Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsveçrə səfirinin etimadnaməsini qəbul edərkən söhbətindən - 27 oktyabr 2000-ci il


Valter Feçerin: Zati-aliləri, cənab prezident!

Mən İsveçrə Konfederasiyasının Azərbaycandakı əvvəlki səfirimizin geri çağırılması və mənim respublikanızda ölkəmizin fövqəladə və səlahiyyətli səfiri təyin olunmağım barədə etimadnaməni böyük məmnuniyyət və şərəf hissi ilə Sizə təqdim etmək istəyirəm.

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənizlə İsveçrə Konfederasiyası arasındakı münasibətlər davamlı surətdə inkişaf etmişdir. Ölkələrimiz arasında bütün sahələrdə çoxtərəfli əlaqələr inkişaf etmiş və möhkəmlənmişdir. Biz habelə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən ATƏT, NATO-nun "Sülh naminə tərəfdaşlıq proqramı", Beynəlxalq Valyuta Fondu və Dünya Bankı çərçivəsində də Azərbaycanla sıx əməkdaşlıq edirik.

Ölkələrimiz arasında bir sıra müqavilələrin bağlanması ikitərəfli münasibətlərimizin də sürətlə inkişafına təkan vermişdir. Hesab edirəm ki, əlaqələrimizin sıx və dinamik inkişafının təcəssümü kimi biz üzümüzə gələn birinci gün dövlətlərimiz arasında ticarət və beynəlxalq əməkdaşlığa dair növbəti müqavilənin imzalanmasının şahidi olacağıq. Düşünürəm ki, maliyyə nazirimiz cənab Fillikerin gələn həftə Azərbaycana səfəri də dövlətlərimiz arasında formalaşmış dostluğun əlaməti kimi qiymətləndirilməlidir.

Zati-aliləri, Sizi əmin edirəm ki, ölkəmizin Azərbaycanda səfiri vəzifəsində çalışacağım müddətdə dövlətlərimiz arasında ikitərəfli, qarşılıqlı surətdə faydalı münasibətlərin inkişaf edib güclənməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Təşəkkür edirəm.

Heydər Əliyev: Hörmətli cənab səfir, İsveçrə Konfederasiyasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə sizi təbrik edirəm və sizə bu işinizdə uğurlar arzulayıram.

İsveçrə Konfederasiyası ilə Azərbaycan arasında yaranmış əlaqələr haqqında siz ətraflı danışdınız, biz də eyni fikirdəyik.

İsveçrə dünyada özünün bir neçə xüsusiyyətlərinə görə başqa dövlətlərdən fərqlənən ölkədir. İsveçrənin həm tarixi, həm son əsrdə keçdiyi yol, həm də bugünkü iqtisadi inkişafı, təbiidir ki, bizi çox cəlb edir.

İsveçrə dünyada çox məşhur bir ölkədir və bu ölkəni ziyarət etmək dünyanın hər yerində böyük bir xoşbəxtlik hesab olunur. Amma eyni zamanda İsveçrə bütün sahələrdə, xüsusən iqtisadi sahədə çox inkişaf etmiş, demokratik bir ölkədir. Təbiidir ki, sizin ölkənizlə bütün sahələrdə əməkdaşlıq etməyimizi biz özümüz üçün, gənc, müstəqil Azərbaycan üçün çox əhəmiyyətli hesab edirik.

ATƏT çərçivəsində bizim əməkdaşlığımız çox səmərəli olubdur. Xatirimdədir, 1996-cı ildə İsveçrə ATƏT-də sədrlik vəzifəsini aparırdı. 1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinə aid çox vacib, tarixi əhəmiyyət kəsb edən bir qərar qəbul olundu. O vaxt ATƏT-in sədri vəzifəsini İsveçrənin o zamankı xarici işlər naziri cənab Flavio Kotti aparırdı. Biz onunla çox səmərəli əməkdaşlıq edirdik. Lissabon sammitində Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul olunası sənəd haqqında çox gərgin bir şərait yaranmış, dramatik bir vəziyyət meydana çıxmışdı. Ermənistan sammitin əsas sənədindəki müddəalara etiraz edirdi, biz isə onların qəbul olunmasını tələb edirdik. Ermənistan o sənədə razılıq vermədiyinə görə, biz də ATƏT-in yekun sənədinin qəbul olunmasına razılıq vermədik. Gərgin bir vəziyyət yaranmışdı.

O vaxt bir çox dövlət başçıları mənimlə görüşüb bu məsələdə razılıq verməyi xahiş edirdilər. Biz isə ədalətli tələbimizin yerinə yetirilməsinə çalışırdıq. Cənab Flavio Kotti, təbiidir ki, bütün başqa dövlətlərin, xüsusən böyük dövlətlərin nümayəndə heyətlərinin başçıları ilə birlikdə çıxış yolu tapdılar. Orada bir bəyanat qəbul edildi və o bəyanatda Azərbaycanın ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarə hüququ verilməsi təklif olundu. 54 dövlətdən yalnız Ermənistan buna etiraz etdi. O vaxt biz hiss etdik ki, İsveçrə nə qədər ədalətli bir ölkədir və onu idarə edənlər nə qədər ədalətli insanlardır.

Son illər bizim iqtisadi əməkdaşlığımızda da nailiyyətlərimiz vardır. Sizin ölkənizin "ABB" şirkəti bir il bundan öncə burada istilik-elektrik mərkəzi tikməyə başlamışdır. Şirkət həmin tikintini başa çatdırmışdır və bu yaxınlarda biz birlikdə həmin istilik-elektrik mərkəzinin açılışını keçirdik. Səhv etmirəmsə, sizin səfirliyin nümayəndəsi - müavininiz də həmin mərasimdə iştirak etmiş və nitq söyləmişdir. İndi istilik-elektrik mərkəzinin ikinci növbəsinin tikintisinə başlanmışdır. Hesab edirəm ki, bunlar bizim əməkdaşlığımızın çox yaxşı nümunəsidir.

Beləliklə, ölkələrimiz arasında yaxşı əlaqələrimiz vardır. Ancaq bu əlaqələri inkişaf etdirməliyik. Sizin bəyan etdiyiniz kimi, həftənin birinci günü ölkənizin federal şurası sədrinin müavini və maliyyə naziri Azərbaycana gələcəkdir. Bizim onunla görüşlərimiz olacaq və müvafiq sənədlər imzalanacaqdır.

Ölkənizin səfiri kimi Azərbaycanda sizin görəcəyiniz işlər çoxdur. Əmin ola bilərsiniz ki, Azərbaycan hökuməti, dövlət və hökumət orqanları, hamı sizin burada öz səfirlik fəaliyyətinizi həyata keçirməyiniz üçün bütün imkanları yaradacaq və sizə yardımlar göstərəcəklər.

Bir daha sizi təbrik edirəm. Sizə böyük uğurlar arzulayıram.

Heydər Əliyev: Sizin səfirlik Moskvada yerləşir?

Valter Feçerin: Bəli.

Heydər Əliyev: Moskva ilə buranın arasında məsafə o qədər də böyük deyildir. Güman edirəm ki, tez-tez Azərbaycana gələcəksiniz. Burada fəaliyyətiniz heç də Moskvadakı fəaliyyətinizdən az olmayacaqdır.

Mən sizin ölkənizi bir neçə dəfə ziyarət etmişəm. İki dəfə Davos toplantısında iştirak etmişəm, keçən il iki dəfə Cenevrədə Ermənistan və Azərbaycan prezidentlərinin təkbətək danışıqları keçirilmişdir. Şəxsən mən təklif etmişdim ki, bu, sizin ölkədə, Cenevrədə olsun, sizin hökumətini bunun üçün yaxşı şərait yaratdı.Orada Ermənistan prezidenti və mən iki görüş keçirdik.Görüşlərimiz də, deyə bilərəm ki, çox əhəmiyyətli idi. Ona görə də mən sizin ölkənizlə müəyyən qədər tanışam. Doğrudur, ölkənizi daha çox öyrənmək lazımdır. Yəqin ki, bu imkanlardan da istifadə edəcəyik.

Valter Feçerin: Cənab prezident, xoş sözlərinizə görə Sizə təşəkkür edirəm. Sizi əmin edirəm ki, burada səfir vəzifəsində çalışacağım müddətdə ölkələrimiz arasındakı əlaqələrin genişlənməsinə çox böyük diqqət yetirəcəyəm. Əmin ola bilərsiniz ki, səfir vəzifəsinə başlamağımla bizim səfirliyimiz Azərbaycana çox yaxınlaşacaqdır. Bununla heç də demək istəmirəm ki, biz Moskvanı Azərbaycana, Bakıya yaxınlaşdıracağıq. Onu nəzərdə tuturam ki, gələn il biz Tbilisidə səfirliyimizi açmağı planlaşdırırıq. Azərbaycanla əlaqələri tənzimləmək həmin səfirliyin səlahiyyəti çərçivəsinə daxil ediləcəkdir. Bəlkə də Tbilisidən sonra növbəti mərhələ, addım Bakıda səfirliyimizin açılması olacaqdır. Amma Sizi əmin edirəm ki, o vaxta qədər, yəni burada səfirliyimizin açılacağı günə qədər mən Bakıda mümkün qədər çox olacağam və təmaslarımı artıracağam.

Ermənistan prezidenti ilə keçirdiyiniz görüşlərə gəldikdə isə, əmin etmək istəyirəm ki, bizim hökumətimiz indi də belə görüşlərinizin davam etməsi üçün mümkün olan ən yaxşı forumu, ən yaxşı şəraiti Sizin üçün yaratmağa hazırdır.

Heydər Əliyev: Əgər ehtiyac olarsa, mən mütləq bundan istifadə edəcəyəm.

Valter Feçerin: Ümidvaram ki, Davos zirvə görüşlərində Sizin yenidən iştirak etmək imkanınız olacaqdır.

Heydər Əliyev: Bəli, çalışacağam.


"Azərbaycan" qəzeti, 28 oktyabr 2000-ci il.

Tarixi arayış