Azərbаycаn Rеspublikаsının Prеzidеnti Hеydər Əliyеvin Əfqanıstan Prezidenti Həmid Kərzai ilə görüşü - İstanbul, 14 oktyabr 2002-ci il


İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının İstanbulda keçirilən zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev oktyabrın 14-də Əfqanıstan Prezidenti Həmid Kərzai ilə görüşdü.

Bir-birini mehribanlıq və səmimiyyətlə salamlayan dövlət başçıları zirvə görüşünün işində iştiraklarından və görüşmələrindən məmnun olduqlarını bildirdilər.

Əfqanıstan rəhbəri Azərbaycan prezidentinin dünya miqyaslı görkəmli dövlət xadimi kimi tanındığını və ona böyük hörmət və ehtiram bəslədiyini bildirdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident Heydər Əliyev Azərbaycandakı vəziyyət, ölkədə görülən işlər barədə söhbət açdı, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlanmış Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazimizin 20 faizinin işğal olunduğu, bir milyondan çox soydaşımızın yerindən-yurdundan zorla qovularaq çadır şəhərciklərində ağır, dözülməz şəraitdə yaşadığı barədə danışdı.

Öz ölkəsindəki vəziyyətdən söhbət açan Prezident Həmid Kərzai Əfqanıstanda normal həyatın bərpası məqsədi ilə aparılan işlərdən bəhs etdi.

Görüşdə prezidentlər iki ölkə arasında əlaqələrin genişləndirilməsinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin, terrorizmə, ekstremizmə qarşı mübarizədə bütün səylərin birləşdirilməsinin əhəmiyyətini vurğuladılar.

Söhbət zamanı hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident Həmid Kərzai Prezident Heydər Əliyevi Əfqanıstana, Prezident Heydər Əliyev isə Əfqanıstan rəhbərini Azərbaycana dəvət etdi. Dəvətlər məmnunluqla qəbul olundu.

AzərTAc