Azərbaycan Respublikasının Prezidenti böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş sərginin açılışında çıxışı - Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, 17 dekabr 1994-cü il


Hörmətli incəsənət ustaları, mədəniyyət xadimləri, mədəniyətimizi, incəsənətimizi sevənlər, qiymətləndirənlər! Hörmətli bacılar, qardaşlar! Bu gün Səttar Bəhlulzadənin anadan olmasının 85-ci ildönümü qeyd edilir. Səttar Bəhlulzadə adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış bir şəxsiyyətdir.

Azərbaycan xalqının mədəniyyəti böyük tarixə malikdir. Qədim əsrlərdə xalqımızın yaratdığı rəssamlıq sənəti, miniatür sənəti, Sultan Məhəmmədin miniatür məktəbi, ondan sonrakı dövrlərdə Azərbaycan rəssamlarının, Azərbaycan memarlarının yaratdıqları əsərlər xalqımızın mədəni-mənəvi irsidir.

İyirminci əsrdə Azərbaycan xalqı dünyaya böyük rəssamlar, heykəltəraşlar bəxş edibdir. Onların arasında Səttar Bəhlulzadə xüsusi yer tutur.

Səttar Bəhlulzadə yaradıcılığının özünəməxsus xüsusiyyəti var. Həmin xüsusiyyət onun əsərlərində aydın görünür. Bu qeyri-adilik onun daxili fəlsəfi aləmi ilə, onun dünyagörüşü və fitri istedadı ilə bağlıdır. Şübhəsiz ki, belə əsərlər yarada bilən adam, o dövrdə klassik üslubdan kənara çıxıb öz yolu ilə gedən, öz rəssamlıq məktəbini yaradan bir insan həm öz şəxsiyyətinə görə adi deyil, həm sənətkarlığına görə adi deyil, həm də yaradıcılığına görə adi deyil. Çox qeyri-adi bir insandır, çox qeyri-adi bir rəssamdır, mədəniyyət xadimidir. Ona görə də bizim rəngarəng mədəniyyətimizdə, o cümlədən rəssamlıq məktəbimizdə Səttar Bəhlulzadə yaradıcılığı ilə yeni bir səhifə, yeni bir yol, yeni bir üslub açılıbdır. Bu rəssam illər boyu yaşayacaq və heç şübhə etmirəm ki, zaman keçdikcə Səttar Bəhlulzadənin yaradıcılığı daha da yüksəklərə qalxacaq, onun əsərlərinin qiyməti daha da artacaqdır.

Mən Səttar Bəhlulzadə ilə şəxsən yaxından tanış idim.

Onunla şəxsi əlaqələrim var idi. Sizə məlumdur ki, mən 25 il bundan öncə Azərbaycanın rəhbərliyinə gəlmişdim, ancaq ondan xeyli əvvəl Səttar Bəhlulzadə bir rəssam kimi mənim diqqətimi cəlb etmişdi və onunla görüşlərim, söhbətlərim olmuşdu. Onun bir insan kimi qeyri-adiliyi və yaratdığı əsərlərin qeyri-adiliyi məni cəzb etmişdi. Sonralar da - mən Azərbaycanın rəhbəri olduğum zaman onunla görüşlərim olmuş və onun əsərlərinə həmişə yüksək qiymət vermişəm.

Xatirimdədir, 1973-cü ildə onun əsərlərinə, deyəsən buradakı əsərlərin hansınasa Azərbaycanın Dövlət mükafatı verildi. Bəli, bu, mənim də şəxsən iştirakımla, təşəbbüsümlə oldu.

Demək istəyirəm ki, mən Səttar Bəhlulzadəni təkcə burada olan əsərləri ilə yox, yaxud da yazılarla yox, şəxsən tanıyırdım. Bir insan kimi, bir rəssam kimi ona hörmətim olmuşdu. Hələ 60-cı illərin əvvəllərində - o vaxt da hiss eləyirdim ki, Səttar Bəhlulzadənin Azərbaycan incəsənətində, rəssamlıq məktəbində özünəməxsus, çox görkəmli yeri var. Ondan sonrakı dövr də (indi çox vaxtlar keçibdir) bunu sübut etdi, mənim o vaxtkı hissiyyatlarımın üzərinə daha böyük hissiyyatlar gəldi. Zaman keçdikcə dünyada cürbəcür rəssamlıq məktəbləri yarandı, biz onları gördükcə, tanış olduqca Səttar Bəhlulzadənin nə qədər böyük sənətkar, nə qədər böyük rəssam olduğunu və onun əsərlərinin nə qədər qiymətli olduğunu hamımız dərk etdik. Ona görə də mən Səttar Bəhlulzadənin 85 illiyi yaxınlaşdığını bilən kimi xüsusi sərəncam verdim ki, bu yubiley geniş qeyd olunsun. Bununla əlaqədar mənim sərəncamımla komissiya yarandı. Baş nazirin müavini Elçin Əfəndiyev bu komissiyaya başçılıq edir və indi yubileyə hazırlıq işləri başa çatıb.

Bu gün Səttar Bəhlulzadənin 85-ci ildönümü təntənəli surətdə qeyd olunacaqdır. Mən tam əminəm ki, gələcək nəsillər görkəmli sənətkarın yaradıcılığına bundan da yüksək qiymət verəcəklər. Səttar Bəhlulzadənin yaradıcılığı Azərbaycan xalqının həyatında daim öz yerini tutacaqdır. Mən burada yazdığım sözləri bir də təkrar etmək istəyirəm. Onun yaradıcılığı bizim üçün mənəviyyat mənbəyidir, xalqımızı, onun mədəniyyətini yüksəklərə qaldırır. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir. Bu, bizim fəxrimizdir. Bu, xalqımızın gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün böyük bir əsasdır.

Mən sizin hamınızı bu münasibətlə təbrik edirəm və bir daha bu sərgiyə, görkəmli rəssamın əsərlərinə, Səttar Bəhlulzadənin xatirəsinə, onun şəxsiyyətinə hörmət və ehtiramımı bildirirəm. Sağ olun!

Sərginin fəxri qonaqlar kitabına ürək sözləri

"Azərbaycanın böyük rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85-ci ildönümü ilə əlaqədar onun əsərlərinin sərgisinin açılması respublikamızın mədəni-ictimai həyatında əlamətdar bir hadisədir. Səttar Bəhlulzadə özünün orijinal, təkrarolunmaz yaradıcılığı, əsərləri ilə Azərbaycan xalqının mədəniyyətini zənginləşdirmiş, yüksəklərə qaldırmış, ona dünya şöhrəti qazandırmışdır. Onun əsərləri daima yaşayacaq, bu ağır günlərdə də, gələcəkdə də xalqımıza ilham verəcək, mənəviyyat mənbəyi olacaqdır. Səttar Bəhlulzadənin yaradıcılığına, mədəni irsinə, şəxsiyyətinə öz hörmət və ehtiramımı bildirirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT