Hüseyn Cavidin ev-muzeyinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 24 oktyabr 2002-ci il


Hörmətli alimlər!

Xanımlar və cənablar, dostlar!

Mən bu gün uzun bir fasilədən sonra bu binaya ayaq qoydum. Keçmişdə, 1970-1980-ci illərdə mən Azərbaycanda işləyəndə bu binaya çox gəlmişəm, çünki onda burada Azərbaycanın Ali Soveti yerləşirdi. Gəlib burada iclaslarda iştirak edirdim və hər dəfə bu salonda Azərbaycanın görkəmli şəxsiyyətlərinə, mədəniyyət, elm nümayəndələrinə yüksək dövlət mükafatları təqdim edirdim. İndi onlardan çoxları yoxdur. Ancaq muzeylərdə şəkillərini görəndə həmişə bunu xatırlayıram. Biz sonra Azərbaycanın Ali Soveti üçün yeni bina tikdik. İndi həmin o binada müstəqil Azərbaycanın Milli Məclisi yerləşir.

Bu bina haqqında çox söz-söhbət gedirdi ki, onu kimə verək. Müştəriləri, yəni bu binanı istəyənlər də çox idi. Bu da təbiidir. Çünki bu tarixi binadır və indiyə qədər çox yaxşı qalıbdır. Azərbaycanın tarixi memarlıq abidələrindən biridir. Ancaq mən belə fikirdəydim ki, biz belə binaları yalnız elm, mədəniyyət sahəsində istifadə etməliyik. Ayrı-ayrı nazirliklərə, yaxud inzibati orqanlara belə binaları vermək o qədər də məqsədə uyğun deyildir.

Bu, keçmişdə də olubdur. Amma mən o illərdə də belə fikirdəydim. Çünki belə binalar Azərbaycanın milli sərvətidir. Hansısa bir nazirlik, hansısa bir inzibati təşkilat özü üçün bina ala bilər. Amma belə binaları memarlıq abidələri kimi həm qoruyub saxlamaq lazımdır, həm də onlardan istifadə edərkən, uyğun təşkilatları orada yerləşdirmək, yaxud onların sərəncamına vermək lazımdır. Buna görə də çox mübahisələrdən sonra mən belə qərar qəbul etdim ki, bu bina Əlyazmalar Fonduna verilsin.

Bilirsiniz, indi burada iştirak edənlərin bəziləri xatırlayır, təəssüflər olsun ki, uzun illər, on illiklərlə bizim Əlyazmalar Fondu, yəni tarixi əlyazmaları, Azərbaycanın tarixini əks etdirən kitablar, sənədlər Elmlər Akademiyası binasının birinci mərtəbəsində yerləşirdi. Onların da çoxu orada xarab olurdu. Ona görə belə bir qərar qəbul etdik və mən çox məmnunam ki, bu qərarın qəbul olunması indi özünü tam doğruldubdur.

İndi Əlyazmalar Fondu artıq elmi-tədqiqat institutuna çevrilibdir. Burada, dediyim kimi, Azərbaycanın tarixini əks etdirən çox nadir, çox qiymətli kitablar var. Onların da çoxu Azərbaycanın tarixi abidələridir. Burada indi kollektiv işləyir, elmi-tədqiqatlar aparılır. Ancaq eyni zamanda düşünürəm ki, Azərbaycanın elm sahəsi ilə məşğul olan adamları, insanları, yaxud ədəbiyyat və incəsənətlə, başqa sahələrlə məşğul olanlar bu əlyazmalardan istifadə edirlər və edəcəklər.

Sonra bir problem də yarandı. Bu da ondan ibarət idi ki, bu binada vaxtilə böyük şairimiz, dramaturq, filosof Hüseyn Cavid yaşamışdır. Hüseyn Cavidin yaşadığı otaqlarda onun ev-muzeyinin yaradılması məsələsi meydana çıxdı. Bu məsələ uzun illər gündəlikdə idi. Ancaq təəssüflər olsun ki, həll edilmirdi. Bunu da həll etdik. İndi bu binada Hüseyn Cavidin ev-muzeyi yaradılıbdır. O, bu binada yaşayıbdır. İndi mən orada oldum, muzeyi ziyarət etdim. 1920-ci ildən həbs olunana qədər o, ailəsi ilə bu binada yaşayıbdır. Biz burada muzey yaradılmasını təmin etdik. İndi Hüseyn Cavidin ev-muzeyi hazırdır.

Bu gün Hüseyn Cavidin anadan olmasının 120 ili tamam olur. Mən bu münasibətlə sərəncam vermişəm ki, respublikada təşkilatlar Hüseyn Cavidin 120 illik yubileyini keçirsinlər. Ona görə də mən məhz bu gün muzeyin açılışına gəldim.

Muzey çox maraqlıdır, olduqca maraqlıdır. Güman edirəm ki, Hüseyn Cavid yaradıcılığı ilə, onun həyatı ilə maraqlanan insanlar bu muzeydə maraqlı eksponatlar görə bilərlər. Həm də yaradıcılıqla, elmi işlə məşğul olanlar orada özləri üçün çox lazımlı məlumatlar toplaya bilərlər.

Biz repressiya qurbanlarının xatirəsini yad edirik. Onlar vaxtilə repressiyaya məruz qalıblar, həyatlarını itiriblər, ailələrində çox böyük çətinliklər, məhrumiyyətlər yaranıbdır. Bəli, təəssüflər olsun ki, bu böyük insanlara "sağ ol!" demək əvəzinə, onları repressiyalara məruz qoyublar. Biz Azərbaycanda repressiya qurbanlarının, demək olar ki, hamısının xidmətlərini bərpa etməyə çalışmışıq və çalışırıq. Çoxları haqqında kitablar yazılıb, abidələr yaradılıbdır və bu iş bundan sonra da gedəcəkdir.

Hüseyn Cavid də repressiya qurbanlarından biridir və özü də, ailəsi də çox məhrumiyyətlərə məruz qalmışdır. Ancaq repressiyaya təkcə ayrı-ayrı insanlar yox, təəssüflər olsun, bizim xalqımız da məruz qalmışdır. Repressiya təkcə ondan ibarət olmamışdır ki, ayrı-ayrı insanları həbs ediblər, əsərlərini qadağan ediblər, insanları güllələyiblər, öldürüblər, yaxud da sürgün ediblər, onlar həyatlarını orada itiriblər. Ümumiyyətlə, bütün xalqımız repressiyaya məruz qalıbdır. Xalqımızın repressiyaya məruz qalması 1920-ci illərdən başlayaraq, mərhələlərlə, 1950-ci illərin sonlarına qədər davam etmişdir.

Amma bununla bərabər, tariximiz, mədəniyyətimiz də repressiyaya məruz qalmışdır, milliliyimiz də repressiyaya məruz qalmışdır. Çünki Sovetlər İttifaqı dövründə çalışmışdılar ki, bizim tariximizi də, keçmişimizi də, ənənələrimizi də yalnız kommunist ideologiyasına, sovet sosialist quruluşuna uyğunlaşdırsınlar. Təbiidir, belə bir proses gedən zaman həqiqi tariximiz, milli-mənəvi sərvətlərimiz ya məhv olmalı, ya itirilməli idi, yaxud da yaddan çıxarılmalı idi. Bu, bizim tariximizdir. Biz bunu heç vaxt unutmamalıyıq. Bunlardan nəticə çıxarmalıyıq ki, xalqımız daha heç vaxt belə hallarla rastlaşmasın. Xüsusən, ona görə ki, indi bizim xalqımız azad olubdur. Biz müstəqillik əldə etmişik, 11 ildir müstəqil dövlətdə yaşayırıq.

Mən dəfələrlə demişəm və bu gün də bəyan edirəm ki, bizim müstəqilliyimizin sonu yoxdur. Belə də olacaqdır. Ancaq bu da bizdən asılıdır. Bugünkü, gələcək nəsillərdən asılıdır, hamımızdan asılıdır. Biz bu gün əlimizdən gələni edirik və etməliyik. Gələcək nəsillər üçün də biz nümunə yaratmalı, onlar üçün böyük irs qoyub getməliyik.

Repressiyaya məruz qalmış böyük tarixi, mənəvi dəyərlərimizdən, əsərlərimizdən biri də "Kitabi-Dədə Qorqud" dastanı olmuşdur.

Biz onun 1300 illik yubileyini keçirən zaman bu məsələni təhlil etdik, bu barədə danışdıq. Məqalələr, kitablar yazıldı ki, azərbaycanlıları "Kitabi-Dədə Qorqud"dan necə məhrum ediblər. İkinci Dünya müharibəsindən sonra SSRİ-də gedən proseslər, o cümlədən Azərbaycanda gedən proseslər zamanı, 1950-ci ildə bizim tarixi abidəmizi tamamilə saxtalaşdırmağa, təhrif etməyə çalışdılar və buna da nail oldular. Amma biz "Kitabi-Dədə Qorqud"u xalqımıza qaytardıq. Onun 1300 illik yubileyini beynəlxalq miqyasda keçirdik və dünyaya göstərdik ki, bizim xalqımızın belə qədim tarixi var və belə bir tarixi abidəsi var.

O vaxt yubiley günlərində biz "Dədə Qorqud" eposunun, Azərbaycan dilində yazılmış eposun Drezden kitabxanasında saxlanılan nüsxəsinin surətini almaq istəyirdik. O, indi gəlib çatıbdır. Mən onu sizə təqdim etmək istəyirəm. Hesab edirəm ki, Azərbaycanın bu günü və gələcəyi üçün ən böyük nailiyyətlərdən biridir ki, biz "Dədə Qorqud"u repressiyadan xilas etdik, xalqımıza qaytardıq. Nəhayət, onun əlyazmasının, indiyə qədər Drezden kitabxanasında qorunub saxlanılan əlyazmasının surətini biz Azərbaycana gətirmişik. Mən bunu Əlyazmalar İnstitutuna təqdim edirəm.

Sizinlə görüşməyimdən çox məmnunam. Sizin hamınıza bir daha cansağlığı və işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 25 oktyabr 2002-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT