ABŞ-da Əliyev küləyi


Vaşinqtona səfər etmiş Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ-la münasibətlərdə bir diplomatiya ustalığı nümayiş etdirir.

Erməni lobbisinin ABŞ-dakı siyasi və maliyyə gücünü yaxşı bilən Əliyev diplomatik hərəkətləri ilə Amerika mətbuatını təsirləndirərkən ABŞ hökumətində ən yüksək vəzifələr tutmuş, Zbiqnev Bzejinski, Dik Çeyni, Aleksandr Heyq, Kaspar Uaynberger kimi şəxslərlə birlikdə səsi yüksəkdən çıxacaq bir "Azərbaycan lobbisi" yaratmağı bacardı, Heydər Əliyev öz ölkəsinin sahib olduğu və ümumi dəyəri dörd trilyon dollara çatdığı bildirilən neft ehtiyatlarının cəlbediciliyindən də nəhəng neft şirkətlərinin himayəsinə çatmaq üçün istifadə edir.

Əliyev səmimi qarşılandığı Vaşinqtonda keçirdiyi görüşlərində Azərbaycanın demokratik islahatları irəlilədəcəyini, sülh istədiyini, lakin bununla birlikdə torpaqlarının beşdə birinin erməni işğalı altında olan bir ölkə olduğunu təsirli bir dillə anladır.

Dağlıq Qarabağ münaqişəsinin ölkənin ərazi bütövlüyü çərçivəsində və muxtariyyət statusu ilə həllinin gərəkliyini vurğulayan Əliyev "Eksson", "Şevron" və "Mobil" kimi nəhəng neft şirkətləri ilə də 10 milyon dollarlıq yeni sazişləri imzalamağa hazır olduqlarını açıqladı. Heydər Əliyev Klintondan ABŞ-ın Azərbaycana humanitar yardımlarını qadağan edən qanunun dəyişdirilməsini və erməni işğalına son qoyulmasını xüsusilə istəyəcək.

"Əliyev həqiqi dostdur"

Keçmiş hökumətlərdə ən yüksək vəzifələrdə çalışmış "beyin komandası"-nın və nəhəng neft şirkətlərinin dəstəyinin Vaşinqtondakı siyasi gücünü çox yaxşı hesablayan Əliyevin böyük bir ustalıqla yürütdüyü diplomatiya bəhrə verməyə başladı. ABŞ Ticarət Nazirliyi Bakıda bir təmsilçilik açacağını bildirərkən ABŞ-ın Bakıdakı səfiri Riçard Kozlariç də bir toplantıda Əliyevin Amerika iş dünyasının həqiqi bir dostu olduğunu söylədi.

Heydər Əliyevin səfəri ilə Amerika-Azərbaycan münasibətlərində yeni bir mərhələ başlayır. Orta Şərqin xaricində yeni neft qaynaqlarına böyük ehtiyac duyan ABŞ Bakı ilə əlaqələrini genişləndirməkdən məmnun olduğunu bildirir. Amerikalı səlahiyyətli şəxslər bölgədə Rusiyanın hərbi qüvvələrinin olmadığı yeganə dövlət kimi Azərbaycanın siyasət, coğrafiya və ticarət sahələrində çox mühüm bir mövqe tutduğunu açıq şəkildə ifadə edirlər. ABŞ xarici siyasət idarəsinin müşaviri Stroub Talbott ABŞ-dan Azərbaycana humanitar yardımları qadağan edən qanunun dəyişdirilməsinə tərəfdar olduqlarını bir qədər bundan qabaq açıqlamışdır. Amerika Senatında bu məsələ ilə əlaqədar işlər başlanır. ABŞ Azərbaycanın Rusiya və İranın təsirində qalmayıb müstəqil bir ölkə kimi demokratiyanı genişləndirməsini və eyni zamanda iqtisadiyyatını möhkəmləndirilməsini istəyir. Talbott Dağlıq Qarabağ probleminin həllində bölgənin Azərbaycandan qopmasına qarşı olduğunu da açıqlamışdır.

"Milli qəzetə",
Türkiyə, 2 avqust 1997-ci il