Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri haqqında sazişlər imzalandıqdan sonra Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyanın Baş naziri V. S. Çernomırdinlə birgə mətbuat konfransı - Moskva, Ağ ev, 18 yanvar 1996-cı il


Sual: Viktor Stepanoviç, Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə ilə nəql edilməsi haqqında saziş bu gün imzalanmış sənədlər arasında yəqin ki, ən mühüm sənəddir. Sizin nöqteyi-nəzərinizcə və Heydər Əliyevin nöqteyi-nəzərincə, bu, həyata keçirilməyə başlandıqda konkret surətdə nə verəcəkdir? Bu, həmin layihənin ətrafında getmiş mübahisələrə və şayiələrə son qoyacaqmı?

Viktor Çernomırdin. Bu problemə onun istər ruhuna, istərsə də işlərə görə ən yaxın olan bir adam kimi demək istərdim ki, bunun ətrafında çoxlu söz-söhbət olmuşdur - cənub variantı, şimal variantı. Əgər mahiyyət, məzmun etibarı ilə götürsək, onda görərik ki, uzun illər ərzində işləmiş olan sxem bərpa edilir. Burada mütəxəssislər və ekspertlər var, bu sazişin hazırlanmasında iştirak etmiş olan mütəxəssislərin, neftçilərin hamısı buradadır. Saziş imzalandığı andan işləməyə başlayacaqdır və deyə bilərik ki, onun elə bu gün həm Azərbaycan üçün, həm də Rusiya üçün faydası olacaqdır. Biz hesab edirik ki, bu yol etibarlı, çoxillik təcrübə ilə sınaqdan çıxarılmış yoldur və işləyəcəkdir. Həm də onu genişləndirməyə və inkişaf etdirməyə imkan var. Zənnimcə, belə də olacaqdır. Odur ki, bütün mübahisələr əvvəl-axır bununla qurtarmalıdır. Əslinə qalsa, heç bir mübahisə olmayıbdır. O ki qaldı başqa variantların olmasına, burada pis nə var ki? Vaxt gələcək, hər şey ondan asılı olacaqdır ki, biz nə qədər neft çıxaracağıq, yəni Rusiyada nə qədər, Azərbaycanda nə qədər neft istehsal olunacaqdır. Mən əminəm: iqtisadi qanunlar işləməlidir, ən əvvəl iqtisadi səmərə diqqət mərkəzində durmalıdır, burada hansı yolla getmək lazım olduğunu həmişə iqtisadi səmərə göstərəcəkdir. Bu, istər Rusiyanın mənafeyi üçün, istərsə də Azərbaycanın mənafeyi üçün gərəkdir. Bu sənədin iki dövlətin ilk növbədə və əsasən neft sahələrinin inkişafına aid olması əlbəttə çox vacibdir. Bu, ən əvvəl və ən çox, hər şeydən tez fayda verən istiqamətdir. Mən belə düşünürəm ki, bu, indi iqtisadiyyatımız üçün, adamlarımız üçün olduqca lazımdır. Buna biz də olduqca böyük əhəmiyyət veririk. Odur ki, söz-söhbətlərə son qoyulmalıdır və işləməyə başlamalıyıq.

Heydər Əliyev: Mən hörmətli Viktor Stepanoviç Çernomırdinin dediklərinin hamısı ilə tamamilə razıyam. Zənnimcə, bu sazişin imzalanması Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün daha bir addımdır. Azərbaycanda biz bu əməkdaşlığa son dərəcə böyük əhəmiyyət veririk və hər şey edirik ki, bu əməkdaşlıq möhkəmlənsin və genişlənsin. Viktor Stepanoviç haqlıdır ki, bu, bizim öz xeyrimizədir - Rusiyanın və Azərbaycanın mənafeyi xeyrinədir, neft sənayesi kimi sahənin inkişaf etməsinin xeyrinədir. Bu sənədin imzalanması hər cür söz-söhbətlərə həqiqətən son qoyacaqdır. Yeri gəlmişkən, bu söz-söhbətlər mətbuat orqanlarında tamamilə əsassız surətdə müxtəlif cür yozulur və s. İndi isə hər şey aydın və məlumdur. Rusiya ilə Azərbaycan arasında saziş imzalanmışdır.

Sual: Bu saziş Xəzərin statusu ilə bağlı fikir ayrılıqlarına son qoyacaqmı?

Viktor Çernomırdin: Bu, ayrıca məsələdir. Son vaxtlar nədənsə onu bu məsələ ilə bağlamağa başlamışlar. Əgər bunu bizim Xarici İşlər Nazirliyi edirsə, onda bu suala ona verilməlidir. Mənim belə problemlərim yoxdur. Bütövlükdə Xəzərlə bağlı problem var. İndi biz Heydər Əliyevlə danışdıq, Xəzərdən söhbət getdi, Xəzərdə suyun səviyyəsi qalxır. İndi hamı bundan ziyan çəkir. Bu problemi təklikdə həll etmək çətin ki, mümkün olsun. Belə məsələlər çoxdur: Xəzərin səviyyəsinin qalxması məsələləri, ekologiya, balıq yetişdirilməsi məsələləri, gəmiçilikdə nəqliyyat məsələləri. Əgər dənizin təkindən danışmalı olsaq, onda bu, ayrıca məsələdir. Burada üzərində işlənməli məsələlər var. Zənnimcə, biz işləyəcəyik və artıq işləməyə başlamışıq. Biz indi bunun üzərində bəlkə də daha intensiv işləməliyik. Bu, Xəzəryanı dövlətlərin işidir. Bu, bizim, yəni Xəzərin ətrafında yaşayanların daxili işidir. Bu, bizim daxili sututarımızdır. Buna görə də bütün problemləri saf-çürük etməyə imkan tapacağıq və artıq bu işlə məşğul oluruq.

Sual: Neft-kimya sahəsinin mühüm problemlərinin araşdırılmasında Azərbaycanın həm keçmişdəki, həm də indiki xidmətlərini nəzərə alaraq, iqtisadi əməkdaşlığın Azərbaycan üçün nə kimi əhəmiyyəti ola bilər? Sovet İttifaqında "İkinci Bakı", "Üçüncü Bakı" olmuşdur.

Viktor Çernomırdin: Cari yüzillikdə hər şey, ehtiyatlarla, xüsusən də neft ehtiyatları, neft hasilatı, neft emalı ilə bağlı hər şey Bakıdan başlanmışdır. Bu sahədə dünyada nə olmuşdursa, hamısı Bakıdan başlanmışdır. Buraya mənim bir çox həmkarlarım gəlmişdir, əgər aramızda ali məktəbləri Azərbaycanda bitirməyənlər varsa, hər halda onların hər biri Azərbaycanın neft mədənlərində işləmişdir. Buna görə də Bakı biz mütəxəssislər, neftçilər, qaz işçiləri üçün universitetdir. Bu gün dünyada neft və qaz sənayesi sahəsində toplanmış nə varsa, onların çoxu məhz Bakıda başlanmışdır. Elə indi Azərbaycanda da, Rusiyada da və başqa ölkələrdə də işləyən neftçi kadrlar məhz Bakıdan çıxmışlar. Bundan sonra "İkinci Bakı" meydana gəlmişdir. Qərbi Sibirdə biz Azərbaycanda, Bakı mədənlərində görülmüş işlərdən və toplanmış təcrübədən çox istifadə etmişik.

Buna görə də bizim üçün, mütəxəssislərimiz üçün işdə əngəllər, maneələr yoxdur. Deyə bilərəm ki, Qərbi Sibirdə çoxlu bakılı işləyir. Elə bizim Ələkbərov ("LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov nəzərdə tutulur) müəyyən dərəcədə Azərbaycana məxsusdur. Onun ən çox kimə məxsus olduğuna hələ baxmaq lazımdır.

Heydər Əliyev: Məncə, onun ən çox kimə-Rusiyaya, yaxud Azərbaycana məxsus olmasının əhəmiyyəti yoxdur.

Sual: Heydər Əliyeviç, istərdik ki, siz bəzi agentliklərin belə bir xəbərini şərh edəsiniz ki, guya Azərbaycan Çeçenistana kömək göstərir.

Heydər Əliyev: Mən fürsətdən istifadə edərək, guya Azərbaycanın çeçen separatçılara onların döyüş əməliyyatlarında kömək göstərdiyi barədə hər cür uydurmaları qəti şəkildə təkzib etmək istəyirəm. Bu, yalan və böhtandır. Yeri gəlmişkən, bu barədə mən bu gün Viktor Stepanoviç ilə görüşümüzdə dedim. Bütün bu yazıları müxtəlif qruplar, o cümlədən də Azərbaycandan olan qrup təşkil edirlər. Bunlar Azərbaycandan qaçmış cinayətkarlardır və onlar məhkəmə qarşısında cavab verməlidirlər. Bunlar Azərbaycanın keçmiş prezidenti Mütəllibov, keçmiş baş nazir Hüseynov, keçmiş müdafiə naziri Qazıyev və onların, təəssüflər olsun, burada, Moskvada gizlənən qrupudur. Hansısa strukturlar onlara kömək göstərirlər və onlar da hər cür məqalələr təşkil edirlər. Söz düşmüşkən, bu yaxınlarda "Obşaya qazeta"da bir məqalə dərc olunmuşdu. Məqalədə hər şey əvvəldən axıradək böhtan və yalandır. Bu məqalə gerçəkliyə uyğun deyildir. Biz hələ iyirmi gün bundan əvvəl bilirdik ki, burada, Moskvada gizlənmiş və burada qanunsuz yaşayan bir qrup azərbaycanlı şəxs bu cür məqaləni xüsusi olaraq təşkil etmişdir. Budur, bir neçə gün bundan əvvəl həmin məqalə dərc olunmuşdur.

Sual: Siz özünüz bu məlumatı yoxladınızmı?

Heydər Əliyev: Nəyini yoxlayasan, bir halda ki, belə şey yoxdur. Bu, birincisi, ikincisi isə, Azərbaycan ilə Rusiya arasında sərhəd Sərhəd Qoşunları tərəfindən möhkəm qorunur, məhz möhkəm qorunur. Biz bundan zərər çəkirik. Biz Viktor Stepanoviçdən xahiş etdik, o, bizə çox lazım olan bəzi yüklərin sərhəddən keçirilməsinə icazə verdi. Çünki sərhədimiz bağlıdır. Azərbaycan ilə Rusiya arasında sərhəd Dağıstanda tamamilə bağlanıb. Belə isə Azərbaycan hansısa separatçılığa necə kömək göstərə bilər? Ümumiyyətlə, biz separatçılığın əleyhinəyik. Yeddi ildir ki, Azərbaycanın özü separatçılıqdan ziyan çəkir. Biz separatçılığın əleyhinəyik, ekstremizmin, terrorizmin əleyhinəyik. Bir daha təkrar edirəm, biz özümüz də bundan ziyan çəkirik. Buna görə də mən belə uydurmaları qəti şəkildə rədd edirəm.

Şübhəsiz ki, bizdə cinayətkarlar var. Son iki ildə Azərbaycanda iki dəfə silahlı yolla dövlət çevrilişi etməyə cəhd göstərilmişdir. Bizdə, Azərbaycanda da belə cinayətkarlar var və onlar Çeçenistana da, Rusiyanın digər bölgələrinə də keçə bilərlər. Yeri gəlmişkən, Azərbaycanda dövlət çevrilişi etməyə cəhd göstərmiş cinayətkarlardan bəziləri Rusiyanın hüquq-mühafizə orqanlarının köməyi ilə Moskvada, Volqoqradda, Ryazanda həbs olunmuşlar. Cinayət törədən bu cinayətkarlar Rusiyada gizlənmişlər. Kim təminat verə bilər ki, belə cinayətkarlar gedib Çeçenistana çıxmayacaqlar. Lakin bir dövlət kimi, bir respublika kimi Azərbaycanın bununla heç bir əlaqəsi yoxdur və mən bunu qəti şəkildə bir daha təkrar edirəm.

Tarixi arayış