Azərbaycan Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətini qəbul etmişdir - 22 aprel 1997-ci il


Dünən Prezident sarayında respublika prezidenti Heydər Əliyev İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətini qəbul etmişdir.

Qonağın ölkəmizə gəlişindən məmnunluğunu ifadə edən dövlət başçısı ümidvar olduğunu bildirdi ki, onun səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq. Prezident H.Əliyev sözünə davam edərək dedi ki, İran Azərbaycan üçün dost, qardaş ölkədir. Bizim ümumi tarixi köklərimiz, müştərək dinimiz, adət-ənənələrimiz var. Bu gün Azərbaycan müstəqil dövlət kimi tarixi ənənələrə sadiqdir.

Azərbaycan dövlətinin başçısı ilə görüşündən şad olduğunu bildirən cənab Ə.Vilayəti ona və İrandan gəlmiş hər bir nümayəndə heyətinə diqqətlə yanaşdığına görə prezident H.Əliyevə təşəkkür etdi. O əlavə etdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün xeyli iş görülmüşdür. İran xarici siyasət idarəsinin rəhbəri öz ölkəsinin prezidenti Haşimi Rəfsəncaninin hərarətli salamlarını və şəxsi məktubunu prezident H.Əliyevə çatdırdı. Məktubda dövlətimizin başçısı İslam Konfransı Təşkilatının (İKT) bu ilin dekabr ayında Tehranda keçiriləcək zirvə görüşünə dəvət edilirdi. Cənab Ə. Vilayəti qeyd etdi ki, İKT sammiti İslam dünyasının problemlərini müzakirə etmək üçün yaxşı fürsətdir. O, eyni zamanda bir qədər əvvəl azərbaycanlı həmkarı Həsən Həsənovla apardığı danışıqlar haqqında prezident H.Əliyevə məlumat verdi və əlavə etdi ki, bu cür təmaslar birgə tarixi kökləri olan xalqlarımız arasında əməkdaşlığı genişləndirməyə təkan verir.

Məktuba görə təşəkkürünü bildirən prezident H.Əliyev öz salamlarını, xoş arzularını, hörmət və ehtiramını İran prezidenti H.Rəfsəncaniyə çatdırmağı cənab Ə.Vilayətidən xahiş etdi. O dedi ki, İKT bütün müsəlman ölkələrini birləşdirən nüfuzlu təşkilatdır. Bu təşkilatın işini yüksək qiymətləndiririk. Azərbaycan müstəqil dövlət kimi İKT-nin möhkəmləndirilməsinə çalışır. İstəyirik ki, İKT çevik təşkilat olsun, müsəlman ölkələrinin həmrəyliyini, birliyini təcəssüm etdirsin. Iran rəhbərinin sammitdə iştirak etmək barədə dəvətini məmnuniyyətlə qəbul edən prezident H.Əliyev ümidvar olduğunu bildirdi ki, İran İslam Respublikası zirvə görüşünü yüksək səviyyədə təşkil edib keçirməyə nail olacaqdır.

İran diplomatiya idarəsi rəhbərinin səfəri həm də ikitərəfli münasibətlərin müzakirə edilməsi üçün yaxşı fürsət olduğunu vurğulayan prezident H.Əliyev qeyd etdi ki, ölkələrimiz arasında iqtisadi əlaqələr gündən-günə inkişaf edir. Bu gün İran Azərbaycanın xarici ticarət əlaqələrində birinci yer tutur. Azərbaycan-İran müştərək iqtisadi komissiyası fəaliyyətdədir. Biz bu komissiyanın fəaliyyətinə daim diqqət yetiririk və gələcəkdə də onun işini gücləndirmək üçün səy göstərəcəyik. Bununla belə, ikitərəfli əməkdaşlığın inkişafına əngəl törədən çətinliklər və maneələr də var. Belə ki, Azərbaycanın İranla həmsərhəd olan Zəngilan, Cəbrayıl rayonları, həmçinin Füzuli rayonunun böyük bir hissəsi Ermənistan tərəfindən işğal edilmiş, nəticədə bu gün erməni qəsbkarları Azərbaycan-İran sərhədinin 130 kilometrinə nəzarət edirlər. Bu da müştərək hidrotexniki layihələrin həyata keçirilməsinə imkan vermir. Odur ki, birgə əməkdaşlığa mane olan bu cür problemləri aradan qaldırmaq üçün tədbirlər görməliyik.

Prezident H.Əliyev Azərbaycanla İran arasında Xəzərdə neft ehtiyatlarının birgə istismarı sahəsində də əməkdaşlığı yüksək qiymətləndirdi. O dedi ki, bir müddət əvvəl "Şahdəniz" strukturu üzrə layihəni həyata keçirən şirkətlərin rəhbərləri ilə görüş zamanı aydın oldu ki, İran neft şirkəti bu konsorsiumda fəal işləyir. Prezident H.Əliyev ölkələrimiz arasında mədəniyyət, elm, informasiya sahəsində də əməkdaşlığın inkişaf etdiyini bildirdi və əlavə etdi ki, hər iki xalqın dahi şairi M. Füzulinin yubileyi həm Azərbaycanda, həm də İranda yüksək səviyyədə qeyd edildi. O, böyük şair M.Şəhriyarın qarşıdan gələn yubileyində Azərbaycanın iştirak etməyə hazır olduğunu söylədi.

Cənab Ə.Vilayəti İranla Azərbaycan arasında münasibətlərin inkişafı üçün imkanların geniş olduğunu qeyd edərək bildirdi ki, biz hələ yolun başlanğıcındayıq. Əlbəttə, əlaqələrin indiki səviyyəsi bizi razı sala bilməz. Ola bilsin ki, bu, bir-birimizin imkanlarını tam bilmədiyimzdəndir. Bununla belə, münasibətlərimizi genişləndirmək üçün yeni-yeni yollar arayırıq.

İran xarici siyasət idarəsinin rəhbəri məlumat verdi ki, yaxın vaxtlarda EKO təşkilatının iki mühüm tədbiri olacaq: təşkilatın üzvü olan ölkələrin dövlət başçılarının Aşqabad sammiti və xarici işlər nazirlərinin Tehran görüşü. EKO üzv ölkələr arasında sıx əməkdaşlıq üçün formul ola bilər.

Ölkələrimiz arasında sərhədyanı əməkdaşlıqdan danışan cənab Ə.Vilayəti hər iki tərəfə gediş-gəlişə mane olan çətinlikləri aradan qaldırılmasının zəruriliyini bildirdi. Araz üzərində "Xudafərin" və "Qız qalası" bəndlərinin tikintisinə gəlincə, o qeyd etdi ki, həmin layihələrin reallaşdırılması üçün Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir. O, ümidvar olduğunu bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsi tezliklə həll olunacaq və regionda normal əməkdaşlıq üçün şərait yaranacaq. Nazir həmçinin Xəzərin statusu ilə bağlı öz ölkəsinin məlum mövqeyini bir daha təkrar edərək dedi ki, beş Xəzəryanı dövlət toplantı keçirib bu barədə məqbul qərar qəbul etməlidir.

Prezident H.Əliyev işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı İranın mövqeyini məmnunluqla qəbul etdiyini söylədi və əlavə etdi ki, Azərbaycan münaqişənin dinc vasitələrlə həllinin tərəfdarıdır. O, məlumat verdi ki, ATƏT-in Lissabon zirvə görüşündə münaqişənin tənzimlənməsi prinsipləri qəbul edilmişdir və hesab edirəm ki, bu prinsiplər əsasında problemin həllinə nail olmaq mümkündür. Artıq ATƏT-in Minsk konfransında üç ölkə Rusiya, ABŞ və Fransa həmsədrlik edir. Münaqişənin nizama salınması yolları son vaxtlar Azərbaycan prezidenti ilə Fransa və Rusiya prezidentləri arasında danışıqlar zamanı müzakirə mövzusu olmuşdur. Eyni zamanda Azərbaycan prezidentinin şəxsi nümayəndəsi V.Quluzadə bir qədər əvvəl ABŞ-a səfəri zamanı Amerikanın rəsmi nümayəndələri ilə bu barədə danışıqlar aparmışdır. Təəssüf ki, bütün Avropa Lissabon sammitinin prinsiplərini qəbul etdiyi halda, Ermənistan həmin prinsipləri hələ də tanımır. Bu isə münaqişənin həllini uzadır. Prezident H.Əliyev vurğuladı ki, münaqişənin tənzimlənməsi üçün İranın Ermənsitana təsir imkanları hazırda daha çoxdur və bundan problemin həllində istifadə etmək olar. Cənab Ə.Vilayəti öz növbəsində İranın Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında əlindən gələn hər şeyi etməyə hazır olduğunu vurğuladı.

Qəbulda xarici işlər naziri Həsən Həsənov, dövlət müşaviri Vəfa Quluzadə, Azərbaycanın İrandakı səfiri Əlyar Səfərli, İranın Azərbaycandakı səfiri Əlirza Bikdeli və digər rəsmi şəxslər iştirak edirdilər.

AzərTAc
 
"Azərbaycan" qəzeti, 23 aprel 1997-ci il.