Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avstriya Respublikasına rəsmi səfəri (3-6 iyul 2000-ci il)


Avstriya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir və iki ölkə arasında diplomatik münasibətlərin yaradılması da Azərbaycan müstəqilliyini bərpa etdikdən az sonraya təsadüf edir. 3-6 iyul 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avstriyaya ilk rəsmi səfəri ilə Azərbaycan-Avstriya ikitərəfli münasibətlərində ən məhsuldar dövr başlayıb.

Jurnalistlərə müsahibəsində Heydər Əliyev qeyd edib ki, 2000-ci ildə Avstriya ATƏT-də sədrlik fəaliyyətini həyata keçirir, Avstriyanın xarici işlər naziri də ATƏT-in hazırda fəaliyyətdə olan sədridir. Həmçinin, Birləşmiş Millətlər Təşkilatının bir neçə təşkilatının baş qərargahı, ATƏT-in baş qərargahı Vyanada yerləşdiyindən, bu təşkilatların rəhbərləri ilə görüşlərin, danışıqların keçirilməsinin Azərbaycan üçün əhəmiyyətini, vacibliyini açıqlayib.

Səfər zamanı iyulun 4-də Avstriyanın Federal Prezidenti Tomas Klestil Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə görüşdə Azərbaycan ilə Avstriya arasında qarşılıqlı surətdə faydalı əlaqələrin hər iki tərəf üçün çox faydalı olduğunu, Avstriyanın zəngin iqtisadi potensiala malik olan Azərbaycan Respublikası ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə böyük maraq göstərdiyini xüsusi vurğulayıb. Danışıqlar zamanı Azərbaycan-Avstriya əlaqələrinin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub. Səfər çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan və Avstriya hökumətləri arasında bir sıra sənədlər imzalanıb.

Həmin gün Prezident Heydər Əliyev Avstriyanın xarici işlər naziri, ATƏT-in sədri Benuta Ferrero-Valdner ilə görüşündə ATƏT-in Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sahəsindəki fəaliyyətinə Azərbaycanın böyük ümidlər bəslədiyini, Avstriya ATƏT-ə sədrlik etdiyi dövrdə münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün lazımi səylər göstərəcəyinə ümidvar olduğunu bildirib. Ferrero-Valdner öz növbəsində münaqişəsinin sülh yolu ilə tezliklə həll olunması üçün Avstriya ATƏT-in hazırkı sədri kimi, bütün imkanlarından istifadə edəcəyini bəyan edib.

Azərbaycan Prezidenti Heydər Əliyev səfər çərçivəsində iyulun 4-də Vyana şəhər meriyasında olub.

İyulun 4-də Avstriya Respublikası parlamentinin sədri Haynts Fişer ilə görüşdə Azərbaycan və Avstriya parlamentləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacib olduğu nəzərə çatdırılıb, hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Elə həmin gün Avstriya Respublikasının Federal Kansleri Volfqanq Şüssel ilə görüşdə söhbət zamanı Prezident Heydər Əliyev Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərəkən, Şüssel bəyan edib: «Mən də Sizi əmin edirəm ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli sahəsində Avstriya tərəfindən Azərbaycanın mövqeyi dəstəklənəcək.» Həmin gün daha bir əhəmiyyətli görüş Avstriya İqtisadiyyat Palatasında ölkənin Xarici Siyasət və Beynəlxalq Əlaqələr Cəmiyyətinin üzvlərilə keçirilib. Görüşdə Avstriyanın tanınmış ictimai-siyasi xadimləri, iş adamları, xarici ölkələrin səfirləri, mətbuat nümayəndələri iştirak ediblər. Heydər Əliyev görüşdə «Azərbaycan XXI əsrin astanasında: problemlər və perspektivlər» mövzusunda nitq söyləyib.

İyulun 5-də Heydər Əliyev Vyanada BMT nümayəndəliyində BMT Baş katibinin müavini, nümayəndəliyin Baş direktoru Pino Arlakki ilə görüşüb. Görüş Prezident Heydər Əliyev və cənab Pino Arlakkinun «Azərbaycan Respublikası, Gürcüstan, İran İslam Respublikası və Birləşmiş Millətlər Təşkilatının narkotiklərə nəzarət üzrə beynəlxalq proqramı arasında narkotiklərə nəzarət və qanunsuz əldə edilmiş pulların qanuniləşdirilməsinə qarşı fəaliyyət sahəsində əməkdaşlıq üzrə qarşılıqlı anlaşma memorandumu»nu imzalaması ilə yekunlanıb.

Səfər çərçivəsində, iyulun 5-də Heydər Əliyev BMT-nin Sənaye İnkişafı Təşkilatının – YUNİDO-nun Baş direktoru Karlos Maqarinos ilə görüşüb və «Azərbaycan Respublikası hökuməti və BMT-nin sənaye inkişafı təşkilatı arasında sənaye inkişafı sahəsində əməkdaşlıq haqqında memorandum» imzalanıb.

Həmin gün Prezident Heydər Əliyev BMT-nin Vyanadakı nümayəndəliyində Nüvə Silahlarının Hərtərəfli Qadağan Edilməsi üzrə təşkilatın hazırlıq komissiyasının icraçı katibi Volfqanq Hoffmanın başçılıq etdiyi nümayəndə heyətilə, Avstriya Respublikasının İqtisadiyyat Palatasında bu ölkənin işgüzar dairələrinin nümayəndələri, Vyanada və ətraf şəhərlərdə yaşayan azərbaycanlıların bir qrupu ilə də görüşüb.

BMT-nin Vyanadakı nümayəndəliyində Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Məhəmməd əl-Baradeylə görüşün sonunda «Azərbaycan Respublikası və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında nüvə silahının yayılmaması haqqında müqavilə ilə əlaqədar, təminatların tətbiqi barədə sazişə əlavə protokol» imzalanması ilə yekunlanib.

İyulun 6-da Azərbaycan prezidenti Avstriyanın nüfuzlu mətbuat orqanlarını («Kuryer», «Di presse» «Ştandart» qəzetləri, APA Agentliyi) təmsil edən jurnalistlərlə görüşüb və onlara səfərin yekunları barədə təəssüratlarını bildirib.

Bu səfər Avstriya - Azərbaycan əməkdaşlığını möhkəmləndirməklə yanaşı, dünya birliyinə inteqrasiyasını sürətləndirib.