BMT-də akkreditə olunmuş xarici jurnalistlər üçün mətbuat konfransında Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı - Nyu-York, BMT-nin Mətbuat mərkəzi, 28 iyul 1997-ci il


Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı salamlayıram. Birləşmiş Millətlər Təşkilatının binasında bu mətbuat konfransında iştirak etməyimdən məmnun qaldığımı bildirirəm.

Mən Amerika Birləşmiş Ştatlarına prezident cənab Bill Klintonun dəvəti ilə rəsmi səfərə gəlmişəm. Bu səfər zamanı Birləşmiş Millətlər Təşkilatını da ziyarət etməyi zəruri hesab etmişəm.

Azərbaycan Respublikasının prezidenti kimi bu, Amerika Birləşmiş Ştatlarına mənim ilk rəsmi səfərimdir. Sabah Vaşinqtona yola düşəcəyəm. Orada bir çox görüşlər - Ağ evdə, Konqresdə, Dövlət Departamentində, Pentaqonda görüşlərim olacaqdır. Bu səfərimin əsas məqsədi isə Amerika-Azərbaycan əlaqələrini inkişaf etdirmək üçün yeni addımlar atmaqdan ibarətdir.

Azərbaycan Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqillik əldə etmiş bir ölkədir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedir. Azərbaycanda demokratik proseslər həyata keçirilir. Azərbaycanın iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında qurulur və inkişaf etdirilir.

1995-ci ilin noyabrında Azərbaycanda ilk demokratik Konstitusiya qəbul olunubdur. 1995-ci ildə çoxpartiyalı sistem əsasında, demokratik şəraitdə Azərbaycan parlamentinə seçkilər keçirilibdir. Azərbaycanda geniş iqtisadi islahatlar, özəlləşdirmə proqramı, torpaq islahatı, torpağın xüsusi mülkiyyətə verilməsi proqramı və başqa proqramlar həyata keçirilir. Bunlar da öz müsbət nəticələrini verir. Azərbaycan bəzi obyektiv səbəblər üzündən bu islahatların keçirilməsinə başqa ölkələrə nisbətən gec başlayıbdır. Ancaq buna baxmayaraq, biz qısa müddətdə bu islahatların əməli nəticələrini müşahidə edirik.

İqtisadiyyat da keçən ildən başlayaraq inkişaf edir. İnflyasiyanın qarşısı tamamilə alınıb, xarici ticarət sərbəstləşdirilibdir. Kənd təsərrüfatında istehsal olunan məhsulun artıq 80 faizi özəl sektorun hesabınadır. Bu ilin birinci yarısında ümumi daxili məhsul 5,2 faiz artıbdır. Sənaye və kənd təsərrüfatı istehsalı da qalxmaqdadır. Bu islahatların həyata keçirilməsi ardıcıl surətdə davam edir və davam edəcəkdir.

Azərbaycan tam müstəqil dövlətdir, müstəqilliyini qorumağı özünün əsas vəzifəsi hesab edir. Dövlətimizin ərazisində heç bir başqa ölkənin silahlı qüvvələri, hərbi bazaları yoxdur. Azərbaycan müstəqil olaraq özü öz sərhədlərini qoruyur.

Azərbaycanın çətin problemləri də var. 1988-ci ildən etibarən Ermənistan tərəfindən Azərbaycana hərbi təcavüz başlayıbdır. Ermənistanın bu təcavüzünün məqsədi Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ vilayətini respublikamızdan ayırıb Ermənistana birləşdirməkdən ibarət olubdur. Bu təcavüz müharibəyə çevrilib, döyüşlər gedib, qan tökülüb, insanlar tələf olubdur və bəzi səbəblərdən Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş ərazilərdən bir milyondan artıq Azərbaycan vətəndaşı yerindən-yurdundan zorla çıxarılıbdır. Onların əksəriyyəti ağır vəziyyətdə çadırlarda yaşayır.

Üç il bundan əvvəl, 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş imzalanıbdır. İndi atəş yoxdur. Biz bu atəşkəs rejiminə riayət edirik və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışırıq. Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bu ilin əvvəlindən Minsk qrupuna üç ölkə - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa həmsədrlik edirlər.

ATƏT-in keçən ilin dekabrında Lissabon Zirvə görüşündə Ermənistan Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün prinsiplər qəbul olunubdur. Bu prinsiplər Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarəetmə hüququ verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsidir. Məsələnin sülh yolu ilə həlli naminə biz bu prinsiplərə razı olmuşuq. ATƏT-in Lissabon Zirvə görüşündə bu beynəlxalq təşkilatın üzvü olan 54 dövlətdən 53-ü bu prinsiplərə dəstək veribdir, onları müdafiə edibdir, ancaq Ermənistan buna etiraz edibdir.

Minsk qrupunun həmsədrləri olan Rusiya, Amerika və Fransanın prezidentləri bu ilin 20 iyununda Denver şəhərində birgə bəyanat veriblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün səy göstərəcəklərinə söz veriblər.

Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yaxşı vəziyyətdədir. Ancaq bu əlaqələrin daha da genişlənməsi və inkişaf etməsi üçün böyük imkanlar vardır. Bu məsələlər Vaşinqtonda müzakirə olunacaqdır. Bu baxımdan Konqresin 1992-ci ildə Azərbaycana qarşı qəbul etdiyi ədalətsiz qərarın - 907-ci maddənin ləğv olunması da müzakirə ediləcəkdir.

Mən qarşıdakı danışıqlara, görüşlərə çox böyük əhəmiyyət verirəm. Hesab edirəm ki, Vaşinqton görüşləri Azərbaycan-Amerika ənənələrində yeni mərhələ açacaqdır. Mən bu səfərə böyük ümidlərlə gəlmişəm.

Bu gün Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Kofi Annan ilə də görüşmüşəm. Mən bu görüşdən çox məmnunam. Аzərbaycanın problemlərinə, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması probleminə cənab Baş katibin çox müsbət münasibətini hiss etdim. O, ATƏT-in Minsk qrupunun qərarlarına və addımlarına dəstək verəcəyini bəyan etdi.

Təəssüf ki, vaxtımız azdır. Ona görə də mən çıxışımı tamamlayıram və sizin suallarınıza cavab verməyə hazıram.

Sual: Cənab prezident, çox sağ olun. Mən həm "Əlhəyat" qəzetini təmsil edirəm, həm də Birləşmiş Millətlər Təşkilatında Müxbirlər Assosiasiyasının rəhbəriyəm.

Mən Sizə bir neçə sualla müraciət etmək istəyirəm. Birinci sualım belədir: Bu gün Siz BMT-nin Baş katibi cənab Kofi Annanla görüşünüz zamanı BMT-nin sülhməramlı qüvvələrinin regionda yerləşdirilməsi, o cümlədən regiondan çəkiləcək boru kəmərlərinizin qorunmasında BMT qüvvələrinin iştirakı məsələlərini müzakirə etdinizmi? İkinci sualım: Bu gün axşam Amerikadakı yəhudi təşkilatları sizin şərəfinizə ziyafət verəcəklər. Bu o deməkdirmi ki, Siz İranı neft boru kəmərlərinin çəkilməsindən kənarlaşdırmaq istəyirsiniz?

Cavab: Birincisi, - mən bir daha deyirəm, - cənab Kofi Annanla görüşüm çox əhəmiyyətli oldu. Ancaq biz Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrindən istifadə olunmasını tələb etməmişik. ATƏT-in 1994-cü ilin dekabr ayında Budapeştdə keçirilmiş Zirvə görüşündə bu beynəlxalq təşkilatın sülhməramlı qüvvələrinin yaradılması haqqında qərar qəbul olunubdur. Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırmaq üçün ATƏT-in sülhməramlı qüvvələrindən istifadə edilməlidir. Cənab Kofi Annan bəyan etdi ki, o, bunu dəstəkləyir.

Neft kəmərləri hələ çəkilməyibdir. Onların qorunması üçün tədbirlər görmək hələ tezdir. Güman edirəm ki, sülhməramlı qüvvələrin buraya cəlb edilməsinə ehtiyac olmayacaqdır. Hər bir ölkə onun ərazisindən keçən neft kəmərlərinin mühafizə edilməsini öz üzərinə götürməlidir.

Yəhudi cəmiyyətlərinin prezidentləri konfransının məni bu gün ziyafətə dəvət etməsini məmnuniyyətlə qəbul etmişəm, bu görüşdə iştirak edəcəyəm. Azərbaycanda yəhudilər də yaşayırlar. Azərbaycanda yaşayan digər milli azlıqlar kimi, yəhudilər də ölkəmizin bərabərhüquqlu vətəndaşlarıdır. Azərbaycanda heç vaxt yəhudilərə qarşı, yaxud bir antisemit siyasəti olmayıbdır, onun əlamətləri olmayıbdır. Ona görə də yəhudi icmalarının mənə diqqət göstərmələri tamamilə təbiidir. Bu, heç bir başqa ölkənin mənafeyinə qarşı yönəldilmiş bir təşəbbüs deyildir. Sağ olun.

Samir Sambar: Sizə məlumat üçün deyim ki, Azərbaycanın xarici işlər naziri də burada iştirak edir.

Sual: Cənab prezident, mən həmin sualımı davam etdirmək istəyirəm. Əslində mənim məqsədim bu məsələdə Sizin İranla bağlı mövqeyinizi bilmək idi. Yəni İrandan neft kəmərlərinin çəkilməsinə bir çox qüvvələr etiraz edirlər. Mən bu məsələdə Sizin mövqeyinizi bilmək istəyirəm.

Cavab: Bilirsiniz, kim etiraz edirsə, onlardan soruşun. Biz İrandan neft kəmərinin çəkilməsinə etiraz etməmişik. Ancaq neft kəmərini biz çəkmirik. Neft kəmərini böyük müqavilələrdə iştirak edən konsorsiumun üzvləri, şirkətlər, konsorsium çəkir. Konsorsium bu neft kəmərlərinin haradan çəkilməsini qərara alırsa, biz də ona öz münasibətimizi bildiririk.

Sual: Hörmətli prezident Heydər Əliyev, mən Türkiyənin "Milliyyət" qəzetindənəm. Sizə belə bir sualla müraciət etmək istəyirəm. Yaxın zamanlarda Bakıda bir saziş - Xəzər dənizi neftinin Çeçenistan ərazisindən Novorossiysk limanına getməsi haqqında saziş imzalandı. Möhtərəm prezident, Siz Bakı-Ceyhan neft kəmərinin çəkiləcəyinə inanırsınızmı? Sizin fikrinizcə, Türkiyədən keçəcək bu boru kəməri nə vaxt çəkiləcəkdir?

Cavab: Bu ayın əvvəlində həqiqətən Bakıda Rusiya, Çeçenistan və Azərbaycan arasında ilkin nefti Rusiya ərazisindən Qara dənizin Novorossiysk limanına nəql edəcək boru xətti barədə müqavilə imzalanıbdır.

Bu boru xətti artıq yaranıbdır. Sadəcə, onun Çeçenistan ərazisindən keçməsi üçün bu anlaşma lazımdır.

Böyük boru kəmərinin Türkiyə ərazisindən keçməsi və Ceyhan limanına çatdırılması haqqında bu ilin mayında Türkiyədə səfərdə olarkən mənə həddindən artıq çox suallar vermişdilər. Mən onlara cavab vermişdim və sizə də cavab verirəm ki, bu boru kəmərinin Türkiyə ərazisindən Ceyhana keçməsini istəyirəm və buna nail olmaq üçün çalışacağam.

Sual: Cənab prezident, mən Avakyanam, erməni mətbuatını təmsil edirəm. Nyu-Cersi Ştatında yerləşən erməni radiostansiyasının müxbiriyəm. Mənim Sizə belə bir sualım vardır: Siz Dağlıq Qarabağın müstəqillik əldə etməsinə qarşı davamlı olaraq çıxışlar etmisiniz. Sumqayıtda, Gəncədə, Bakıda baş vermiş hadisələri, Ermənistanın doqquz ildən bəri davam edən blokadasını nəzərə alsaq, Dağlıq Qarabağda yaşayan insanlar Sizin onlara yüksək muxtariyyət vermək barədə bəyanatlarınıza necə inana bilərlər? İkinci sualım isə belədir: Ermənistan öz ərazisindən Naxçıvana humanitar yardımın keçirilməsi üçün yol açdığı bir halda, nə üçün Azərbaycan hökuməti öz ərazisindən Ermənistana humanitar yardımların aparılmasına qarşı çıxır?

Cavab: Hörmətli xanım, bilirsiniz, sizin sualınız qərəzli materiallar əsasında qurulubdur. Doqquz il bundan öncə Ermənistan-Azərbaycan münaqişəsini yaradan Azərbaycan deyil, Ermənistandır. Azərbaycan və Ermənistan sülh şəraitində yaşadığı bir zaman Ermənistan 1988-ci ildə Dağlıq Qarabağı Azərbaycandan zorla qoparıb Ermənistana birləşdirmək üçün belə bir hərbi münaqişə başlayıbdır. Bu hərbi münaqişə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunubdur. Bu torpaqları Ermənistan silahlı qüvvələri işğal ediblər. Bu ərazidə yaşayan bir milyon azərbaycanlı öz yerindən-yurdundan didərgin düşübdür.

1988-ci ildə münaqişə başlayarkən Dağlıq Qarabağda 170 min əhali yaşayırdı. Onun cəmisi 70 faizi erməni, 30 faizi isə azərbaycanlı idi. Onlar bir yerdə rahat yaşayırdılar. Ancaq bu təcavüz nəticəsində Azərbaycan ərazisində, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar öz evlərindən-eşiklərindən qovulublar. Dağlıq Qarabağın ətrafında olan 7 inzibati rayon işğal olunubdur. Onların sırf azərbaycanlılardan ibarət olan əhalisi öz yerindən qovulubdur. Bu təcavüz nəticəsində gedən döyüşlərdə on minlərlə azərbaycanlı şəhid, həlak olubdur. İşğal olunmuş ərazilərimizdə bütün yaşayış yerləri, məktəblər, xəstəxanalar, uşaq bağçaları, mədəniyyət ocaqları, tarixi abidələrimiz sənaye müəssisələri - hamısı bütünlüklə dağıdılıbdır.

Ermənistan ərazisində Azərbaycan tərəfindən bir qarış torpaq da işğal olunmayıbdır. Belə halda siz deyirsiniz ki, "Sizin Dağlıq Qarabağa muxtariyyət verməyinizə necə inansınlar?"

Siz Sumqayıt, Gəncə hadisələrini xatırlayırsınız. Keçmişdə münaqişə zamanı hər yerdə nəsə olubdur. Ancaq Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, bir milyondan artıq vətəndaşımızın yerindən-yurdundan qovulması və onların əksəriyyətinin şəhid olması, həlak olması heç bir şeylə müqayisə oluna bilməz. Ancaq hesab edirəm ki, biz bütün bunlara baxmayaraq, yenə də irəliyə baxmalıyıq, geriyə yox.

Ermənistan ilə Azərbaycanın taleyi onları qonşu yaşamağa məcbur edibdir və biz qonşu yaşamalıyıq, münasibətləri bərpa etməliyik. Bizim ölkələrimiz arasında sülh olmalıdır və insanlarımız bir-birinə xeyirxah münasibət göstərməlidirlər.

Mən görürəm sizin əlinizdə bir kitabça var. O, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından didərgin düşmüş adamların vəziyyətini əks etdirən kitabçadır. Güman edirəm ki, o kitabçaya, mən məsləhət görərəm ki, Sizə hələ bir kaset də versinlər, onlara baxandan, həmin qaçqınların vəziyyətini görəndən sonra siz fikrinizi dəyişdirəcəksiniz.

Mən sizi sülhə dəvət edirəm. Mən rica edirəm, Amerikada yaşayan ermənilərə də deyəsiniz ki, mən hamını sülhə dəvət edirəm.

Sual: Xahiş edirəm ABŞ-a bu rəsmi səfəriniz zamanı imzalanacaq neft müqavilələri barədə də bir neçə kəlmə deyəsiniz.

Cavab: Bilirsiniz, mən sizə indiyədək imzalanmış neft müqavilələri haqqında danışa bilərəm. Azərbaycan transmilli neft şirkətləri ilə indiyədək altı böyük neft müqaviləsi imzalamışdır. Bu müqavilələrin iştirakçıları Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın, Fransanın, Almaniyanın, İtaliyanın, Norveçin, Türkiyənin, İranın, Səudiyyə Ərəbistanının, Yaponiyanın şirkətləridir. Bu müqavilələr həyata keçirilir. Bir neçə müqavilə də hazırlanıbdır. Biz bunları bəlkə də Vaşinqtonda imzaladıq. İki gün gözləyin, bu müqavilələr imzalanandan sonra biləcəksiniz. Mən sizə təşəkkür edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 3 avqust 1997-ci il