Azərbaycan Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Madlen Olbrayt ilə gorüşdəki söhbətindən - Davos, 29 yanvar 2000-ci il


Madlen Olbrayt: Xoş gördük, cənab prezident! Sizinlə yenidən görüşməkdən və Sizi çox gümrah görməkdən məmnunam.

Heydər Əliyev:  Xoş gördük, xanım Olbrayt! Səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Klivlenddə müalicə zamanı mənə göstərilmiş diqqət və qayğıya görə Sizə və prezident Bill Klintona bir daha minnətdarlığımı bildirirəm.

Madlen Olbrayt: Mən 1999-cu ilin noyabrında ATƏT-in İstanbul sammitində Sizinlə görüşümü, apardığımız danışıqları məmnunluqla xatırlayıram. Həmin günlərdə prezident Bill Klintonun iştirakı ilə Bakı-Ceyhan əsas ixrac boru kəməri və Transxəzər boru kəməri barədə sənədlərin imzalanmasını tarixi hadisə kimi dəyərləndirirəm. Ölkələrimizin bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələri günü-gündən möhkəmləndirilir. Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında yaranmış strateji əməkdaşlıq möhkəm əsaslar üzərində qurulur və bu işdə prezident Heydər Əliyevin liderliyi mühüm rol oynayır.

Heydər Əliyev:  Xoş sözlərə görə minnətdarlığımı bildirirəm. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində birbaşa danışıqlar aparılır. Minsk qrupunun həmsədrlərindən biri olan Amerikanın bu münaqişənin tezliklə aradan qaldırılması üçün səylərini daha da artırmasına ehtiyac duyulur.

Xanım Olbrayt: Bu münaqişənin aradan qaldırılması üçün Sizinlə prezident Robert Koçaryan arasında aparılan birbaşa danışıqlar Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənir və Minsk qrupunda fəaliyyətini gücləndirməyə Amerika hazırdır. Mənim fikrimcə bu münaqişənin həlli Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasına, region ölkələrində demokratiyanın inkişaf etməsinə, bu dövlətlər arasında əməkdaşlığın genişlənməsinə əsaslı kömək göstərəcəkdir.

Heydər Əliyev: Ötən ilin noyabrında ATƏT-in İstanbul sammitinin keçirildiyi günlərdə məşhur "Çırağan" sarayında Bakı-Ceyhan əsas ixrac boru kəməri və Transxəzər qaz kəməri barədə sazişlərin imzalanması mərasimində Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klintonun iştirak etməsi, həmin sənədlərə imza atmasını doğrudan da tarixi hadisə kimi dəyərləndirirəm. Bu nəhəng layihələrin həyata keçirilməsinə Amerika hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirirəm. Mən bir daha xatırlatmaq istərdim ki, vaxtilə ABŞ Konqresi tərəfindən qəbul edilmiş 907-ci düzəlişin hələ də qüvvədə qalması Azərbaycan ilə Amerika arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə müəyyən əngəllər yaradır. Bu ədalətsiz düşəlişin aradan qaldırılması üçün səylərin artırılması vacibdir.