Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri Uilyam C.Klinton cənablarına - 19 avqust 1997-ci il


Əziz cənab prezident!

Amerika Birləşmiş Ştatlarına rəsmi səfərim zamanı mənə göstərilən qonaqpərvərliyə, mehribanlığa və diqqətə görə Sizə ürəkdən təşəkkür edirəm. Şəxsən Sizinlə, ölkənizin dövlət xadimləri, ABŞ Konqresinin rəhbərliyi, senatorlar və konqresmenlər ilə, Amerika ictimaiyyəti ilə keçirdiyim görüşlər və söhbətlər mənə dərin təsir bağışladı.

Mən Amerika Birləşmiş Ştatlarına səfərimin nəticələrindən tam məmnunam. Amerika-Azərbaycan münasibətləri, Azərbaycan dövlətinin xarici və daxili siyasəti, ölkəmizdəki demokratik proseslər, onların dönməz və daimi xarakteri barəsində Sizin fikirlərinizə tamamilə şərikəm. Bu fikirlər Amerika-Azərbaycan münasibətləri haqqında bizim birgə bəyanatımızda öz əksini tapmışdır. Bu sənəd dövlətlərimizin münasibətlərində mühüm mərhələdir və tarixi əhəmiyyət daşıyır. Ağ evdə, dövlət müdafiə departamentində əldə edilən razılaşmalar, imzalanan sənədlər və sazişlər, şübhəsiz, münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır və hərtərəfli Amerika-Azərbaycan əməkdaşlığının daha da dərinləşməsinə kömək edəcəkdir. Öz tərəfindən mən bir daha təsdiq edirəm ki, Azərbaycan Respublikası aramızdakı dostluq münasibətlərinin və partnyorluğun daha da möhkəmlənməsinə böyük əhəmiyyət verir və bu münasibətlərin dönmədən inkişaf edib dərinləşməsi üçün bütün lazımi tədbirləri görəcəkdir.

Azərbaycanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və demokratik inkişafına dəstək verdiyinizə görə, Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Lissabon sammitində qəbul edilmiş prinsiplər əsasında sülh yolu ilə ədalətlə aradan qaldırılmasına, Azadlığa yardım aktının ayrı-seçkilik səciyyəli 907-ci bəndinin ləğv edilməsinə yönəldilən səylərinizə görə Sizə şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından xüsusi minnətdarlıq bildirirəm. Ümidvaram ki, həmin səylər elə bu il müvəffəqiyyətlə nəticələnəcəkdir. Öz tərəfimizdən biz əlimizdən gələni edəcəyik ki, sülh tezliklə əldə edilsin. Mən Sizə demişəm və bir daha təkrar edirəm ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin iki mərhələdə həll olunmasına razılıq verməyə hazırıq.

- Azərbaycanın işğal olunmuş altı rayonunun azad edilməsi, qaçqınların bu rayonlara qaytarılması, dağılmış bütün kommunikasiyaların bərpa edilməsi;

- Şuşa və Laçın rayonlarının azad edilməsi ilə yanaşı, Dağlıq Qarabağın statusu məsələsinin həll edilməsi.

Münaqişənin nəhəng potensial imkanlara malik regionumuzun çiçəklənməsi yolunda ciddi maneə olması barədə Sizin fikrinizə tamamilə şərikəm. Sülh, sabitlik və regionun xalqları - Azərbaycan, gürcü və erməni xalqları arasında əməkdaşlıq ümumi tərəqqinin əsas amilləridir. Buna görə də ATƏT-in, Minsk konfransı həmsədrləri olan ABŞ-ın, Rusiyanın və Fransanın fəal köməyi və marağı olan bütün tərəflərin əlbir səyləri ilə regionda münaqişələr ən qısa müddətlərdə aradan qaldırılmalıdır.

Əziz cənab prezident, səmimi münasibətimizə, şəxsi diqqətinizə və səfərimin əla təşkilinə görə Sizə bir daha təşəkkür edirəm. Sizə, ailənizlə, bütün Amerika Birləşmiş Ştatları xalqına sülh, səadət və tərəqqi arzulayıram.

Fürsətdən istifadə edərək Sizi doğum gününüz münasibətilə, 51 yaşınızın tamam olması ilə əlaqədar ürəkdən təbrik edirəm, ən xoş arzularımı bildirirəm. Sizə möhkəm cansağlığı, səadət və gördüyünüz böyük işlərdə uğurlar arzulayıram.

Səmimiyyətlə, 

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.