"Respublika" sarayında "Əsrin müqaviləsi"nin beşinci ildönümünə həsr olunmuş ‎təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ‎çıxışı" (Bakı, 20 sentyabr 1999-cu il) sənədinə tarixi arayış


‎20 sentyabr 1999-cu ildə müstəqil dövlət kimi Azərbaycan Respublikasının öz ‎yeraltı və yerüstü sərvətlərinin şəriksiz sahibi olduğunun rəmzi olan "Əsrin ‎müqaviləsi"nin imzalanmasının beşinci ildönümü təntənəli surətdə qeyd edilib. ‎Bu müqavilənin imzalanmasından ötən 5 il ərzində siyasi və iqtisadi vəziyyət ‎nəinki Azərbaycanda, həm də Qafqaz regionunda böyük və mütərəqqi ‎dəyişikliklərə səbəb olub.

‎‎"Əsrin müqaviləsi"nin beşinci ildönümünə həsr olunmuş təntənəli tədbirdə ‎Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə 10 dövləti - ABŞ, Böyük ‎Britaniya, Türkiyə, Rusiya Federasiyası, Norveç, Yaponiya, Gürcüstan, Ukrayna, ‎Özbəkistan və Qazaxıstanı təmsil edən rəsmi nümayəndə heyəti iştirak edib. Xaricdən gəlmiş ‎‎24 iri neft şirkətinin, Bakıda fəaliyyət göstərən 123 xarici neft ‎şirkətinin və neft sənayesinin digər sahələrində çalışan bir çox şirkətlərin ‎ rəhbərləri, səfirliklərin və işgüzar dairələrin ‎nümayəndələri, Azərbaycan Respublikası rəsmi dairələrinin, ictimaiyyətin, ‎kütləvi informasiya vasitələrinin nümayəndələri də tədbirdə təmsil olunublar.

‎"Əsrin müqaviləsi"nin imzalanmasının beşinci ildönümü münasibəti ilə ABŞ, ‎Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan və Qazaxıstanın prezidentləri, Böyük ‎Britaniya, Norveç və Yaponiyanın baş nazirləri və Səudiyyə Ərəbistanının kralı ‎Azərbaycan Prezidenti Heydər Əliyevi və Azərbaycan xalqını öz məktubları ilə ‎təbrik edərək bu müqaviləni Azərbaycanın ən yeni tarixində mühüm əhəmiyyətə ‎malik yeni səhifə olduğunu qeyd ediblər.

‎Təntənəli mərasimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti ‎Natiq Əliyev açıb. Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci ‎vitse-prezidenti İlham Əliyev, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ‎prezidenti Deyvid Vudvord, ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskudero, ‎Böyük Britaniyanın ticarət və sənaye nazirinin müavini və energetika üzrə baş ‎müşaviri Ken Forest, Türkiyənin dövlət naziri Abdulxaliq Mehmet Çay, Rusiya ‎Federasiyasının yanacaq və energetika naziri Viktor Kalyujnıy, Norveçin ‎energetika nazirinin müavini Erlend Qrimstand, Yaponiyanın ticarət və sənaye ‎nazirliyinin energetika agentliyi departamentinin direktoru Hiroyuki Fukono, ‎Gürcüstanın dövlət naziri Vaja Lordkipanidze, Ukrayna Baş nazirinin birinci ‎müavini Anatoli Kinax, Özbəkistan Baş nazirinin müavini Valeri Atayev, ‎Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Serik Burkidbayev, Səudiyyə ‎Ərəbistanı Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Züheyr Süleyl çıxış ‎ediblər.

‎‎Daha sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev geniş nitq ‎söyləyərək mərasimi başa çatdırıb. Həmin gün "Əsrin müqaviləsi"nin beşinci ‎ildönümü şərəfinə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ‎adından Bakıdakı "Gülüstan" sarayında xarici qonaqlar üçün rəsmi qəbul təşkil ‎olunub.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ‎‎"Əsrin müqaviləsi"nin imzalanması ilə əsası qoyulan yeni neft strategiyasından ‎söhbət açaraq deyib: "Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək ‎istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan ‎həyat yaratmaq istəyirik. Biz ‎müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft ‎‎sahəsində deyil, Azərbaycanın iqtisadiyyatının, həyatının bütün başqa sahələrində ‎də gördüyümüz işlər ‎məhz bu məqsədi daşıyır".

2004-cü il ‎sentyabrın 21-də Bakıda "Əsrin müqaviləsi"nin imzalanmasının 10 illiyinə həsr edilən təntənəli mərasim keçirilib və həmçinin müqavilədə nəzərdə tutulan yataqların tammiqyaslı işlənməsinin ikinci fazasına start ‎verilib. Bu mərhələ 2009-cu ilin sonuna qədər davam edəcək. Tammiqyaslı ‎işlənilmənin üçüncü mərhələsi 2010-cu ildən başlayaraq müqavilənin sonuna qədər ‎olan müddəti əhatə edəcək. Bu tarixdən başlayaraq "Əsrin müqaviləsi" üzrə ‎gündəlik bir milyon barreldən artıq neft hasil ediləcək ki, bu da Azərbaycana ‎ümumilikdə ildə 15 milyard ABŞ dollarından artıq gəlir gəlməsini təmin edəcəkdir.(www.socar.gov.az)

Müqavilənin imzalanmasının 10 illiyinə həsr edilən tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev əsası Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasının milli iqtisadiyyatın sürətli inkişafının əsas təminatçısı olduğunu qeyd edib. O, çıxışında deyib: "Bu gün biz müqavilənin 10 illik yubileyini qeyd edərək deyə bilərik ki, artıq bütün məsələlər öz həllini tapmışdır. Əminəm ki, Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək, yaxın zamanlarda qüdrətli dövlətə çevriləcəkdir." (www.president.az)

Tarixi arayış 30 iyun 2008-ci ildə yeniləşdirilib.