Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasından Bakıya qayıdarkən Almatıda səfərin yekunları barədə jurnalistlər qarşısındakı çıxışı - 10 mart 1994-cü il


Çin dünyanın ən böyük dövlətlərindən biridir. Müstəqil dövlət olan Azərbaycan dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutaraq Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malik olmalıdır. Mənim bu səfərim də həmin zərurətdən irəli gəlmişdir. Çinin özü də Azərbaycanla münasibətlərə böyük maraq göstərir. Çin Xalq Respublikası sədrinin məni rəsmi səfərə dəvət etməsi buna sübutdur.

Bilirsiniz ki, Azərbaycanda xarici ölkələrin səfirlikləri o qədər də çox deyildir. Lakin Çin Azərbaycanda öz səfirliyini açmışdır. Deməli, Çinin Azərbaycana marağı böyükdür. Bu, bizim üçün faydalıdır. Çünki dünyanın siyasi və iqtisadi həyatında çox mühüm rol oynayan belə bir böyük dövlətlə mehriban münasibətlərimizin olmasının əhəmiyyəti var. Həm də ona görə ki, Çin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir.

Çində, xüsusən onun iqtisadiyyatında çox maraqlı proseslər gedir. Bir tərəfdən bu proseslərin, islahatların ölkəmizdən ötrü nə dərəcədə məqbul olduğunu bilməyimiz, digər tərəfdən isə müəssisələr, konsernlər, assosiasiyalar və sair arasında birbaşa əlaqələr yaratmağımız vacibdir. Bu mənada da Çinə səfərimizin böyük əhəmiyyəti var. Mən səfərdən ümumən tamamilə razı qayıdıram. Nəzərdə tutulmuş proqram bütünlükdə yerinə yetirilmişdir. Çində bizi yüksək səviyyədə, son dərəcə mehribanlıqla qarşıladılar. Biz hər yerdə Azərbaycana, Azərbaycan xalqına səmimi münasibət gördük. O cümlədən bizi narahat edən problemin - Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü probleminin başa düşüldüyünün şahidi olduq. Səfərimiz qısa olsa da, zənnimcə, ondan istifadə edərək bütün sahələrdə konkret, praktiki fayda əldə edə bildik.

Çin Xalq Respublikası sədrinin təklifi ilə Şanxayda olmağımız da bizdən ötrü çox maraqlı keçdi. Sərbəst iqtisadi zona bizdə böyük maraq doğurur. Bütünlükdə Çinin özü, həm də onun Şanxay kimi böyük bir şəhəri dünyanın bütün ölkələri ilə fəal əməkdaşlıq edir. Çinə böyük investisiyalar qoyulur, çoxlu birgə müəssisə var. Bizə bildirdilər ki, təkcə bu ilin iki ayı ərzində Şanxayda 200 birgə müəssisə yaradılmışdır. Bütün bunlar onu göstərir ki, Çin öz iqtisadiyyatında, xüsusən də qarşılıqlı iqtisadi əlaqələri genişləndirmək sahəsində müvəffəqiyyətlə iş aparır və bundan kifayət qədər sanballı nəticələr əldə edir. Bu təcrübə ilə tanışlıq bizdən ötrü də əhəmiyyətlidir. Belə hesab edirəm ki, həmin təcrübə ilə daha yaxından tanış olmaq üçün Çinə öz nümayəndələrimizi göndərəcəyik. Özümüzlə materiallar da götürmüşük və bizdən ötrü məqbul olan şeylərdən istifadə edəcəyik.

Ümumən isə belə hesab edirəm ki, Çin Xalq Respublikasına səfərimiz böyük tarixi hadisədir. Çünki Çin ilə Azərbaycan arasında heç vaxt bu səviyyədə əlaqələr olmamışdır. Doğrudur, tarixən müəyyən əlaqələr, "Böyük ipək yolu" və s. olduğunu xatırlayırıq. İndi isə, təkrar edirəm, dövlətlərarası sıx münasibətlərin yaranması böyük siyasi hadisədir. İlk növbədə Azərbaycan Respublikası üçün böyük hadisədir.

Azərbaycanda da sərbəst iqtisadi zona barədə çox söhbətlər gedir. Lakin mən əmin oldum ki, bunu həyata keçirməyin prinsiplərini əslində bilən yoxdur. Çində isə iqtisadi sahədə belə bir siyasəti həyata keçirirlər. Çində, başqa ölkələrdə həyata keçirilən və praktiki nəticələr verən müxtəlif iqtisadi tədbirləri ölkəmizdə tətbiq etmək üçün geniş imkanlarımız və ehtiyaclarımız var.

Çinin iqtisadi modelindən Azərbaycanın nə götürə biləcəyinə gəldikdə, hələlik qəti bir söz deyə bilmərəm. Çünki onu təhlil etmək lazımdır. Hər halda dünyanın harasında bizdən ötrü faydalı bir şey varsa, ondan istifadə etməliyik. O ki qaldı Çinə səfərimizin siyasi nəticələrinə, Çin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını müdafiə edir. Bunlar həm imzaladığımız bəyannamədə, həm də Çin Xalq Respublikası rəhbərlərinin bəyanatlarında öz əksini tapmışdır. Deməli, Çinin nümayəndələri beynəlxalq təşkilatlarda da öz fəaliyyətlərində bunu əsas tutacaqlar. Bunun özü beynəlxalq aləmdə bizim nailiyyətimiz deməkdir.

"Azərbaycan" qəzeti, 12 mart 1994-cü il