Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin dünya şöhrətli modelyer Valentin Yudaşkini qəbul edərkən söhbətindən - Prezident sarayı, 23 iyun 2000-ci il


Heydər Əliyev: Şadam ki, siz buraya gəlmisiniz. İndi moda xüsusi əhəmiyyətə malikdir və modanın həmişə əhəmiyyəti olubdur, amma indi onun xüsusi əhəmiyyəti var. Azərbaycanlılar da modadan geri qalmaq istəmirlər. Buna görə də sizin buraya gəlişinizin, məncə, böyük əhəmiyyəti olacaqdır.

Valentin Yudaşkin: Çox məşğul olduğunuza baxmayaraq, bizi qəbul etdiyinizə görə Sizə hədsiz minnətdaram. Biz Sizi Moskvada gördük, mənim təcrübəmə inanın, Siz ən eleqant prezidentlərdən birisiniz. Mən bunu kənardan görmüşəm - biz Moskvadan təyyarə ilə əslində eyni vaxtda yola düşdük.

Heydər Əliyev: Mən dünən axşamdan xeyli keçmiş qayıtdım. Siz də?

Valentin Yudaşkin: Biz bir az əvvəl gəldik. Bilirdik ki, Siz gəlirsiniz. Düşünürəm ki, hər şey uğurlu keçdi. Mən Bakıda artıq ikinci dəfəyəm. Biz mədəniyyət naziri ilə çox söhbət etmişik. Azərbaycanda Rusiya günləri ərəfəsində, - bu gələn həftə başlayır, - bizim teatr burada ilk elçidir, bunu təşkil edənlərə təşəkkürümü bildirirəm. Bakını görmək çox xoşdur. Biz təyyarə ilə gələrkən şəhərin necə dəyişdiyini, böyüdüyünü gördük, olduqca çox yeni tikililər var.

Heydər Əliyev: Siz burada axırıncı dəfə nə vaxt olubsunuz?

Valentin Yudaşkin: İki il əvvəl. İki ildə böyük dəyişikliklər baş veribdir. Çox xoşdur ki, moda vahid olur və ünsiyyətə kömək edir. Biz əvvəllər fransızlardan ayrı düşmüşdük, lakin indi biz, şübhəsiz ki, birlikdəyik.

Heydər Əliyev: Sovetlər İttifaqı dövründə bizim öz modamız, onların öz modası vardı. Amma buna baxmayaraq, əksəriyyət hər halda Avropa modasından istifadə etməyi üstün tuturdu. Əlbəttə, fərq böyük idi. Ancaq indi, Siz doğru deyirsiniz, biz hamımız birlikdəyik - Rusiyada da, başqa ölkələrdə də, keçmiş Sovetlər İttifaqı ərazisində müstəqil dövlətlərdə də, artıq bu sahə əhəmiyyət kəsb edir və ictimaiyyətdə maraq doğurur. Sovet dövründə Moskvada moda nümayiş etdirilərkən ona ancaq sayseçmə adamlar maraq və həvəs göstərirdilər. Yadımdadır, mən Moskvada yaşayarkən "Burda moden" jurnalının baş redaktoru ilk dəfə oraya gəlmişdi. Bu, həmin dövr idi ki, Sovetlər İttifaqında müəyyən proseslər baş verirdi. Xatirimdədir, İttifaqlar evində "Burda moden" moda nümayiş etdirirdi, adamlar oraya can atırdılar, oraya gedə bilənlər də oldu, bilməyənlər də və sair. Mən həmin "Burda moden" jurnalını götürüb baxdım. İndi "Burda moden" daha elə geniş şöhrətə malik deyildir. Nəyə görə? Ona görə ki, o vaxt bu, bizdə yox idi və lakin birdən peyda oldu. Bu jurnalı əldə etmək üçün böyük canfəşanlıq göstərilirdi.

Valentin Yudaşkin: Ona görə ki, orada ülgülər vardı, adamlar paltarı özləri tikirdilər. Burada çoxlu fabrik var. Səfərimin bir məqsədi də bu fabriklərə baxmaqdır. Hazırda biz öz istehsalımızı bütün dünyada yerləşdiririk. Burada köhnə məktəbin qalması çox vacibdir. Burada çox yaxşı keyfiyyətli parçalar var. Biz Sizin gənc dizaynerlərinizi Moskvaya dəvət edirik.

Heydər Əliyev: Bu, çox yaxşıdır. Doğrudur, modelyerlər modanı icad edirlər, bəzən nümayiş etdirirlər, amma sonra harada geyirlər, kim geyir - biz bunu görmürük. Mənim ailəmdə qızım, nəvəm, gəlinim, - şübhəsiz ki, onlar cavan adamlardır, - bununla maraqlanırlar və hətta mən Yudaşkindən savayı ayrı modelyerləri tanımırdım. Amma onların vasitəsilə Versaçeni, Valentinonu da tanıdım.

Valentin Yudaşkin: Dior.

Heydər Əliyev: Dior köhnə modelyerdir. Məsələn, cavanlar elə hesab edirlər ki, Dior, Pyer Karden - bunlar artıq keçmişdə qalmışdır.

Valentin Yudaşkin: Keçmişsiz gələcək olmur.

Heydər Əliyev: Bəli, buraya Pyer Kardenin kostyumları gəlib çıxanda hamı fikirləşirdi ki, ilahi, Pyer Karden. Ancaq mən bəzən mağazalarda Pyer Kardenin kostyumlarını görürəm - bunlar ya əvvəlki şöhrətini itirib, yaxud da keyfiyyətini pisləşdiriblər.

Valentin Yudaşkin: Keyfiyyətini pisləşdirməyiblər, sadəcə, saxta mallar olduqca çoxdur. Eyni şey musiqi aləmində, kompakt disklər sahəsində də baş verir. Əgər bu sahədə hələ hansısa hüquqlara əməl olunursa, moda sahəsində vəziyyət çox mürəkkəbdir.

Heydər Əliyev: Bəli, saxtakarlıq. Mən bilmirdim ki, saxtakarlıqla məşğul olurlar.

Valentkn Yudaşkin: Düyməni bir balaca dəyişdilərsə, bunun saxta mal olduğunu sübut etmək çətindir. Çindən, Türkiyədən, Hindistandan çoxlu saxta mal gəlir. Bir sözlə, bu, bizim üçün əsas problemdir. Amma mən burada, sizin şəhərdə çoxlu firma mağazaları gördüm.

Heydər Əliyev: Burada? Onlar malları əsasən Avropadan gətirirlər?

Valentin Yudaşkin: Bəli, bunlar həqiqi firma məhsullarıdır. Bu gün biz parfümeriya mağazasında olduq, yüksək keyfiyyətli məhsullar gördük. Çoxlu yeni mağazalar yaranıb və iki il ərzində çox böyük yüksəliş olduğu görünür.

Heydər Əliyev: Siz iki il ərzindəki yüksəlişin dinamikasını görürsünüz. Bu, yaxşıdır. Əlbəttə, mən çox az görürəm, çünki məni həmişə ümumi göstəricilər maraqlandırır. Gəzmək, baxmaq üçün, sadəcə, imkan yoxdur. Halbuki, həvəs var.

Valentin Yudaşkin: Heydər Əliyeviç, həddən çox restoran, kafe var və adam bir gün ərzində daha çox şey görmək istəyir.

Heydər Əliyev: Bəli, mən də maşında işə gedir və işdən qayıdıram. Bir vaxtlar, on beş il əvvəl, xaricə gedib-gəlmək məhdud idi. Adamlar gedirdilər və mən də Avropa ölkələrində olmuşdum, açıq havada kafeləri görmüşdüm, bütün bunlar xoşuma gəlmişdi. İndi isə bunlar Bakıda çoxdur, bəlkə də həddən çoxdur. Hansı küçə ilə gedirəmsə, hər yerdə görürəm.

Valentin Yudaşkin: Ən başlıcası odur ki, milli kolorit qalır, Rusiyadakı kimi Avropaya aludəçilik yoxdur. Hər halda, burada milli kolorit, musiqi, rəng qorunub saxlanır. Bu, çox vacibdir. Bu gün bizə milli musiqinin yeni səpkidə improvizə edildiyi disk bağışladılar. Bu, gənclər üçün maraqlıdır. Bu da vacibdir.

Heydər Əliyev: Bilirsiniz, bir halda ki, biz sizinlə görüşürük və söhbət edirik, demək istəyirəm - tarixən elə olub ki, hər bir xalqın öz geyim forması olmuşdur. İndi dünyada qəbul edilmiş geyim forması isə Avropada yaranmışdır. Bununla belə, keçmiş zamanlarda, neçə-neçə əsrlər bundan əvvəl çox gözəl şəxsi geyim formaları olub və indi də tətbiq edilə bilər. Həmin geyimi indi biz ancaq teatrda və ya kinoda görürük. Məsələn, hansısa tarixi mövzuda film çəkirlər, onda sən bunu görürsən. Xüsusən də qadın paltarından söhbət düşəndə,- çünki kişi geyimi dəyişmişdir,- qadın modasından söhbət gedəndə, məsələn, bizdə köhnə fotoşəkillərdə və ya rəssamlarımızın əsərlərində,- yeri gəlmişkən, bizim yaxşı teatr rəssamlarımız olub, onlar müxtəlif tamaşalar, xüsusən də keçmiş tariximizə aid tamaşalar üçün eskizlər veriblər, - bunlar qalmışdır. Azərbaycanda gözəl, çox gözəl qadın geyimi olmuşdur. Təkrar edirəm, indi onu yalnız bizim filmlərdə və tamaşalarda görmək mümkündür.

Mən 70-ci illərdə burada, Azərbaycanda işləyərkən məndə belə bir fikir yaranırdı - niyə də təklif edilməsin ki, qadınlarımız Avropa geyimləri ilə yanaşı, öz milli paltarımızı da geysinlər? Axı, öz milli geyimimiz çox gözəldir. Onu modernləşdirmək olar. Elə rəsmlərdə - rəssamlarımızın əsərlərində gördüyüm qadınların da geyimi çox qəşəngdir və bundan niyə istifadə edilməsin? Onda dünyada rəngarənklik olar. Yoxsa ki, indi təkcə Avropa modasını əsas götürmüşlər. Şəxsən mən azərbaycanlı kişilərin keçmiş vaxtlarda geyindikləri paltar formasına qayıtmaq istəməzdim. Qadın geyiminin isə çox gözəl və cürbəcür olduğunu, zənnimcə, bilirsiniz - kataloqlar, kitablar var. Mən hətta bir dəfə rəhmətlik həyat yoldaşıma təklif etdim ki, gəl, qızımıza belə kostyum tikdirək və qoy onu geyib bizimlə birlikdə bir yerə getsin, bəlkə bununla başqalarına nümunə göstərərik və onlar da belə edərlər. Amma baş tutmadı.

Valentin Yudaşkin: İndi qadınlar çox sərbəstdirlər. Onların hamısı bizneslə, işlə məşğuldur, vaxtı yoxdur. Onlar teatra da ofisdə geydikləri paltarda getmək istəyirlər. Həyat çox dəyişmişdir. Amma elə axşamlar var ki, onda gərək milli paltar geyəsən. Keçmiş Sovet İttifaqı respublikalarının milli geyimlərinin sərgisini keçirmək, bu geyimləri orada nümayiş etdirmək üçün Ermitajla, onun direktoru Piotrovski ilə razılığa gəlmişik. Çünki bir çox əcnəbilər milli paltarı ümumən yaxşı qəbul edirlər. Məsələn, Ukrayna, özbək naxışlarını. Belə geyimləri daha çox nümayiş etdirmək lazımdır. Ola bilsin, biz bu cür geyimlərdən bezmişik, çünki bu geyimləri böyük konsertlərdə tez-tez görmüşük. Vaxt gələcək modelyerlər öz işlərində bunlardan istifadə edəcəklər. Bu gün biz kolleksiyaya baxdıq və gördük ki, oradakı modellərdə milli naxışlardan, bəzəklərdən, rənglərdən geniş istifadə edilmişdir.

Heydər Əliyev: İndi mən daha bir prosesi müşahidə edirəm, xüsusən də Avropada, Amerikada, görürəm ki, əvvəla geyim çox sadələşmişdir. İkincisi isə, keçmişdə gördüklərimiz indi yoxdur. Tutalım teatra gedirsən, deməli, sən hökmən teatra layiq geyinib-keçinməlisən. Hesab edirəm ki, bu baxımdan keçmiş zamanlar daha maraqlı idi. Teatra hər hansı paltarda getmək olmazdı. Elə götürək, XIX əsrin rus və ya Avropa kübar cəmiyyətlərini və sair. Sovet dövründə hətta, biz, o vaxtın cavanları, bir və ya iki kostyumumuz olsa da, axşamlar teatra, kinoya getməyə hazırlaşarkən, - cavanlığımda mənim cəmi bir bayırlıq, bir də iş kostyumum vardı. Mən iş kostyumunda işə gedirdim, bayırlıq kostyumu isə bayram günlərində, yaxud teatra gedəndə geyinirdim, - hər halda əynimizi dəyişirdik. O vaxtlar imkanlar məhdud idi. İndi isə imkanlar geniş, qeyri-məhduddur, amma adamlar hesab edirlər ki, onlar küçəyə çıxanda, mağazaya gedəndə necə geyinirlərsə, teatra gedəndə də eləcə geyinə bilərlər. Bu, belədir və mənim xoşuma gəlmir. Hər halda teatra və yaxud hər hansı başqa bir tədbirə, ya da ad gününə gedəndə gərək müvafiq surətdə geyinəsən. Belə olmasa, onda moda nəyə lazımdır? Cins paltarı götürək, hamı geyir. Gəlin, görək, hamı teatra da, işə gedəndə də, gecə də cins paltar geysə...

Valentin Yudaşkin: Hər şey bəsitləşibdir, hamı yaşamağa tələsir. Bax, hər şey də bu qaça-qaça görə baş verir. İndi vaxt sürətlə ötüb keçir. Əvvəllər biz faksın nə olduğunu bilməzdik, poçtu gözləyərdik, xəbərləri gözləyərdik. İndi isə informasiyanı kompüterdən bir saniyəyə alırıq. Sonra nə olacaq, bəlli deyil. Modada da belədir. Əvvəllər moda illər boyu təşəkkül tapırdı, indi isə altı aya hər şey dəyişir, formalar əvəzlənir.

Heydər Əliyev: Bilirsinizmi, elə bir böyük fərq yoxdur. Nəyisə bir balaca dəyişdirib deyirlər ki, bu, təzə modadır. Yaxşı ki, bizdə, kişilərdə bu, sabitdir. Qadınları isə başa düşmürsən, bilmirsən ki, nə nə vaxt dəyişilir.

Valentin Yudaşkin: Hava dəyişən kimi dəyişir. Heç nəyin dəyişməməsi üçün mən Sizə bizim firmanın qalstukunu bağışlamaq istəyirəm.

Heydər Əliyev: Sağ olun. Siz qalstuk da buraxırsınız?

Valentin Yudaşkin: Bəli.

Heydər Əliyev: Mən qalstuklara biganə deyiləm. Yaxşı, gözəl qalstukdur. Bu, sizin firmanın qalstukudur. Qalstuklar dəyişir, köynəklər dəyişir. Bəlkə də kimsə buna fikir vermir, amma bəzən yaxşı pislə əvəzlənir. Amma, nə etmək olar, modadır, gərək ona uyğun geyinəsən. Bu baxımdan mən mühafizəkar deyiləm, amma özümün müəyyən üslubum var. Bəli, öz üslubum var və mənə elə gəlir ki, o, həmişə müasir görünür.

Valentin Yudaşkin: Bayaq dediyim kimi, Siz çox yaraşıqlı kişisiniz.

Heydər Əliyev: Biz kişilər belə sürətlə dəyişən moda ilə çətin ki, ayaqlaşaq. Qadınlara isə bu gərəkdir. Gəlişinizə görə sizə bir daha təşəkkür etmək istəyirəm, siz bizə kömək edəcəksiniz. Mən ciddi şəkildə hesab edirəm ki, ölkəmiz, müstəqil dövlətimiz bu istiqamətdə də öz yerini tutmalıdır. Görürsünüz, nə qədər kafelər, restoranlar, mağazalar tikilib, çox şey dəyişibdir, çoxlu tikinti var. Odur ki, gərək bu işdə də eyni proseslər baş versin. Mən sizin buraya səfərinizi dəstəkləyirəm. Fatma xanım mənə dedi ki, bu gün siz çoxlu yeni moda nümunələri nümayiş etdirəcəksiniz. Yəqin ki, böyük maraq var. Sizə uğurlar arzulayıram. Mən isə bu axşam Çin nümayəndə heyəti ilə olacağam.

Valentin Yudaşkin: Sağ olun ki, çox məşğul olsanız da, bizi qəbul etməyə vaxt tapdınız. Mən çox şadam.

"Azərbaycan" qəzeti, 25 iyun2000-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT