Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveçin Neft Sənayesi və Energetika Nazirinin müavini, Dövlət Katibi xanım Byord Sandalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 4 iyun 2001-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Bakı neft-qaz sərgisi sizi yenə də Azərbaycana gətiribdir. Neft-qaz sərgisi ilk dəfə keçirilməyə başlanandan, 1994-cü ildən biz sizinlə bərabərik və bu sərginin həyata keçirilməsində bir yerdə olmuşuq. Ona görə mən çox məmnunam ki, siz bu ənənələrə sadiqsiniz. Buyurun.

Byord Sandal: Cənab Prezident, çox sağ olun. İcazə verin, Sizinlə yenidən görüşməkdən böyük şərəf duyduğumu bildirim. Sizin ölkənizi yenidən ziyarət etmək imkanı əldə etməyimdən olduqca məmnunam. Mən Sizin ölkənizdə əvvəllər də olmuşam. Keçən il isə Bakıdakı neft və qaz sərgisində Norveçi ilk dəfə mən təmsil etmişdim. Bu il yenidən həmin neft və qaz sərgisində dövlətimizin nümayəndə heyətinin rəhbəri kimi, Azərbaycana gəlməyimdən çox məmnunam. Bu fürsətdən istifadə edərək, mən Norveçin Baş naziri Yens Stoltenberqin ən xoş salamlarını və arzularını Sizə yetirirəm. Bilirsiniz ki, o, Azərbaycanın dostudur və Sizin ölkənizi əvvəllər zirayət edibdir.

Heydər Əliyev: Bəli. Təşəkkür edirəm.

Byord Sandal: Cənab Prezident, bir daha məmnun olduğumu bildirmək istəyirəm ki, biz bu sərgidə iştirak etmək üçün Sizin ölkənizi ziyarət edirik. Stolun bu tərəfində Sizin dostlarınız, eyni zamanda Norveçin "Statoyl" şirkətinin təmsilçiləri də əyləşiblər. Onlar Azərbaycanın neft və qaz sənayesində çox yaxından iştirak edən, sərmayə qoyan şirkətlərdən birinin nümayəndələridir. Hesab edirəm ki, belə neft və qaz sərgilərində ölkəmizin siyasi rəhbərliyinin nümayəndələrinin də iştirak etməsi ənənə halını alıbdır. Biz Azərbaycan ilə münasibətlərimizin hərtərəfli inkişaf etdirilməsində çox böyük perspektivlər görürük və bunda çox maraqlıyıq. Burada olduğum zaman məlumatlar əldə etmişəm ki, Siz son dövrlər ölkənizin hökumət strukturlarında islahatları sürətlə həyata keçirməkdəsiniz. Bu gün sizin Yanacaq və Energetika naziriniz, eyni zamanda İqtisadi İnkişaf naziriniz ilə də bizim görüşümüz oldu. Bu görüşlər çox maraqlı keçdi, amma biz Sizinlə görüşümüzü çox səbirsizliklə gözləyirdik.

Cənab Prezident, Sizin ölkənizdə olduğu kimi, Norveçdə də enerji olduqca mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bizim ölkələrimizi bir-birinə sıx bağlayan məhz bu məsələdir. Biz bu sahədə çox yaxşı əməkdaşlıq edirik. Hökumətinizdə apardığınız struktur dəyişikliklərində Sizə və Azərbaycan xalqına gələcəkdə də uğurlar arzulayıram.

Heydər Əliyev: Təşəkkür edirəm. Mən sizin dediyiniz sözlərlə tamamilə razıyam. Həqiqətən Norveç ilə Azərbaycan arasındakı əlaqələr artıq bir neçə ildir ki, yaranıb və çox sürətlə inkişaf edir. Təbiidir ki, bu, birinci növbədə, enerji sektoru ilə əlaqədardır. "Statoyl" Azərbaycanın Xəzər dənizindəki sektorunda bizimlə birgə iş görmək üçün ölkəmizə gələn ilk şirkətlərdən biridir. Xatırlayıram ki, 1994-cü ildə biz ilk sərgini də bir yerdə keçirmişdik və həmin il, 1994-cü ilin sentyabr ayında ilk müqavilə - "Əsrin müqaviləsi" adlanmış müqavilə imzalanmışdır. Həmin müqavilədə "Statoyl"un böyük hissəsi var. Güman edirəm siz də, biz də məmnunuq ki, bu müqavilə özünü doğruldubdur, həyata keçirilibdir və artıq 1997-ci ildə biz neft hasil etmişik, həmin nefti ixrac edirik və mənfəət götürürük. "Şahdəniz" müqaviləsində də "Statoyl" yenə də bizimlə bərabər işləyən şirkətlərdən biridir. Bildiyiniz kimi, biz bu sahədə də yaxşı nəticələr əldə etmişik. Ondan sonra başqa yataqlarda da "Statoyl" təşəbbüslər göstəribdir. Amma təkcə "Statoyl" yox, Norveçin bir çox başqa şirkətləri də - bilavasitə neft hasilatı ilə məşğul olmayan, ancaq neft hasilatını təmin etmək üçün müxtəlif işlər görən şirkətləri də Azərbaycanda çox uğurla fəaliyyət göstərirlər.

Sizin ölkəniz Azərbaycan kimi kiçik ölkə olmasına baxmayaraq, respublikamızda fəaliyyət göstərən şirkətlər içərisində Norveç şirkətləri öncül sıradadırlar. Təbiidir ki, bu, birinci növbədə, onların yüksək səviyyəli iş görməsi ilə əlaqədardır. Eyni zamanda bu bizim ölkələrimiz arasında yaranmış dostluq, əməkdaşlıq əlaqələrinin nəticəsidir. Ölkənizin Baş naziri cənab Stoltenberq Enerji naziri olduğu zaman Azərbaycana bir-iki dəfə səfər edibdir. Biz onunla bir neçə yaxşı görüşlər keçirmişik. İndi məmnunam ki, o sizin ölkənizin Baş naziridir. Mənim salamlarımı və ən xoş arzularımı ona çatdırmağınızı xahiş edirəm.

Byord Sandal: Cənab Prezident, Sizin bu salamlarınızı Baş nazirimizə mütləq çatdıracağam.

Bildiyiniz kimi, Norveçin neft və qaz tarixi Sizin ölkənizlə müqayisədə çox kiçikdir, qısadır. Bununla belə, bizim həm bəxtimiz gətirib, həm də işi ağıllı təşkil etdiyimizə görə kiçik zaman çərçivəsində Norveçdə güclü neft və qaz sənayesi qurub yarada bilmişik.

Cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən Norveç şirkətləri haqqında söylədiyiniz yüksək fikirlərdən məmnun olmaqla bərabər, həm də qürur duydum. Biz də hazırda ölkəmizin enerji sektorunda, neft və qaz sənayesində hökumət siyasətinin müəyyənləşdirilməsində son dövrlər misli görünməmiş dəyişikliklər etməyə başlamışıq. Bu struktur dəyişiklikləri ilk növbədə "Statoyl" şirkətini əhatə edir. Bütün bu dəyişikliklərin əsas məqsədi "Statoyl" üçün daha da güclənmək imkanları, şəraiti yaratmaqdan ibarətdir.

Cənab Prezident, Siz doğru qeyd etdiniz ki, son illər "Statoyl" şirkəti Azərbaycandakı bir sıra layihələrdə fəal iştirak edir. Siz də, mən də hökumət üzvü olaraq, şübhəsiz, investisiyalarda çox maraqlıyıq. Bu baxımdan onu xüsusilə qeyd etmək istəyirəm ki, Norveçin "Statoyl" şirkəti indiyə qədər Azərbaycanın enerji sənayesinə investisiya qoymuş ikinci ən böyük şirkətdir. İnvestisiyaların həcminə görə biz ikinci yerdəyik. Bildirmək istəyirəm ki, Norveçin "Statoyl" şirkəti sizin ölkəniz ilə əməkdaşlığa bundan sonra da sadiq olacaqdır. Onlar Azərbaycanda yeni layihələrlə fəal iştirak etmək niyyətindədirlər. "Statoyl" şirkəti Azərbaycanın inkişafında artıq yeni üfüqlərin meydana çıxdığını da yaxşı görür.

Cənab Prezident, mənim üçün çox xoş oldu ki, Sizin dilinizdən həm "Statoyl"un, həm də Norveçin digər şirkətlərinin buradakı fəaliyyəti barədə müsbət fikirlər eşitdim. Təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun. Bəli, sizin ölkənizin neft istehsalı sahəsində tarixi böyük deyil. Amma doğru dediniz, yəqin ki, birincisi, sizə Allah kömək edibdir, əvvəllər Şimal dənizində gözlənilməyən neft və qaz yataqları açılıbdır. İkincisi odur ki, siz neft və qaz sənayesini təmin edən başqa sənaye sektorlarını qısa müddətdə sürətlə inkişaf etdirib yüksək dünya standartları səviyyəsinə çatdıra bilmisiniz. Ona görə də həm "Statoyl", həm də sizin başqa şirkətlər Şimal dənizindən əlavə, indi Xəzər dənizində də işləyirlər, dünyanın başqa yerlərində də iş görürlər. Ölkənizin bu sahədə perspektivləri böyükdür. Dediniz ki, struktur dəyişiklikləri də aparırsınız. Güman edirəm ki, bu sizin işləri daha da yaxınlaşdıracaqdır. Biz sizinlə başqa layihələrdə də əməkdaşlıq etməyə hazırıq. Sizin ölkəniz və şirkətləriniz çox iş görür, ancaq çox ambisiyalı deyillər. Biz burada da bir-birimizə yaxınıq. Ona görə də mən hesab edirəm ki, bizim birgə işlərimizin yaxşı gələcəyi vardır.

Byord Sandal: Cənab Prezident, mən bunu eşitməkdən çox məmnun oldum. Bilirəm ki, sizin ölkəniz və hökumətiniz enerji sektorunda çox ciddi böyük qərarlar qəbul etmək ərəfəsindədir. Mən də öz növbəmdə bu qərarların qəbul olunmasında və həyata keçirilməsində Sizə və ölkənizə uğurlar arzulayıram.

Heydər Əliyev: Sağ olun.

Byord Sandal: Cənab Prezident, məmnun olduğumu bir daha bildirirəm ki, mən neft və qaz sərgisində iştirak etmək üçün Bakıya gəlmişəm. Sabah həmin neft və qaz sərgisinin açılışında Sizin iştirak edəcəyinizi səbirsizliklə gözləyirəm. Sizi orada yenidən görməkdən məmnun olacağam. Mən sabahkı neft və qaz sərgisində iştirak etməklə bərabər, sərgi çərçivəsində həyata keçirilən konfransda da iştirak edəcəyəm. Bundan əlavə, ölkənizdə olduğum müddətdə mən Norveçin Qaçqınlar Şurasının həm Bakıda, həm də onun ətraf rayonlarında həyata keçirdiyi bir sıra yardım layihələri ilə tanış olacaq, qaçqın düşərgələrinə böyük məmnuniyyətlə baş çəkəcəyəm.

Heydər Əliyev: Çox sağ olun. Mən bundan çox məmnunam.

Byord Sandal: Cənab Prezident, vaxtınızı ayırıb bizi qəbul etdiyinizə görə və bu görüş üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Norveç hökuməti adından bəyan edirəm ki, biz Azərbaycan ilə münasibətlərimizi və əməkdaşlığımızı bundan sonra daha da genişləndirmək, hətta deyərdim ki, daha da gücləndirmək niyyətindəyik. Mən sabah yenidən görüşmək arzusu ilə Sizə təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Biz də belə fikirdəyik. Yəni əməkdaşlığımızı genişləndirmək, gücləndirmək fikrindəyik. Sabah da bir yerdə olacağıq.

Byord Sandal: Məmnuniyyətlə.

Heydər Əliyev: Sağ olun.