Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvana səfəri - 17 iyun 2002-ci il


Naxçıvan MR-də səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 17-də səhər Şəhidlər xiyabanına gəldi.

Muxtar respublikanın rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, elm, ədəbiyyat, incəsənət xadimləri, tələbələr, məktəblilər dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.

Prezident Heydər Əliyev Şəhidlər xiyabanındakı «Ana» abidəsinin önünə əklil qoydu. Şəhidlərin xatirəsini ehtiramla yad etdi. Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Prezident Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının tanınmış ziyalıları ilə görüşüb söhbət etdi. Xalq yazıçısı, Naxçıvan MR Yazıçılar Birliyinin sədri Hüseyn İbrahimov bu günlərdə respublikamızın bir sıra tanınmış mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri ilə yanaşı, özünün də prezidentin fərdi təqaüdünə layiq görüldüyünə görə dərin təşəkkürünü bildirdi.

Azərbaycan prezidenti Xalq rəssamı, muxtar respublikanın Rəssamlar Birliyinin sədri Hüseynqulu Əliyev, MR-in Səhiyyə naziri Əqil Mehdiyev, MR «Sevil» Qadınlar Məclisinin sədri Nüşabə Əliyeva, şairə Mətanət Hüseynxanqızı və başqaları ilə də görüşdü. Onlar muxtar respublikaya göstərdiyi atalıq qayğısına görə dövlətimizin rəhbərinə səmimi təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi İsa Həbibbəyli isə rəhbərlik etdiyi ali məktəbə sərbəst idarəetmə statusu verilməsi ilə əlaqədar universitetin professor-müəllim heyəti və tələbələri adından Prezident Heydər Əliyevə öz razılığını bildirdi.