Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərneftyanacaq" neft emalı zavodunun kollektivinə - 29 avqust 2003-cü il


Hörmətli neftçilər!

Sizi - "Azərneftyanacaq" neft emalı zavodunun kollektivini müəssisənin istismara buraxılmasının 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Bu zavodun istismara buraxılması neft sənayemizin həyatında əlamətdar hadisə olmuşdur, Yarıməsrlik tarixi ərzində müəssisənin kollektivi Azərbaycan neftçiləri içərisində öz dəst-xətti ilə daim seçilmişdir. Bugünkü "Azərneftyanacaq" səciyyələndirən əsas cəhətlərdən biri işçilərin və mühəndis-texniki heyətin zəhmətsevərliyi, yüksək əmək məhsuldarlığı və buraxılan məhsulun keyfiyyətidir.

Azərbaycanda neftin hasil edilməsi, daşınması və emalının çox zəngin ənənələri vardır. Hələ XX əsrin 70-80-ci illərində Yeni-Bakı neftayırma zavodunda tikilən ELOU-AVT-6, Katalitik Riforminq, Katalitik Krekinq və Tədrici Kokslaşma qurğuları bu gün imkan verir ki, neft emalı prosesində beynəlxalq standartlara cavab verən çeşidli məhsullar istehsal olunsun. Ona görə də müasir dövrdə də müstəqil respublikamız bütün dünyada aparıcı neft ölkələrindən biri kimi tanınır və bu sahənin inkişafına öz önəmli töhfələrini verir.

Əminəm ki, öz peşəkarlığı və fədakar əməyi ilə seçilən "Azərneftyanacaq" neft emalı zavodunun kollektivi gələcəkdə də qazandığı müvəffəqiyyətləri möhkəmləndirmək üçün bütün səylərini səfərbər edəcək və neft sənayemizin ön cərgələrində layiqli yerini tutacaq. Milli iqtisadiyyatımızın çiçəklənməsində aparıcı rolunu qoruyub saxlayan Azərbaycan neftçiləri, zavodunuzun kollektivi də daxil olmaqla ölkəmizin dünya iqtisadiyyatına inteqrasiya olunmasına öz layiqli töhfəsini verəcəkdir.

Bir daha Sizi - müəssisənizin bütün kollektivini salamlayır, hər birinizə möhkəm cansağlığı, səmərəli iş və rifah arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının prezidenti.
 
"Azərbaycan" qəzeti, 30 avqust 2003-cü il.