Azərbaycan Prezidenti Heydər Əliyevin Bİ-Pİ şirkətinin layihələrinin təqdimatı mərasimində söhbətindən - 7 may 2001-ci il


Heydər Əliyev: Bİ-Pİ-nin başçısı cənab Vudvord Azərbaycanda artıq uzun müddətdir işləyən Bi-Pi və onun ətrafında birləşmiş konsorsiumun fəaliyyəti haqqında, bu gün bizim ölkəmizdə görülən və gələcəkdə görüləcək işlər haqqında məlumat vermək istəyir. Bir az başqa cür desək, gördükləri işləri təqdim etmək istəyirlər. Mən bundan çox məmnunam.

Məlumdur ki, gedən bu işlər daim bizim nəzarətimiz altındadır. Biz bunları bilirik. Ancaq bunun yığıncaq şəkildə təqdim olunması, bizə məruzə edilməsi, eyni zamanda gələcəkdə nə vaxt, hansı işlər görüləcək, nə nəticələr əldə olunacaq - bunların bu gün həm bizim üçün, həm də ictimaiyyət üçün açıqlanması çox əhəmiyyətlidir. Ona görə də mən Bi-Pi-nin bu təklifini qəbul etdim və sizi bu məqsədlə buraya dəvət etmişəm. Cənab Vudvorda söz verirəm və yəqin ki, sonra bəzi suallar, dəqiqləşdirmələr ola bilər.

Deyvid Vudvord: Cənab prezident, mən və həmkarlarım çox böyük məmnuniyyət hissi ilə bu imkandan istifadə edərək, Azərbaycanda gördüyümüz işlər haqqında Sizə dəqiq məlumat vermək istəyirik. Həmçinin bizim həyata keçirdiyimiz layihələr çərçivəsində gələcək planlarımız haqqında da Sizə tam məlumat vermək istəyirik.

Cənab prezident, biz təqdimata başlamazdan əvvəl, icazə verin, ilk öncə Sizi və Azərbaycan xalqını qarşıdakı iki böyük, mühüm hadisə münasibətilə təbrik edim, təbriklərimi çatdırım. Bunlardan birincisi Qələbə günüdür, ikincisi isə cənab prezident, Sizin ad gününüzdür.

Heydər Əliyev: Sağ olun. Təşəkkür edirəm.

Deyvid Vudvord: Cənab prezident, təqdimatımızın mövzusu ondan ibarətdir ki, Azərbaycanda həyata keçirdiyimiz layihələr yeni mərhələyə qədəm qoymaq ərəfəsindədir. Bununla əlaqədar Azərbaycandakı işlərimiz o qədər genişlənəcək ki, bu vaxta qədər həyata keçirdiyimiz ilkin neftin çıxarılması layihəsi ilə müqayisə etsək, onda bu, indiyə qədər görülmüş işlərdən on dəfə çox, genişmiqyaslı bir fəaliyyət olacaqdır. Bu işlərin uğuru üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə, dövlət və hökumət idarələri ilə məhz sıx əməkdaşlığımız layihələrin vaxtında, cədvəl üzrə həyata keçirilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir.

Cənab prezident, indi isə icazənizlə, təqdimatımıza başlayaq. Bunun bir nüsxəsi ekranda göstəriləcək. Bir nüsxəsi də Sizin qarşınızdadır.

Birinci slaydımız mənim indicə Sizin nəzərinizə çatdırmaq istədiyim məsələni əhatə edir. Yəni layihələrimiz elə bir mərhələyə qədəm qoyur ki, burada çox geniş, dünya miqyaslı nəhəng tikinti işləri başlayacaqdır.

Cənab prezident, üzümüzə gələn 12 ay ərzində işlərimiz elə bir miqyası əhatə edəcək ki, həyata keçirdiyimiz layihələr üzrə təxminən 8-9 milyard dollar sanksiya verəcəyik. Ona görə də bu cür irimiqyaslı, nəhəng layihələrin həyata keçirilməsi üçün, bizim işimizin Sizə deyəcəyimiz cədvəl üzrə irəliləməsi üçün dövlət və hökumət idarələri ilə yaxından əməkdaşlığımız, həmçinin onların yaxın dəstəyi çox mühüm əhəmiyyət kəsb edir.

Heydər Əliyev: Xahiş edirəm, bir dəqiqə dayanın.

Siz bu birinci cədvəldə ümumi məlumat verdiniz. Mənim də qarşımda təbiidir ki, orada yazılanlar var. Mən bunları da görürəm. Amma yaxşı olardı ki, siz bunu bir az detallaşdıraydınız. Məsələn, burada yazmısınız ki, dünya miqyaslı nəhəng tikinti işləri. Bunu dediniz. "Şahdəniz": hasilat və boru kəməri 2,5 milyarddan 2,7 milyarda qədər. Bu, çox vacibdir. "Azəri-Çıraq-Günəşli" - birinci mərhələdə 6 milyarddan 6,5 milyarda qədər. Qalanlar isə, təbiidir, qərarların vaxtında təsdiq edilməsi, layihələrin uğurla həyata keçirilməsi üçün lazımi dəstək, filan. Bunlar məlumdur. Ona görə xahiş edirəm, bu rəqəmləri öz nitqinizdə söyləyəsiniz, hamı bilsin.

Deyvid Vudvord: Cənab prezident, bu yalnız giriş slaydı idi. Niyyətimiz bu idi ki, girişdən sonra həmin rəqəmlər, layihələr üzərində təfərrüatı ilə, ətraflı şəkildə dayanaq. Bunları bildirdikdən sonra əgər sizin sualınız olarsa, yenidən söhbətə qayıda bilərik.

Heydər Əliyev: Yaxşı.

Deyvid Vudvord: Əgər nəsə lazımi təfərrüatlı məlumat olmasa, onda əminəm ki, Siz suallar verəcəksiniz və biz mütləq izah edəcəyik.

Heydər Əliyev: Razıyam.

Deyvid Vudvord: Cənab prezident, növbəti slaydda görülmüş işlərimiz çərçivəsində əsas addımları nəzərinizə çatdırırıq. Sözsüz ki, Siz bunların hamısını çox gözəl bilirsiniz. Bu, 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" yataqları üzrə hasilatın pay bölgüsü müqaviləsinin imzalanmasından başlayır. 1996-cı ildə "Şahdəniz" yatağı üzrə müqavilənin, sonra isə alqı-satqı sazişinin imzalanması, Bakı-Tbilisi-Ceyhan üzrə sazişlərin imzalanmasıdır. Sonuncu isə "Şahdəniz" üzrə Türkiyə ilə imzalanmış qaz alqı-satqı sazişidir ki, bu da cari ilin mart ayında əldə olundu. Bu gün hər üç layihəmiz üzrə - "Bakı-Tbilisi-Ceyhan, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" üzrə gələcək planlarımızı açıqlayacağam.

Cənab prezident, aşağıdakı cədvəldə bu layihələr üzrə irəliləyiş planını nəzərə çatdırırıq. Bakı-Tbilisi-Ceyhan üzrə iyun ayının ortasında biz ətraflı, müfəssəl mühəndis layihə işlərinə başlayacağıq. Bu, bizə imkan verəcək ki, gələn ilin ortasında sanksiya verilsin və Bakı-Tbilisi-Ceyhanın tikintisinə başlayaq. Əgər gələn ilin ortasında tikinti başlanarsa, onda 2004-cü ildə həmin layihə üzrə tikilmiş boru kəməri istifadəyə verilə bilər.

"Azəri-Çıraq-Günəşli"-nin birinci fazası üzrə tikinti üçün bu ilin iyul ayında sanksiya veriləcəkdir. Həmin layihənin birinci faza üzrə aparılan tikinti işləri təxminən 2004-cü ildə başa çatacaqdır və qurğular istifadəyə veriləcəkdir.

Əgər hazırda Gürcüstan tərəfi ilə aparılan danışıqlar vaxtında başa çatarsa və lazımi sazişlər əldə olunarsa, sonra isə Azərbaycanla müvafiq sazişlər vaxtında əldə edilərsə "Şahdəniz"in müfəssəl mühəndis-layihə işləri üzrə sanksiya bu il verilə bilər. Torpaq alınması məsələsi vaxtında, bu ilin sonunda başa çatarsa, yəni bu işləri bu il tamamlasaq, onda "Şahdəniz" üzrə tikinti işləri gələn ilin əvvəlindən başlaya bilər. Mənim həmkarım Qordon Birrel indi Sizə "Şahdəniz" layihəsi haqqında daha ətraflı məlumat verəcəkdir.

Qordon Birrel: ("Bi-Pi Eksploreyşn"in Azərbaycan üzrə prezidenti, "Şahdəniz" layihəsinin rəhbəri):

- Cənab prezident, icazənizlə, ötən bir neçə il ərzində "Şahdəniz" layihəsi çərçivəsində əldə olunmuş bir sıra nailiyyətlərimizi nəzərinizə çatdırmaq istəyirəm. Cənab Deyvidin dediyi kimi, "Şahdəniz" üzrə hasilatın pay bölgüsü müqaviləsi 1996-cı ildə imzalanmışdır. "İstiqlal" qazma qurğusu modernləşdirilmiş və bu iş başa çatdıqdan sonra həmin qazma qurğusundan 1999-cu ildə açılmış qaz-kondensat yatağının kəşfi üçün istifadə olunmuşdur.

Bi-Pi və onun "Şahdəniz" üzrə tərəfdaşları bu ilin mart ayında kəşfiyyat işlərini başa çatdırmışlar. Cənab prezident, həmçinin bu il Sizin dəstəyinizlə Türkiyə ilə Azərbaycan arasında qaz alqı-satqı sazişi imzalanmışdır. "Şahdəniz" çərçivəsində ilkin mühəndis-layihə işləri üzümüzə gələn bir neçə ay ərzində başa çatdırılacaqdır.

Cənab prezident, gördüyünüz bu slayd "Şahdəniz"in birinci mərhələsi çərçivəsində hasilat üçün istifadə olunacaq qurğuları göstərir. Burada bəzi təfərrüatları Sizin nəzərinizə çatdırmaq istəyirəm.

"Şahdəniz" yatağı bir neçə mərhələdə istismar olunacaq, işləniləcəkdir. Bu, yalnız birinci mərhələni əhatə edir. Biz birinci mərhələdə yatağın Şərq cinahında tikiləcək platformadan istifadə edəcəyik. Bu platforma suyun 100 metr dərinliyində tikiləcəkdir. Həmin platformanı Səngəçal terminalı ilə yeni tikiləcək 2 boru kəməri birləşdirəcəkdir. Sonrakı mərhələdə isə bəzi sualtı işlər görüləcək ki, platformanı stasionar platformaya çevirsin.

Cənab prezident, bu slaydda "Şahdəniz" qazının ixracı üçün istifadə olunacaq boru kəmərlərinin sxemini təqdim etmişik. Bu qazı ixrac etmək üçün hazırda Azərbaycanda mövcud olan qaz kəmərinə paralel olaraq yeni boru kəməri tikiləcək və bunun vasitəsilə qaz Azərbaycan-Gürcüstan ərazilərindən Türkiyəyə çatdırılacaqdır. Tikiləcək yeni boru kəmərinin uzunluğu 700 kilometrdir. Bu, boru kəmərinin Gürcüstan sərhədinə qədər olan hissəsidir. Türkiyə hissəsini isə Ərzuruma qədər "Botaş" şirkəti tikəcəkdir.

Cənab prezident, "Şahdəniz" çox böyük, həm də çox çətin layihədir. Növbəti slaydda biz məhz bu il ərzində həyata keçirəcəyimiz əsas tədbirləri göstərmişik. Bu addımlar imkan verəcək ki, "Şahdəniz" qazını hasil edək və göstərildiyi kimi, təxminən 2004-cü ildə ilk qazı Türkiyəyə çatdıra bilək. Azərbaycan Dövlət Neft Şirkətindəki həmkarlarımızla birlikdə biz gərək bir neçə gün ərzində Gürcüstanla lazım olan sazişləri əldə edə bilək. Eyni tipli sazişlər Azərbaycanda da əldə olunmalıdır. Əgər bunlar vaxtında əldə olunarsa, onda bu, bizə imkan verəcək ki, noyabr ayında layihənin başlanması haqqında qərar verə bilək. Bayaq dediyim kimi, "Şahdəniz" layihəsinin birinci mərhələsi çox böyük və çətindir. Ona görə də bu çərçivədə biz 2,7 milyard dollar investisiya qoymağı planlaşdırırıq. Mən Deyvid Vudvordun fikrini bir daha təsdiq edərək deyirəm ki, qarşıda duran bu çətin işləri, əsas tədbirləri həyata keçirmək üçün hökumət və dövlət idarələrindən, ümumiyyətlə, kimlərlə işləyəcəyiksə, onların hamısından yaxın əməkdaşlıq və dəstək gözləyirik ki, lazımi sənədləri vaxtında təsdiq edək, cədvələ əməl edə bilək. İndi isə sözü yenidən cənab Vudvorda verirəm ki, o, "Azəri-Çıraq-Günəşli" layihəsi, həmçinin Bakı-Tbilisi-Ceyhan layihəsi haqqında ətraflı məlumat versin.

Deyvid Vudvord: Cənab prezident, növbəti slaydda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının tammiqyaslı işlənilməsinin birinci fazasını əks etdirən rəqəmlər və əsas texniki göstəricilər verilmişdir. Hazırda birinci fazanın müfəssəl mühəndis-layihə işləri mərhələsini başa çatdırmaqdayıq. Bu işlər çərçivəsində artıq tenderlər elan etmişik, şirkətlər öz təkliflərini bizə göndəriblər. Tenderlər əsasən təchizat və tikinti xidmətləri üzrədir. İndi biz şirkətlər tərəfindən təqdim olunmuş təklifləri qiymətləndiririk.

Birinci faza çərçivəsində biz dənizdə iki böyük platforma tikməyi planlaşdırırıq. Onlardan biri yalnız neft hasilatı üçün nəzərdə tutulmuş platformadır. İkincisi isə ona bitişik olan platformadır, bu, oradan neftlə birlikdə çıxan səmt qazını yenidən rezervuara vurmaq üçün, yaxud da bir qismini sahilə, istehlakçılara çatdırmaq üçün nəzərdə tutulur.

Heydər Əliyev: "Çıraq" yatağında?

Deyvid Vudvord: Cənab prezident, bu, "Azəri" yatağıdır. "Çırağa" bitişik olan ikinci yataqdır.

Platformaların üst hissələrinin hamısı Azərbaycanda, Bakıda yığılacaq, tikinti-quraşdırma işləri sahildə aparılacaqdır. Platformaların üst hissəsi quraşdırılmış vəziyyətdə, bütöv şəkildə gəmiyə yüklənərək, dənizdə tikilmiş özülün üzərinə hazır formada oturdulacaqdır. Bu, yeni texnologiyadır və biz ona özülə oturdulma deyirik. Yəni böyük ağır yükü gəmi aparır və oradan birbaşa özülün üzərinə oturdulur. Gəminin aparacağı platformanın üst hissəsinin çəkisi 14.600 tondur. Demək, texnika vasitəsilə biz 14.600 tonluq yükü birbaşa özülün üstünə oturdacağıq. Bu da dünya rekordu deməkdir. Yəni ilk dəfədir ki, bu ağırlıqda yük gəmidən birbaşa özül üzərinə oturdulacaqdır.

Heydər Əliyev: Bizdə belə bir gəmi var?

Deyvid Vudvord: Bəli, belə bir barj var. O elə bir barjdır ki, bu işin öhdəsindən gələ biləcək. Amma ona bəzi dəyişikliklər edəcəyik. Tələb olunan bəzi işləri biz edəcəyik.

Heydər Əliyev: Görürsünüz, Azərbaycanda hər şey var. Sizin dünya rekordu qazanmağınız üçün də lazımi ləvazimatlar var.

Deyvid Vudvord: Cənab prezident, elədir. Bu bizə həm vaxta qənaət etməyə, həm də işi daha səmərəli görməyə imkan verəcəkdir.

Bu slayd Səngəçal terminalının genişləndirilməsi planını göstərir. Çünki Səngəçal terminalı genişləndirilərək iki böyük layihənin - həm "Şahdəniz", həm də "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə hasilatın öhdəsindən gəlməlidir. Yəni "Şahdəniz"dən çıxarılacaq həm qaz, həm də neft oraya çatdırılacaqdır. Həmçinin "Azəri-Çıraq-Günəşli"nin birinci fazasında, sonra isə növbəti, ikinci və üçüncü fazalarında çıxarılacaq neft də bu terminala daşınacaqdır. Bunun üçün də terminalın genişləndirilməsi nəzərdə tutulur. 2004-cü ilin sonuna qədər bu terminal o vəziyyətə gətirilməlidir ki, ildə 26,5 milyon ton neft kondensatı, 11 milyard kubmetrdən artıq qazı qəbul etmək gücündə olsun. Saxlamaq üçün, anbarlara doldurulmaq üçün Səngəçalın tutum gücü 600 min kubmetrdən çox olmalıdır.

Növbəti slaydda isə bu il üçün qarşıdan gələn aylarda birinci faza çərçivəsində görüləcək əsas tədbirləri göstərmişik. Bayaq dediyim kimi, artıq birinci faza üçün tenderlərin qalibləri olan şirkətlərdən təklifləri almışıq. Bir-iki ay ərzində təklifləri qiymətləndirəcəyik. İyul və avqust ayları ərzində sanksiya vermək məqsədi ilə müzakirələr aparacağıq. Daxili təsdiqlərdən sonra layihə Rəhbər Komitəyə təqdim olunacadır. Rəhbər Komitə təsdiq etdikdən sonra tikinti işlərinə başlaya biləcəyik. Biz oktyabra qədər tender çərçivəsində müqavilələri bağlayacağıq və yekun mühəndis-layihə işlərini tamamlayacağıq, digər maddi-texniki təchizat və s. işlərə başlayacağıq.

Bu slaydda Bakıdan Ceyhana qədər çəkiləcək boru kəmərinin marşrutu təqdim edilib. Orada boru kəməri üzrə bəzi texniki göstəricilər də var. Bu marşrut Azərbaycanda, Gürcüstanda və Türkiyədə artıq müvafiq hökumət və dövlət idarələrinə təqdim olunmuşdur və hazırda onların cavabını gözləyirik. Hesablamalara görə, boru kəmərinin ümumi uzunluğu təxminən 1745 kilometrə bərabər olacaqdır.

Bu slayd isə Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə 2001-ci ildəki əsas addımları göstərir. Bayaq dediyimiz kimi, bu layihə üzrə ilkin mühəndis-layihə işləri artıq başa çatmaq üzrədir. Bu ilin iyun ayında ilkin mühəndis-layihə işləri qurtardıqdan sonra, müfəssəl mühəndis-layihə işlərinə başlamağı planlaşdırırıq. Bu, Bakı-Tbilisi-Ceyhan üzrə tərəfdaşların daxili qərarından sonra olacaqdır. 12 ay davam edəcək müfəssəl-layihə işlərinin ardınca biz yeni qərar qəbul edəcəyik. Yəni maliyyələşdirmə məsələsini və bununla bağlı digər işləri həll edəcəyik.

Növbəti slaydda "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri üzrə mühüm nəticələri göstərmək istəmişik. Bu cədvəldən görünür ki, biz "Çıraq" yatağında hazırkı hasilatı davam etdirəcəyik. Bu da təqribən bir neçə il ərzində ildə 6 milyon tona bərabər olacaqdır. 2004-cü ilin sonundan başlayaraq, biz birinci faza çərçivəsində "Azəri" yatağından da neft hasilatına başlayacağıq ki, bu da ümumi hasilatın həcmini sonrakı illərdə hər il 20 milyon tondan yuxarı qaldıracaqdır. Gələcək mərhələlərdə əldə olunacaq hasilat, həmçinin "Şahdəniz" yatağındakı kondensatın hasilatı bizə imkan verəcək ki, 2007-ci ildən başlayaraq Azərbaycanda hasil edəcəyimiz neftin miqdarını ildə 50 milyon tona çatdıraq.

Heydər Əliyev: 2007-ci ildə?

Deyvid Vudvord: Bəli, 2007-ci ilin sonundan.

Heydər Əliyev: 50 milyon ton?

Deyvid Vudvord: Bəli, o vaxtdan başlayaraq biz ildə 50 milyon ton hasil edəcəyik. Hətta, 2008-ci ildə ola bilsin ki, lap zirvəyə çataq, 50 milyon tondan çox olsun.

Heydər Əliyev: Siz "Şahdəniz"dən alınacaq kondensatı da buraya daxil edirsiniz?

Deyvid Vudvord: Bəli, biz "Şahdəniz"dəki kondensatı da buraya daxil etmişik. Amma yalnız "Şahdəniz"in birinci mərhələsi çərçivəsində hasil ediləcək kondensat daxildir. Növbəti mərhələlərdə, sözsüz ki, kondensatın ümumi həcmi artacaqdır.

Gözləyirik ki, "Şahdəniz"in birinci mərhələsində, 2004-cü ilin sonundan başlayaraq, qaz hasilatı ixrac üçün imkan verəcəkdir. Yəni qazın ilk ixracına 2004-cü ilin sonundan başlanacaqdır. Birinci mərhələ çərçivəsində gösləyirik ki, ildə 8 milyard kubmetr qaz hasil edəcəyik və bu rəqəmə 2007-ci ildə çatacağıq.

Cənab prezident, növbəti slaydda "Azəri-Çıraq-Günəşli" layihəsi ilə bağlı indiyə qədər görülmüş işləri, Azərbaycanın bu günə qədər birbaşa əldə etdiyi mənfəəti göstərməyə çalışmışıq. Göründüyü kimi, indiyə qədər Azərbaycana çatmış mənfəətə bonuslar, Azərbaycan şirkətləri ilə bağlanmış müqavilələrdən gələn gəlirlər, azərbaycanlı əməkdaşlara verilən maaşlar və Azərbaycanın mənfəət neftindən, "Çıraq"dan gələn gəlirlər daxildir. Azərbaycana indiyə qədər birbaşa 1 milyard 240 milyon dollar mənfəət çatmışdır.

Heydər Əliyev: Bu, Azərbaycana gələn mənfəətdir?

Deyvid Vudvord: Cənab prezident, bəli. Bu rəqəm birbaşa Azərbaycana çatmış mənfəətdir. Buna əlavə olaraq, biz Azərbaycanda xarici şirkətlərlə, onların filialları ilə bağlanmış layihələr vasitəsilə də təxminən 1 milyard 800 milyon dollar sərmayə qoymuşuq.

Heydər Əliyev: Yox, mən burada sizinlə bir az razı deyiləm. Çünki 360 milyon dollar bonus, bu, aydındır. Bu Azərbaycana birbaşa gələn mənfəətdir. Bi-Pi-nin azərbaycanlı əməkdaşlarının maaşı 108 milyon dollardır. Bu, Azərbaycana gələn mənfəət deyildir. Siz burada öz işçilərinizə maaş verirsiniz və məlumdur ki, Azərbaycandan olan işçilərinizə verilən aylıq maaşın həcmi ölkənizdən gətirilən işçilərə verilən maaşdan azdır. Bu heç, o, sizin öz işinizdir. Əgər siz 108 milyon dolları Azərbaycanda işləyən insanlara maaş vermisinizsə, bu, Azərbaycana çatan mənfəət deyildir. Siz deyə bilərsiniz ki, əgər bu olmasaydı, onlar işləyə bilməzdi və bu qədər maaş ala bilməzdilər. Mən bunu anlayıram. Məhz çox səbəblərə görə, o cümlədən bu səbəbə görə də biz sizinlə müqavilələr imzalamışıq ki, burada siz də mənfəət götürəsiniz, biz də mənfəət götürək. Ancaq hər bir işçiyə - istər mühəndisə, istər fəhləyə, yaxud da başqa işçiyə maaş vermisinizsə, o, zəhmət çəkib, maaşını alıbdır. Mən mənfəət onu hesab edirəm ki, bu neftdən dövlətə gələn mənfəət olsun. Mən sizinlə razı deyiləm.

Sonra, burada yazırsınız ki, Azərbaycan şirkətləri və birgə müəssisələrlə mallar və xidmətlər üçün bağlanmış müqavilələrin dəyəri 525 milyon dollardır. Dəyəri o demək deyil ki, bu müqavilələrdən gəlir alınıbdır. İkincisi, siz yenə də Azərbaycan şirkətləri ilə çox az iş görürsünüz. Gördüyünüz işlərə daha çox qərb ölkələrinin şirkətlərini cəlb edirsiniz. Düz deyirəm, ya düz demirəm? Elədirmi?

Əli Əsədov: (prezidentin köməkçisi): Cənab prezident, bəli, düz deyirsiniz.

Heydər Əliyev: Ona görə onları cəlb edəndə, gördükləri işə görə siz onların haqqını verdiyiniz kimi, Azərbaycanın şirkətlərini cəlb edəndə, onların gördükləri işin haqqını verirsiniz.

Məsələn, siz "İstiqlal" qurğusunu bərpa etdiniz. Elədirmi? Düzdür?

Deyvid Vudvord: Bəli.

Heydər Əliyev: Mən bilirəm ki, onun qiyməti təxminən 200 milyon dollar idi. Əgər yadımda düzgün qalıbsa. Doğrudurmu?

Deyvid Vudvord: Bəli, doğrudur.

Heydər Əliyev: Ondan 10 milyon dollar bizim gəmi təmiri zavoduna, onlar gördüyü işə görə vermişdiniz. Amma qalanını başqa şirkətlərə vermişdiniz. Yaxud sizinlə işləyən adamlara vermişdiniz. Əgər gəmi təmiri zavodu sizin sifarişinizi yerinə yetiribsə, sizə 10 milyon dollarlıq iş görübsə, bu, onun haqqıdır. Bu, Azərbaycana verilən mənfəət deyildir.

Sonra, Azərbaycanın mənfəət karbohidrogenləri (İlkin "Çıraq" nefti) 246 milyon. Bu, nə deməkdir?

Natiq Əliyev: (Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti): Cənab prezident, neftdən alınan gəlirdir. Neft Fonduna verilən mənfəətdir.

Heydər Əliyev: Neft fonduna. Buna görə də əziz dostum, demək, bizim nağd mənfəətimiz bir 360 milyon dollar bonus halındadır və daha 246 milyon dollar isə neftdən gələn gəlirdir. Siz isə deyirsiniz ki, Azərbaycana 1 milyard 240 milyon dollar mənfəət vermisiniz. Mən bu fikirlə razı deyiləm. Amma bunun qiymətləndirilməsini düzgün aparmaq lazımdır.

Siz öz ölkənizdən, İngiltərədən, Amerikadan, filandan mühəndislər gətirirsiniz. Yaxud başqa mütəxəssislər gətirirsiniz. Onları burada işlədirsiniz. Dediyim kimi, onlara bizim Azərbaycan vətəndaşlarından 2-3 qat artıq maaş verirsiniz. Bu, o demək deyil ki, siz Böyük Britaniyaya, ya da Amerikaya mənfəət verirsiniz. Belədir? Mən bunu anlayıram.

Mən etiraz etmirəm ki, Azərbaycandan sizinlə bir yerdə çalışan, bu layihələrin həyata keçirilməsinə cəlb olunan, yaxud, məsələn, sizin mərkəzi aparatda işləyən, - tutaq ki, elə bu tərcüməçidən başlayaraq, - insanların hamısına maaş verirsiniz. Bunu müftə vemirsiniz ki? Bu adam səhərdən axşama kimi sizə tərcüməçilik edir, siz də onun maaşını verirsiniz. Yaxud, sizin aparatdakı başqa adamlar - biri kompüterin qarşısında oturubdur, biri başqa yerdə işləyib öz haqqını alır. Eləcə də xaricdən gələn sizin adamlar. Yəni inkar etmirəm ki, bu, Azərbaycan əhalisinin, Azərbaycan vətəndaşlarının, o cümlədən Azərbaycanın bəzi şirkətlərinin konsorsiumun burada işləməsi ilə əlaqədar əldə etdikləri gəlirdir. Əgər bu konsorsium olmasaydı, təbiidir ki, bu gəlirlər də olmazdı.

Mən sizə deyirəm, biz sizinlə, yaxud başqa şirkətlərlə müqavilələr imzalayanda hər şeyi nəzərdə tuturuq. Nəzərdə tuturuq ki, siz gəlib burada yaşayacaqsınız, haqq verəcəksiniz. Nəzərdə tuturuq ki, siz gəlib burada müxtəlif işlər görəcəksiniz, haqq verəcəksiniz. Azərbaycanın vətəndaşlarını cəlb edəcəksiniz, haqq verəcəksiniz. Məsələn, əgər siz gəlməsəydiniz, Azərbaycanın neftçilərinin çoxunun, - indi görürsünüz, bizim necə yaxşı mütəxəssislərimiz var, - işi yox idi. Yaxud da ki, lap az bir işdən az maaş alacaqdılar. Bunlar təbiidir və biz konsorsiumu təşkil edəndə, sizinlə və başqa şirkətlərlə müqavilələr bağlayanda bunu da nəzərə alırdıq. Amma gəlin, haqq-hesabı düz aparaq. Düzü düz, əyrini əyri.

Burada insanlar işləyiblər, maaş alıblar. 108 milyon dollar alıblar və öz maddi vəziyyətlərini yaxşılaşdırıblar. Başqa şeylər də olubdur. Yaxud bizim şirkətlər də işləyiblər. Nəinki texnikalarından istifadə ediblər, zehnindən istifadə ediblər, fiziki əməyindən istifadə ediblər və maaş alıblar, yaxud da haqq alıblar. Bu, təbii bir şeydir. Ona görə nağd, yəni Azərbaycanın təmiz gəliri 360 milyon dollar bonusdur, bir də 246 milyon dollar neftdən gələn gəlirdir. Cəmi 606 milyon dollar. Ona görə gəlin, hesabımızı həmişə düz aparaq.

Mən heç də demirəm ki, siz bizi bu barədə aldatmaq istəyirsiniz. Yox, bizi aldatmaq da olmaz. Onu da bilməlisiniz, bu, çətin məsələdir. Sizin təcrübəniz çoxdur, amma bizim də başımız bir az işləyir. Bunlara, bu rəqəmlərə mən etiraz etmirəm. Amma bunların hansının nə olmasını düzgün yazmaq lazımdır. Neftçilər, mən düz deyirəm, yoxsa yox?

Natiq Əliyev: Cənab prezident düz deyirsiniz.

Heydər Əliyev: Bəs nə üçün bunları yazmağa imkan verirsiniz?

Natiq Əliyev: Onların hesabatları belədir.

Heydər Əliyev: Hesabatları belədir, sən də belə olmağa qoyma.

Natiq Əliyev: Onlar vergi verirlər. Yəni azərbaycanlı əməkdaşlarının maaşlarından vergi tutulur. Onu nəzərə alırlar.

Heydər Əliyev: Vergi verməlidir də. Yaxşı, burada işləyir, vergi verir, gedib Amerikada işləsə, ikiqat artıq vergi verəcəkdir. Hə? Biz hələ vergini alacağıq. Amerikada, yaxud da ki, Almaniyada işləsə, bundan da artıq vergi verəcəkdir. Vergi təbii bir şeydir. Düz deyirəmmi?

Deyvid Vudvord: Bəli, bir sıra Qərb ölkələrində vergilər çox yüksəkdir. Cənab prezident, düz deyirsiniz. Siz düzgün buyurursunuz, burada biz, sadəcə olaraq, əks etdirmək istəmişik ki, ümumiyyətlə, Azərbaycan hökumətinə, Azərbaycan xalqına və ölkənizin şirkətlərinə nə qədər gəlir gəlibdir.

Heydər Əliyev: Azərbaycanın vətəndaşlarına işlədikləri üçün, Azərbaycanın şirkətlərinə bu işlərdə iştirak etdikləri üçün. Amma Azərbaycan bu neftin sahibi, konsorsiumun iştirakçısı olaraq buradan öz gəlirini götürməlidir. O gəlir də dediyim kimidir. Bilirsinizmi, bunun ikinci tərəfi də vardır. Sonra xalq bizdən tələb edəcəkdir. Siz bir milyard 240 milyon dollar gəlir almısınız. Bu, haradadır? Amma biz xalqa elan etmişik: Neft Fondudur. 360 milyon dollar bonuslardan əvvəl gələn bonusların bir hissəsi Neft Fonduna getməyibdir. Məlumdur ki, bizim Dövlət Bankındakı valyuta ehtiyatlarına gedibdir. Neft Fondu yaradılandan sonra biz bonusların, - təkcə sizdən gələn yox, başqalarının da, bir qismi Neft Fonduna gedibdir. Bir də ki, bu 246 milyon dollar Neft Fonduna gedən təmiz puldur. Ona görə siz bunu bir az ayırın.

Yenə də deyirəm, mən indi xalqın qarşısındayam, - görürsənmi neçə kamera var, - sabah mənim sözlərimdən tutacaqlar ki, cənab prezident, sən bizə düz demirsən, bir milyard 240 milyon dollar mənfəət veribdir, amma sən deyirsən ki, Neft Fondunda bu qədər, valyuta ehtiyatında bu qədər pul vardır. Mən bunu sizə də, həm Dövlət Neft Şirkətinə, həm də bizim yeni nazirə tapşırıram. Bu barədə, onlarla işləyin. Bilirsiniz, birgə işləmək lazımdır. Belə deyil ki, bunlar elə nə cür istəyirlər, o cür yazırlar. Biz bir yerdə işləyirik. Bu, bizim müştərək işimizdir. Ona görə də məsələlər həmişə razılaşdırılmalıdır.

Deyvid Vudvord: Cənab prezident, növbəti slaydda isə biz gələcək mənfəətləri proqnozlaşdırmağa çalışmışıq. Bir daha nəzərə çarpdırmaq istəyirəm ki, buraya Azərbaycan vətəndaşlarının maaşları və Azərbaycan şirkətləri ilə bağlanmış müqavilələrdən əldə olunacaq mənfəət daxil deyildir. Bu, Azərbaycan dövlətinə çatacaq xalis mənfəətdir. Buraya mənfəət nefti, bonuslar daxildir və vergilər daxil olacaqdır.

Heydər Əliyev: Bu, təmiz mənfəətdir?

Natiq Əliyev: Bəli, bu, neftin satışından gələn mənfəətdir.

Heydər Əliyev: Neftin satışından gələn mənfəətdir. Çox gözəl. Hər şey aydındır.

Deyvid Vudvord: Hazırda Azərbaycanın gəlir neftindən illik mənfətin həcmi təqribən 150 milyon dollardır. Bu həcmin 2004-cü ilə qədər davam edəcəyini gözləyirik. Əlbəttə, neftin qiymətləri indiki səviyyədə qalarsa.

Heydər Əliyev: Bir barrel neftin qiyməti 25 dollar olarsa, deməli, 2004-cü ilə qədər bu səviyyədə olacaqdır.

Deyvid Vudvord: Bəli, ildə 150 milyon dollar həcmində qalacaqdır.

Heydər Əliyev: Sonra?

Deyvid Vudvord: Bu, 2004-cü ilə qədər davam edəcəkdir. 2005-ci ildən başlayaraq "Azəri" və "Çıraq" yataqlarının tammiqyaslı istismarının birinci mərhələsində biz hasilat əldə edəcəyik. Həmçinin "Şahdəniz"dən də neft hasil edilməyə başlanacaqdır. Sözsüz ki, onda Azərbaycanın gəlir neftindən əldə ediləcək mənfəət artacaqdır. 2006-cı ildən başlayaraq karbohidrogen ehtiyatlarından ildə bir milyard dollardan artıq mənfəət gözlənir.

Heydər Əliyev: Bir milyard təmiz mənfəət?

Deyvid Vudvord: Bəli. Gəlir neftindən əldə olunacaq mənfəət get-gedə artacaq, Azərbaycanın milli gəlirinin çox mühüm bir hissəsini təşkil edəcəkdir. Cədvəldən göründüyü kimi, 2011-ci ildən gəlir neftindən götürüləcək mənfəət, haradasa, ildə 5 milyard dollardan yuxarı olacaqdır.

Heydər Əliyev: Ancaq bu iki layihədən? "Azəri", "Çıraq", "Günəşli", bir də "Şahdəniz"dən.

Deyvid Vudvord: Bəli. Cənab prezident, özü də nəzərinizə çatdırım ki, bu, yalnız "Şahdəniz" yatağının istismara verilməsinin birinci mərhələsindən əldə ediləcək hasilatla bağlı rəqəmlərdir. Biz "Şahdəniz"in istismarının növbəti mərhələlərindən daxil olacaq mənfəət rəqəmlərini oraya əlavə edə bilməmişik. Çünki, biz hələ onların konsepsiyasını işləməmişik.

Heydər Əliyev: Bəli, bu barədə də mənə bir sözünüz varmı? Mən bu cədvəli görürəm. Bu, "Şahdəniz" yatağında qaz hasilatına dair rəqəmlərdir. Siz burada maksimum 8 milyard kubmetr qaz hasil etməyi nəzərdə tutmusunuz. Amma siz bizə məlumat vermisiniz ki, "Şahdəniz" yatağında bir trilyon kubmetr qaz vardır. Elədirmi?

Deyvid Vudvord: Bəli.

Heydər Əliyev: Deməli, bir trilyon kubmetr qaz vardısa, ildə 8 milyard kubmetr yox, yəqin ki, 5 dəfə artıq qaz sata bilərik. Çünki bir trilyon kubmetr qazı hasil etmək üçün nə qədər vaxt lazımdır? Yəqin ki, 50-60 il. Hələ o vaxta kimi yeni yataqlar da tapacaqsınız. Mən bilirəm, çünki bu məsələ ilə maraqlanmışam. Siz burada bazar məsələsini müəyyən etmək istəyirsiniz.

Bazar məsələsi haqqında da lazımi işlər aparacağıq. Birincisi, bu, Türkiyə ilə bizim ilkin sazişimizdir. Ona görə də hələ qaz vermək imkanına malik olmadığımız üçün Türkiyəyə deyə bilməzdik ki, biz sizə 15 milyard kubmetr qaz verəcəyik. Məsələn, bilirsiniz ki, Türkmənistan Türkiyə ilə müqavilə bağlamışdı və Türkiyəyə ildə 15 milyard kubmetr qaz verməli idi.

Türkmənistan bundan imtina etdi. Ancaq, nə üçün bu müqavilə imzalanmışdı? Çünki artıq qaz yataqları hazırdır, sadəcə olaraq, qaz kəmərini tikib istifadəyə vermək lazımdır. Biz indidən onlarla birlikdə ildə 10,15 yaxud 20 milyard kubmetr qaz satacağımız barədə danışıq apara bilmərik. Çünki hələ ki, biz 2 milyard, sonra 3 milyard kubmetrdən artıq qaz verə bilmərik. Mən bilirəm, siz indi olan imkanlara görə bunu nəzərə alırsınız.

Ancaq gərək biz də işləyək, siz də işləyəsiniz ki, yaxın zamanlarda - 2-3 il ərzində dünyada qaz satmaq üçün özümüzə bazar tapaq. Bu qazı satmaq üçün bazar kimi mən birincisi, Türkiyəni görürəm. Çünki onların təbii qaza ehtiyacı çoxdur. İndi onlarda da bəzi qruplar vardır ki, qazı biri oradan, digəri buradan almaq istəyir. Siz bunu yaxşı bilirsiniz. Amma Türkiyə ilə bizim əlaqələrimiz dostluq, qardaşlıq əlaqələridir. Əgər Türkiyə Türkmənistandan, Xəzər dənizindən çəkiləcək kəmərlə ildə 15 milyard kubmetr qaz almaq istəyirsə, ildə 15 milyard kubmetr qaz vermək imkanına malik olarıqsa, biz Türkiyəyə bunu satacağıq. Yaxud da ki, təkcə Türkiyəyə yox, İranın da bizim təbii qazımıza ehtiyacı var. Biz bundan da imtina edə bilmərik. Türkiyə bundan artıq ala bilmir, qaz da yatıb qalsın orada, biz də sərvətlərimizdən istifadə edə bilməyək - bu, mümkün deyildir. Ona görə də mən sizin bu proqnozlarınızı düzgün hesab edirəm, buna etirazım yoxdur.

Ancaq mən bizim Nazirlər Kabinetinə, nazirliyə və Neft Şirkətinə tapşırıram ki, bu barədə ciddi işləsinlər. İndidən, artıq 3 il, 4-5 il bundan sonra üçün bazar müəyyən etmək lazımdır. Bazar müəyyən olunarsa, burada da işlər görüləcəkdir. Mən sizi başa düşürəm. Siz oraya vəsait qoyacaqsınız, amma bazar müəyyən olunmasa, qazı çata bilməsəniz, vəsaitdən xeyir götürə bilməyəcəksiniz. Bunu mən anlayıram. Ona görə də mən bizim üzərimizə düşən vəzifəni deyirəm və sizə bildirirəm ki, bunları edəcəyik. Siz isə fikirləşin, öz planlarınızı elə qurun ki, biz bazar tapan kimi, oraya təcili olaraq qaz verə biləsiniz. Düz deyirəmmi?

Deyvid Vudvord: Cənab prezident, əlbəttə, hər şeyi çox düzgün deyirsiniz. Həm də onu deyim ki, Siz bizim biznesi çox gözəl başa düşürsünüz.

Heydər Əliyev: Mən də burada sizin kimi biznesmen olacam.

Deyvid Vudvord: Nəhayət, sonuncu slaydda biz Azərbaycanda qarşıdakı bir neçə il ərzində başlayacağımız və həyata keçirəcəyimiz layihələrin doğrudan da dünya miqyaslı, geniş, nəhəng layihələr olduğunu bir daha vurğulamaq istəyirik. Hətta müqayisə etsək, onu deməliyik ki, Bi-Pi-nin dünyanın digər yerlərində - həm Meksika körfəzində, həm Anqolada, həm də başqa ölkələrdə həyata keçirdiyi layihələrlə müqayisədə, Azərbaycanda görüləcək işlər həm miqyas etibarilə, həm də xərcləyəcəyimiz pul baxımından ən böyük layihələr olacaqdır.

Çünki bayaq da dediyim kimi, qarşıdakı 12 ay ərzində biz layihələrə, haradasa, 8-9 milyard dollar investisiya qoyulmasına sanksiyalar verəcəyik, qərarlar qəbul edəcəyik. Bu layihələrlə əlaqədar görüləcək işlərə sərf olunacaq polad və digər materialların çəkisi təxminən 1,5 milyon tona bərabər olacaqdır. "Çıraq" yatağında hasil ediləcək ilkin neft layihəsi üçün sərf olunmuş metal, polad və digər materiallarla müqayisə etsək, deyə bilərik ki, burada təxminən 10 dəfə çox material şərti olacaqdır. Müqayisə üçün demək istəyirəm ki, hər gün Azərbaycandan və Gürcüstandan əlavə 400 yük maşını hərəkət edəcəkdir. Bu maşınlar boru kəmərinin çəkilməsi üçün bizim tikinti sahələrimizə materiallar daşıyacaqdır. Hər gün Azərbaycanın və Gürcüstanın dəmir yollarında əlavə 8 qatar Qara dənizdəki Poti limanından bizə materiallar daşıyacaqdır. Onu da deyim ki, bizim işlərimiz üçün Volqa-Don kanalı ilə hər ay 10 gəmi və 3 barj yük daşıyacaqdır.

Bütün bu tikinti işlərində biz, əlavə olaraq, təxminən 8500 nəfər azərbaycanlı işçi qüvvəsindən bilavasitə istifadə edəcəyik. Sözsüz ki, dediklərimdən əlavə, biz digər işçiləri - Azərbaycan vətəndaşlarını da işə götürəcəyik. Onlar xidmət sahələrində və digər yerlərdə işə cəlb olunacaqlar.

İrəlidə bizi çox mühüm işlər, mühüm addımlar, çətin vəzifələr gözləyir. Cənab prezident, biz əminik ki, şəxsən Sizin dəstəyinizlə, rəhbərliyinizlə, Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq nəticəsində biz bu çətinliklərin, qarşımızda duran vəzifələrin öhdəsindən uğurla gələ biləcəyik.

Cənab prezident, bu, bugünkü təqdimatımızın sonuncu məsələsi idi ki, Sizin diqqətinizə çatdırmaq istəyirdik. Əgər Sizin suallarınız varsa, onlara böyük məmnuniyyətlə, təfsilatı ilə cavab verərdik. Sonra isə biz Sizinlə başqa bir məsələni müzakirə etmək istəyirik.

Heydər Əliyev: Təşəkkür edirəm. Sualı olan var? Sizlərdən kiminsə sualı vardırmı? Yoxdur.

Mən suallarımı verdim. Ümumiyyətlə, sizin gördüyünüz işlər, proqnozlar və gələcəkdə görəcəyiniz işlər haqqında təqdim etdiyiniz materiallar, məlumatlar, bu təqdimat hesab edirəm ki, sizinlə əməkdaşlığımızın tarixində xüsusi yer tutur. Birincisi, bu, bir daha təsdiq edir ki, böyük təcrübəyə malik olan, dünyanın böyük bir məşhur neft şirkəti kimi siz Xəzər dənizini, Azərbaycanı çox düzgün seçmisiniz. İkincisi, onu təsdiq edir ki, Azərbaycanın müəyyən olunmuş, 1993-1994-cü illərdən başlayan neft strategiyası öz müsbət nəticələrini verir. Mən heç şübhə etmirdim ki, belə olacaqdır. Əgər şübhə etsəydim, 1994-cü ilin sentyabr ayında ilk müqavilənin imzalanmasına getməzdim. Amma bilirsiniz ki, həmin o ilk müqavilənin imzalanması da Azərbaycanın, o cümlədən mənim başıma nə qədər bəlalar gətirdi.

Mən müqaviləni imzalayandan sonra, bizim həbsxanadan çox qatı cinayətkarlar qaçırıldı. Ondan sonra burada dövlət çevrilişinə cəhd göstərildi. Sonra bizim iki nəfər dövlət xadimi terror nəticəsində öldürüldü. Nəhayət, bunların hamısı mənim aradan götürülməyim üçün idi.

Xatirimdədir, o vaxt bizim içərimizdə olan bəzi əleyhdarlarımız, - hansılar ki, dövlət çevrilişinə cəhd etdilər, - 1994-cü ilin sentyabr ayında biz "Gülüstan" sarayında müqaviləni imzalayanda deyirdilər ki, bir neçə gündən sonra onlar bu müqaviləni cırıb atacaqlar. Amma onlar bunu edə bilmədilər. Çünki bizimlə bacarmaq çətindir. Ondan sonra da bizim həyatımızda çox çətinliklər oldu.

İndiyə qədər də mən deyə bilmərəm ki, dünyada hamı bizim bu layihələri bəyənir. Bəziləri məsələn, Bakı-Ceyhan layihəsinin, digər layihələrin həyata keçirilməsinə maneçilik törətmək istəyirlər. Bilirsiniz, bəziləri də sizi və başqa şirkətləri Azərbaycandan ayırmaq üçün Qərb mətbuatında, o cümlədən ABŞ-ın, hətta elə Böyük Britaniyanın, Avropanın başqa ölkələrinin mətbuat orqanlarında belə yazılar verirlər ki, guya Xəzər dənizi, Azərbaycan haqqında vaxtilə irəliyə sürülmüş proqnozlar özünü doğrultmadı, yaxud da Xəzər dənizində o qədər də böyük karbohidrogen ehtiyatları yoxdur. Beləliklə də şirkətləri Azərbaycandan uzaqlaşdırmağa çalışırlar. Demək istəyirəm ki, bu mübarizə indiyə qədər də gedir. Biz daha mübarizə etmək istəmirik. Biz doğru olduğumuzu işlə göstəririk, sübut edirik. Sizin bugünkü təqdimatınız buna əyani sübutdur. Məsələn, mən böyük məmnuniyyət hissi ilə indi sizdən eşitdim ki, Bi-Pi kimi dünyanın böyük, çox nəhəng şirkəti dünyanın heç bir yerində, heç bir nöqtəsində indi bizim bu layihələrə sərf edəcəyi 8-9 milyard dollar məbləğində vəsait heç vaxt xərcləməmişdir.

Bi-Pi təcrübəli bir şirkətdir. Özü də əbəs yerə 1 dollar da xərcləməz. Desəm ki, 1 dollar ver, sizdən bunu almaq olmaz. Ona görə də Bi-Pi yaxşı bilir ki, harada nə var. Ötən illərdə sizin, Bi-Pi-nin burada olan nümayəndələrinin gördüyü iş şirkətinizin rəhbərlərinə də sübut etdi ki, burada neft var, burada qaz var. Bunların hasil olunması və nəql edilməsi üçün imkanlar var. Neft və qazın satılması üçün bazarlar vardır. Bi-Pi burada özünə lazım olan mənfəəti götürə bilər.

Təbiidir ki, əgər biz Azərbaycanda indi mövcud olan ictimai-siyasi sabitliyi yarada bilməsəydik, əgər 1993-cü ilə qədər olan vəziyyət, hətta 1995-ci ilə qədər olan vəziyyət davam etsəydi, siz burada işləyə bilməyəcəkdiniz. Bir azdan sonra gəlib görəcəkdiniz ki, burada küçəyə çıxmaq, rahat yaşamaq mümkün deyildir. Reketlə, terrorla məşğul olanları görəcəkdiniz. Ona görə də çıxıb gedəcəkdiniz.

Amma biz bu şəraiti, sabitliyi yaratdıq. Azərbaycanda indi elə mühit yaranıbdır ki, xarici ölkədən gələn hər bir şirkət burada özünü öz evində olduğu kimi hiss edir. Bəlkə ondan da yaxşı hiss edir.

Əgər iqlim nöqteyi-nəzərindən baxsanız, Bakının iqlimi həm Londonun, həm də Edinburqun iqlimindən yaxşıdır. Elədirmi? Ona görə də burada işləmək hər cəhətdən xeyirlidir.

Bizim birgə işimizin bu cür yaxşı nəticələr verməsi və belə proqnozların artıq əldə olunması həm sizin üçün, həm də bizim üçün tarixi hadisədir.

İndi Azərbaycan, əgər 2-3 ildən sonra məhz bu müqavilələrdən ildə 500 milyon dollar gəlir əldə edəcəksə və 2011-ci ildə təkcə bu müqavilədən sizin dediyiniz 5-6 milyard dollar gəlir əldə olunacaqsa, onda görün, biz gördüyümüz işlərlə Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, ölkəmizi inkişaf etdirmək üçün, Azərbaycanı çiçəklənən, inkişaf edən ölkəyə çevirmək üçün nələr edirik.

Mən həmişə demişəm ki, bizim neft strategiyamız, imzaladığımız bütün bu müqavilələr Azərbaycanın gələcəyi üçündür. Mən istiqamətdə çox işləmişəm. Ancaq düşünürəm ki, bunların hamısının nəticəsini, mən heç görməyəcəyəm. Çünki hər bir insanın ömrünün bir həddi var, ancaq bu, məni darıxdırmır. Axı bunu mən özüm üçün etmirəm və bunu xalqım, millətim üçün, gənclərimiz üçün, Azərbaycanın gələcəyi üçün edirəm. Gələcək də burada görünür.

Təbiidir ki, siz Azərbaycana gəlmiş bütün şirkətlərdən ən irəlidə olanısınız. İndi bu yataqlardan başqa digər yerlərdə də iş aparırsınız. Elədirmi? Məsələn, "İnam" yatağında da siz iş aparırsınız və hiss etdim ki, oradan da yaxşı proqnoz gözləyirsiniz. Başqa yerlərdə də iş aparırsınız. Amma sizdən savayı, başqa şirkətlər də var, "Şevron" da, "Eksson" da, "Mobil" də var, o birisi də, bu birisi də var. Sizin bu nümunəniz onları da hərəkətə gətirəcəkdir. Çalışacaqlar ki, sizdən geri qalmasınlar. Çünki siz ABŞ-ın "AMOKO" şirkətini aldınız. Əgər digərləri geri qalsalar, siz onları da alacaqsınız.

Bunların hamısı həm sizin üçün, yəni bizimlə dost olan Avropa ölkələri üçün, ABŞ-ın həqiqətən çox fayda gətirən işlərdir. Eyni zamanda, bunlar Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün, xalqımızın rifah halını yüksəltmək üçün, ölkəmizin müstəqil dövlət kimi yaşaması üçün əsas şərtlərdən biridir. Ona görə indi bizə çox paxıllıq edənlər var. Ancaq iş təkcə paxıllıqla qurtarsaydı, mən narahat olmazdım. Kim paxıllıq edir qoy etsin. Amma təkcə paxıllıq deyildir. Azərbaycanda söz vardır "badalaq vurmaq" istəyənlər var. Bizə birbaşa təxribat etmək istəyənlər vardır. Ancaq biz ayaq üstə möhkəm durmuş dövlətik. Biz indi əvvəlkindən daha çox irəlidəyik.

Mən sizə təşəkkür edirəm. Gördüyünüz işləri yüksək qiymətləndirirəm. Sizin bu təqdimatınız indi Azərbaycan ictimaiyyəti üçün də xüsusi bir hadisədir. Ölkəmizin vətəndaşlarında gələcəyə böyük ümid yaradan hadisədir. Azərbaycan-Böyük Britaniya dostluğunun möhkəmlənməsi üçün böyük bir hadisədir. Sizin bu işdə bax, burada oturanlarla siz üç nəfərsiniz, burada nöqsanlar görürsünüzmü nə qədərdir - birlikdə uğurlar arzulayırıq.

Mənə dedilər ki, Bi-Pi-nin prezidenti cənab Con Braun iyunun 22-də buraya gəlmək istəyir. Əgər onun belə bir fikri varsa, ona çatdırın ki, Azərbaycana gəlsin, mən onunla məmnuniyyətlə görüşərəm. Biz onunla 1994-cü ilin sentyabr ayında müqavilənin imzalanması gününü birlikdə yada salarıq və bu gün də əldə olunan nəticələri nəzərdən keçirərik.

Sizə bir daha təşəkkür edirəm. Bu işlərdə və gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayıram.

Deyvid Vudvord: Cənab prezident, çox sağ olun.

Heydər Əliyev: Sağ olun.