyyəti başçılarının bəziləri əvvəldən həmin vəzifədə olanlardır. Bəzisi bu qarışıqlıq vaxtı kimlər tərəfindənsə, naməlum adamlar tərəfindən gətirilib qoyulmuş İcra başçılarıdır. Bəziləri şəxsən mənim fərmanımla təyin olunmuşlar. Ancaq onların hamısı əgər azərbaycanlıdırsa, hamısında azərbaycanlı qanı vardırsa, fərqi yoxdur, beş ay bundan qabaq təyin olunmuşdur, kimsə onu özbaşına gətirib qoyub, yaxud indi biz onu təyin etmişik - fərqi yoxdur. Əgər doğrudan da, onlar öz xalqını, vətənini azacıq da olsa sevirlərsə, dədə-babalarının qəbirlərinə hörmət edirlərsə, özlərinin bu gününü, övladlarının gələcəyini düşünürlərsə, gərək namuslu olsunlar. Mən onlara müraciət edirəm. Onlar bu gün gərək mənəviyyatca yüksəlsinlər, gərək bütün çirkin əməllərindən əl çəksinlər, bu gün gərək ümumxalq mənafeyindən çıxış etsinlər. Rica edirəm sizdən, şəxsi ambisiyalarınızı kənara qoyun, şəxsi instinktlərinizi, şəxsi mənafelərinizi, şəxsi məqsədlərinizi kənara qoyun, düşünün, Azərbaycan Respublikasının dövlətçiliyi təhlükə altındadır. Uzun illərdən, əsrlərdən bəri Azərbaycan dünyada müstəqil dövlət kimi tanınmışdır. İndi bu, təhlükə altındadır. Azərbaycanın ərazi bütövlüyü təhlükə altındadır. Düşünün bunu, fikirləşin və anlayın ki, hər biriniz məsuliyyət daşıyırsınız. Mən hamınızı deyirəm. Birinci növbədə xalqın qarşısında, öz ailəniz, qohum-əqrəbanız, övladlarınız, ata-babalarınızın ruhu qarşısında məsuliyyət daşıyırsınız. Müstəqil Azərbaycan dövləti qarşısında məsuliyyət daşıyırsınız. Ona görə də bu gün hər biriniz öz iş yerinizdə bu məsuliyyət hissi ilə işləməlisiniz, çalışmalısınız.

İndi bizim qarşımızda iki vəzifə durur. Birincisi, erməni təcavüzünün qarşısını almaq, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq, xalqı bu qırğından qurtarmaq. İkincisi isə, Azərbaycanın daxilində sabitliyi təmin etmək, bu çəkişmədən qurtarmaq, xalqı bu çəkişmədən yaranan əziyyətdən xilas etmək lazımdır. Bu vəzifələri yerinə yetirmək üçün sizin hamınıza müraciət edirəm, bütün Azərbaycan xalqına müraciət edirəm: Düşünün, anlayın, ayılın. Bilin ki, Azərbaycan xalqı bir xalq kimi bundan sonra nəinki yaşamalıdır, daha da qüdrətlənməli, daha da inkişaf etməlidir. Müstəqil Azərbaycan Respublikası hələ tutmamış qatıqdır. O gərək bərkisin, möhkəmlənsin, gərək öz qüdrətini toplayaraq daxili potensialından öz xalqının rifahı üçün istifadə edib müstəqil dövlət kimi gələcək nəsillərə bizdən yadigar olsun. Gələcək nəsillərimiz daim azad, müstəqil, öz milli ənənələrinə, tarixi ənənələrinə sədaqətli olaraq yaşaya bilsinlər. Xahiş edirəm, düşünün, fikirləşin. Bütün sahələrdə hər şey sizin fəaliyyətinizdən asılıdır. Əgər bundan sonra müvəffəqiyyətlərimiz də olsa, bunlar hamımızın - sizin və bizim müvəffəqiyyətlərimiz olacaqdır. Uğursuzluqlarımız da olsa, heç kəs özünü kənara çəkə bilməz. Ona görə də sizə müraciət edirəm, bütün Azərbaycan xalqına müraciət edirəm və güman edirəm ki, xalq, insan daxili gücünü, iradəsini həmişə ağır dövrlərdə büruzə verir.

Biz, yəni Azərbaycan xalqı böyük imtahan içindəyik və bu imtahandan ləyaqətlə çıxmalıyıq. Hər bir azərbaycanlı, əgər onun qəlbində doğrudan da azərbaycanlı hissiyyatı varsa, nəbzi Azərbaycan xalqının ümumi nəbzi ilə həmahəng vurursa, bu yolla getməlidir. Ümid edirəm ki, xalqımızın, buraya toplaşmış rəhbər işçilərimizin əksəriyyəti məhz belə düşünürlər, məhz bu istiqamətdə hərəkət edirlər və belə də hərəkət edəcəklər.

Bu baxımdan qarşımızda bir siyasi problem də durur. Ayın 29-da Azərbaycanın prezidenti Əbülfəz Elçibəyə münasibət barədə ümumxalq referendumu keçiriləcək. Siz bilirsiniz, artıq hamıya aydındır ki, iyunun 17- dən 18-nə keçən gecə Azərbaycanın prezidenti Əbülfəz Elçibəy Bakını tərk edib və iki aydan artıqdır ki, Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində yaşayır. Şübhəsiz ki, bu, Əbülfəz Elçibəyin öz işidir. Əlbəttə, indi onun hərəkətlərinə qiymət vermək olar, lakin biz cavabdeh deyilik. Ancaq xalq tərəfindən seçilmiş adam öz eqoizmini gərək xalqın mənafeyindən yüksək tutmayaydı. Mən Əbülfəz Elçibəyə o vaxt telefonla da dedim ki, əgər siz xalqın təəssübünü çəkirsinizsə, xalqın içində olmalısınız. Əgər həlak olsaydınız da, bir qəhrəman kimi həlak olacaqdınız. Ancaq gedib kənddə gizlənməklə və deməklə ki, mən hələ prezidentəm, prezident olaraq qalacağam, - bundan sonra prezident olmaq mümkün deyil.

Mən bununla demək istəmirəm ki, xalq öz iradəsini istədiyi kimi bildirməsin. Ancaq xalq da başa düşməlidir: əgər prezident iki aydan artıqdır ki, Azərbaycandan uzaqlaşıbsa, deməli, xalq bilməlidir ki, onun dövründə buraxılan səhvlər, günahlar, Azərbaycanın bu vəziyyətə düşməsi, ordumuzun belə bərbad vəziyyətdə olması, - bunun əsas günahkarı Rəhim Qazıyevdirsə, onunla yanaşı həm də Azərbaycanın rəhbərləri, o cümlədən Azərbaycan prezidenti günahkardır. Təkcə bu prezident deyil, ondan əvvəlki prezident də günahkardır. Bunlar hamısı məlum şeylərdir. Ona görə də güman edirəm ki, bu referendum layiqli səviyyədə keçməlidir.

Bilirsiniz ki, bu salonda Milli Məclisin üzvlərinin bir çoxu, bəlkə də əksəriyyəti bu məsələ müzakirə olunarkən dəfələrlə təklif edib ki, Azərbaycan Konstitusiyasının 121-ci maddəsinin 6-7-ci bəndlərinə əsasən, Əbülfəz Elçibəy prezidentlik vəzifəsini həyata keçirə bilmədiyinə görə parlamentin onu bu vəzifədən kənar etməyə ixtiyarı var. Bu həqiqətdir, parlamentin belə hüququ var. Bu təkliflər əsaslı təkliflər olmuşdur. Fəqət bilirsiniz ki, mən bu təklifin qəbul olunmasına yol vermədim. Təkcə ona görə ki, istədim hər şey demokratik şəkildə olsun, xalqın iradəsi ilə olsun. Yada salmaq istəyirəm ki, 1992-ci il iyunun 7-də Əbülfəz Elçibəy xalq tərəfindən prezident seçilmişdir. 1992-çi il iyunun 17-də Əbülfəz Elçibəy bu salonda Qurana, Azərbaycanın Konstitusiyasına and içib ki, prezident vəzifəsini ləyaqətlə yerinə yetirəcəkdir. 1993-cü il iyun ayının 17-də düz bir il sonra, Əbülfəz Elçibəy bu vəzifəni ataraq qaçıb Kələki kəndində gizlənmişdir.

İndi xalq qoy özü desin: Nə olmalıdır, nə etməliyik? Əgər xalq yenə də bu vəziyyətdə yaşamaq istəyirsə, öz fikrini bildirsin. Yaxud başqa vəziyyətdə yaşamaq istəyirsə, yenə də fikrini bildirsin. Mən bu sözlərimlə nə xalqa, nə də ayrı-ayrı seçicilərə heç bir təsir və təzyiq göstərmək istəmirəm. Mən ancaq vəziyyəti danışıram və demək istəyirəm ki, iki aydan artıqdır prezident yoxdur, mən həm Azərbaycan parlamentinin sədri vəzifəsindəyəm, həm də Azərbaycan prezidentinin səlahiyyətini həyata keçirirəm. Bu iki vəzifəni eyni vaxtda aparmaq mənə nə qədər ağır da olsa, mən bunu aparıram və nə qədər ki, xalq mənə etimad göstərir, o vaxtadək aparacağam. Ancaq Azərbaycan xalqını, bu böyüklükdə Azərbaycan Respublikasını, müstəqil Azərbaycan dövlətini şəxsi ambisiyalara görə, eqoizm əhval-ruhiyyəsindən irəli gələn fikirlərə görə artıq bu vəziyyətdə saxlamaq olmaz. Əgər xalqa Əbülfəz Elçibəy lazımdırsa, desinlər, gəlsin otursun burada. Əgər lazım deyilsə, - yəqin ki, bunu əksəriyyət hiss etmişdir, mən də bu fikirdəyəm, Əbülfəz Elçibəy bir il müddətində də sübut etmişdir ki, o prezidentlik edə bilmir və Azərbaycanın bu ağır vəziyyətində də kənddə oturmaqla prezidentlik etmək olmaz, - öz münasibətini bildirsin.

Ancaq mən yenə deyirəm, bütün işlər demokratik əsaslarla getməlidir. Biz xarici ölkələrdən müşahidəçilər dəvət etmişik. Seçki komissiyaları düzgün işləməlidir. Buraya İcra hakimiyyətinin başçıları, şəhər və rayon seçki komissiyalarının sədrləri, bir çox rayonların ictimai təşkilatlarının rəhbərləri, siyasi partiyaların, təşkilatların, inzibati orqanların nümayəndələri dəvət olunublar. Tam demokratik şəkildə, tam aşkarlıq şəraitində ölçün-biçin. Eyni zamanda bir şey hamı üçün hər şeydən üstün olmalıdır: Azərbaycanın bugünkü ağır vəziyyəti, bu günü və gələcəyi, onun müqəddəratı, Azərbaycan xalqının bu ağır vəziyyətdən çıxması. Ona görə də bütün İcra hakimiyyəti başçılarından, rayon, şəhər sovetlərinin sədrlərindən, Azərbaycanın rəhbər işçilərindən, seçki komissiyaları üzvlərinin hamısından xahiş edirik, - vaxt azdır, baş qarışıqdır, qarşıya hər gün yeni məsələlər çıxır, adi məsələləri həll etməyimizə imkan vermir, - qalan günlərdə bu işi daha yaxşı təşkil etmək lazımdır. Avqustun 29-da referendum keçirilməlidir. Azərbaycan xalqı gərək öz gələcək müqəddəratını həll etsin. Onun müqəddəratı öz əlindədir, öz sözündən asılıdır. Mənim sizə müraciətim ondan ibarətdir ki, bu günlərdə referendumun hazırlanmasını, keçirilməsini lazımi, layiqli səviyyədə təşkil edəsiniz, demokratik prinsiplər əsasında düzgün aparasınız və düşünəsiniz ki, ayın 29-da Azərbaycan üçün yeni bir mərhələ açılır. Biz bu iki aydan artıq dövrü çox ağır vəziyyətdə, həddindən artıq ağır vəziyyətdə keçirmişik. Ancaq əgər ayın 29-da biz bu məsələni düzgün, doğru, demokratik şəkildə həll edə bilməsək daha da ağır ola bilər.

Mən yenə də deyirəm: baxmayaraq ki, referenduma yarım milyard rubl pul xərclənmişdir, baxmayaraq ki, bu ağır vəziyyətimizdə həm mərkəzdə, həm də yerlərdə olduqca çox adamlar bu işə cəlb olunublar, yəni belə vəziyyətimizdə adamlar daha zəruri işlərlə məşğul olmaq əvəzinə referenduma hazırlaşırlar, seçki komissiyalarında işləyirlər, bülletenlər hazırlayırlar, yazırlar, pozurlar, vətəndaşlara dəvətnamələr göndərirlər və sairə, - təsəvvür edin ki, bu Azərbaycana nə qədər zərər vurur, - ancaq biz bunların hamısına dözürük, xalq da dözür. Şəxsən mən də parlamentin sədri kimi buna razı olmuşam ki, heç kəs deməsin burada demokratiyaya zidd bir şey olub. Ancaq indi o Kələki kəndində Əbülfəz Elçibəyin özünün qəlbində, doğrudan da, Azərbaycan xalqının dərdi olsaydı, o imkan verməzdi ki, biz bu vəziyyətə düşək. O, birillik fəaliyyəti ilə xalqı gətirib bu vəziyyətə saldı. İndi də iki aydan artıqdır ki, qaçıb Kələki kəndində gizlənib, Azərbaycan xalqını bu vəziyyətə gətirib. Təsəvvür edin, axı bir adam nədir ki, ondan ötrü xalq bu vəziyyətə düşsün. Ola bilər, mənim bu sözlərimi indi Əbülfəz Elçibəy də eşidir, yaxşı olardı ki, eşitsin. Mən ona bir insan kimi həmişə hörmət etmişəm, hörmət edirəm. Ancaq o bilməlidir ki, öz şəxsi ambisiyası ilə xalqı bu vəziyyətə salmamalıdır.

Referendum keçirilməlidir. Yolun çox hissəsini keçmişik, azı qalıb. Bu gün ayın 24-dür, dörd gündən sonra, avqustun 29-da referendumdur. Xalq öz sözünü deməlidir. Xalq necə yaşamaq istəyirsə, qoy desin, əgər indiyə qədərki kimi, bundan da pis yaşamaq istəyirsə, qoy desin. Əgər xalq doğrudan da ağır vəziyyətdən xilas olmaq istəyirsə, qoy onu da desin. Nəhayət, bütün bu məlumatları sizə verərək, öz fikirlərimlə sizi tanış edərək, sizinlə bölüşərək bir daha bildirmək istəyirəm: Azərbaycanın bu vəziyyətdən çıxmağa imkanı var, Azərbaycan dövlətçiliyi qorunacaqdır, Azərbaycan xalqının hüquqları qorunacaqdır. Biz, - mən öz adımdan deyirəm, Həm Azərbaycan parlamentinin sədri, həm də prezidentin səlahiyyətini həyata keçirən adam kimi deyirəm ki, ətrafımda olan adamlarla birlikdə biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik. Bilin ki, qəti, ciddi addımlar atacağıq, Azərbaycanda - həm Bakıda, həm də bütün başqa bölgələrdə - şəhərlərdə, rayonlarda, qəsəbələrdə, kəndlərdə sabitlik yaratmağa çalışacağıq, cinayətkarlarla mübarizəni gücləndirəcəyik, Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa qadirik və çıxaracağıq. Buna əmin ola bilərsiniz. Mənim dünənki müraciətimdən sonra əhalidən, xalqdan aldığım həmrəylik hissləri mənə daha çox güc verir. İnanın ki, mənim gücüm daha da artıb və bilin ki, mən bunun hamısını Azərbaycanı bu vəziyyətdən çıxarmağa sərf edəcəyəm. Buna heç kimin şübhəsi olmasın. Mən xalqa müraciət edərək sizin qarşınızda deyirəm ki, bəli, biz xalqı bu ağır vəziyyətdən çıxaracaq, sabitlik yaradacağıq.

Lənkəranda yaranmış həmin o mif haqqındakı fikir dünən, bu gün pozuldu və gördünüz ki, bizi qəti addımlar atmağa qoymurdular. Qəti addım atan kimi bu, öz nəticəsini verdi. Düzdür, şəhidlər də verdik, ancaq Azərbaycanın müstəqilliyi yolunda biz çox şəhidlər vermişik. Ola bilər, bundan sonra da verək, Azərbaycanın müstəqilliyi, dövlətçiliyi, Azərbaycan Respublikasının bütövlüyü hər bir adamın həyatından qat-qat yüksəkdir, mənim də həyatımdan yüksəkdir. Mən də müstəqil Azərbaycanın dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban verməyə hazıram. Sizə söz verirəm və güman edirəm ki, hamımız birlikdə bu vəziyyətdən çıxa biləcəyik.

Sizə çatdırmaq istədiyim sözləri dedim. Bilmirəm, müzakirəyə, çıxışlara ehtiyac varmı? (Salondan səslər: Yoxdur): Əgər məsələ aydındırsa, vəzifələr aydındırsa, onda bəlkə vaxt itirməyək. Nəriman İmranov Lənkərandan səhər tezdən çıxıb. Mən müşavirəni bir qədər ləngitdim ki, dedim bəlkə o, daha geniş məlumat verə bilər. Ancaq mən oradan aldığım məlumatlar əsasında ümumi vəziyyəti sizə çatdırdım. Bu gün canlı yayım gedir, bütün xalq bunu eşidir. Əlavə məlumatlar televiziya ilə verilər. Ona görə də gəlin bununla görüşümüzü qurtaraq. Mən indi dövlət başçısı vəzifəsini İcra edən adam kimi sizin hamınıza ümid bəsləyirəm. Xalq gözünü bu salona dikib, bizə dikib və gələcək günlərimizin müqəddəratı bizim hamımızın birliyindən, ümumi iradəmizdən asılıdır. Hamınıza cansağlığı, işinizdə müvəffəqiyyət, uğurlar arzulayıram. Sağ olun.