Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakının Suraxanı rayonundakı 275 nömrəli məktəbdə bilik gününə və yeni dərs ilinin başlanmasına həsr olunmuş mərasimdə nitqi - 2 sentyabr 2002-ci il


Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə Bakının Yeni Günəşli yaşayış sahəsindəki bayramsayağı bəzədilmiş məktəbin həyətinə yüzlərlə şagird, müəllim, valideyn toplaşmışdı. Onlar əllərində Azərbaycan prezidentinin portretlərini, respublikamızın dövlət bayraqlarını tutmuşdular.

Mərasimə toplaşanlar prezident Heydər Əliyevi hərarətli alqışlarla qarşıladılar. Şagirdlər dövlətimizin başçısına gül-çiçək dəstələri təqdim etdilər.  Prezident Heydər Əliyev məktəblə tanış oldu. Məktəbin direktoru Telman Qardaşov dövlətimizin başçısına bu tədris ocağı haqqında məlumat verərək dedi ki, 275 nömrəli məktəb Yeni Günəşlidə tikilən ilk təhsil ocağıdır. Bu il məktəbdə 2450 şagird elmlərin əsaslarına yiyələnəcək, onların təlim-tərbiyəsi ilə 200 müəllim məşğul olacaqdır. Məktəbdə kimya, biologiya, fizika, riyaziyyat təmayül fənləridir və onların tədrisi sayəsində zəngin təcrübə toplanmışdır. İkinci sinifdən başlayaraq məktəbdə ingilis dili tədris olunur. Məktəbdə müasir kompüterlərlə təchiz olunmuş informatika kabinetləri vardır. İnformatika fənnini yüksək ixtisaslı müəllimlər tədris edirlər.

Azərbaycan prezidenti müəllimə Aygün Əzizovanın informatikadan dərs keçdiyi kabinetdə oldu. Müəllimə dövlətimizin başçısına bildirdi ki, burada kompüterlər vasitəsilə ayrı-ayrı fənlərlə əlaqə yaradılır. Hər kompüterdə müxtəlif fənlər sayt şəklində qoyulmuşdur. Kompüterdə müvafiq testlər də var. Onlar hələlik daha çox rus və ingilis dillərindədir. Azərbaycanın öz resursları azdır. Hər fənn müəllimi kompüter vasitəsilə tədrisin genişləndirilməsinə əlindən gələn köməyi edir. Prezident Heydər Əliyev sonra məktəbin tarix kabinetində oldu. Dövlətimizin başçısına məlumat verildi ki, məktəbin tarix müəllimi Kifayət Məmmədova X sinif üçün «Azərbaycan tarixi» dərsliyinin müəlliflərindən biridir. O, müəllimlər arasında keçirilən müsabiqələrin qalibi olmuşdur, Azərbaycanın qədim tarixini şagirdlərə yüksək peşəkarlıqla öyrədir. Azərbaycan prezidenti Heydər Əliyev XI siniflər üçün «Azərbaycan tarixi» dərsliyini vərəqlədi.

Heydər Əliyev: Bu dərsliyi bu il almısınız?

Kifayət Məmmədova: Bəli.

Heydər Əliyev: Burada Azərbaycan tarixinin hansı dövrü əhatə olunubdur?

Kifayət Məmmədova: 1917-ci ildən 2000-ci ilə qədər olan dövrü.

Heydər Əliyev: Bəs 2000-ci ildən sonrakı dövr?

Kifayət Məmmədova: O dövr dərsliyin növbəti nəşrində əlavə ediləcəkdir.

Heydər Əliyev: Tarix fənni hansı siniflərdən başlayaraq tədris olunur?

Misir Mərdanov (Təhsil naziri): Məktəblərimizdə Azərbaycan tarixi V sinifdən başlayaraq tədris olunur. VI sinifdən isə ümumi tarix fənni tədris olunmağa başlayır. Bütün kitablar həm Azərbaycan dilində, həm də rus dilində var.

Heydər Əliyev: Bəs 2002-ci ilin dərsliyi nə üçün yoxdur?

Fatma Abdullazadə (Prezidentin İcra Aparatının şöbə müdiri): İlin sonuna qədər buraxılacaqdır.

Məktəblə tanışlıq zamanı Azərbaycan prezidentinə məlumat verildi ki, bu il burada 9 birinci sinifdə 195 şagird təhsil alacaqdır. Birinci siniflər də daxil olmaqla, bütün ibtidai sinif şagirdləri Azərbaycan prezidenti Heydər Əliyevin hədiyyəsi olan yeni dərsliklərlə təmin edilmişlər. İndiyədək ibtidai sinif şagirdləri sinifdənxaric oxu üzrə dərs vəsaitinin olmamasından çətinliklərlə üzləşirdilər. Yeni dərs ilindən bu problem öz həllini tapmışdır.Belə ki, «Ana sözü» adlı vəsait hazırlanmış və şagirdlərin ixtiyarına verilmişdir.

Azərbaycan prezidenti məktəbin qabaqcıl müəllimi Bahar Əliyevanın dərs dediyi   1 «a» sinfində də oldu. Dövlətimizin başçısına bildirildi ki, bu sinfin şagirdləri təlim-tərbiyədə həmişə nümunə olurlar. Sinfin şagirdləri dövlətimizin başçısını sevinclə, «Heydər baba, məktəbimizə xoş gəlmisiniz!» sözləri ilə qarşıladılar.

Heydər Əliyev: Sağ olun, əyləşin. Siz birinci sinfə gəlmisiniz?

Uşaqlar: Bəli.

Heydər Əliyev: Oxumaq istəyirsinizmi?

Uşaqlar: Bəli.

Heydər Əliyev: Yaxşı oxuyacaqsınızmı?

Uşaqlar: Bəli.

Heydər Əliyev: Bunların nə gözəl səsləri var. Neçə yaşınız var?

Uşaqlar: Altı, yeddi... 

Heydər Əliyev: Altı, yeddi. Kimin altı yaşı var, əlini qaldırsın.Kimin yeddi yaşı var? Bəs sənin neçə yaşın var? Adın nədir?

Uşaq: Mənim beş yaşım var. Adım Turaldır.

Heydər Əliyev: Yaxşı oxuyacaqsanmı?

Tural: Bəli.

Heydər Əliyev: Bu hərfləri bilirsənmi?

Tural: Bəli.

Heydər Əliyev: Uşaqlar, yaxşı oxumağa söz verirsinizmi? 

Uşaqlar: Bəli.

Heydər Əliyev: Nadinclik etməyəcəksiniz ki?

Uşaqlar: Xeyr, yox.

Heydər Əliyev: Müəllimin sözünə qulaq asacaqsınızmı?

Uşaqlar: Bəli. 

Heydər Əliyev: Yaxşı, çox sağ olun. Mən sizin hamınıza uğurlar arzulayıram.

Uşaqlar: Çox sağ olun, Heydər baba.

Sonra Azərbaycan prezidenti məktəbin 1 «b» sinifində oldu. Dövlətimizin başçısına bildirildi ki, valideynlərin çoxu  uşaqlarının Brilyant Əmirovanın dərs dediyi bu sinfə qəbul edilməsini istəyirlər. Prezident Heydər Əliyev məktəbin Azərbaycan dili və ədəbiyyatı, biologiya kabinetlərində şagirdlərlə görüşdü, onları yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, sonra isə rus bölməsinin Svetlana Zeynalovanın dərs dediyi 1-ci sinfində də oldu. Prezident Heydər Əliyev ön cərgədə oturan uşaqların birindən soruşdu: Adın nədir?

– Kazım Abdullayev.

Heydər Əliyev: Niyə səni rus bölməsinə qoyublar?

Kazım Abdullayev: Ona görə ki, hər iki dili yaxşı öyrənim.

Prezident Heydər Əliyev həmin sinifdəki Dianadan soruşdu: Sənin atanın adı nədir?

Diana: Oleqdir.

Heydər Əliyev: Bəs ananın adı nədir?

Diana: Lianadır.

Heydər Əliyev: Atan nə işləyir?

Diana: Atam fəhlədir.

Heydər Əliyev: Anan harada işləyir?

Diana: Anam kafedə işləyir.

Heydər Əliyev: Azərbaycan dilini bilirsənmi?

Diana: Bəli.

* * *

Azərbaycan prezidenti Heydər Əliyev mərasimdə nitq söylədi.

Əziz uşaqlar!

Əziz məktəblilər!

Hörmətli müəllimlər!

Sizi və Azərbaycanın bu gün dərsə başlayan bütün uşaqlarını, bütün müəllimlərini ölkəmizdə yeni dərs ilinin başlanması münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycanın təhsilinə yeni-yeni uğurlar arzulayıram. Burada məktəb nümayəndələrindən iki nəfər də çıxış etməli idi. Ancaq mən onlardan üzr istəyirəm ki, xahiş etdim, mənə söz verilsin. Çünki hava istidir. Sizin hamınız da günün altında durmusunuz. Sizin günün altında dayanmağınıza mənim ürəyim dözmür. Baxmayaraq ki, hava, günəş və su uşaqları sağlam, möhkəm edir, amma bu gün siz məktəbə gəlmisiniz. Siniflərdə olmalısınız, gün altında bu qədər durmamalısınız. Mən nə edim, burada mənim günahım yoxdur. Bunu sizin məktəbin direktoru, başqa təşkilatçı adamlar ediblər. Hər halda, nə qədər isti olsa da, günəş hər birimizi nə qədər artıq yandırsa da, buna həmişə dözmüşük və dözəcəyik. Çünki Azərbaycanın bu günü və gələcəyi üçün çalışmaq, əziyyət çəkmək və birinci növbədə təhsil almaq lazımdır.

Əziz uşaqlar, sizin hamınız xoşbəxt insanlarsınız. Çünki həyatınızın ən gözəl dövrünü, orta məktəb dövrünü yaşayırsınız. Kimsə bu gün XI sinifdə oxuyur, bu il məktəbi bitirəcəkdir və kimsə də məktəbə ilk addımlarını atıbdır, birinci sinifdə oturubdur. Mən indi sizin məktəbin siniflərini gəzərkən, onlara baxarkən həm bu gün məktəbə ilk dəfə gələn uşaqlarla, həm də yuxarı siniflərdə oxuyan uşaqlarla görüşdüm. Nəhayət, XI sinifdə təhsil alıb bu il məktəbi bitirməyə hazırlaşanlarla da... Sizin hamınız xoşbəxtsiniz. Ona görə ki, Azərbaycanın müstəqillik dövründə yaşayırsınız. Müstəqil Azərbaycanda təhsil alırsınız. Öz xalqınıza, öz vətəninizə, öz millətinizə xidmət etmək məqsədi ilə təhsil alırsınız və özünüzü həyata hazırlayırsınız. Bütün bu işlərdə, əziz balalarımız, sizə uğurlar arzulayıram. Canınız sağlam olsun, yaxşı oxuyun, məktəb illərinizi səmərəli keçirin, yaxşı təhsil alın və gələcəkdə Azərbaycanın etibarlı, dəyərli vətəndaşları olun.

Bu, birinci növbədə, sizin özünüzdən asılıdır. Sizin hamınız uşaqlıq dövründən düşünməlisiniz ki, Azərbaycanın dəyərli vətəndaşı olacaqsınız. Azərbaycana, öz vətəninizə xidmət edəcəksiniz. Öz həyatınızı xoşbəxt, firavan, rahat Azərbaycan şəraitində quracaqsınız. Bu, eyni zamanda, sizə dərs verən, sizi tərbiyələndirən müəllimlərdən asılıdır. Ona görə mən bu gün həm sizin məktəbin müəllimlərinə, həm də Azərbaycanın bütün müəllimlərinə tövsiyə edirəm ki, onlar öz vəzifələrini daim şərəflə yerinə yetirsinlər. Bizim həyatımızda müəllimlik ən hörmətli peşədir. Müəllim cəmiyyətimizdə görkəmli yer tutur. Müəllimə hamı hörmət edir və hörmət etməlidir. Çünki sizi də və keçmişdə bizi də həyata hazırlayan, böyüdən və bu günlərə çıxaran müəllimlər olubdur. Mən öz müəllimlərimə daim minnətdar olmuşam, bu gün də minnətdaram və ümid edirəm ki, siz də müəllimlərinizi sevəcəksiniz, müəllimlərinizə hörmət edəcəksiniz. Müəllimlərinizdən maksimum bilik almağa çalışacaqsınız. Ancaq müəllimlər də sizə böyük qayğı ilə yanaşacaqlar. Sizə yaxşı təhsil verəcəklər, dərs saatlarını səmərəli kecirəcəklər. Beləliklə, məktəb öz nəticəsini verəcəkdir.

Mən buraya gələrkən Azərbaycan məktəbinin bir neçə problemi ilə maraqlandım. Baxmayaraq ki, mən bununla daim maraqlanıram. Ancaq dəqiq məlumatlar almaq istədim. Mən burada demək istəyirəm– bəlkə də bu, uşaqlara o qədər də aid deyildir, biz Azərbaycanda məktəblərin inkişafı üçün ciddi tədbirlər görməliyik. Mən bu gün bəyan edirəm ki, bu yaxın zamanlarda Azərbaycan məktəb tikintisi, məktəblərin müasir avadanlıqla təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli sürəcəyəm. Düşünürəm ki, biz bu sahəyə daha da çox qayğı göstərməliyik. Baxmayaraq ki, Azərbaycan büdcəsinin təxminən 22 faizi, deməli, beşdə bir hissəsindən çoxu – bir trilyon manatdan artıq vəsait təhsilə ayrılır. Bu, yenə də çatmır. Demək, biz düşünməliyik. Eyni zamanda, təhsilə ayrılan vəsaitdən də, təəssüflər olsun ki, bəzi yerlərdə səmərəli istifadə olunmur.

Müəllimlərin maaşlarının artırılması ilə biz ardıcıl surətdə məşğul olmuşuq. 1996-cı ildən indiyə qədər Azərbaycanda müəllimlərin maaşı 2,8 dəfə artıbdır. 1996-cı ildə 40 faiz, 1997-ci ildə 30 faiz, 2000-ci ildə 25 faiz artıbdır. Ancaq mən hesab edirəm ki, bu da yetərli deyildir. Biz indi gələn ilin dövlət büdcəsini hazırlayırıq. Mən təklif edəcəyəm ki, bu büdcədə müəllimlərin və ümumiyyətlə, məktəb işçilərinin maaşlarının artırılması haqqında ciddi tədbirlər görülsün. Mən ümidvaram ki, buna da nail olacağıq.

Əziz balalar!

Mənim sizə deyiləsi sözüm çoxdur. Çünki bilirsiniz ki, mən uşaqları sevirəm. Uşaqları hər kəs sevir, uşağı sevməyən adam, bilmirəm, hansı xüsusiyyətlərə malikdir. Uşağı hamı sevir. Amma hər kəs hesab edir ki, o, uşağı hamıdan çox sevir, o cümlədən də mən. Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycanın prezidenti kimi, mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən, uşaqlarından asılıdır. Son illərdə aparılan işlər onu göstərir ki, Azərbaycanda gözəl gənc nəsil yetişir. Azərbaycanın ağıllı, zəkalı, istedadlı uşaqları var və onlar məktəblərdə oxuyurlar. Onların hamısı Azərbaycanın gələcəyini mütləq bizdən də yaxşı təmin edəcəklər, ölkəmizi bizdən də yaxşı irəliyə aparacaqlar. Əziz balalar, əziz gənclər, mən Azərbaycanın gələcəyi haqqında düşünərkən sizə ümid edirəm, sizə arxalanıram və Azərbaycanın parlaq gələcəyini sizdən gözləyirəm. Əziz balalar, mən bir daha sizə cansağlığı, xoşbəxt həyat, hamınıza məktəbdə əla qiymətlərlə oxumaq arzu edirəm. Hamınıza, hər birinizə xoşbəxt gələcək arzulayıram. Sağ olun.