Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniyа Prezidenti İоn İliyesku ilə təkbətək görüşü - Prezident sаrаyı, 29 оktyаbr 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rumıniya Prezidenti İon İliyesku ilə təkbətək görüşü olmuşdur.

Ali qonağı mehribanlıqla və səmimiyyətlə salamlayan dövlətimizin başçısı Heydər Əliyev onun dəvətini qəbul edərək, respublikamıza rəsmi səfərə gəldiyinə görə cənab İon İliyeskuya təşəkkür etdi, bu səfərin Azərbaycan–Rumıniya əməkdaşlığının daha da inkişaf etməsində mühüm rol oynayacağına əmin olduğunu bildirdi.

Səmimi sözlərə, yüksək qonaqpərvərliyə, ölkəmizə rəsmi səfərə dəvətə görə Prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirən Prezident İon İliyesku Rumıniyanın Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da sıxlaşdırılmasına böyük əhəmiyyət verdiyini söylədi.

Ölkələrimizdəki ictimai-siyasi, iqtisadi vəziyyət barədə ətraflı söhbət açan dövlət başçıları bütün sahələrdə ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin böyük perspektivlərə malik olduğunu nəzərə çatdırdılar.

Azərbaycan ilə Rumıniyanın beynəlxalq təşkilatlardakı əməkdaşlığından razılıqla bəhs edən prezidentlər bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini bildirdilər.

Prezidentlər Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsində mühüm rol oynayacaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri layihələri barədə müzakirələr apardılar, böyük əhəmiyyətli beynəlxalq və regional layihələrin həyata keçirilməsində ölkələrimizin yaxından iştirak etməsindən söhbət açdılar.

Ölkəmizin ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Prezident Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları nəticəsində başlanmış bu münaqişənin uzun müddət davam etdiyini, respublikamızın ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyondan çox soydaşımızın yerindən-yurdundan didərgin düşərək indiyədək çadır şəhərciklərində ağır və dözülməz şəraitdə yaşadığını bildirdi.

Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında Rumıniyanın həmişə respublikamızın mövqeyini dəstəklədiyini nəzərə çatdıran Prezident İon İliyesku onun ölkəsinin bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcəyini söylədi.

Prezidentlər bu münaqişənin aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupunun və həmsədrlik edən ölkələrin səylərinin səfərbər edilməsinin vacibliyi barədə yekdil fikirdə olduqlarını bildirdilər.

Beynəlxalq terrorizmin həm Azərbaycan, həm də Rumıniya tərəfindən qətiyyətlə pislənildiyini nəzərə çatdıran dövlət başçıları bu sahədə səylərin daha da gücləndirilməsinin zəruriliyini vurğuladılar.

Dostluq və səmimilik şəraitində keçən görüşdə Qafqazda və bölgədə vəziyyət və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıldı.

AzərTAc